Kanadalı politoloq: Azərbaycan daha geniş iqtisadi və siyasi müzakirələrin ciddi iştirakçısı kimi nəzərdən keçirilir
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 27 yanvar, Tamilla Məmmədova, AZƏRTAC
Davos İqtisadi Forumu dünya nizamının struktur transformasiyası şəraitində qlobal siyasi və iqtisadi elitaların real prioritetlərini izləməyə imkan verən azsaylı platformalardan biri olaraq qalır. Bu il beynəlxalq media və ekspert icmasının diqqəti təkcə aparıcı iqtisadiyyatlara deyil, həm də rolu tranzit imkanlarını, enerji dayanıqlığını və regional idarəolunanlığı təmin etmək bacarığı ilə müəyyənləşən dövlətlərə yönəlib. Bu dəyişiklik daha geniş meyli, yəni mərkəzləşdirilmiş qloballaşma modelindən qarşılıqlı əlaqəli regional qovşaqlar sisteminə keçidi əks etdirir.
Bu kontekstdə Azərbaycanın Davos Forumunda iştirakı yeni geoiqtisadi konfiqurasiyada institusional mövqelənməsinin elementi kimi qiymətləndirilib. Ölkənin əsas müzakirələrdə iştirakı, həmçinin erməni tərəfi ilə təmaslar da daxil olmaqla yüksəksəviyyəli siyasi əlaqələrə göstərilən diqqət regionun yalnız münaqişə prizmasından qəbul olunmasının azalmasının göstəricisi kimi şərh edilib. Beynəlxalq investorlar və maliyyə institutları üçün bu, Cənubi Qafqazın tədricən idarəolunan risklər kateqoriyasına keçməsi deməkdir ki, burada da uzunmüddətli planlaşdırma mümkün olur.
Media qiymətləndirmələrinin təhlili göstərir ki, bu gün qlobal aktorların əsas tələbi dövlətlərin praktiki etibarlılığı ilə bağlıdır – siyasətin proqnozlaşdırıla bilməsi, prosedurların sabitliyi və əsas təhlükəsizliyi təmin etmək qabiliyyəti. Bu baxımdan Azərbaycan enerji resurslarını tranzit potensialı və artan diplomatik müstəqilliklə uzlaşdıran ölkə kimi qəbul olunur. Davosun nəticələrinə əsasən formalaşan qənaət budur ki, bu cür dövlətlər formalaşmaqda olan çoxqütblü sistemin dayaq elementlərinə çevrilir, burada iqtisadiyyatın miqyası deyil, qlobal əlaqələrin təmin edilməsində funksional rol xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC Vaterloo Universitetinin Kompleks və İnnovativ Tədqiqatlar İnstitutunun üzvü, Kanada Beynəlxalq Şurasının təqaüdçüsü, Karleton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun keçmiş baş elmi işçisi, politoloq Robert Katlerlə müsahibəni təqdim edir.
– Cənab Katler, hazırkı qlobal qeyri-müəyyənlik və çoxqütblü dünyaya keçidin davam etdiyi şəraitdə Azərbaycanın Davos Forumunda iştirakının strateji əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Bu, Azərbaycanın daha geniş iqtisadi və siyasi müzakirələrin ciddi iştirakçısı kimi nəzərdən keçirildiyini göstərir. Davos siyasi liderlərin, iri şirkətlərin və aparıcı investorların birlikdə olduqları az yerlərdən biridir. Azərbaycanın iştirakı planların formalaşdığı bir vaxtda bu müzakirələrin tərkib hissəsi olmasına imkan verir. Bu, öz prioritetlərini birbaşa ifadə etmək, mövcud şübhələrə cavab vermək və sonradan konkret layihələrə və maliyyələşməyə çevrilə biləcək işgüzar münasibətlər qurmaq imkanıdır.
– Sizin fikrinizcə, Davos Forumunda təmsil olunan qlobal liderlər və institutlar yaxın illərdə Avrasiya ölkələrindən ilk növbədə nə gözləyirlər – iqtisadi dayanıqlıq, regional təhlükəsizlik, investisiya imkanları, yoxsa başqa nə isə?
– Qısa desək, onlar etibarlılıq axtarırlar. Davos iştirakçılarının əksəriyyəti adi işlərin yaxşı yerinə yetirilməsini istəyirlər. Onlara qəfil dəyişməyən konkret qaydalar lazımdır. Vəziyyətin qiymətləndirilməsində etibar etdikləri insanlar sadə məsələlərə diqqət yetirirlər. Onlar sərhəd keçidlərinin və gömrüyün ləngimələr və gözlənilməz xərclər olmadan işləməsinin vacibliyini görürlər. Müqavilələrin icra olunması və ixtilafların böhrana çevrilməməsi üçün səmərəli mübahisələrin həlli sisteminə ehtiyac duyurlar. Onlar ictimai asayişi qorumağı və qonşularla gərginliyi idarə etməyi bacaran ölkələr görmək istəyirlər.
– Siz ümumdünya siyasi və iqtisadi cazibə mərkəzinin Qərbdən Avrasiya istiqamətinə doğru nəzərəçarpacaq şəkildə dəyişdiyini görürsünüzmü? Əgər belədirsə, bu daha geniş transformasiyada Azərbaycanın rolu nədən ibarətdir?
– Bu dəyişiklik, həqiqətən, baş verir, lakin bu, bir tərəfin yüksəlib digərinin enməsi barədə sadə hekayə deyil. Getdikcə, ayrı-ayrı yerlərdə daha çox qərar qəbul olunur və ticarət əvvəlkindən daha çox marşrut üzrə həyata keçirilir. Asiyanın artımı və təchizat zəncirlərinin yenidən nəzərdən keçirilməsi bu prosesin tərkib hissəsidir. Azərbaycan bu mənzərədə ona görə əhəmiyyətlidir ki, regionlar arasında əlaqələrin qurulmasına kömək edə bilər və əsas tranzit mövqelərində yerləşən ölkələr əvvəlkindən daha böyük əhəmiyyət qazanır. Bu, Azərbaycana hadisələri müstəqil şəkildə formalaşdırmaq üçün müəyyən dərəcədə muxtariyyəti proaktiv inkişaf etdirmək imkanı verib. Azərbaycanın rolunun əhəmiyyəti həm də etibarlı enerji tədarükləri, Xəzər dənizi üzərindən səmərəli əlaqələr və Cənubi Qafqaz vasitəsilə dayanıqlı infrastruktur və logistika əlaqəliliyi ilə bağlıdır.
– Gələcəyə baxaraq, sizin fikrinizcə, yaxın illərdə Cənubi Qafqaz regionunun inkişafını müəyyən edəcək əsas geoiqtisadi meyillər hansılar olacaq?
– Yaxın 5–10 ildə regionun iqtisadiyyatını malların nə qədər tez və ucuz daşına bilməsi müəyyən edəcək. Bu isə yolların, o cümlədən dəmir yollarının və limanların yaxşılaşdırılmasını, həmçinin sərhəddə sənədləşmə prosedurlarının sadələşdirilməsini nəzərdə tutur. Ləngimələri azaldan və prosedurların sabitliyini qoruyan ölkələr daha çox ticarət əldə edəcək. Energetika da dəyişəcək. Neft və qaz mühüm olaraq qalacaq, lakin ölkələr daha ucuz və təmiz enerjiyə can atdıqca, elektrik şəbəkələrinin və bərpaolunan enerji mənbələrinin əhəmiyyəti artacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 27 Yanvar 2026 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















