“Kazinoların fəaliyyəti turizm sektorunu canlandıra bilər”
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son günlər kazinolarla bağlı məsələ yenidən gündəmə gəlib. Müzakirələr zamanı əksəriyyətin bölüşdüyü qənaət ondan ibarətdir ki, Azərbaycanda kazinoların leqallaşdırılması ölkə iqtisadiyyatına, eyni zamanda, turizm sənayesinin daha da inkişafına müsbət təsir göstərəcək. Bu, bir tərəfdən gəlmə turizminin artması, digər tərəfdən büdcəyə yeni mənbədən pul vəsaitinin daxil olması, həmçinin yeni iş yerlərinin açılması deməkdir.
Məlumdur ki, turistlər istiqamət seçərkən daha çox əylənə biləcəkləri məkanlara üstünlük verirlər. Son illər turizmin inkişafını prioritetləri sırasına daxil edən ölkələrin daha çox turust cəlbi üçün əyləncə imkanlarını genişləndirdiklərini görürük ki, bunların arasında kazinolar da var. Azərbaycan da artıq neçə illərdir ki, turizm sahəsinin inkişafı üçün tədbirlər həyata keçirir. Ölkəmizə gələn turistlərin sayının ilbəil artması turizm infrastrukturunun daha da inkişaf etdirilməsini, əlavə istirahət, əyləncə obyektlərinin açılmasını zəruri edir. Bu baxımdan bir çox turizm ölkələri kimi Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi həmin addımlardan biri ola bilər.
Bəzi ölkələrlə bağlı statistikaya nəzər saldıqda görürük ki, kazino biznesinin leqallaşdırılması turizm gəlirlərini yüksəldir. Onların arasında həm artıq məşhur olan istiqamətlər, həm də turizmi son illərdə inkişaf edən ölkələr də var.
Məsələn, ərazi və əhalisinin sayına görə Azərbaycandan kiçik olan Gürcüstan turizm gəlirlərinə görə daha öndədir. Bunun əsas səbəblərindən biri kazino biznesinin leqallaşdırılmasıdır. 2021-2022-ci illərdə Gürcüstanda qumar sektorunun dövriyyəsi 16,45 milyard avrodan 17,82 milyard avroya yüksəlib, ötən il isə kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dolları olub. Gürcüstan kazinolarının gəlirlərinin əhəmiyyətli hissəsi xarici müştərilərdən, xüsusilə də Azərbaycandan gəlir.
Qazaxıstanda da kazino biznesi ölkəyə xeyli gəlir gətirir. Rəsmi rəqəmlərə görə, 2023-cü ildə Qazaxıstanda qumar və mərc fəaliyyəti ilə məşğul olan mərkəzlərin ümumi gəliri 2,85 milyard ABŞ dollar təşkil edib. 2023-cü ildə Qazaxıstanın dövlət büdcəsinə kazinolardan 245 milyon dollar vergi ödənilib.
Özbəkistan da artıq 2025-ci ildə qumar oyunları üçün lisenziyalar verməyə başlayıb. Çünki rəsmi məlumata görə, 2023-cü ildə Özbəkistan vətəndaşları onlayn oyunlara təxminən 1 milyard dollar xərcləyiblər. Qeyri-rəsmi hesablamalara görə isə bu rəqəm 7-8 milyard dollardır.
Özbəkistanda kazinolar leqallaşdırıldıqdan sonra bu sahədən əldə olunan illik gəlirin 2 milyard dollara çatacağı proqnozlaşdırılır.
2023-cü ildə Rusiyada kazino sənayesinin ümumi gəliri təxminən 2,1 milyard avro təşkil edib. Hətta BƏƏ-də uzun illər qadağan olan kazinoların fəaliyyətinə icazə verilir, 2027-ci ildə ilk kazinonun açılması gözlənilir.
Çində isə xüsusi ərazidə - Makaoda kazinoya icazə verilir və burada 30-dan artıq kazino var. Makao gəlirlərinin 80 faizi kazino fəaliyyətindəndir. Sinqapur, Filippin, Monako və Kamboca kimi digər ölkələr də kazinolarda oynamaq üçün bu ölkələrə gələn turistlərdən əhəmiyyətli gəlir əldə edirlər.
Onu da qeyd edək ki, qlobal kazino sənayesinin ümumi dövriyyəsi yarım trilyon dollardır və bu rəqəmin ilbəil artması proqnozlaşdırılır. 2023-cü ildə bazar 540 milyard dollar olub, 2024-cü ildə isə 580 milyard dollar yüksəlib. 2028-ci ilə qədər dövriyyənin həcminin 745 milyard dollara çatacağı proqnozlaşdırılır.
Mütəxəssislərin fikrincə, kazinoların fəaliyyətə başlamasının Azərbaycana gələn turist sayına böyük təsiri olacaq. Azərbaycanda bu əyləncə növünə maraq göstərənlər uzun illərdir ki, xarici ölkələrə üz tuturlar. Bu isə milyonlarla manat vəsaitin xaricə axması deməkdir. Digər tərəfdən, ölkəmizdə kazinoların olmaması bir çoxlarını onlayn oyunlara sövq edir ki, bu da bir çox hallarda vətəndaşların dələduzların qurbanına çevrilməsinə gətirib çıxarır. Ona görə də bu sahə ilə bağlı hüquqi bazanın formalaşması ilə dövlət büdcəsinə əlavə gəlirlərin yeni bir mənbəyi açılmış olar.
Dünyanın bəzi yerlərində kazino sektoru şəhərlərin əsas iqtisadi dayağıdır. Hazırda yalnız Las Veqas və Makao deyil, həmçinin Filippin, Cənubi Koreya, Monako, Malta və Gürcüstan kimi ölkələr də kazino infrastrukturu vasitəsilə xarici investisiyaları cəlb edir, turizm sektorunu stimullaşdırır və büdcə gəlirlərini artırır. Bu baxımdan kazino biznesi qlobal iqtisadiyyatda özünəməxsus bir sinerji yaradır. Kazino sənayesi sayəsində dövlət büdcəsinə stabil və yüksək məbləğdə vergi axını təmin edilir. Bu gəlirlər sosial və infrastruktur layihələrin icrasına yönəldilə bilər.
Azərbaycanda xüsusilə Xəzəryanı zonalarda və sərhədə yaxın turistik bölgələrdə bu cür obyektlər xarici turistlər üçün cəlbedici ola bilər. Dünya təcrübəsi göstərir ki, düzgün tənzimləmə ilə kazinolar təkcə iqtisadiyyatın böyüməsinə kömək etmir, həm də “kölgə qumar” biznesinə qarşı effektiv mübarizə aparmağa, cinayət gəlirlərinin yuyulmasını məhdudlaşdırmağa və həssas vətəndaş kateqoriyalarını qorumağa yardım göstərir.
Bu, həm də ölkənin “premium turist” bazarında mövqeyini gücləndirər, Rusiya, Türkiyə, İran, Qazaxıstan və Körfəz ölkələrindən gələn qısamüddətli və yüksək gəlirli ziyarətçiləri cəlb edə bilər.
Azərbaycanda gizli kazinolar yaradılır və dəfələrlə hüquq-mühafizə orqanları bu cür obyektləri aşkar edib. Bundan başqa, fırıldaqçılıqla məşğul olan onlayn-kazinolar var. Ölkədə turizmin inkişafı üçün “Sea Breeze” kimi ərazidə kazinonun fəaliyyəti qeyri-leqal oyun biznesi və fırıldaqçılığa da ciddi zərbə olardı.
Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, son illər müxtəlif alətlər, eləcə də, kazinolar vasitəsilə fərqli dövlətlərdə gəlmə turizmin təşviq edilməsi müşahidə olunur: “Bu, turizm sektorunda daxilolmalara birbaşa təsir etməklə yanaşı, gəlmə turizmi təşviq edir. Hazırda qlobal kazino sənayesinin ümumi dövriyyəsi yarım trilyon dollardan çoxdur. Son illər bu sahədə artım dinamikası müşahidə olunmaqla yanaşı, proqnozlar da trendin davam edəcəyindən xəbər verir. Belə ki, 2023-cü ildə kazino sənayesinin gəlirləri 540 milyard dollar olub, 2024-cü ildə isə 580 milyard dollara yüksəlib. 2028-ci ilə qədər dövriyyənin həcminin 745 milyard dollara çatacağı proqnoz edilir”.
Deputat bildirib ki, Azərbaycana gələn turistlərin sayındakı artım turizm infrastrukturunun daha da inkişaf etdirilməsini, əlavə istirahət və əyləncə obyektlərinin açılmasın daha da aktuallaşdırıb. Bir çox turizm ölkələri kimi Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi bu addımlardan biri ola bilər. Gürcüstanda bu sahədəki vəziyyətə toxunan deputat söyləyib ki, bu ölkənin turizm gəlirlərinə görə Azərbaycandan irəlidə olmasının əsas səbəblərindən biri məhz kazino biznesinin leqallaşdırılmasıdır. Onun sözlərinə görə, Gürcüstan kazinolarının gəlirlərinin əhəmiyyətli hissəsi xarici müştərilərdən, həmçinin, Azərbaycandan səfər edən turistlərdən daxil olur”.
İqtisadçı ekspert Asif İbrahimov isə bildirib ki, son illərdə turizmin inkişafı Azərbaycanın iqtisadi prioritetlərindən biri kimi ön plana çıxır. Bu baxımdan kazinoların açılması məsələsi cəmiyyətin müxtəlif təbəqələrində və iqtisadi dairələrdə maraq doğuran mövzulardandır. Bu addım bir sıra sahələrdə ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər.
Onun sözlərinə görə, ilk növbədə, kazinoların fəaliyyəti turizm sektorunu canlandıra bilər: “Dünyada bir çox ölkə məhz bu yolla xarici turist cəlb edərək, iqtisadiyyatına böyük həcmdə valyuta axını təmin edir. Azərbaycanda da belə bir təcrübənin tətbiqi, xüsusilə qonşu ölkələrdən – Rusiya, İran, Türkiyə və Orta Asiya ölkələrindən gələn turistlərin sayını artırmaqla nəticələnə bilər. Bu da öz növbəsində hotellər, istirahət mərkəzləri, restoran və digər xidmət sahələrinin inkişafına təkan verər. Bununla yanaşı, kazinoların leqallaşdırılması dövlət büdcəsinə vergi daxilolmalarını artırmaq baxımından da əhəmiyyətlidir. Kazino sektorunda fəaliyyət göstərən müəssisələrdən alınacaq rüsumlar və vergilər, həm mərkəzi, həm də yerli büdcələrə əlavə gəlir gətirə bilər. Bu isə sosial layihələrin maliyyələşdirilməsi və infrastrukturun təkmilləşdirilməsi baxımından yeni imkanlar yarada bilər.
Kazinoların açılması həmçinin məşğulluğun artırılmasına səbəb ola bilər. Bu sahədə minlərlə insan – o cümlədən menecerlər, xidmət işçiləri, təhlükəsizlik əməkdaşları və texniki heyət – işlə təmin oluna bilər. Bununla bərabər, kazinoların fəaliyyəti nəqliyyat, tikinti, qida və digər əlaqəli sahələrdə də iqtisadi aktivliyi artıracaqdır. Nəhayət, belə bir addım ölkədə infrastrukturun inkişafına da töhfə verə bilər. Kazino komplekslərinin tikintisi və onların ətrafında yaradılacaq istirahət zonaları, yollar, xidmət obyektləri və digər infrastruktur layihələri ümumi iqtisadi inkişafı stimullaşdıra bilər".


