Icma.az
close
up
RU
Keçmişdə qalmış gələcək

Keçmişdə qalmış gələcək

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Con Miltonun “İtirilmiş cənnət” dini-mistik dastanı haqqında

On yeddinci yüzillik Avropada yeni dünyaya, yeni tarixə keçid əsridir. Həm ictimai-siyasi, həm də elmi-mədəni sahədə bir sıra kəşflərin, ixtiraların - məsələn, Con Lokkun liberalizm siyasi-fəlsəfi nəzəriyyəsinin, Nyutonun fiziki, Keplerin, Qalileyin (Milton İtaliyada olanda onunla görüşmüşdü) astronomik qanunlarının - təsbiti bu dövrə düşür. Fransada növbəti əsrin dünyanı kökündən dəyişəsi maarifçi demokratizminə cığır açan klassisizm sənət cərəyanı məhz bu dönəmdə yaranıb. Təsadüfi deyil ki, həmin dövrdə yaşamış Dekart yeni fəlsəfənin, Milton isə yeni ədəbiyyatın banisi sayılır.

Ancaq Miltonun boynuna bu missiya özündən xəbərsiz qoyulub. Məsələ burasındadır ki, Con Milton qatı bir xristian kimi öz dininin, peyğəmbərinin adını bir daha ucaltmaq üçün, Tanrıya sədaqətini sübuta yetirmək üçün bir növ əbədi ibadətə tən gələsi bir əsər yazmağı qarşısına məqsəd qoymuşdu. Bəli, “İtirilmiş cənnət” özündən əvvəlki “İlahi komediya”, özündən sonrakı “Faust” kimi məhz Allaha ibadət, göylər səltənətinə merac, ölməz həqiqətləri ziyarət məqsədiylə çıxılmış ruhani səfər, peyğəmbərlik missiyasıdır. Çoxları Şeytanı onun dini-fəlsəfi dastanının baş qəhrəmanı saysa da, şər tanrısı bu əsərin tək qəhrəmanı deyil, ondan yuxarıda qüdrətli Allah, bir də onun öz qüdrətindən pay verdiyi Tanrı oğlu Məsih var.

***

Fəqət sonrakı nəsillər, romantizm bayraqdarları poemanın bu yanlarını gözardına vurub İblisin sərgüzəştindən yapışdılar, əsərə şeytani rəng verməyə çalışdılar. Nə qədər qəribə olsa da, yeni poeziya Milton (yəni xristianlıq) ideyalarının yaşadılması, inkişafı sayəsində yox, ona qarşı çıxılması, onun təhrif olunması hesabına formalaşdı. Başda Bayronun yaradıcılığı olmaqla romantik ruhlu yeni Avropa ədəbiyyatının demonizmi birbaşa Miltonun Lüsiferindən ilhamlanıb. Hərçənd Şeytanı yeni dövrün yaradıcısı, kəşflər, ixtiralar müəllifi, inqilab bahadırı, respublika qəhrəmanı kimi qələmə vermək istər etik, istərsə də fəlsəfi baxımdan kökündən yanlışdır - həm Kromvelin, həm də Napoleonun təcrübəsi bunu sübuta yetirib. Bütün böyük dəyərlər şeytan xislətindən yox, Tanrı nurundan ərsəyə gəlir. İblis yaradan deyil, yamsılayandır, Şeytan dəyər istehsalçısı deyil, həqiqət istehlakçısıdır.

Eyni aqibət sonralar Dostoyevskinin də başına gəldi. İyirminci əsrin modernist ədəbiyyatı bir çox halda Fyodor Mixayloviçin mömin, peyğəmbəri obrazlarına yox, məhz şeytani obrazlarına, onların amansız iblisanə məntiqinə istinadla yarandı, Raskolnikov, Svidriqaylov, Roqojin, Terentyev, Stavrogin, Kirillov, Verxovenski, Dmitri Karamazov, İvan Karamazov, Smerdyakov kimi tiplər iyirminci əsrin reallıqları fonunda dondan-dona girdilər. Eynən Dostoyevski də özünün əsla bəyənmədiyi, qətiyyən qəbul eləmədiyi ideyalara, ədəbi-estetik, ictimai-siyasi cərəyanlara istəmədən nəfəs verdi, nifrət bəslədiyi şikəst əqidələrin qol-qanad açıb bütün dünyada populyarlıq qazanmasına meydan açdı. Əgər Fyodor Mixayloviçi yuxudan oyadıb desəydilər ki, Fridrix Nitsşe sənin mənfi qəhrəmanlarının ideyalartından ilhamlanıb, sonra o da öz növbəsində Hitler kimi bir cəlladı insan qəssabxanası yaratmağa ruhlandırıb, yəqin bir də bu dünyaya qayıtmaq istəməzdi.

Əminəm ki, Milton da Bayronun həyata baxışlarını bölüşməzdi, onun demonizmini yarımçıq həqiqət sayardı. Üsyankar, bədbin, küsəyən xələfindən fərqli olaraq o, poemasında cənnətin idillik gözəlliklərindən də bəhs açıb, xaosun, cəhənnəmin alternativini də göstərib.

***

Milton mənəviyyat yolunun dialektik inkişafı haqqında əsər yazsa da, çoxları bunu avtoritetlərə qarşı mübarizəyə, monarxiyaya qarşı qiyama çağırış kimi qələmə verib, bu gün də verməkdədir. Poemanı o səmtə yozanlar həm də dövrün reallıqlarına, on yeddinci əsrin ortalarında İngiltərədə baş vermiş siyasi-ictimai proseslərə istinad eləyirlər. Onlara görə, Tanrı obrazının arxasından devrilmiş kral Birinci Karlın, Lüsifer obrazının arxasındansa qiyamçı Kromvelin qulaqları görünür. Bu qənaəti bir fakt da möhkəmləndirir ki, Con Milton İngiltərə burjua inqilabının istər birinci, istərsə də ikinci mərhələsini yaxından izləmişdi, tarixi proseslərin birbaşa iştirakçısı olmuşdu. Əlbəttə, bütün bunlar onun dünyagörüşünə, yaradıcılığına təsir göstərməyə bilməzdi, ancaq bu kimi faktları yuxarı başa keçirməklə “İtirilmiş cənnət” poemasının alleqorik üslubda yazılmış siyasi ədəbiyyat olduğunu söyləyə bilmərik. Üstəlik, şair kralın edamına bəraət qazandırırdı, respublikaçılıq ideyasına, monarxiyanı devirmiş Kromvelə rəğbət bəsləyirdi, ona görə də onu asi, bədəməl İblislə eyniləşdirməzdi.

Milton özü deyirdi ki, ictimai mənafe güdən əsərlərini (məsələn, söz azadlığı haqqında nitqini, boşanma haqqında traktatını, yaxud siyasi pamfletlərini) sol əliylə, sənət, əbədiyyət naminə qoşduğu şeirləri, poemaları isə sağ əliylə qələmə alır. Onun şah əsəri, əlbəttə, sağ dəstiylə yazdığı (daha doğrusu, gözlərinin koralması üzündən diktə elədiyi) dini-mistik poema, etik-fəlsəfi dastandır. Di gəl, bu əsəri ayrı səmtə yozmağı heç kimə qadağan eləmək olmaz, necə ki, Kafkanın Qəsrini həşəmətli Fələyin yox, əlahəzrət Avstriya-Macarıstan imperatorunun kanselyariyasına bənzədənləri buna görə kimsə məhkəməyə, silistə çəkmir. Bu cür əbədi sənət əsərləri hansısa konkret bir dövrün hadisələrindən bəhrələnsə belə, bir dövrə, bir zamana bağlanıb qalmır, yoxsa həmin tarixi zaman bitər-bitməz həmin əsər də aktuallığını itirib unudulardı.

***

Tövratın “Varlıq” kitabının ikinci-üçüncü fəsilləri Adəmin, daha sonra onun qabırğasından Həvvanın yaradılmasını, onların cənnət bağında keçən azad, məsud günlərini, sonra idrak ağacından dadıb qəzəbə gəlmələrini, axırda cənnətdən qovulmalarını nağıl eləyir. Bu qəziyyə müqəddəs kitabın cəmi bir neçə səhifəsini tutur, Milton isə Tövrat ayələrinin arasındakı ağ yerləri doldurmaqla eyni mövzuda nəhəng bir poema yazıb. Yadınızdadırsa, Tomas Mannın “İosiflə qardaşları” romanından danışanda da bu məqamı vurğulamışdıq ki, müəllif vur-tut on-on beş səhifəlik Bibliya mətnindən oradakı boşluqları doldurmaq hesabına dörd kitablıq azman bir epopeya, dastan bağlayıb. Dini mətnlərin bir gözəlliyi də ondadır ki, sənətin hər növünə bu gün də mövzu verə bilir.

Qafiyəsiz nəzmlə qələmə alınmış “İtirilmiş cənnət” poeması on iki nəğmədən ibarətdir. Əsərin yazılması təqribən on ilə başa gəlib. Kitab işıq üzü görəndə müəllifin yaşı altmışı haqlamışdı. Ölkənin bəlalı günlərinin çoxu, şanlı inqilab, qanlı vətəndaş müharibəsi geridə qalmış, monarxiya bərpa olunmuşdu. O vaxtdan bəri bu əsər bütün mədəni xalqların dilinə çevrilib. Bu gün Miltonun poeması klassik dünya ədəbiyyatının pasportu sayılan şah əsərlərdən biridir.

Dastan bizi kainatın erkən çağına, insanın yeni yarandığı zamanlara aparır. Dünyada hələ yalnız Tanrı, bir də onun mələkləri var. Mələklərin ən seçiləni, ən diribaşı Lüsifer, yəni İblisdir. Əgər Hötenin Mefistofeli Allahla əlbir işləyir, onun gizli yardımçısı, məxfi agenti qismində çıxış eləyirsə, Miltonun Lüsiferi Tanrıya qarşı gerçək, səmimi düşmənçilik mövqeyində durub, niyyəti də kainatın hökmdarını taxtından salıb onun yerinə keçməkdir. Odur ki, göylər səltənətiylə cəhənnəm valisinin mübarizəsində oyun elementi yoxdur, bu savaş yetərincə ciddi, amansız savaşdır.

***

Cəhənnəmdə xaos qanunları hökm sürür. Ümumiyyətlə, Tanrının əli dəyməyən, Yaradanın nizam yaratmadığı hər yerdə xaos, nizamsızlıq at oynadır. Müqəddəs Avqustinin sözüylə desək, kainatda şər yoxdur, Allah şər yaratmayıb; qaranlıq varsa, demək, ora Tanrının işığı düşməyən yerdir. Xaos qanunları deyilən bir şey yoxdur, əslində, bu, qanunsuzluğun elə özüdür. Xaosda ölçü anlayışı da yoxdur, onun nə eni, nə boyu, nə hündürlüyü, nə də dərinliyi var. Burada zaman da işləmir, vaxt aylara, günlərə, saatlara bölünməyib (Qəribədir ki, Şərq mistiklərinin ilahi məkana, bəqa bəzminə aid elədiyi bu əlamətləri Milton xaosun, cəhənnəmin ünvanına yazır). Cəhənnəm əzəli Xaosun hökmü altındadır, buranı əlahəzrət Təsadüf idarə eləyir. Tomas Mannın “İosiflə qardaşları” tetralogiyasının müqəddiməsində deyildiyi kimi, materiya hələ formaya düşməyib, torpağa hələ Tanrının nizam əli dəyməyib. Günahla Ölüm cəhənnəmin keşikçiləridir.

Davamı növbəti sayımızda...

F.Uğurlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2024 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see330

Livitt istefa verdi

13 Avqust 2026 00:16see250

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see235

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see197

57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı (Foto)

13 Avqust 2026 01:01see197

Avtomobil almaq istəyən şəxsi belə aldatdılar (Video)

13 Avqust 2026 01:31see177

Bel ağrısının səbəbi bu xəstəlik ola bilər

12 Avqust 2026 23:29see175

Atletiko Alvaresi əvəz etmək üçün namizəd tapıb

13 Avqust 2026 00:14see175

Günəş tutulmasından fərqli görüntülər FOTOLAR

13 Avqust 2026 02:53see170

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see168

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

13 Avqust 2026 04:05see167

Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır

13 Avqust 2026 05:12see166

“Apache” qəzaya uğradı Ölənlər var Video

13 Avqust 2026 04:14see166

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see162

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see162

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see161

ABŞ ın Texas ştatında hərbi helikopter qəzasında 2 nəfər ölüb

13 Avqust 2026 03:06see161

100 yaşa qədər yaşamaq üçün qidalanma qaydasını AÇIQLANDI

12 Avqust 2026 22:17see158

BMT Baş katibinin ofisi bildirib ki, Quterreş Yaxın Şərqdəki vəziyyətə diqqətlə yanaşır

13 Avqust 2026 08:14see147

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri