Kəndlər əzəli həyat beşiyidir
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Şəhərlər isə doğma yerləri atıb gələnlərə yüksək həyat vəd etmir
Hər il minlərlə insan rayon və kəndlərdən Bakıya üz tutur. İmkan əldə edənlər isə, ilk növbədə, paytaxtda mənzil almağa çalışırlar. Bu proses bəzən şəhər həyatına maraq, rahat yaşamaq istəyi və ya müəyyən mənada prestij məsələsi kimi təqdim olunur.
Amma məsələnin mahiyyətinə baxanda aydın olur ki, insanların böyük hissəsi üçün bu, seçimdən çox məcburiyyətdir. Onları doğulduqları yerlərdən uzaqlaşdıran əsas səbəb yaxşı həyat, sabit gəlir və ailələrinin gələcəyini təmin etmək istəyidir.
Çünki bir çox rayon və kəndlərdə insan üçün ən vacib məsələlərdən biri olan sabit qazanc imkanları məhduddur. İxtisasa uyğun iş tapmaq, ailənin gündəlik ehtiyaclarını qarşılamaq və gələcəyə inamla baxmaq hər zaman mümkün olmur. Əmək bazarındakı fərqlər, iqtisadi fəallığın əsasən Bakı və Abşeron yarımadasında cəmlənib. Bu da insanları paytaxta doğru hərəkət etməyə məcbur edir.
Bu gün ölkənin iri sənaye müəssisələrinin, bankların, sığorta və logistika şirkətlərinin, informasiya texnologiyaları sektorunun, eləcə də bir çox dövlət qurumlarının böyük hissəsi Bakıdadır. Təbii olaraq yeni iş yerlərinin əsas hissəsi də burada yaranır. Ali təhsil alan gənclər, ixtisaslı mütəxəssislər və hətta peşə təhsili olmayan işçilər də iş imkanları əldə etmək üçün paytaxta gəlirlər.
Regionlarda isə vəziyyət fərqlidir. Özəl sektor paytaxta nisbətən zəifdir, sənaye müəssisələrinin sayı azdır, kiçik və orta sahibkarların maliyyə imkanları məhduddur. Dövlət sektorunda vakansiyaların sayı da müraciət edənləri işlə təmin edə bilmir. İnsanlar ya mövsümi və aşağı gəlirli işlərlə kifayətlənir, ya da yaxşı qazanc üçün başqa şəhərlərə köçürlər.
Burada əsas məsələ təkcə iş yerlərinin sayı deyil. Əsas sual həmin işlərin insana hansı həyat səviyyəsini təmin etməsidir. Bir çox rayonlarda əməkhaqqı ailənin gündəlik xərclərini ödəməyə yetmir. Bakı isə daha yüksək maaş imkanları, geniş xidmət sektoru və əlavə qazanc yollarının çoxluğu ilə insanlara cəlbedici görünür.
Şəhərlərə köçü artıran əsas səbəblərdən biri də kənd təsərrüfatının əvvəlki gəlir imkanlarını itirməsidir. Bir vaxtlar uşaqların səsi ilə dolan, əkin-biçinin, mal-qaranın və kənd həyatının qaynadığı yaşayış məntəqələri bu gün getdikcə səssizləşir. Azərbaycanda kəndlərin boşalması artıq ayrı-ayrı rayonların problemi deyil. Bu, illərdir davam edən və getdikcə daha ciddi xarakter alan sosial-iqtisadi prosesdir.
İsmayıllının Gənzə kəndi bunun bariz nümunələrindən biridir. Vaxtilə burada insanlar həyat sürür, torpaqla işləyir, maldarlıqla məşğul olur, ailələr qurur, övlad böyüdürdülər. Lakin zaman keçdikcə susuzluq, işsizlik, infrastruktur problemləri və gəlir imkanlarının azalması sakinləri seçim qarşısında qoydu. İnsanlar bir-bir doğma kəndlərini tərk edərək Bakıya və digər şəhərlərə üz tutmağa başladılar. Gənzə bu gün tək deyil. Onun taleyini yaşayan onlarla, hətta yüzlərlə kənd var. Məsələn, Şamaxının Acıdərə, İsmayıllının Pirqəm, Dahar, Neftçalanın Qızqayıtdı, Siyəzənin Əlməkolu, Qaxın Bağtala kəndləri onların sırasındadır. Bunlar sadəcə statistika deyil. Bu, yavaş-yavaş boşalan evlərin, bağlanan qapıların və itirilən kənd həyatının göstəricisidir.
Əslində, insanlar kəndləri asanlıqla tərk etmirlər. Səbəblər var. Təsəvvür edin, qış aylarıdır, kənddəsiniz. Elektrik tez-tez kəsilir, istilik sistemi yoxdur, su problemi yaşanır. İş tapmaq çətindir. Kənd təsərrüfatı ilə məşğul olmaq istəsəniz belə, bunun üçün lazımi şərait və maliyyə imkanları kifayət etmir. Belə vəziyyətdə şəhər insan üçün sadəcə yaşayış yeri deyil, sabit maaş, təhsil, səhiyyə və daha yaxşı gələcək deməkdir.
Kənd təsərrüfatının gəlir imkanlarının azalması da bu prosesi sürətləndirir. Uzun illər kənd ailələrinin əsas dolanışıq mənbəyi olan əkinçilik və heyvandarlıq artıq əvvəlki kimi qazanc gətirmir. Yanacaq, toxum, gübrə, pestisid və texnikanın qiymətinin artması fermerin xərclərini artırır. Bu problemlərin içərisində ən ağırı isə sudur. Azərbaycanın bir çox bölgəsində suvarma sistemləri köhnəlib, su ehtiyatları azalır, quraqlıq təhlükəsi artır. Xüsusilə kiçik fermer təsərrüfatları bu vəziyyətdən daha çox zərər çəkir.
Deməli, torpağın olması hələ ondan gəlir əldə etmək demək deyil. Bir yerdə su çatışmır, başqa yerdə keyfiyyətli toxum və gübrə tapmaq çətinləşir. Bununla yanaşı, kəndlilərin yetişdirdikləri məhsulları sərfəli şəkildə satmaq imkanları da məhduddur. Bazara çıxışın çətinliyi, vasitəçilərin çoxluğu və qiymət fərqləri fermerlərin gəlirini azaldır. Belə şəraitdə gənclər torpaqda gələcək görmür və şəhərlərdə daha sabit iş axtarmağa üstünlük verirlər.
İqtisadçı Mahir Zeynalov hesab edir ki, bu proses təkcə Azərbaycana xas deyil. Dünyanın bir çox ölkəsində urbanizasiya gedir. Vaxtilə insanların əsas məşğuliyyəti kənd təsərrüfatı olduğu üçün kəndlər daha canlı idi. İndi isə iqtisadiyyatın istiqaməti dəyişib, xidmət və texnologiya sahələri ön plana çıxıb. İnsanlar da təbii olaraq iş və gəlir olan yerlərə gedirlər.
Amma bu, kəndlərin boşalmasını adi və qarşısıalınmaz proses kimi qəbul etmək demək deyil. Burada infrastruktur məsələsi də xüsusi əhəmiyyət daşıyır. Ucqar kəndlərdə yolların vəziyyəti, internet imkanları, rabitə, sosial xidmətlər və istehsal şəraiti insanların həyatına birbaşa təsir edir. İnfrastruktur olmayan yerdə biznes qurmaq, yeni iş yerləri yaratmaq və gəncləri kənddə saxlamaq çox çətindir.
Lerik rayonu bu baxımdan diqqətçəkən nümunələrdəndir. Rayonun bir şəhəri və 161 kəndi var. Lakin bu kəndlərin bir hissəsi infrastruktur problemindən tədricən boşalır. Gənclər və əmək qabiliyyətli insanlar kəndləri tərk etdikcə evlər boş qalır, küçələr səssizləşir. Ərdəbilə kəndi bu mənzərənin ən acı nümunələrindən biridir. Vaxtilə insanların yaşadığı, həyatın qaynadığı bu kənddə bu gün cəmi üç ailə qalıb. Boş evlər və səssiz həyətlər daxili miqrasiyanın bölgələrdə yaratdığı dəyişiklikləri açıq şəkildə göstərir.
Tovuzun dağ kəndlərində yaşananlar da eyni problemdən xəbər verir. Sakinlərin sözlərinə görə, yolların bərbad vəziyyəti, bəzi kəndlərdə qaz təminatının olmaması, elektrik enerjisində fasilələr və yanacağın bahalaşması insanların yaşayışını çətinləşdirib. Bu səbəblərdən bir çox evlər boş qalıb. Şamaxının Ülgüc kəndi, İsmayıllının Bağəli kəndi, Şabranın Zöhrabkənd və Çuxurazəm kəndləri, Qaxın Sarıbaş kəndi və digər yaşayış məntəqələri də eyni təhlükə ilə üz-üzədirlər.
Unutmayaq ki, kənd sadəcə evlərdən ibarət deyil. Kənd tarixdir, yaddaşdır, ənənədir. Bir kənd boşalanda təkcə binalar deyil, oradakı həyat da itir. Azərbaycanın qarşısında duran əsas məsələ kəndləri sadəcə qorumaq deyil, onları yaşamaq üçün cəlbedici məkana çevirməkdir. Əks halda, gələcəkdə daha çox kəndin adını yalnız xəritələrdə və köhnə xatirələrdə görmək riski yaranır.
Kəndlərin boşalması sonda paytaxtın da yükünü artırır. Bakı artıq əhali sıxlığı, tıxaclar, mənzil problemi və sosial infrastrukturun yüklənməsi ilə üzləşir. Deməli, kənddən şəhərə köç yalnız kəndlərin deyil, bütövlükdə ölkənin inkişaf balansının problemidir.
***
Kəndlərdən və rayonlardan şəhərlərə köçü yalnız iş və pul qazanmaq istəyi ilə izah etmək düzgün olmazdı. İnsanlar harada yaşayacağına qərar verərkən başqa amilləri də nəzərə alırlar.
Bunların içində ən vaciblərindən biri təhsil, digəri isə səhiyyədir. Bu gün Azərbaycanda ali məktəblərin, elmi mərkəzlərin, müxtəlif peşə hazırlığı imkanlarının və ixtisaslaşmış tibbi xidmətlərin böyük hissəsi Bakı və Abşeron ərazisində cəmləşib. Paytaxt artıq təkcə iş və biznes mərkəzi deyil, həm də təhsil və səhiyyə mərkəzinə çevrilib. Bu isə təbii olaraq regionlardan insanların Bakıya axınını artırır.
Hər il minlərlə gənc universitetə qəbul olmaq üçün Bakıya gəlir. Lakin onların çoxu təhsilini başa vurduqdan sonra doğulduqları rayonlara geri qayıtmır. Çünki paytaxtda həm iş imkanları daha çoxdur, həm də peşəkar inkişaf üçün daha geniş seçim var. Beləcə, əvvəlcə bir neçə il üçün başlayan köç sonradan daimi yaşayışa çevrilir.
Səhiyyə məsələsi də insanları şəhərlərə yaxınlaşdıran əsas səbəblərdəndir. Rayonlarda müəyyən tibbi xidmətlər olsa da, mürəkkəb əməliyyatlar, müasir diaqnostika, yüksək ixtisaslı həkimlərin qəbulu Bakıda mümkündür. Xüsusilə yaşlı və xroniki xəstəlikləri olan insanlar üçün bu fərq daha çox hiss olunur. Bir çox ailə məhz bu səbəbdən paytaxta köçməyə üstünlük verir. Gənclər və əmək qabiliyyətli insanlar kəndləri tərk etdikcə kəndlərin sosial həyatı zəifləyir. Evlər boş qalır, ya da kəndlərdə əsasən yaşlı insanlar qalır. Əhali azaldıqca tibb məntəqələrinin və digər sosial obyektlərin fəaliyyəti də çətinləşir.
Bu prosesin ən çox hiss olunduğu sahələrdən biri də məktəblərdir. Şagird sayı azaldıqca bəzi kənd məktəblərində siniflər birləşdirilir, bəzi məktəblərin fəaliyyəti isə dayandırılır. Rəsmi məlumatlara görə, Azərbaycanda son illərdə ümumi təhsil müəssisələrinin sayı azalıb. 2023-cü ildə ölkədə 4422 məktəb fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 4194-ə düşüb. Yəni son üç il ərzində 226 məktəb fəaliyyətini dayandırıb.
Təhsil eksperti İlham Əhmədovun sözlərinə görə, bəzi kəndlərdə siniflərdə cəmi 3-4 şagird qalır. Belə vəziyyətdə həmin məktəblərin saxlanılması həm iqtisadi, həm də təhsil baxımından çətinləşir. Ekspert qeyd edir ki, məktəblərin bağlanması daha çox dağlıq və ucqar rayonlarda müşahidə olunur. Lerikdə, Ağsuda, Qubada, Qaxda, Yardımlıda və digər rayonlarda bu proses daha aydın görünür.
Məktəbin bağlanması isə sadəcə bir binanın qapısına qıfıl vurmaq deyil. Kənd üçün məktəb çox vaxt yalnız təhsil müəssisəsi yox, həm də sosial həyatın əsas mərkəzidir. İnsanların bir araya gəldiyi, tədbirlərin keçirildiyi, bayramların qeyd olunduğu, kənd sakinlərini birləşdirən məkanların başında məhz məktəb dayanır. Məktəb bağlandıqda isə kəndin həyatında böyük bir boşluq yaranır.
Lakin məsələnin digər tərəfi də var. Az şagirdli məktəblərin fəaliyyətini davam etdirməsi də müəyyən çətinliklər yaradır. Belə məktəblərdə müəllim çatışmazlığı, dərs resurslarının məhdudluğu, laboratoriya və digər tədris imkanlarının azlığı təhsilin keyfiyyətinə təsir göstərir. Əgər kənddə məktəb yoxdursa, yol bərbad vəziyyətdədirsə, internet imkanları zəifdirsə, xəstəxana uzaqdadırsa və iş tapmaq çətinləşibsə, insanların həmin ərazidə qalmasını gözləmək də asan deyil. Çünki insan yalnız evə deyil, normal həyat şəraitinə ehtiyac duyur.
Beləliklə, vaxtilə həyətindən uşaqların səsi gələn, siniflərində şagirdlərin elm öyrəndiyi, müəllimlərin gələcəyə yol göstərdiyi kənd məktəbləri bu gün bir-bir susur. Boş qalan sinif otaqları, bağlanan qapılar və səssiz dəhlizlər təkcə bir təhsil müəssisəsinin taleyini deyil, bütöv bir kənd həyatının necə dəyişdiyini göstərir. Bir məktəbin susması çox vaxt həmin kəndin gələcəyi ilə bağlı ciddi siqnaldır.
Onu da qeyd edək ki, daxili miqrasiyanın nəticələri isə təkcə kəndlərdə hiss olunmur. Bu proses Bakıya da ciddi təsir göstərir. Paytaxta əhali axını artdıqca mənzilə tələbat yüksəlir, qiymətlər artır, nəqliyyat sıxlığı yaranır, məktəblər və xəstəxanalar daha çox yüklənir.
Ekspert Mahir Zeynalov hesab edir ki, daxili miqrasiyanı inzibati yollarla dayandırmaq mümkün deyil. İnsan harada daha yaxşı gələcək görürsə, ora üz tutur. Ona görə də əsas məqsəd insanların köçməsinin qarşısını almaq yox, regionlarda yaşamağı daha cəlbedici etmək olmalıdır. Bunun üçün bölgələrdə yeni iş yerləri yaradılmalı, kiçik və orta sahibkarlığa dəstək artırılmalı, kənd təsərrüfatında fermerlərin problemləri həll olunmalıdır. Suvarma sistemləri yenilənməli, məhsulların bazara çıxışı asanlaşdırılmalıdır. Eyni zamanda, yollar, internet, səhiyyə və təhsil imkanları yaxşılaşdırılmalıdır.
Onun sözlərinə görə, bəzi hallarda kiçik və əhalisi çox az olan kəndlərin yaxınlıqdakı daha iri yaşayış məntəqələri ilə birləşdirilməsi səmərəli həll yolu ola bilər. Çünki cəmi bir neçə ailənin yaşadığı kəndlərdə bütün infrastrukturun – yolun, məktəbin, kommunal xidmətlərin və digər sosial obyektlərin saxlanılması həm çətin, həm də böyük xərc tələb edir. Əvəzində daha iri kəndlərin inkişaf etdirilməsi, orada müasir infrastrukturun yaradılması və insanların rahat yaşayışı üçün şəraitin yaxşılaşdırılması daha məqsədəuyğundur.
Məsələnin digər tərəfi isə az şagirdli məktəblərin fəaliyyətidir. Belə məktəblərdə şagird sayının az olması təhsilin keyfiyyətinə də təsir göstərir. Onların optimallaşdırılması ilə yanaşı, şagirdlərin məktəbə rahat çatdırılması, nəqliyyat imkanlarının artırılması və müasir texnologiyalardan, o cümlədən distant təhsil imkanlarından istifadə etməsi vacibdir.
Bir kənd boşalanda təkcə evlər sahibsiz qalmır, illərlə formalaşmış sosial münasibətlər, ənənələr və həyat ritmi də zəifləyir. Bu gün əsas sual insanların niyə kəndləri tərk etməsi deyil, onların niyə qalmaq üçün kifayət qədər səbəb görməməsidir. Cavab isə aydındır: insanlar daha yaxşı həyat, daha sabit gəlir və daha geniş imkanlar axtarırlar. Əgər bu imkanlar kəndlərdə də yaradılarsa, heç kim doğulduğu yurdu tərk etməyə məcbur qalmaz.
Unutmayaq ki, kəndlər əzəli həyat beşiyidir. Müasir şəhərsalmanın hədəfi də təbii kənd rahatlığıdır.
Pünhan ƏFƏNDİYEV
XQ
Baxış sayı:61
Bu xəbər 30 İyul 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















