Kəndlinin südünü, yumurtasını da sayacaqlar: Vergi gəlir, yoxsa subsidiya?
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
2027-ci il yanvarın 1-dən Azərbaycanda kənd təsərrüfatında istehsal olunan süd və yumurtanın ümumi miqdarı uçota alınacaq. Yenilik ondan ibarətdir ki, indiyədək əsasən satışa çıxarılan məhsullar nəzərə alınırdısa, bundan sonra ailələrin şəxsi istehlakına və digər məqsədlərə sərf etdiyi süd və yumurta da hesablanacaq.
Bəs bu dəyişiklik nə ilə bağlıdır? Dövlət kənd ev təsərrüfatlarının istehsal potensialını müəyyənləşdirmək istəyir, yoxsa gələcəkdə həmin məhsullara görə vergi tətbiqinə hazırlaşır? Uçot nəticələri ünvanlı sosial yardımın təyin edilməsinə də təsir göstərə bilərmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a açıqlamasında bildirib ki, ilk baxışdan bu qərar hökumətin ölkə daxilində istehsal olunan kənd təsərrüfatı məhsullarının real həcmini müəyyənləşdirmək istəyindən irəli gəlir.
İqtisadçının sözlərinə görə, belə uçot mexanizmi dünyanın inkişaf etmiş ölkələrində də tətbiq olunur. Bəzi dövlətlərdə kənd təsərrüfatı istehsalı seçmə üsulu ilə, digərlərində isə bütün ev təsərrüfatlarını əhatə etməklə qeydə alınır. Akif Nəsirli hesab edir ki, Azərbaycanda narahatlıq doğuran əsas məqam hökumətin bu uçotun hansı məqsədlə aparılacağını indiyədək aydın şəkildə izah etməməsidir.
“Ölkə ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmini bilmək hökumət üçün normal yanaşmadır. Dünyanın qabaqcıl ölkələrinin əksəriyyətində belə uçot mövcuddur. Bəzi hallarda bu proses ev təsərrüfatlarının bir neçə faizini əhatə edən seçmə üsulu ilə aparılır, bəzi ölkələrdə isə hamı qeydiyyata alınır. Amma hökumətin bu qərarında çatışmayan cəhət məqsədin elan edilməməsidir. Sosial şəbəkələrdə yaranan narahatlıq da bundan qaynaqlanır. İnsanlar düşünürlər ki, birdən bu məlumatlardan ev təsərrüfatlarının vergiyə cəlb edilməsi və ünvanlı dövlət sosial yardımının təyin olunması zamanı istifadə edilər”, – deyə iqtisadçı bildirib.
Akif Nəsirli qeyd edib ki, uçot məlumatlarından vergitutma və sosial yardım məsələlərində istifadə edilməsi ehtimalı olsa da, bu, yeganə variant deyil. Əksinə, onun fikrincə, daha məntiqli yanaşma kənd təsərrüfatı istehsalını artırmaq məqsədilə ailə təsərrüfatlarına subsidiyaların verilməsi ola bilər. İqtisadçı Avropa ölkələrinin təcrübəsini nümunə göstərərək bildirib ki, bəzi dövlətlərdə süd istehsalının stimullaşdırılması üçün ailələrə saxladıqları südverən inəklərə görə maliyyə dəstəyi göstərilib.
“Bu, ev təsərrüfatlarına yetişdirdikləri məhsula görə subsidiya vermək məqsədi də daşıya bilər. Məsələn, Avropa ölkələrində son illərə qədər belə üsullardan istifadə olunub. Bir südverən inək saxlayan ailəyə bir neçə il əvvəl hər ay 90 avro subsidiya verilirdi ki, həmin ailə inəyi satmasın, süd istehsalını davam etdirsin”, – deyə Akif Nəsirli vurğulayıb.
Ekspertin qənaətinə görə, Azərbaycanda da bu uçot məlumatları kənd təsərrüfatının inkişafına xidmət edə bilər. Belə ki, istehsal həcmi barədə dəqiq məlumatlar əldə edildikdən sonra daha çox məhsul istehsal edən ailə təsərrüfatlarına dövlət dəstəyi göstərilməsi mümkün ola bilər.
Akif Nəsirli hesab edir ki, hazırda ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində yeni proqramın həyata keçirilməsi də bu ehtimalı gücləndirir:
“İndi Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı 2026-2030-cu illəri əhatə edən geniş proqram qəbul olunub. Ola bilsin ki, həmin proqram çərçivəsində bu məlumatlardan istifadə edilərək daha çox məhsul istehsal edən ev təsərrüfatlarına subsidiya verilsin. Mən hesab edirəm ki, daha ağlabatan və inandırıcı ehtimal da budur. Çünki dünyanın heç bir yerində ev təsərrüfatında istehsal olunan məhsula görə vergi təyin edilməsi geniş yayılmış praktika deyil. Azərbaycan kimi neft ölkəsində də belə bir yanaşmanın tətbiqi məqsədəuyğun olmazdı”, – deyə iqtisadçı bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 11 Noyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















