Kleopatra üçün hələ də çox darıxıram Əməkdar artist
525.az saytına istinadən Icma.az xəbər verir.
Müsahibimiz Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Gülər Nəbiyevadır.
- Gülər xanım, yaradıcılıq işləriniz necə gedir? Yeni mövsümə necə hazırlaşırsınız, tamaşaçıları nə gözləyir?
- Hazırda işlərimiz sürətlə davam edir. Ötən mövsümün sonunda - iyunun 29-da Mirzə Fətəli Axundzadənin "Hekayəti-Mərdi-Xəsis" əsəri əsasında hazırlanan "Hacı Qara" tamaşasını yeni variantda təqdim etdik. Yeni mövsümə də məhz bu tamaşanın premyerası ilə başlamağı planlaşdırırıq. Ötən mövsüm yaradıcılığımda xüsusilə məhsuldar oldu. Müxtəlif kanallarda nümayiş olunan "Atalar və qızlar" və polislərin həyatından bəhs edən "Girov" kimi iki yeni seriala çəkildim. Teatrda isə uşaqlar üçün "Billur başmaq" tamaşasını təhvil verdik; orada Pəri obrazını canlandırırdım. "Hacı Qara"da isə Hacı Qaranın həyat yoldaşı Tükəz rolunu oynayıram.
- Uşaq tamaşalarındakı çıxışlarınız necə qarşılandı?
- "Billur başmaq" tamaşasında Pəri obrazı uşaqlar tərəfindən çox böyük sevgi və uğurla qarşılandı. Onların səmimiyyəti, bizə inamları o qədər təsirli idi ki... Teatrın, o səhnənin sehri elə bir həddə idi ki, uşaqlar baş verənlərə tam qəlbən inanırdılar. Bizə elə alqış edirdilər ki, sanki göydən düşmüş varlıqlarıq. Bu, həm mənim, həm də tərəf-müqabillərim üçün çox xoş bir hiss idi.
- Tamaşaçıların səhnədə gördüyü Gülər Nəbiyeva ilə gündəlik həyatdakı Gülər Nəbiyeva arasında nə kimi fərqlər var?
- Bizi görənlər hər zaman öz aspektlərindən qiymətləndirirlər. Mən həyatda oynadığım obrazlar kimi deyiləm. Həmişə gənc aktyorlara da deyirəm ki, tamaşadan sonra üstünüzdəki obrazın geyimini dəyişin, çünki o yük içimizə o qədər hopur ki, obrazdan çıxmaq vaxt alır. Obrazın enerjisini o geyimlə birlikdə əynimizdən çıxaranda yenidən özümüz oluruq.
İnsanlar bizi çox vaxt canlandırdığımız rollarla xatırlayırlar. Bəzən mənfi obraz oynayanda küçədə, rəylərdə mənə acıqlananlar da olur (gülür). Amma bu, məni incitmir, əksinə, sevindirir - deməli, obrazım inandırıcı alınıb. Hətta bir dəfə serialda oynadığım mənfi anaya görə biri yaxınlaşıb soruşdu ki, "niyə qızınızı filankəsə vermirsiniz?" Dedim: "Siz real həyatda elə bir insana qız verərdiniz?" Dayanıb fikirləşdi və "yox" dedi. Mən də cavab verdim ki, "bəs mən nə üçün verməliyəm?" Amma bir dəfə avtobusda kiçik bir oğlan uşağının mənə diqqətlə baxdığını hiss etdim, bildim ki, hansısa serialdan tanıyıb. Avtobusdan enəndən sonra atası yaxınlaşdı ki, uşaq sizinlə şəkil çəkdirmək istəyir. O uşaq mənə obrazımla yox, adımla - "Gülər xala" deyə müraciət etdi. Bu da məni çox sevindirdi.
İnsan evdə başqa, işdə başqa, küçədə başqa cürdür. Aktyor da səhnədə tamamilə fərqli hallarda olur, həyatda isə sadə bir insandır.
- Bir aktrisa olaraq səhnədə və ya kamera qarşısında sizi en çox həyəcanlandıran məqam nədir?
- Hər bir obrazın öz xarakteri və daxili dünyası var. Rejissorumuz Cənnət xanım həmişə deyir ki, hadisə səhnədə baş verir. Mən səhnəyə çıxmazdan əvvəl planlaşdırmadığım bir şeyi belə, o anın təsiri ilə edə bilərəm. Əgər hiss etsəm ki, bu jest və ya hərəkət obrazı daha da dərinləşdirəcək, o riski eləməkdən çəkinmirəm.
Səhnədə gözəllik ilk 5 dəqiqlikdir, sonra tamaşaçı xarakterə, oynanılan rola baxır. Əgər obraz tamaşaçını tutursa, o zaman səhnə ilə zal arasında canlı bir enerji mübadiləsi başlayır. Aktyor üçün tamaşaçının o reaksiyasını hiss etməkdən, o emosiyanı almaqdan daha həyəcanlı və müqəddəs heç nə yoxdur.
- Qadın obrazlarının təqdimatında bu gün sizi qane etməyən məqamlar varmı?
- Bizim obrazlarımız, əfsanələrimiz, məsəllərimiz heç nəyə əsaslanmadan yaranmayıb, hamısının arxasında dərin bir el sirri, xalq hikməti durur. Azərbaycan qadınının xarakteri də tarixdən və reallıqdan gəlir. Mən obrazlarımda həmişə o dərinliyi axtarıram.
Səhnədə canlandırdığımız qadın obrazı aktyor üçün əlçatmaz bir zirvə olmalıdır. Mən o zirvəyə çatmaq üçün çarpışmalıyam ki, tamaşaçıya da doğru mesajı ötürə bilim. Biri sevən qadındır, biri intiqam alan, biri övladı üçün hər əzaba dözən... Onların heç biri eyni deyil. Rejissorlar da aktyora elə rollar verməlidirlər ki, öz ampluasını dəyişə bilsin, fərqli xarakterlər nümayiş etdirsin.
- Karyeranız boyunca imtina etdiyiniz, qəbul etmədiyiniz bir rol olubmu? Yaxud yarımçıq qalan, həsrətində olduğunuz bir obraz varmı?
- Yox, heç vaxt imtina etdiyim rol olmayıb. Əksinə, həsrətində olduğum, yarımçıq qalan obrazlarım olub. Məsələn, Bernard Şounun "Sezar və Kleopatra" əsəri əsasında hazırladığımız tamaşada Kleopatra obrazı üzərində çalışmışdıq. Baxış da olmuşdu, amma teatrların birləşməsi ərəfəsinə düşdüyü üçün tamaşa təhvil verilmədi.
Kleopatra obrazı üçün hələ də çox darıxıram. İrina xanım (Allah rəhmət eləsin) o obrazı o qədər gözəl qurmuşdu ki... Bir saatın içində həm uşaq, həm gənc qadın, həm də yetişkin bir hökmdar olurdun. Təəssüf ki, o rolu oynamaq vaxtında qismət olmadı, bundan sonra isə yalnız yaşlı çağını oynaya bilərəm. O zamanlar isə hər üç dövrünü oynaya bilərdim.
Amma ümumilikdə verilən hər bir rola sevgi ilə yanaşmışam və rejissorun tapşırığını ən yaxşı şəkildə yerinə yetirməyə çalışmışam.
- Aktrisa üçün xarici görünüşün sənətdəki rolu barədə nə düşünürsünüz?
- Mənə elə gəlir ki, sənətlər içərisində ən qeyri-adisi aktyorluqdur. Səhnə o qədər fərqli, qeyri-adi məkandır ki, sən burada hər cür obraza bürünürsən, haldan hala, cilddən cildə düşürsən. Bir dəfə aktyor həmkarlarımızdan biri Rusiyada bir tamaşaya baxmışdı. Gəldi danışdı ki, orada aktrisa o qədər gözəl idi, bütün zal onun gözəlliyinə heyran olmuşduq. Amma tamaşa bitəndən sonra aktrisanı səhnə arxasında gördük, o gözəllikdən əsər-əlamət yox idi. Demək ki, xarici görünüş elə də önəmli deyil. Əsas olan bacarıqdır, sənət eşqidir, sənə həvalə olunan obrazın öhdəsindən peşəkarlıqla gələ bilməkdir. Bu tamaşada çox gözəl bir pərini, digərində isə küpəgirən qarını canlandıra bilərsən. Elə canlandırarsan ki, tamaşaçı birində sənin çox gözəl, digərində isə çox eybəcər bir insan olduğuna inanar. Budur peşəkarlıq. Səhnədə səni gözəllik yox, istedad saxlayır.
- Tənqidə münasibətiniz necədir?
- Məqsədli şəkildə edilən tənqid deyil, amma sağlam tənqidə münasibətim çox yaxşıdır. Biz məktəbdə oxuyarkən belə bir adətimiz vardı. Hər həftə efirdə verilən televiziya tamaşasına baxırdıq və növbəti gün dərsdə onu müzakirə edirdik. Sonra isə qəzetdə həmin tamaşa haqqında çıxan resenziyanı oxuyurduq, kimin fikirləri doğru çıxırdısa, o qalib olurdu. Əksər vaxtlarda da mən qalib gəlirdim (gülür). Düzü, o vaxtlar heç aktrisa olmaq fikrim də yox idi. Şeiri, ədəbiyyatı sevdiyim üçün ədəbiyyat müəllimi olmaq arzusunda idim. Sonradan sinif rəhbərimin yönləndirməsi sayəsində Mədəniyyət və İncəsənət Universitetinə gəldim. Təəssüf ki, indi tamaşalar haqqında resenziyalar az yazılır, teatr tənqidi geridə qalır. Amma istərdim ki, əvvəlki kimi daha da çox olsun. Çünki sağlam tənqid inkişafa xidmət edir.
- Bir tamaşaçı kimi çox sevdiyiniz hansı tamaşalar və filmlər var?
- Mən digər teatrların tamaşalarına da baxmışam. Pantomim teatrının tamaşalarını bəyənirəm. Musiqili Teatrın repertuarından "Paris Notr-Dama ithaf" tamaşasını çox sevirəm. Milli Gənc Tamaşaçılar Teatrının repertuarında isə "Tanrıya 14 məktub" tamaşasını çox xoşlayıram. O, çox təsirli tamaşadır. İnsan heç zaman bir uşağı xəstə görmək istəmir. Uşağın xəstəliyi, ölümü ən dəhşətli səhnədir mənim üçün.
- Sizcə, bu gün Azərbaycan teatrında qadın aktrisaların qarşısındakı əsas problemlər nələrdir?
- Əsas problem əsərdir. Müasir dövrdə qadının əsas obraz olduğu tamaşa, demək olar ki, yoxdur. Müraciət etdiyimiz əsərlərin əksəriyyəti klassik əsərlərdir. Son illərdə qadını əsas obraz kimi səhnəyə gətirən Mehriban Ələkbərzadə oldu. "Kod adı V.X.A." tamaşası bu baxımdan inqilab yaratdı. Dəfələrlə tamaşaçılardan eşitdim ki, bizim nə güclü aktrisalarımız var imiş. Əlbəttə, bizim teatrlarımızda çox güclü, peşəkar aktrisalarımız var. Sadəcə onları təqdim edəcək tamaşalar çox azdır.
- Sizin üçün uğurun ölçüsü nədir: mükafatlar, tamaşaçı sevgisi, yoxsa daxili məmnunluq?
- Aktyor üçün bunların hamısı vacibdir. Aktyor üçün diqqət hər şeydir. Alqış, bir çiçək, adı çəkilən obrazı onun ən böyük uğurudur. Biz sevgimizi tamaşaçıdan gözləyirik. Onu qazana biləndə isə ən xoşbəxt insan oluruq. Biz tamaşaçılar üçün yaşayırıq. Öz hisslərimi, qəlbimi qoyduğum bir obrazı dəyərləndirən 5 nəfər görəndə artıq ən böyük uğuru qazanmış kimi hiss edirəm.
- Siz həm də seriallara çəkilirsiniz. Orada vəziyyət necədir? Film, serial sektorundakı vəziyyətdən razısınızmı?
- Onu etiraf edim ki, serial, film sektorunda 10 il öncə aktyora verilən dəyər necə idisə, indi də o ölçüdədir. Hər şey artır, hər şey dəyərlənir, bircə aktyor əməyindən başqa. Niyə, bilmirəm. Özü də aktyoru ən çox dəyərsizləşdirən də zamanında aktyorluqdan gələn rejissordur. Axı sən o zəhməti, o əziyyəti bilirsən, özün də vaxtilə bu yollardan keçmisən, bəs niyə indi belə davranırsan? Bu sualın cavabı çox maraqlıdır.
- Ən çox yorulduğunuz, bezdiyiniz, usandığınız zaman nə ilə rahatlıq tapırsınız?
- Şeirlə... Poeziya mənim üçün ayrı bir aləmdir. Gündəlik həyatımın hər anında şeir var. Şeir mənə mənəvi rahatlıq verir.
- Hələ gerçəkləşməyən yaradıcılıq arzunuz varmı?
- Başqalarını deyə bilmərəm, amma mən həmişə istədiklərimin gəlib məni tapacağına inanmışam. Ümumən isə, məsələn, ildə, heç olmasa, iki obraz oynamaq istəyərəm. Olmayanda səhnə üçün, kamera üçün çox darıxıram. Bir həftə tamaşam olmayanda çox pis oluram, elə bilirəm ki, obrazlarım da mənim üçün darıxıb ağlayır. İnsan sevdiyi işlə məşğul olanda xoşbəxtdir. Mən də səhnədə xoşbəxtəm.
Şahanə MÜŞFİQ
Baxış sayı:54
Bu xəbər 11 Sentyabr 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















