Icma.az
close
up
RU
Kommunal ödənişlərlə bağlı yenilik

Kommunal ödənişlərlə bağlı yenilik

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bir müddət öncə kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib. Kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılması və Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənəd  hazırlanıb.

Yol Xəritəsi kommunal xidmətlər sektorunun daha effektiv idarə olunması, xidmətlərə əlçatanlığın yaxşılaşdırılması və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yüksəldilməsi üzrə təşkilati və inzibati tədbirləri əhatə edir. Onun icrası çərçivəsində kommunal qurumların inteqrasiyası, vahid abunəçi kodu mexanizminin tətbiqi, məlumat bazalarının təkmilləşdirilməsi və elektron xidmətlərin "mygov" rəqəmsal hökumət platformasına inteqrasiyası nəzərdə tutulur. Bununla yanaşı, sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid platformadan əldə etməyə və ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək.

Qeyd edək ki, kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi vətəndaşların elektrik, qaz, su, internet və digər kommunal xidmətlərlə əlaqəli məlumatları bir yerdə izləməsinə, ödəniş etməsinə və problemləri həll etməsinə imkan verən rəqəmsal platformadır. Bu cür sistem vasitəsilə istifadəçilər şəxsi hesablarına daxil olub, borcları və ödəniş tarixçəsini görə bilərlər. Həmçinin borclar, kəsintilər və digər vacib məlumatlar barədə SMS və ya e-poçt vasitəsilə bildirişlər ala bilərlər. Müəyyən vaxt aralığında avtomatik ödənişlərin həyata keçirilməsi mümkündür. İstifadəçilər xidmətlərlə bağlı problemlərini sistem üzərindən bildirə bilərlər.

VAHİD KOMMUNAL İNFORMASİYA SİSTEMLƏRİ BİR ÇOX ÖLKƏDƏ TƏTBİQ EDİLİR

Hazırda vahid kommunal informasiya sistemləri bir çox ölkədə tətbiq edilir. Əsasən, inkişaf etmiş ölkələr və rəqəmsal hökumət təşəbbüsləri olan dövlətlər bu cür sistemləri qurublar. Məsələn, dünyanın ən inkişaf etmiş rəqəmsal hökumət sisteminə sahib Estoniyada bu xidmətlər e-Estonia platformasına inteqrasiya olunub. Vətəndaşlar bir pəncərə sistemi vasitəsilə bütün kommunal xidmətlərə çıxış əldə edə bilirlər.

Sinqapurda da bütün dövlət və özəl xidmətlər üçün vahid giriş sistemi mövcuddur. Kommunal xidmətlər birləşdirilib və vətəndaşlar bütün ödənişləri bir platformada görə bilirlər.

Çində vətəndaşlar "Alipay və WeChat Pay" vasitəsilə elektrik, qaz və su ödənişlərini bir yerdən idarə edə bilirlər. Türkiyədə "e-Devlet Kapısı" kommunal xidmətlər də daxil olmaqla dövlət xidmətlərinin vahid portalıdır. Elektrik, qaz və su şirkətləri bu sistemə inteqrasiya edilib.

Azərbaycanda isə ASAN Kommunal və ASAN ödəniş müəyyən xidmətləri birləşdirsə də, hələ tam şəkildə ekosistem yaratmayıb.

BÜTÜN XİDMƏTLƏR ÜZRƏ MƏLUMATLAR MƏRKƏZLƏŞDİRİLMİŞ SİSTEMDƏ TOPLANACAQ

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, bundan sonra bütün xidmətlər üzrə məlumatlar mərkəzləşdirilmiş sistemdə toplanacaq: "Kommunal operatorların sistemləri inteqrasiya olunacaq. Real vaxt rejimində məlumat mübadiləsi təmin ediləcək, abonentlərə dəqiq və operativ xidmət göstəriləcək. Xidmətlərin 50 faizi və bildirişlər "myGov" üzərindən təqdim ediləcək. Elektron hökumət xidmətləri daha əlçatan olacaq. Ödənişlər və məlumat əldə etmə prosesi sadələşdiriləcək. Vətəndaşlar üçün rahat interfeys və sürətli əməliyyatlar təmin olunacaq".

E.Abbasovun fikrincə, bu sistemin yaradılması bir çox problemi aradan qaldıracaq: "Beləliklə, vətəndaşlar bir fin kod üzərindən istədikləri an bütün məlumatlarını görəcəklər. Vətəndaş sərfiyyatından əmin olacaq. Hesablamalarını aparacaq, büdcəsini təyin edəcək". Ekspertin dediyinə görə, yeni sistem ünvan problemlərini kökündən çözəcək: "Hazırda bəzi yeni qəsəbələrdə ünvan problemləri var. Hər bir kommunal ödəniş üzrə fərqli ünvan göstərilir. Yəni su qəbzində fərqli, qaz qəbzində fərqli ünvan olur. Sistemin tətbiqindən sonra bu kimi problemlər aradan qalxacaq".

Onun sözlərinə əsasən, növbəti addım sayğaclarla bağlıdır. Sistemin tətbiqindən sonra quraşdırılacaq yeni nəsil "ağıllı sayğaclar" birbaşa mərkəzdən idarə olunacaq: "Artıq sahə müfəttişlərinə ehtiyac aradan qalxır. Sayğaclarla qurumlar mərkəzdən əlaqə yarada biləcəklər. Bu sistemin hədəflərindən biri kommunal xidmətlərin ödənişi zamanı insan faktorunu aradan qaldırmaqdır. Çünki harada insan faktoru olursa, orada müəyyən neqativ hallar ola bilir. Artıq bir çox qurumlar ağıllı sayğacları test edir, pilot layihələr həyata keçirirlər".

VƏTƏNDAŞLAR ÜÇÜN GÖSTƏRİLƏN XİDMƏTLƏRİN TƏKMİLLƏŞMƏSİ ÜSTÜNLÜYÜ

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yeni sistem vətəndaşlar üçün göstərilən xidmətlərin təkmilləşməsi baxımından üstünlük yaradacaq: "Bu sistemin tətbiqi ilə ödənişdə sadəlik və rahatlıq, vaxta qənaət, şəffaflıq, borca nəzarət mümkün olacaq. Onlar bir kodu ödəniş sisteminə daxil etməklə, işığa, qaza, suya nə qədər borcu olduğunu asanlıqla görə biləcək. Bundan başqa, problem yarananda vahid kod vasitəsilə bütün xidmətlər üzrə şikayət və sorğuları mərkəzləşdirilmiş qaydada göndərmək mümkün olacaq".

Ekspertin sözlərinə görə, bu mexanizmin tətbiqində mümkün ola biləcək bir neçə əsas çətinliklər ola bilər: "Texniki və İT infrastruktur çətinlikləri yarana bilər. Belə ki, məlumat bazalarının inteqrasiyası, məlumat təhlükəsizliyi və şəxsi məlumatların qorunması, texniki avadanlıqların və proqram təminatının yenilənməsi ilə bağlı müəyyən problemlər yara bilər. Bundan başqa, normativ-hüquqi və qanunvericilik məsələləri, idarəetmə və koordinasiya problemləri ortaya çıxa bilər. Amma bütün hallarda bu sistem vətəndaşların rahatlığı üçün yaxşıdır".

BÜTÜN BORCLAR BİR NÖQTƏDƏ TOPLANIR, ÖDƏNİŞ İŞLƏRİ ASANLAŞIR

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə əsasən, Vahid İnformasiya Sisteminin yaradılması mütərəqqi addımdır. Bu sistemlə vətəndaşın bütün borcları bir nöqtədə toplanır və ödəniş işləri asanlaşır. Yeni sistem məntiqlə eyni mərkəzdən effektiv idarəetmə mexanizmlərinin yaradılmasına cəhddir: "Bu, pərakəndəliyin aradan qalxmasına səbəb olacaq. Lakin effektli olması üçün qaydaların şəffaf şəkildə elan olunmasına ehtiyac var. Hazırkı mövcud qanunvericiliyə görə, kommunal xidmət göstərən dövlət şirkətləri ödənişin vaxtı keçdikdə xəbərdarlıq edirlər, ondan 10 gün sonra isə kommunal xidmətləri məhdudlaşdırırlar".

VAHİD PLATFORMA  VAHİD YANAŞMA DEMƏKDİR

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, kommunal xidmətlər üzrə vahid informasiya bazasının yaradılması bu sahədə həyata keçirilən siyasətin mərkəzləşdirilməsi və sistemləşdirilməsi baxımından vacibdir: "Bu addım proqnozların hazırlanması, bu istiqamətdə tədqiqatların və digər fəaliyyətlərin həyata keçirilməsinin daha effektli və daha sistemli şəkildə reallaşmasına imkan verəcək. Eyni zamanda bu, istehlakçılar üçün də vacib məqamlardan biridir. Onlar artıq kommunal xidmətlər üzrə müraciətləri vahid platformada ünvanlaya biləcəklər. Bu da bir platformadan istifadə etməklə müraciət imkanı və hər hansı çətinliklər olarsa, bunun daha qısa zamanda həlli imkanları deməkdir. Nəticədə bu, imkan verəcək ki, istehlakçılar kommunal xidmətlərin əldə edilməsi ilə bağlı üzləşəcəkləri potensial çətinlikləri daha qısa zamanda həll edə bilsinlər. Bu addım istehlakçıların kommunal xidmətlərə əlçatanlığının artırılması və fasiləsiz kommunal xidmətlərin təmin edilməsi baxımından da vacib hesab olunur".

Millət vəkilinin sözlərinə görə, bu addım həm də imkan verəcək ki, istehlakçılar kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi vasitəsilə də müraciət etsinlər və onları maraqlandıran məsələlərə daha qısa zamanda aydınlıq gətirilsin: "Vahid platforma vahid yanaşma deməkdir. Bu, istehlakçıların fasiləsiz kommunal xidmətlərlə təmin edilməsinə və eyni zamanda müraciətlərin vahid sistem vasitəsilə baxılması, öyrənilməsi və daha qısa zamanda həllinə imkan yaradacaq".

ÖDƏNİŞ ZAMANI KOMMUNAL XİDMƏTİ SEÇMƏ İMKANI OLACAQ

İT mütəxəssisi Fərhad Mirəliyev deyir ki, ödənişlər qurumların bank hesablarına ediləcək: "Ödənişi vətəndaş hansı istiqamətdə ödəyirsə, həmin xidmətin bank hesabına oturacaq. Ödəniş zamanı kommunal xidməti seçmə imkanınız olacaq. Məsələn, işığa görə ödəniş edirsinizsə, bu, su pulunun balansına yazıla bilməz. Hər kommunal xidmətin öz hesabı olacaq. Bütün ödənişlər birgə olsa, qurumların balansı bir-birinə qarışar. Xidmətlər vahid portalda birləşdiriləcək və mərkəzləşdirilmiş şəkildə vətəndaşa təqdim ediləcək". 

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://525.az
archiveBu xəbər 26 May 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see287

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see268

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see267

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see260

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see254

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see241

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see236

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see233

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see232

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see229

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see227

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see223

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see217

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see214

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see213

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see210

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see206

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see196

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see191

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri