Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” Azərbaycan dövlətçiliyinin konseptual mərhələsi oldu

“Konstitusiya və Suverenlik İli” Azərbaycan dövlətçiliyinin konseptual mərhələsi oldu

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir dövlət idarəçiliyində siyasi qərarların effektivliyi təkcə normativ aktların mövcudluğu ilə deyil, onların cəmiyyət tərəfindən necə qavranılması, hansı ideoloji və dəyər çərçivəsində təqdim olunması ilə də müəyyən edilir. Bu baxımdan Prezidentin sərəncamı ilə ayrı-ayrı illərin konkret sahələrə və ya anlayışlara həsr edilməsi praktikası Azərbaycan Respublikasında artıq təsadüfi siyasi jestdən çox, institusional fəaliyyətin koordinasiyası və ictimai şüurun istiqamətləndirilməsi baxımından kompleks hüquqi-siyasi mexanizm kimi formalaşmışdır.

“Tematik illər” ənənəsinin hüquqi-siyasi mahiyyəti

Siyasi və ideoloji funksiyasına gəldikdə, bu model dövlətin prioritetlərini ictimai şüura kodlaşdırır, cəmiyyətdə vahid dəyər diskursu yaradır, siyasi legitimliyi tarixi və hüquqi arqumentlərlə möhkəmləndirir, eyni zamanda, dövlətin ideoloji kommunikasiya mexanizmi kimi çıxış edir. Məsələn, “Multikulturalizm ili”, “İslam Həmrəyliyi ili”, “Şuşa ili” və “Heydər Əliyev ili” kimi qərarlar hüquqi mətn olmaqla yanaşı, cəmiyyət üçün dəyər yönümlü mesajlar daşıyır. Beləliklə, hüquq və ideologiya arasında qarşılıqlı əlaqə yaranır və dövlət siyasəti normativ çərçivədən çıxaraq konseptual idarəetmə modelinə çevrilir.

Yola saldığımız “Konstitusiya və Suverenlik İli”nin elmi-siyasi mahiyyəti yalnız hüquqi nizamın bərpası ilə məhdudlaşmır. Bu il, eyni zamanda, Azərbaycanın xarici siyasət, iqtisadi inkişaf və beynəlxalq mövqelərinin keyfiyyətcə yeni mərhələyə keçdiyi tranzit dövrü kimi xarakterizə olunur. Dövlət suverenliyi burada real siyasi, iqtisadi və diplomatik fəaliyyətin nəticəsi kimi təzahür edir.

Konstitusiya və real dövlət suverenliyi

Azərbaycan Respublikasının 1995-ci il tarixli Konstitusiyası dövlətin suverenliyini və ərazi bütövlüyünü aydın şəkildə təsbit etsə də, uzun müddət bu normaların bütün ölkə ərazisində tam tətbiqi mümkün olmamışdır. Bu mərhələdə konstitusion suverenlik hüquqi ideal kimi mövcud idi. Beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü tanıyırdı, lakin faktiki idarəetmə reallığı bu tanınma ilə üst-üstə düşmürdü.

2020-ci ildə baş vermiş hərbi-siyasi hadisələr və onların nəticələri bu ziddiyyəti aradan qaldırdı. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında (Nyu-York, 24 sentyabr 2020-ci il) səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatı yalnız siyasi ritorika deyil, Konstitusiyada təsbit olunmuş ərazi bütövlüyü prinsipinin beynəlxalq hüquqi müstəvidə qəti və açıq ifadəsi idi. Bu çıxış konstitusion normanın faktiki siyasi fəaliyyətə çevrilməsinin başlanğıc nöqtəsi kimi çıxış etdi.

Beləliklə, Azərbaycan dövlətçiliyində normativ suverenlik mərhələsindən funksional suverenlik mərhələsinə keçid baş verdi. Dövlət hakimiyyəti öz yurisdiksiyasını bütün ölkə ərazisində real şəkildə bərpa etdi, konstitusion normalar faktiki idarəetmə alətinə çevrildi. Bu proses “Konstitusiya və Suverenlik İli” çərçivəsində hüquqi baxımdan yekunlaşdırıldı və suverenliyin artıq yalnız tanınan deyil, reallaşdırılan anlayış olduğunu təsdiqlədi.

Vaşinqton görüşləri: sülh, strateji tərəfdaşlıq və yeni siyasi legitimlik müstəvisi

Müasir beynəlxalq münasibətlər sistemində suverenlik yalnız daxili hüquqi aktlarla deyil, eyni zamanda, beynəlxalq tanınma, legitimlik və müqavilə öhdəlikləri ilə möhkəmləndirilir. Postmünaqişə mərhələsində Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti bu baxımdan konstitusion suverenliyin beynəlxalq müstəvidə təsdiqi kimi çıxış edir.

Ötən 2025-ci il xarici siyasət müstəvisində Azərbaycan balanslaşdırılmış və prinsipial xəttini qoruyaraq, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmişdir. ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı ilə paralel və qarşılıqlı maraqlara əsaslanan əlaqələr Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasət kursunun praktik təsdiqidir.

Prezident İlham Əliyevin ABŞ Prezidentinin dəvəti ilə Vaşinqtona işgüzar səfəri (7 avqust 2025) bir neçə paralel xətt üzrə dəyərləndirilə bilər: dövlətlərarası siyasi dialoq; enerji–iqtisadi əməkdaşlıq; regional təhlükəsizlik və normallaşma gündəliyi. Rəsmi məlumatda səfərin məhz ABŞ Prezidentinin dəvəti ilə baş tutması, səfərin dövlət protokolu baxımından yüksək səviyyəsini göstərir.

Dövlət başçısının Vaşinqtonda keçirdiyi yüksək səviyyəli görüşlər Azərbaycanın postmünaqişə dövründə beynəlxalq münasibətlərdə tutduğu mövqenin keyfiyyətcə dəyişdiyini nümayiş etdirməklə qalmamış, regional təhlükəsizlik, enerji və nəqliyyat layihələrində əsas aktor kimi qəbul edildiyini göstərmişdir. Bu görüşlər Azərbaycanın artıq regional problemlərin müzakirə obyekti deyil, regional və qlobal gündəliyin formalaşmasında iştirak edən və hətta bəzən “oyun qaydalarını” müəyyənləşdirən siyasi aktor olduğunu bir daha bəyan edir.

Ermənistanla sülhyaratma prosesində Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı “Sülh yalnız qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınması əsasında mümkündür” mövqeyi danışıqların hüquqi çərçivəsini aydın şəkildə müəyyən etmişdir. Belə bir yanaşma beynəlxalq hüququn əsas prinsipləri ilə – dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmama prinsipləri ilə tam uzlaşmaqla sülhü siyasi kompromis kimi deyil, konstitusion və beynəlxalq hüquqa əsaslanan normativ proses kimi təqdim edir. Bu, Azərbaycanın sülh təşəbbüslərinin taktiki deyil, strateji və normativ xarakter daşıdığını göstərir.

Vaşinqton görüşləri eyni zamanda, Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri və regional sabitlik məsələlərində etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləmişdir. Bu amil suverenliyin yalnız hüquqi deyil, geosiyasi və iqtisadi ölçülərə malik olduğunu sübut edir.

Əgər Vaşinqton diplomatik xəttinin bir cinahını sülh gündəliyinin institusional çərçivəsi təşkil edirdisə, ikincisini ABŞ–Azərbaycan strateji dialoqunun yeni formatının təşkil etdiyini söyləmək mümkündür. Həmin günlərdə Vaşinqtonda ABŞ–Azərbaycan strateji işçi qrupu mexanizmi formalaşdı. Birincisi, 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və ABŞ Prezidentinin iştirakı ilə görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması, sülh prosesinin “epizodik diplomatiya”dan çıxıb mətn, prosedur və beynəlxalq müşahidə müstəvisinə keçirilməsi kimi qəbul edilir. Bəyannamədə sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasına şahidlik, sonda imzalanma və ratifikasiya üçün əlavə addımların davam etdirilməsi, eləcə də regional kommunikasiya xəttinin açılması kimi müddəalar sülhün “niyyət” deyil, hüquqi nəticə doğuran proses kimi təqdim edildiyini göstərir.

İkincisi, həmin günlərdə Vaşinqtonda ABŞ–Azərbaycan strateji işçi qrupu mexanizmi formalaşdı. 29 avqust 2025-ci il tarixli mətnləşdirilmiş Anlaşma Memorandumu bu mexanizmin “nəyə xidmət etdiyini” açıq ifadə edir: Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün işçi qrupun yaradılması və əsas fokusun üç blokda cəmlənməsi – enerji-ticarət-tranzit və regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr, təhlükəsizlik əməkdaşlığı. Bu, “Konstitusiya və Suverenlik” konseptini beynəlxalq tərəfdaşlıq dilində belə tərcümə edir: suverenlik = bağlantı + enerji + təhlükəsizlik + texnoloji dayanıqlılıq.

Nəticə etibarilə, Vaşinqton xətti “Konstitusiya və Suverenlik İli”nin beynəlxalq ölçüsünü gücləndirdi.

Türk dünyası platforması və suverenliyin sivillik ölçüsü

Qloballaşma, regional inteqrasiya prosesləri və çoxtərəfli platformaların artan rolu dövlətləri suverenlik və əməkdaşlıq arasında tarazlıq axtarışına sövq edir. Bu baxımdan Azərbaycan Respublikasının Türk dünyası ilə əlaqələri çərçivəsində formalaşdırdığı siyasət suverenliyin sivilizasion ölçüsünü üzə çıxaran mühüm model kimi qiymətləndirilə bilər.

Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəallığı klassik siyasi və ya hərbi ittifaq məntiqinə əsaslanmır. Burada söhbət ortaq tarixi-mədəni yaddaş, dil birliyi və sivilizasion yaxınlıq əsasında qurulan əməkdaşlıq platformasından gedir. Bu əməkdaşlıq modelində suverenlik zəifləyən yox, əksinə, möhkəmlənən kateqoriya kimi çıxış edir.

Prezident İlham Əliyevin hələ 2024-cü ildə Türk Dövlətləri Təşkilatının zirvə görüşlərində səsləndirdiyi “Türk dünyasının gücü suveren dövlətlərin həmrəyliyindədir” fikri suverenlik anlayışının yalnız milli deyil, regional-sivilizasion dəyər kimi təqdim olunduğuna ismarışdır. Bu tezis göstərir ki, Azərbaycan üçün inteqrasiya milli suverenliyin alternativi deyil, onun genişlənmiş təsir mühitidir.

Klassik suverenlik modeli əsasən ərazi, sərhəd və siyasi hakimiyyət üzərində qurulursa, sivilizasion ölçü mədəni özünüdərk, tarixi davamlılıq və kollektiv identiklik elementlərini ön plana çıxarır. Azərbaycan bu iki ölçünü qarşı-qarşıya qoymur, əksinə, onları tamamlayan komponentlər kimi təqdim edir.

Bu yanaşma suverenliyin təcrid olunma deyil, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq üzərində qurulduğunu sübut edir. Azərbaycan bu platformada təşəbbüskar rol oynayaraq Türk dünyasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat və enerji layihələrinin koordinasiyası istiqamətində mühüm addımlar atmışdır.

Xüsusilə postmünaqişə dövründə Türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək sivilizasiya həmrəyliyin praktiki ifadəsi kimi çıxış etmişdir. Bu dəstək təkcə siyasi bəyanatlarla məhdudlaşmamış, beynəlxalq platformalarda Azərbaycanın mövqeyinin güclənməsinə real töhfə vermişdir.

Beləliklə, Azərbaycan modeli göstərir ki, postmünaqişə dövründə regional birliklər dövlət suverenliyini zəiflətmir, əksinə onu kollektiv legitimlik və strateji dərinliklə gücləndirir. Türk dünyası kontekstində bu, yalnız siyasi deyil, eyni zamanda, mədəni və tarixi bağlılıq əsasında formalaşan sivilizasion platformadır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində bu siyasət Azərbaycanın dövlətçilik modelinin regional deyil, sivilizasion miqyasda aktuallıq qazandığını göstərdi.

“Konstitusiya və Suverenlik İli”ndə Azərbaycanın beynəlxalq nüfuzu

“Konstitusiya və Suverenlik İli”nin məzmunu və siyasi-fəlsəfi mahiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin sistemli təhlili olmadan tam şəkildə açıla bilməz. Çünki 2025-ci il təkcə institusional proseslərin məcmusu deyil, mərkəzində Prezidentin siyasi iradəsinin, əzm və qətiyyətinin, müzəffər sərkərdə və lider şücaətinin dayandığı dövlətçilik mərhələsidir.

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik ili” çərçivəsindəki fəaliyyəti, ilk növbədə, konstitusion suverenliyin praktik təminatı ilə səciyyələnir. Dövlət başçısının rəhbərliyi ilə Konstitusiyanın bütün ölkə ərazisində real icrası, dövlət hakimiyyətinin vahidliyi və hüquqi nəzarət mexanizmlərinin işlək vəziyyətə gətirilməsi suverenliyin artıq hüquqi prinsip yox, faktiki dövlət vəziyyəti olduğunu göstərdi. Bu mərhələdə Prezident institusional sabitliklə strateji idarəetməni uzlaşdıran əsas siyasi fiqur kimi çıxış edir.

Xarici siyasət müstəvisində Prezident İlham Əliyevin fəaliyyəti, qeyd etdiyimiz kimi, Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil və prinsipial aktor kimi mövqeyini daha da möhkəmləndirmişdir. ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, İslam dünyası və Türk dövlətləri ilə paralel və balanslaşdırılmış siyasi dialoq Azərbaycanın suveren xarici siyasət modelinin yetkin mərhələyə daxil olduğunu göstərdi. Xüsusilə Ermənistanla sülhyaratma prosesində Prezidentin hüquqa əsaslanan mövqeyi Azərbaycanın regional liderlik iddiasını deyil, regional məsuliyyət daşıyan dövlət statusunu ön plana çıxarmışdır.

Region miqyasında Azərbaycan artıq yalnız geosiyasi obyekt deyil, regional siyasi və iqtisadi arxitekturanın formalaşmasında iştirak edən subyekt kimi çıxış etməyə başlamışdır. Cənubi Qafqazda təhlükəsizlik, nəqliyyat və enerji gündəliyinin təşəbbüskarı kimi Prezident İlham Əliyev Azərbaycanın mövqeyini uzunmüddətli sabitlik konsepsiyası üzərində qurmuşdur. Bu, suverenliyin yalnız müdafiə deyil, yaradıcı və konstruktiv siyasi kateqoriya olduğunu nümayiş etdirir.

MDB məkanında Azərbaycanın nüfuzu isə xüsusilə diqqətəlayiqdir. Postsovet dövlətləri arasında Azərbaycan nadir nümunədir ki, ərazi bütövlüyünü bərpa etdikdən sonra suverenliyini revizionist deyil, hüquqa əsaslanan model üzərindən möhkəmləndirmişdir. İlham Əliyevin liderliyi ilə Azərbaycan güc tətbiqindən sonra belə hüquqi çərçivəyə qayıdan və regionda sabitliyi təşviq edən dövlət kimi qəbul olunur.

Beynəlxalq miqyasda isə Azərbaycan Prezidentinin fəaliyyəti ölkəni enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və sülh diplomatiyası sahəsində etibarlı tərəfdaş statusuna yüksəltmişdir. Avropa enerji bazarındakı rolu, qlobal logistika marşrutlarındakı mövqeyi və çoxtərəfli diplomatik platformalarda tutduğu prinsipial xətt Azərbaycanın suverenliyinin beynəlxalq legitimliyini daha da möhkəmləndirmişdir.

Əldə edilmiş siyasi, hüquqi və beynəlxalq uğurların mühüm mənbələrindən biri də Azərbaycan cəmiyyətində formalaşmış xalq–dövlət–lider etimad üçbucağıdır. Dövlətçilik təcrübəsi göstərir ki, konstitusion suverenliyin real həyata keçməsi yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda, xalqın dövlətə və ali siyasi rəhbərliyə olan inamı ilə mümkün olur. Prezident İlham Əliyevin siyasi kursunun cəmiyyət tərəfindən qəbul edilməsi, onun qərarlarının milli iradənin ifadəsi kimi dərk olunması dövlət suverenliyinə daxili legitimlik qazandırmışdır. Bu legitimlik isə Azərbaycanın həm müharibə, həm də postmünaqişə mərhələsində vahid siyasi iradə ilə hərəkət etməsini təmin etmiş, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsində həlledici rol oynamışdır. Dövlət başçısının “Konstitusiya və Suverenlik ili”ndəki fəaliyyəti Azərbaycan dövlətçiliyinin siyasi iradə, hüquqi əsas və beynəlxalq legitimlik vəhdətində inkişafını nümayiş etdirmişdir.

Xalq–dövlət–lider etimad üçbucağı

“Konstitusiya və Suverenlik İli”nin siyasi-fəlsəfi mahiyyətini Prezident İlham Əliyevin fəaliyyəti və cəmiyyətdə formalaşmış xalq–dövlət–lider etimad münasibətləri kontekstindən kənarda təhlil etmək mümkün deyil. Bu mənada, 2025-ci ili təkcə hüquqi və institusional hadisələrin məcmusu deyil, liderlik, legitimlik və milli iradənin institusionallaşdığı mərhələ kimi səciyyələndirə bilərik.

Azərbaycan kontekstində bu, təbiri caizsə, həndəsi fiqurun özəlliyini araşdırmağa çalışaq. Keçdiyimiz müstəqillik yolunun təcrübəsi göstərir ki, Azərbaycan təcrübəsində xalq – suverenliyin mənbəyi; dövlət – suverenliyin institusional forması; Prezident İlham Əliyev – suveren iradənin siyasi daşıyıcısı kimi çıxış edir. Bu, siyasi-hüquqi təlimlər nəzəriyyəsindəki klassik “lider mərkəzli” modeldən fərqlənir. Belə ki, Azərbaycan nümunəsində lider xalqdan ayrı deyil, dövlət xalqdan uzaq mexanizm deyil və siyasi iradə etibar üzərində qurulub. Elə məhz buna görə də 44 günlük II Vətən savaşında, postmünaqişə mərhələsində, eləcə də sülh və bərpa proseslərində dövlət qərarları kütləvi ictimai müqavimətlə yox, kütləvi ictimai dəstəklə müşayiət olundu.

Xankəndi şəhərindəki çıxışında Prezidentin “verdiyi vədlərin icra edilməsi” xəttini bir “liderlik hesabatı” kimi səciyyələndirmək mümkündür. Bu, siyasi liderliyin legitimlik mexanizmini aydın göstərir: liderlik yalnız iradə deyil, nəticə ilə ölçülən ictimai müqavilədir.

Yenə də bəhsi gedən üçbucağın sosial-psixoloji laylarına nüfuz edərək söyləməliyik ki, onun əsas meyarı inam və etibardır. Belə ki, əgər suverenliyin hüquqi sütunu Konstitusiyadırsa, suverenliyin sosial sütunu etimaddır, xalqın dövlət institutlarına inanması, dövlətin isə xalqın iradəsini dövlət siyasətinə çevirməsidir.

Prezident İlham Əliyevin qeyd etdiyimiz çıxışında “burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır” ideyası, suverenliyin yalnız “institusional güc” deyil, həm də “xalq enerjisi və razılığı” ilə möhkəmləndiyini göstərir.

Xalq–dövlət–lider münasibətləri Azərbaycan nümunəsində iyerarxik deyil, qarşılıqlı etimad üzərində qurulmuş funksional sistem kimi çıxış edir. Xalq dövlətin strateji məqsədlərini öz milli maraqlarının ifadəsi kimi qəbul edir, dövlət isə bu iradəni institusional mexanizmlər vasitəsilə həyata keçirir. Prezident İlham Əliyev isə həmin prosesdə xalqın siyasi iradəsini konstitusion və beynəlxalq müstəvidə təmsil edən əsas siyasi subyekt rolunu oynayır. Məhz bu etimad modeli sayəsində Azərbaycan həm müharibə, həm də postmünaqişə mərhələsində vahid siyasi iradə, ictimai səfərbərlik və strateji davamlılıq nümayiş etdirmişdir.

Dövlət başçısının ötən il ərzindəki fəaliyyəti konstitusion suverenliyin praktik təminatçısı kimi səciyyələnir. Konstitusiyanın bütün ölkə ərazisində real icrası, dövlət hakimiyyətinin vahidliyi, inzibati və hüquq-mühafizə institutlarının tam fəaliyyəti suverenliyin artıq deklarativ deyil, faktiki dövlət vəziyyəti olduğunu təsdiqləyir. Prezident bu prosesdə normativ hüquqla strateji idarəetmə arasında əlaqə yaradan əsas siyasi mərkəz rolunu oynayır.

Beləliklə, xalq–dövlət–lider etimad üçbucağı Azərbaycan dövlətçiliyinin müasir mərhələsində konstitusion suverenliyin mənəvi-siyasi dayağı kimi çıxış edir və əldə edilmiş nəticələrin təsadüfi deyil, sistemli və davamlı xarakter daşıdığını elmi baxımdan əsaslandırır.

Ötən ilin yekunları göstərdi ki, “Konstitusiya və Suverenlik İli” ölkənin siyasi-hüquqi inkişafında təqvim xarakterli təşəbbüs deyil, dövlətçilik konsepsiyasının yeni mərhələsini ifadə edən ideya-kateqorial çərçivədir, Azərbaycan dövlətçiliyi isə formal suverenlik mərhələsindən çıxaraq funksional, institusional və legitim suverenlik mərhələsinə daxil olmuşdur.

Konseptual baxımdan bu mərhələ üç əsas ölçüdə təhlil oluna bilər.

Birinci ölçü konstitusion reallıqdır. Azərbaycan Konstitusiyası ilk dəfə olaraq bütün ölkə ərazisində tam və fasiləsiz şəkildə icra olunan ali hüquqi akt statusu qazanmışdır. Bu fakt Konstitusiyanın normativ mətn olmaqdan çıxaraq real idarəetmə sənədinə çevrildiyini göstərir. Beləliklə, hüquqi dövlət prinsipi abstrakt ideya deyil, faktiki reallıq kimi təzahür edir.

İkinci ölçü siyasi suverenliyin institusionallaşmasıdır. Dövlət hakimiyyətinin bölünməzliyi, mərkəzləşdirilmiş idarəetmə, hüquq-mühafizə və inzibati institutların bütün ərazi üzrə fəaliyyəti suverenliyin yalnız elan edilmiş deyil, praktiki şəkildə təmin olunduğunu sübut edir. Prezidentin siyasi iradəsi bu prosesdə normativ hüquqla strateji idarəetmə arasında əlaqə yaradan əsas mexanizm kimi çıxış edir.

Üçüncü ölçü isə beynəlxalq və sivilizasion legitimlikdir. Azərbaycan “Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq münasibətlərdə subyekt statusunu daha da möhkəmləndirmiş, sülh quruculuğu, enerji təhlükəsizliyi və regional əməkdaşlıq sahələrində təşəbbüskar mövqe tutmuşdur.

Bu üç ölçünün vəhdəti Azərbaycan dövlətçiliyinin yeni konseptual modelini formalaşdırır. Bu modeli “postmünaqişə konstitusion suverenlik modeli” kimi xarakterizə etmək mümkündür. Sözügedən modelin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada: suverenlik hüquqi norma statusu almış, Konstitusiya siyasi reallıq kəsb etmiş, dövlətçilik isə institusional praktikaya çevrilmişdir.

2025-ci ildə Prezident İlham Əliyevin dövlətçilk fəaliyyəti aşağıdakı ideoloji-fəlsəfi xüsusiyyətlərlə xarakterizə oluna bilər: dövlətin tarixi subyekt kimi dərk edilməsi; zaman fəlsəfəsinə əsaslanan strateji səbir; qələbənin hüquqi və normativ legitimliyə çevrilməsi; inkişaf dövləti və məsuliyyətli kapitalizm ideologiyası; xarici siyasətdə suveren rasionalizm və nəhayət, siyasi millətə əsaslanan milli ideya.

Bu kontekstdə İlham Əliyevin liderliyi situativ siyasət yox, dövlətçilik fəlsəfəsinin praktiki reallaşması kimi qiymətləndirilə bilər.

Nəticə etibarilə, “Konstitusiya və Suverenlik İli” Azərbaycan tarixində yalnız bir mərhələ deyil, Prezident İlham Əliyevin liderliyi ilə formalaşmış yeni dövlətçilik paradiqmasının yekun ifadəsi kimi çıxış edir. Bu paradiqma Azərbaycanı regionda lider, MDB məkanında etibarlı tərəfdaş və beynəlxalq aləmdə suveren, məsuliyyətli və nüfuzlu dövlət kimi möhkəmləndirmişdir.

Xalid NİYAZOV,
Əməkdar jurnalist,
siyasi elmlər doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri