Icma.az
close
up
RU
“Kontakt Home”dan kütləvi narazılıq: yüksək faizlər, xarab məhsullar, müəmmalı "xidmət haqqı"...

“Kontakt Home”dan kütləvi narazılıq: yüksək faizlər, xarab məhsullar, müəmmalı "xidmət haqqı"...

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Son vaxtlar “Kontakt Home” mağazalar şəbəkəsindən şikayət və narazılıqlar artıb. Buradan məhsul alan bir çox vətəndaşlar yüksək faizlərdən, ödəniş sisteminin qeyri-şəffaf olmasından, hansısa "əlavə xidmət haqları"ndan və s. şikayətlənirlər. Onların sözlərinə görə, kreditlə məhsul alan zaman ödənişlərin gecikməsi halında onlardan olduqca yüksək məbləğdə faizlər tutulur. Hətta bu rəqəmlər bəzən sələmi xatırladır.

Belə şikayətçilərdən biri də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Xaqani küçəsi, ev 14 ünvanında yaşayan Səmədova Nərgiz Namiq qızıdır.

Bakupost.az -ın məlumatına görə, şikayətçi bu il martın 29-da mağazadan №1000912869 saylı müqavilə əsasında “Huawei Matebook D16 Space Gray” noutbuk, bir ədəd maus və iki ədəd qulaqlıq alıb. Lakin noutbukun istifadəsi zamanı qızma və yazı yazarkən donma halları müşahidə edildiyindən, cəmi 5 gün sonra noutbuk və mausu mağazaya qaytarıb.


N.Səmədova deyir ki, məhsulu qaytarmaq istədikdə ona "xidmət haqqı" olaraq 380 manat məbləğində borcunun qaldığı bildirilib:

“Filialın müvafiq əməkdaşlarından bu məbləğin hansı xidmətlə bağlı olduğunu soruşdum. Əvəzində "Kontakt Home"un Nərimanov filialının müvafiq əməkdaşları bildirdilər ki, “biz noutbuka müvafiq proqramlar yükləmişik və onlar ödənişlidir, mal qaytarılsa da, o proqramların pulunu ödəməlisiz. Noutbuk və mausu mağazaya qaytarmışam. Amma "Kontakt Home" mağazasının müvafiq sistemində mənim adıma 380 AZN borc qalmaqda davam edir".

N.Səmədova onu da bildirib ki, məhsulu alarkən ona bu proqramların ödənişli olduğu barədə əvvəlcədən heç bir məlumat verilməyib. Müqavilədə də bu barədə heç bir qeyd yoxdur:

“Mənə müxtəlif proqramların yüklənməsi, ödənişli olması və noutbukun qüsurlu olması halında 14 gün müddətində qaytarılması zamanı bu məbləği ödəməli olduğuma dair hər hansı məlumat verilməyib və hansısa sənəd təqdim olunmayıb. Hətta şifahi xəbərdarlıq da edilməyib. Eyni zamanda bu lazımsız proqramların noutbuka yüklənməsindən də xəbərim olmayıb. Belə ki, ümumi ad altında mənə məlum olmayan, lazımsız və əhəmiyyətsiz proqramları noutbuka yükləyərək, onların pulunu məndən tələb edirlər. “Kontakt Home” məhsulun sifarişi zamanı qeyd edilən proqramları alıcıya məlumat vermədən yükləyir, səhv və yanlış məlumat verərək, vətəndaşların etibarından sui-istifadə edir”.

Şikayətçi iki ədəd qulaqlığın pulunu faizlə birlikdə tam şəkildə ödəyib, qalan məhsullar isə qaytarılıb. Buna baxmayaraq, sistemdə onun adına 380 manat borc yazılıb:

“Məhsul keyfiyyətsiz olduğu və qaytarıldığı üçün müqaviləyə xitam verilməli və adıma hər hansı bir borc qalmalı deyil. Ancaq “Kontakt Home”un Nərimanov filialı "xidmət haqqı" adı altında üzərimə əsassız və qanunsuz olaraq əlavə xərclər qoymağa çalışır".

N.Səmədova əlavə edib ki, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsə də, hələlik heç bir nəticə əldə olunmayıb.

“Kontakt Home”dan şikayətlər bununla bitmir. Daha bir şikayətçi Natiq Muradovun sözlərinə görə, mağazadan aldığı 240 manatlıq məhsul üçün 20 gün gecikməyə görə ona 100 manatdan artıq faiz hesablanıb:

““Kontakt Home”dan bir məhsul alırsan, 2-3 gün gecikdirsən, sələmdən artıq faiz gəlir. İnsaf yoxdur, qan içirlər. 240 manat ödənişə, 20 günə 100 neçə manat faiz gəldi. Günə 4,80 manat faiz yazarlar? Heç kimə məsləhət görmürəm ki, bu mağazadan məhsul alsın. Ödəyirəm, haram xoşları olsun. Heç xeyir işlərinə xərcləməsinlər”, - deyə o, sosial şəbəkədə bildirib.

N.Muradovun sözlərinə görə, "Kontakt Home"un faiz dərəcəsi dövlətin müəyyən etdiyi maksimum həddən 10 dəfə yüksəkdir:

“Müştərinin gecikdirməsi və şirkətin faiz yazması başa düşüləndir, lakin bu qədər yüksək məbləğdə faiz qanunvericiliyə ziddir”.

Digər vətəndaşlar da mağazadan aldıqları məhsullarla bağlı oxşar problemlərlə üzləşdiklərini bildiriblər. Bir müştəri 290 manata aldığı telefon üçün ümumilikdə 920 manat ödədiyini, başqa bir vətəndaş isə 340 manatlıq telefonun ona 700 manata başa gəldiyini qeyd edib. Hətta bir müştəri sadəcə e-mail ünvanını qeydiyyatdan keçirmək üçün ondan 49 manat “xidmət haqqı” tutulduğunu iddia edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Bakupost.az -a açıqlamasında “Kontakt Home”un müştəri hüquqlarını pozan şirkətlər arasında 1-ci yeri tutduğunu bildirib:

“Sanki texniki cihazlar satan firmalar, başda “Kontakt Home” olmaqla, istehlakçıları aldatmaq üçün yarışa giriblər. “Kontakt Home” trenddə, birinci yerdədir. Ondan sonra “Baku Electronics”, “Optima” və s. gəlir. Neçə ildir ki, “Kontakt Home” birinciliyi əldən vermir. Buradan gələn şikayətlərin palitrası çox əcaib və müxtəlifdir. Hər gün 2-3 şikayət qəbul edirəm. Məsələn, “Kontakt Home” elan verir ki, kim “Şeş-qoşa” oynasa və udsa, ona təmənnasız bal verəcəyik. (Bu, iki il əvvəl verilmiş ərizədir) Vətəndaş oynayır, uduzur, gedib bir fen alır. Fen xarab çıxır. Qaytarmaq və ya dəyişmək istəyir, amma deyirlər, “yox, sən “Şeş-qoşa” oynamısan”.

İkinci nümunə, vətəndaş soyuducu alıb. Soyuducu səs edir. Qaytarır, akt alır ki, məhsulu qaytarmışam. Amma bir aydan sonra məhkəmə qərarı gəlir ki, sən borclusan. Vətəndaş nə qədər çalışsa da, məhkəmə qərarından yaxasını qurtara bilmir. “Kontakt Home” isə tələb edir, halbuki mal qaytarılıb".

Eyyub Hüseynovun sözlərinə görə, “Kontakt Home” tərəfindən “Qızıl Zəmanət” kimi təqdim edilən əlavə xidmətlərin hüquqi əsası yoxdur:

""Qızıl zəmanət” deyilən bir anlayışı da “Kontakt Home” icad edib. 300-400 manata bu “zəmanət”i satırlar, guya qızıl zəmanət verirlər. Halbuki bu, qanunsuz, heç bir əsası olmayan zəmanətdir".

E.Hüseynov bildirib ki, uzun illərdir şirkətin rəhbərliyi ilə görüşmək istəsə də, bu, mümkün olmayıb:

"Bu illər ərzində mən “Kontakt Home”un rəhbərliyi ilə görüşə bilməmişəm. Bir dəfə də mümkün olmayıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyinə də demişəm ki, bunları bir yerə toplayın, mənə 3 dəqiqəlik vaxt verin ki, deyim, bunlar nə iş görürlər. Dövlət orqanı bunu etmir. 28 il ərzində cəmi bir dəfə Fərhad Əliyev nazir olanda biznes qurumlarının yığıncağında mənim çıxışıma imkan yaradılıb. İstehlakçı hüquqlarını qorumaq təəssüf ki, hökumət üçün öncül məsələ deyil. Bu ilin yanvarında cənab Prezidentin fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında Dövlət Agentliyinə çevrildi. Lakin oradakı köhnə komandadan yenə də heç nə gözləmirik. Çünki yanvardan bəri göndərilən şikayətlərə demək olar ki, heç bir reaksiya yoxdur. Bu, anormal haldır. "Kontakt Home"un öhdəsindən gəlmək lazımdır. Bu şirkət bütün vasitələrlə insanları soyur. Xarab malları, yararsız məhsulları insanlara sırıyır və bunu “kredit məsələləri” ilə edirlər. Ona görə də isteklahçılara deyirəm ki, əgər malı qaytara və ya dəyişə bilsəniz, mütləq kredit müqaviləsinin də ləğvinə nail olun. Şirin dilə aldanmayın. Onlar aqressiv reklam kampaniyaları aparırlar, istehlakçıları cəlb edirlər və “pulunu ver mənə, itil cəhənnəmə” prinsipi ilə işləyirlər. Hökumət buna son qoymalıdır. “Kontakt Home”la ciddi məşğul olunmalıdır".

Şikayətlərlə bağlı “Kontakt Home” mağazalar şəbəkəsinə sorğu ünvanladıq. Mağazadan Bakupost.az-a bildirildi ki, müştəri hüquqlarının qorunması və mövcud qanunvericilikdən yayınmamağa xüsusi diqqət yetirilir:

“Öncəliklə bildirmək istəyirik ki, müəyyən məhsullar (məsələn, noutbuk) üçün əlavə proqram təminatı bütün rəsmi riteyl şəbəkələrində ödənişli xidmətdir. Müştərimiz Nərgiz Səmədovaya məhsul alışı zamanı əməkdaşlarımız tərəfindən bu məqam bildirilib və razılığı əldə edilib. Eyni zamanda, sözügedən məqam müqavilədə də öz əksini tapıb. Müştərilərimizin məlumatlarının konfidensiallığının qorunması səbəbindən müqavilə və şifahi razılıq səslərini ictimaiyyətə təqdim etmək imkanımız məhduddur.

Təəssüf hissi ilə bildirmək istərdik ki, müştərimizin bildirdiyi iddialar əsassızdır. Müştərimiz ilə proqram təminatının ödənişli əsaslarla olması həm yazılı, həm də şifahi olaraq razılaşdırılıb.

Müştərimiz Muradov Natiq kredit şərtlərimizdən yararlanaraq məhsul alıb. Məhsul alışı zamanı müştəriyə aylıq ödəniləcək məbləğ, gecikmə halları barədə ətraflı məlumat verilib. Əlavə olaraq, müştəriyə təqdim edilən müqavilənin 2.6-cı bəndində şərtlərin pozulması halında cərimənin hansı qaydada tətbiq olunacağı göstərilib. Gecikmə faizi isə mövcud qanunvericiliyin ümumi tələblərini nəzərə alaraq daxili qaydalar əsasında hesablanır. Bu halda da, müştəri son aprel ayı üzrə ödənişini natamam həyata keçirdiyi üçün aylıq məbləğin üzərinə əlavə məbləğ hesablanmağa davam edib".

Lalə Novruz,

BakuPost

Redaksiyadan: Göründüyü kimi, müştəri N.Səmədova noutbuk alarkən, ona proqramların yüklənməsi üçün xidmət haqqı ödəməli olduğu haqda nə yazılı, nə də şifahi heç bir məlumat verilmədiyini bildirir, şirkət isə əksini iddia edir. İkincisi, noutbuka ofis proqramlarının yüklənməsi doğrudanmı 380 manata başa gəlir? Maraqlıdır, proqram təminatı ilə məşğul olan kompüter şirkətləri də proqramları yükləməyə görə məhsulun 30-50 faizi qədər pul tələb edirlərmi? Üçüncüsü, "Kontakt Homu"un açıqlamasındakı "Gecikmə faizi mövcud qanunvericiliyin ümumi tələblərini nəzərə alaraq daxili qaydalar əsasında hesablanır" fikri də kifayət qədər qaranlıq və mübahisəlidir? Bu daxili qaydalar nələrdən ibarətdir? Müştərilərə əvvəlcədən bu qaydalar izah olunurmu? Yoxsa bu da bir fırıldaqçılıq fəndidir? Araşdırmalarımız davam edir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 May 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri