Icma.az
close
up
RU
Menu

İstanbulla bağlı DƏHŞƏTLİ PROQNOZ Elə güclü ZƏLZƏLƏ olacaq ki...

Əqrəb mövsümü bu hadisənin əsasında çəkilibmiş FOTO

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

Voloçkova qızının toyunda Puqaçovanın mahnısını ifa edəcək

HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb

Bakıda nəqliyyat sıxlığının azaldılması üçün tədbirlər görüləcək

Azərbaycanda Qadın XƏYANƏTİ + VİDEO

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

“El Klasiko”dan qalib ayrılan “Barselona” kuboka sahib çıxdı

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

İqlimin tənzimlənməsinin başlıca mexanizmlərindən biri sıradan çıxıb TƏHLÜKƏ

Mask gələcəklə bağlı proqnoz verdi

“Bavariya” bir addım da çempionluğa yaxınlaşıb

Hələ də güzgüyə baxmıram Fotolar

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

“Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir” Famil Fərhadoğlu KONKRET

KÖRPÜLƏR SALMAQÇÜN GƏLƏN Rafael Hüseynov yazır

KÖRPÜLƏR SALMAQÇÜN GƏLƏN Rafael Hüseynov yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rafael HÜSEYNOV
Akademik

Şahid varsa, iz itməz. Adam nədir, hətta Ay da, su da, ağac da dəmi gələndə elə adam kimi şahidlik edə, sirlər üstündən pərdəni çəkə bilir. Bu şeir və həmin misraların yazıldığı bir parça kağızı illərcə qoruyub saxlamış etibarlı dostu olmasaydı, Mehdi Hüseynzadənin 1943-cü ilin noyabrında Azərbaycan Milli Legionunda ikən günlərin birində niyə Avstriyanın Prats şəhərinə gedib çıxmasının səbəbi bizə məchul qalacaqdı.

O, Yuqoslaviyadakı partizan batalyonunun həkimi olmuşdu. Ancaq Mehdi ilə qəbr evinəcən davam edəcək dostluqları hər ikisinin daxil olduğu həmin batalyondan xeyli əvvəl - əsirlikdə, həbs düşərgəsində başlamış, Azərbaycan Legionundakı vaxtlarında dərinləşmiş, batalyon dönəmində isə lap sarsılmaz olmuşdu.

Ömrüm kam almadan çatmada başa,

Könlümün şüşəsi dəyibdir daşa.

Bir namə yazmadım yara, yoldaşa,

Xəzan yarpağı tək solğunam, a dost!

Bu misralarda 1943-cü ilin 18 noyabrıdır. Faşist əsir düşərgəsində Mehdi dermatit xəstəliyinə tutulubmuş, başqalarını da yoluxdurmasın deyə onu əvvəlcə konslagerdəki tibb məntəqəsində yerləşdirmiş, daha sonra isə müalicənin bu şəraitdə mümkünsüzlüyü ilə əlaqədar Avstriyanın Prats şəhərindəki hospitala köçürübmüşlər. Xəstəliyə təslim olmaq ürəyi atəşli gənc üçün çox ağırmış və yataqda qələmə aldığı bu şeirdəki küskünlük, pərişanlıq da o səbəbdəndi.

Mikayıl Qulubəyov odlardan salamat qurtarıb qayıdanlardan oldu. Ancaq nə qədər ki yaşayırdı, o keçmişləri nə özü unutdu, nə imkan verdilər yaddan çıxarsın. Keçmiş silahdaşlarının qohumları onu arayaraq xatirələrini dinləmək istəyirdilər, sovet dövründə ali və orta məktəblərdə, idarə və müəssisələrdə mütəmadi təşkil edilən və 1941-1945 müharibəsinə həsr olunan tədbirlərə o, daimi dəvətlilərdəndi, əlbəttə ki, ara-sıra səsə salmadan hansısa keçmiş hərbi əsir barədə dəqiqləşdirmələr aparmaq, ifadələr verməkçün Dövlət Təhlükəsizlik Komitəsinə də çağırılırdı.

Belə çağırılmalardan birindəki söhbət lap uzun çəkmişdi. Onu 3 gün dalbadal danışdırmışdılar. 1956-cı il aprel ayının 18-i, 19-u, 20-də Mikayıl Qulubəyovla (Mikayıl Rəhim bəy oğlu Qulubəyov (1915-1983) müharibəyə yola düşəndə Gəncədəki Kənd Təsərrüfatı İnstitutunda (indi Azərbaycan Dövlət Aqrar Universiteti) Üzvi kimya kafedrasında çalışırdı. O da cəbhəyə 1942-ci ilin əvvəllərində hərbi məktəbi keçəndən sonra göndərilmiş, elə Mehdi kimi, Stalinqrad uğrunda döyüşlərdə əsir düşmüş, sonrakı yolu da eynən Mehdininki kimi olmuşdu. "Doktor Mişa" Yuqoslaviyanın iki "İgidliyə görə" ordeni və "Qəhrəmanlıq" medalı ilə təltif edilmişdi. Hərbi əsirlikdə, legionda və partizanlar arasında olanda həkimlik etmiş Mikayıl Qulubəyov İkinci Dünya müharibəsi başa çatandan, sovet əsgərləri Sloveniya ərazisini tərk edəndən sonra da bir neçə ay oralarda qalaraq yaralı partizanların müalicəsi ilə məşğul olmuşdu. Kimya elmləri doktoru, professor idi. Ömrünün sonunadək S.Ağamalıoğlu adına institutda kafedra müdiri vəzifəsində çalışmışdı) dindirməni Azərbaycan DTK-sının 2-ci şöbəsinin 2-ci bölməsinin baş əməliyyat müvəkkili kapitan Balasanov aparmışdı.

Dövlət Təhlükəsizlik Komitəsinin zəhminin ağır olduğu çağlardı, buradakı dindirmələr həmişə çox da xoş olmayan, narahat bir gedişatdı, amma Qulubəyov həmin 3 gündə məmnuniyyətlə yada salır, danışır, yazır, izah edirdi. Çünki bu ifadəvermə həmin idarənin tarixindəki o seyrək dindirmələrdəndi ki, kiminsə evini yıxmaqçün yox, əziz bir insanın artıq yıxılmış evini dikəltməkçün aparılırdı.

Adı "vətən xainləri" sırasında olan Mehdi Hüseynzadəyə bəraət məsələsini həll etməkçün dövlətə Mehdinin qəhrəmanlıqlarına şahidlik edə bilən hər müsbət münasibətə ehtiyac vardı. Özü də keçmiş əsir və legionçu olduğundan, təbii ki, Mikayıl Qulubəyovun da adı DTK-nın "qara siyahı"larında vardı.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə DTK arasında bir rəqabət həmişə olmuşdu, onun bundan, bunun ondan gizli sirləri çoxdu və bunun məxfi iş aparan agentləri və əməkdaşları, onun eyni vəzifəni yerinə yetirən adamları kimi, əslində dövlətin ümumi marağına xidmət etsələr də, az olmamışdı ki, bunlar onları, ya əksinə, onlar bunları düşmən sayaraq ağır cəzalara məruz qoymaq istəmişdi, çox belə hallara da rast düşülmüşdü ki, xüsusi icazə olmadan son anadək həqiqətdə kim olduqlarını bunlar onlara, onlar bunlara açmamışdılar.

Mehdi Hüseynzadə ilə bağlı müşahidə və təhlillərin anlatdığı ən vacib qənaətlərdən biri, ya elə məhz əvvəlincisi ondan ibarətdir ki, onun əsir düşməsi də, Azərbaycan Legionuna yerləşdirilməsi də öncədən məqsədli şəkildə edilmişdi. Niyyət ondan ibarət idi ki, həm legionda ayrı-ayrı üzvlər arasında təbliğat-təşviqat işlərini aparsın, eyni zamanda, ayrı-ayrı legionçuların oradan qaçışı ilə bağlı müəyyən tədbirlər hazırlayıb həyata keçirsin. Mehdi legionda o vaxta qədər qalır ki, onunla bağlı alman rəhbərliyində hər hansı şübhələr olmur. Lakin ona qarşı müəyyən şübhələr yarandığını və ifşa olunmaq təhlükəsinin yaxınlaşdığını hiss edəndə Mehdi, yəqin ki, əlaqə saxladığı, onu bura yönəltmiş mərkəzlə razılaşmadan sonra legiondan qaçır, İtaliya partizanlarına qoşulur və fəaliyyətini, antifaşist işlərini artıq partizanlar sırasında davam etdirməyə başlayır.

Bu mülahizələrin əsas təsdiqlərindən birini Mehdi ilə həm legionda, həm sonra partizanlar arasında birgə olmuş, onu yaxın məsafədən müşahidə etmiş Qulubəyov Mikayıl Rəhim oğlu 1956-cı il aprel ayının 18-də Azərbaycan DTK-da Azərbaycan Legionundakı özünün və Mehdinin fəaliyyəti ilə bağlı aparılmış dindirmədə bildirir. Qulubəyov deyir ki, "Legion 1943-cü ilin mayında Ştransda yaradılmışdı. Buna qədər gələcəkdə legiona daxil olacaq adamlar hərbi əsirlərə aid müxtəlif düşərgələrdə yerləşmişdilər. Onlar həm Ştrans şəhərində vardılar, həm də digər yerlərdə idilər. Legion yarananda biz Mehdi ilə həmin legionun qərargahına daxil olduq. Həmin qərargahda bizdən başqa azərbaycanlılardan tərcüməçi işləyən Cavad Həkimli, Azərbaycan yazıçısı işləmiş Əli Nazimin (Mahmudzadə Ələkbər Mahmud oğlu (1906-1941) - R.H.) qardaşı, müharibədən əvvəl Sabirabad rayonunda işləmiş və familiyasını xatırlamadığım Ələsgər, qərargah rotamızda əslən Kirovabaddan (indiki Gəncə - R.H.) olan baytar həkimi İsfəndiyar Səmədov da var idi ki, legiondan sonra görüşmədiyimdən hazırda sağ olub-olmamasından xəbərsizəm. Mehdi legionda əsasən tərcüməçiliklə məşğul olur, həmçinin bir sıra hallarda alman komandanlığının tapşırığı ilə legionçular qarşısında səsucaldanla beynəlxalq mövzuda müxtəlif məruzələrlə çıxış edir, yaxud alman filmlərini Azərbaycan dilinə tərcümə edirdi. Çünki o filmlərin məzmununu legionçuların çoxu başa düşmürdü. Onlardan əlavə, Mehdi Azərbaycan dilində şeirlər yazırdı. Şeirlərində Mehdi incə bir şəkildə və açıq tərzdə alman faşistlərinin əsl sifətini açıb göstərirdi, misralarında kədərlənir, Vətəndən ötrü həsrətini ifadə edir, Azərbaycan legionçularını faşistlərə qarşı mübarizəyə səsləyirdi. O, "Qürbətzadə" təxəllüsü ilə yazırdı. Mehdinin şeirləri bizim azərbaycanlıların hisslərinə çox təsir edirdi, legionçuları faşistlərə qarşı mübarizəyə ruhlandırırdı. Mehdinin bir sıra şeirləri indi də mənim yadımdadır. Öz şeirlərində Mehdi Vətəninə qarşı heç bir ifadələrə yer vermirdi, əksinə, onun şeirlərinin hamısı yüksək vətənpərvərlik duyğuları ilə dolu idi. Deməliyəm ki, Mehdi Hüseynzadə mən və bir çox legionçular kimi, Ştrans şəhərində olduğu müddətdə alman komandanlığına hərbi and içmişdi və hamımız alman ordusunun mundirini geyinmişdik. Eyni zamanda, silahlandırılaraq İtaliyaya göndərilmişdik ki, oradakı partizan hərəkatının yatırılmasında iştirak edək. Mehdi legionda olduğu müddətdə alman komandanlığı tərəfindən heç bir mükafat almamışdır. Mehdi legionda 1943-cü ilin mayından 1944-cü ilin yanvarına qədər olmuşdur".

Qulubəyovun cavabında o sətirlərin altından xətti, yəqin ki, dindirmənin materiallarını oxuyan daha yuxarı vəzifəli DTK məmuru çəkib. Güman ki, Mehdinin bəraəti, onun qəhrəman kimi təqdimi üçün əsaslar toplandığı gedişatda onun şeirlərində SSRİ əleyhinə hansısa məqamların əksini tapmaması, o şeirlərin legionçular arasında əzbər bilinməsi, yaxud Mehdinin alman komandanlığı tərəfindən heç bir mükafata layiq görülməməsi kimi məqamlara diqqət yönəldilməsi ən əvvəl elə istintaqı aparanın ötürməsi ilə baş verib.

İndi artıq Mehdinin məxfi fəaliyyətlərini başqa gözlə seyr etmək istərkən Reyxin arxivlərini daha dərindən araşdırmaq lüzumu var. İstisna deyil ki, rəğbət qazanmaq, almanlara özünü daha bel bağlanası legionçu kimi göstərməkçün Mehdinin onların müəyyən tapşırıqlarını səylə yerinə yetirdiyi, mükafatlandırıldığı da olubmuş. Çünki belə davranış və rəftar faşistlərin yanında daha artıq rəğbət və inam qazandırar, sabah mərkəzin düşündüyü vacib əməliyyatları yerinə yetirmək üçün daha artıq fürsət yaradardı.

Qulubəyov belə davam edir: "1943-cü ilin sentyabrında İtaliya təslim olduqdan sonra Badalyonun (Pyetro Badalyo (1871-1956) - 1926-cı ildən italyan marşalı, Mussolini devriləndən sonra hakimiyyəti üzərinə götürərək 1943-44-cü illərdə İtaliyanın Baş naziri olmuş, hökumətə bütün antifaşist partiyaları, o cümlədən lideri Palmiro Tolyatti olan İtaliya Kommunist Partiyasını da daxil etmişdi - R.H.) qoşunları müttəfiqlərin tərəfinə keçdi. Alman komandanlığı bu hadisədən narahat olaraq hərəkatın qarşısının alınması məqsədilə İtaliyanın ərazisinə daxil olmağı qət etdi, almanların italyan patriotlarına qarşı müharibəsi başlandı. Bu zaman - 1943-cü ilin ortalarında Azərbaycan Legionu alman komandanlığının əmri ilə hərəkətə gələrək İtaliyaya istiqamət götürdü. Biz Mehdi ilə əvvəlcə Şimali İtaliyadakı Udina şəhərinə getdik. Legionun bir hissəsi isə İtaliyanın dəniz qıraqlarında - Adriatik sahillərində dislokasiya olundu. Legionun qərargahı Triyest şəhərində Villa Obçinada yerləşirdi. Almanlar yetişincə ciddi şəkildə italyan partizanlara qarşı hücuma hazırlaşmağa başladılar. Bu zaman Mehdi, Cavad Həkimli və mən İtaliyadakı vəziyyətlə yaxından tanış olduq, italyan partizanları ilə əlaqə yaratdıq və gizli şəkildə onlarla əməkdaşlığa başladıq". Nadir şahidin ifadəsindən iri-iri parçaları ruscadan çevirərək yazı boyu gen-bol istifadə etməyin iki başlıca səbəbi var. Əvvələn, bunlar indiyədək mübhəm qalan çox suallara aydın cavablara doğru aparan etibarlı qaynaq sayılmalıdır. İkincisi də, 70 ildən artıq müddətdə kimsəyə görünmədən qapalı arxivdə qalmış bu söylənənlər, nəhayət ki, gərək xalqa bəlli ola. Buradaca vurğulamaq yerinə düşər ki, faşistlər yerli partizanlara qarşı mübarizə üçün İtaliyaya yenicə gətirdikləri legionçulara arxayın inana bilməzdilər, onlara, heç şübhəsiz, ciddi nəzarət də edirlərmiş və legionçuların italyan patriotları ilə gizli əlaqəyə girə bilmələri asan məsələ deyilmiş. Görünür, müəyyən əlaqə kanalları varmış ki, o vasitəylə Mehdiyə və sovet kəşfiyyatı ilə bağlantısı olan digər legionçulara partizanlarla necə tapışmağın yolları göstərilirmiş. Əks təqdirdə qısa bir zamanda italyan partizanları ilə bu sayaq əlaqə yaratmaq qəti mümkün olmazdı. Qulubəyovun cavabı davam edirdi: "Biz imkan daxilində italyan partizanlarına hərbi sursat sarıdan yardımımızı göstərirdik. Batalyonlarımızda inanılmış adamlarımız vardı ki, onlarla daimi işləyirdik. Villa Obçinada Mehdi və mən ordinar - yəni alman zabitlərinin məişət xidmətçisi vəzifəsini yerinə yetirirdik. Legionun İtaliyaya gəlməsindən bir ay sonra əvvəlcə tək-tək, sonra isə ayrı-ayrı qruplar şəklində partizanlara qoşulmaq üçün qaçışlar başlandı. Triyest yaxınlığındakı Kontovello kəndindən yalnız bir gecədə bütöv bir rota legionerin qaçdığını görən alman komandanlığı onları atəşə tutmaq əmri verdi və nəticədə soyadını unutduğum rota komandiri də daxil olmaqla legionerlərin bir neçəsi öldürüldü. Təxminən 30 nəfərə isə partizanlara qoşulmaq müyəssər oldu. Onlardan birini mən xatırlayıram. Bu Babayev familiyalı şəxs Astraxanbazar (1967-ci ildən etibarən Cəlilabad - R.H.) sakini idi, onun qardaşı kolxoz sədri idi. Milliyyətcə talışdı".

Həmin səhifənin haşiyəsində, görünür, daha üst qatdakı rəisin (bu, xəttin başqalığından da hiss olunur) həmin şəxsi tapıb dundirmək göstərişi var.

Qulubəyov ayrıntılara keçir: "Bu qaçışlar bir neçə dəfə təkrar olunduqdan sonra almanlar belə kütləvi qaçış hallarının səbəblərini müəyyənləşdirmək üçün təhqiqata başladı. Artıq Mehdi və Cavad Həkimli orada qala bilməzdilər və qərara aldılar ki, onlar da partizanlara qoşulsun".

Qulubəyovun söylədiyi bu məqam bir daha anladır ki, Mehdi Hüseynzadənin və Cavad Həkimlinin aldıqları əsas tapırıqlardan biri məhz legionçular arasında qaçışa hazırlıq işini aparmaq, onların qaçışını təşkil etməkmiş. Onlara qarşı şübhələrin oyanmağa başladığı, ifşa olunmaq qorxusunun yarandığı, legionda qalaraq almanlarla əməkdaşlıq şəraitində işi davam etdirməyin təhlükəliliyi qabarıqlaşanda qaçmaq qərarı verilir. Yəqin ki, bu da özbaşına deyil, mərkəzlə razılaşdırılaraq atılan addımmış.

Qulubəyovun növbəti dəqiqləşdirməsi real vəziyyətin necə olduğunu bir qədər də aydınlaşdırır: "Qəbul edilmiş qərara əsasən Mehdi və Həkimlinin apardığı gizli fəaliyyəti davam etdirmək mənə tapşırıldı".

Bu cümlə də bir daha sübut edir ki, Mehdi, Cavad Həkimli və Qulubəyov dayaq nöqtələriydilər, məhz o adamlar idilər ki, mərkəzlə gizli rabitədəydilər və əsla cızılmış dairədən qırağa çıxmayaraq qoyulan konkret tapşırıqları yerinə yetirirdilər.

Deyirsə ki, "qəbul olunmuş qərara əsasən mənə bu iş tapşırıldı" - demək, həmin tapşırıq məhz mərkəzdən gəlirdi.

Qulubəyov növbəti cümlələrində bir tərəfdən tarixçələri dəqiqləşdirir, digər yandan da gizli iş mexanizminin necəliyini bir qədər də açmış olur: "1944-cü ilin 26 fevralında Mehdi və Cavad Həkimli qaçaraq partizanlara qoşuldular, bundan sonra almanlar məni başqa bir rotaya atdılar. Mənə qarşı da müəyyən repressiyalar başlandı. Almanlar məni dəfələrlə dindirdilər. Mehdi və onun harada ola biləcəyi barədə soruşurdular. Sonralar mənə bir neçə dəfə Mehdi ilə Villa Obçina yaxınlığındakı Retten Tabor kəndində görüşmək nəsib oldu və mən ondan legiondakı növbəti fəaliyyətlərimlə bağlı tapşırıqlar aldım. Bundan sonra legionçuların partizanlara qoşulmaq üçün kütləvi qaçışları başlandı. Bununla əlaqədar artıq mənə qarşı da təhlükə yaranmışdı. Ona görə də mən bir neçə nəfər legionçu yoldaşımla bərabər, o cümlədən, əslən Maştağadan olan Ağarza Ağazadə (dəqiqləşdirir ki, onun hazırda ADU-nun Qeyri-üzvi kimya kafedrasında dosent işləyən Ağarəfi Ağayev (1911-1978) adlı qardaşı var - R.H.), naxçıvanlı Firudin Hüseynov (daha sonra o, Tsolla kəndində partizan tapşırığını yerinə yetirərkən həlak oldu) və daha bir yoldaşımızla 1944-cü il martın 31-də qaçdıq".

Mehdinin bu proseslərdə başlıca koordinator olmasına Qulubəyovun sonra gələn məlumatı da tutarlı işarədir: "1944-cü il aprelin 1-də Mehdi bizi qarşıladı və ən yaxın partizan batalyonuna apardı. Bundan sonra biz partizanlara qoşulduq. Əvvəlcə italyan partizanları, sonra isə yuqoslav partizanları ilə birgə fəaliyyətimizi davam etdirdik. O vaxtdan da bizim Mehdi və digər partizanlarla alman faşistlərinə qarşı İtaliya və Yuqoslaviyada mübarizəmiz başladı".

Qulubəyov Mehdi Hüseynzadə ilə birlikdə 1943-cü ilin oktyabrından 1944-cü ilin yanvarına qədər italyan və yuqoslav partizanları ilə birgə döyüşlərdə iştirak etmişdi. Dindirmənin ahəngindən, verilən suallardan, Qulubəyovun da təcrübəli köhnə kəşfiyyatçı kimi bu münasibət havasını tez tutmasından və söhbəti o səmtə yönəltməsindən aydınlaşır ki, sovetlər italyan partizan hərəkatından daha çox yuqoslav partizan hərəkatına inanır və rəğbət bəsləyirmiş: "İzah etməliyəm ki, bütün legionçular, istər tək-tək olsun, istər qrup halında qaçaraq partizanlara qoşulurdular və Azərbaycan Milli Legionu da partizan dəstələri kimi əsasən İtaliya ərazisinin dərinliklərində deyil, onun Yuqoslaviya ilə sərhədlərində yerləşmişdi. Daha dəqiqi - neytral zona hesab edilə biləcək Triyestdə. Daha sonra artıq partizan dəstəsində olarkən öyrəndim ki, Mehdi Hüseynzadənin, mənim və digər legionçuların da fəaliyyətdə olduğumuz partizan birləşmələri Harribaldi adına italyan partizan birləşmələrinin deyil, yuqoslav birləşmələrinin tərkibinə daxil idi. Mehdi Hüseynzadənin haqqında söz açacağım bütün partizan fəaliyyətləri yuqoslav partizan hərəkatı ilə bağlıdır".

...Cazibəyə, İlahinin ssenarisində hər incəliyin çox öncədən necə ölçülüb-biçilməsinə heyrətlənməyə və heyran olmaya bilmirəm. 2011-ci ildə Sloveniyada Mixaylonun muzeyini yerləşdirməkçün məkan axtaranda bir neçə yeri seçmişdim. Hətta Çepovanda, Mehdinin indi uyuduğu məzarlığın yaxınlığında ayrıca bir binanı da gözaltı etmişdim. Əslində ən gözəli də o idi. Ancaq işi çoxdu. O binanı təmir edib münasib hala gətirməkçün həm çox vaxt, həm də çox pul lazım idi. Məndəsə bunların heç biri yoxdu. Məsələyə qısa müddətdə, həm də çox xərc çəkmədən əncam çəkmək lazımdı. Belə olanda mənə Mehdi Hüseynzadə muzeyi üçün ən münasib məkan vaxtilə 9-cu korpusun yerləşdiyi bina görünmüşdü. Həm yeri uyğun idi, həm divarların sadəcə təzələnmə naminə ağardılması və döşəmənin laklanmasından savayı görüləsi artıq işə lüzum yoxdu. Üstəlik, həmin binanın boşaldılası otaqlarında bələdiyyənin əməkdaşları otururdular ki, onları da tabeçiliyindəki başqa bir ünvanda yerləşdirmək dostumuz Andrey Komparanın əlində çətin həll olunası iş deyildi.

9-cu korpusun vaxtilə bu binada yerləşmiş qərargahı isə o yer idi ki, vaxtilə Mehdi ora hər gün baş çəkərmiş. Triyest bölgəsində yerləşən 4-cü yuqoslav ordusunun 9-cu korpusunun tərkibinə 16-cı Voykov briqadası, 17-ci Qradnikov briqadası, 18-ci zərbəçi Bozovişka briqadası və 19-cu zərbəçi Prişerneva briqadası daxilmiş. Bütün bu briqadalar yuqoslav ordusunun 30-31-ci diviziyasının tərkibinə daxilmiş. 30-cu diviziyanın 18-ci zərbəçi Bozovişka briqadası ikinci rus batalyonunun tərkibində olmuşdu və həmin batalyon da təqribən 1942-ci ildə yaradılmışdı. O batalyona əslən Xarkovdan olan ukraynalı Dyaçenko Anatoli İqnatyeviç (1915-1986) rəhbərlik edirmiş (DTK Qulubəyovdan az sonra Dyaçenkonu da tapıb ifadəsini alır və o da xeyli sirrin üstünü açan təfərrüatları xəbər verir).

Bu batalyonun şəxsi heyəti istisnasız olaraq alman əsirliyindən qurtulmuş sovet vətəndaşlarından, Almaniya və İtaliyaya qovulub gətirilmiş şəxslərdən, Azərbaycan Milli Legionundakı keçmiş legionçulardan ibarətmiş. Mehdi də, bir çox keçmiş mübarizə yoldaşları da oradaydılar, əl-ələ idilər.

 Qulubəyov danışırdı: "Biz həmin dövrdə müvəqqəti olaraq Triyestdə yerləşmişdik, partizan birləşmələrinin şəxsi heyətinin başqa hissələri isə qarışıq idi. Buraya əsasən Sloveniya, Xorvatiya, Çernoqoriya, Bosniya-Herseqovina italyan və başqa millətdən olan partizanlar daxil idi. 9-cu korpusun qərargahında təxribat qrupu deyilən bir bölmə vardı. O dəstəyə Mehdi rəhbərlik edirdi. Mehdi öz ətrafında Əliyev Tağını (partizanlıq ləqəbi "Tolik" idi, həlak olub. O, Bakıdan idi, Yuxarı Dağlıq küçəsi 4-cü dalanda, evinin nömrəsini xatırlamıram, yaşayırdı), Məmmədov Ənvəri (Ağdamdan idi, o, indi sağdır, mənimlə birgə 1945-ci ilin avqustunda SSRİ-yə qayıdıb) toplamışdı. Mehdi ilə birgə fəaliyyət göstərən bir keçmiş alman əsgəri də vardı. Həmin alman Mehdi ilə birlikdə Kontovello kəndindən qaçmışdı, onun adı Frits idi. O, Mehdinin təşkil etdiyi əməliyyatlarda mühüm rol oynayırdı. Çünki o, ilk növbədə əsl alman idi, alman dilində gözəl danışırdı. Bu şəxslərdən başqa Mehdinin qrupuna ruslar və sloven partizanları daxil idi. İmran Qasımov və Həsən Seyidbəylinin "Uzaq sahillərdə" kitabında adları çəkilən Vaselin və Anjelikaya gəlincə, mən belə adamları tanımamışam. Ancaq məlumatım var ki, Mehdinin qrupuna Sloveniya və İtaliyanın müxtəlif kəndlərindən və Triyest rayonunda olan şəhərlərdən bir sıra qızlar daxil idi".

Qulubəyovun bu məlumatına illüstrasiya olacaq bir yadigar da qalmaqdadır. Mehdi və bir neçə silahdaşı partizanların düşərgəsində şəkil çəkdirirlər, yanlarında da partizan qızlar. Mənə də 2011-ci ildə ilk dəfə Vitovledə, Şempasda, Çepovanda, Nova-Qoritsada ikən keçmiş partizan qızların, artıq ixtiyarlaşmış qadınların neçəsi ilə görüşmək nəsib oldu. Belə görünür ki, Mixaylonun yerli sakinlərdən əməkdaşlığa cəlb edərək yaratdığı qızlardan ibarət ayrıca bir gizli qrup varmış.

Qulubəyov təsdiq edir: "Mən Mehdinin qrupunda Kontovello kəndindən Starts Mariyanın olduğunu yaxşı bilirəm. O, Kontovello kəndində və Triyestdə Mehdinin tapşırıqlarını yerinə yetirirdi. Yeri gəlmişkən, o, Mehdinin göstərişi ilə ilə mənim və digər legionçuların qaçaraq Kontovello və Triyestdəki partizanlara qoşulmağımızı təşkil etmişdi. Mariya gizli partizan fəaliyyəti göstərən Mariano ilə birgə işləyirdi. 1944-cü il martın 31-də Mehdi Triyestdə bizim Mariya Starts və Mariano ilə görüşümüzü təşkil etdi. Biz o vaxt legionçu libasında idik - alman uniforması geyinmiş, tüfəng və pistoletlərlə silahlanmışdıq. Paltarlarımızı mülki geyimlə əvəz etdik və Mariya bizim tüfənglərimizi Mehdiyə göndərdi, pistoletlərimizi isə özümüzdə saxladıq. Gecə ilə gəlib partizanlara qoşulduq. İtaliyanın şimalındakı Qoritsa zonasında Bilye və Renk kəndləri vardı. Bilye kəndində partizan qızlar Boqomila və Malka yaşayırdılar. Onlar da gizli olaraq Mehdinin qrupu ilə bağlı idilər. Məhz onların vasitəsilə Mehdi Qoritsa şəhərində bir çox planlar həyata keçirmişdi. İki bacı olan Boqomila və Malkanın evində sabotaj qrupunun məxfi toplantıları keçirilirdi. Boqomila və Malka Mehdinin bütün gizli tapşırıqlarını yerinə yetirirdilər. Yeri gəlmişkən, Mehdinin dostu Tolik həmin Boqomila ilə sevişirdi və ona vəd etmişdi ki müharibə bitəndən sonra onu SSRİ-yə aparacaq. Bütün bunlar mənə ona görə məlumdur ki, Mehdinin vəfatından sonra mən Bilye kəndinə getmişdim, həmin qızları tapdım və onlardan Mehdinin, eləcə də Mehdinin dostlarının başına gələn bütün əhvalatlar barədə soruşdum. Boqomila mənə onun sevgilisi və ən yaxın dostu Tağı Əliyevin - Tolikin dəfn mərasimindən çəkilmiş şəkli də göstərdi. Tağı Əliyev Mehdinin həlak olmasından az sonra - 1945-ci il aprel ayının 19-da Renk kəndində alman ordusu sıralarında xidmət edən vətən xaini kazaklar tərəfindən öldürülmüşdü. Həmin şəkillər indi də məndədir. Boqomila məndən xahiş etdi ki, Bakıya qayıdandan sonra Tağı Əliyevin və Mehdi Hüseynzadənin ailəsi ilə əlaqə saxlayaraq onlara Mixaylo və Tolikin bütün hekayətlərini danışım. Onlar mənə Tolik və Mehdinin Bakıdakı ünvanlarını verdilər. Renkdə daha bir gizli partizan - sloveniyalı qız fəaliyyətdə idi. Onun adı Metoda idi. Bu qız da Mehdinin keçirdiyi əməliyyatlarda yaxından iştirak edirdi. Beləliklə, Mehdinin yerlərdə belə cəsur, vətənpərvər köməkçiləri vardı ki, onların dəstəyi ilə ən çətin tapşırıqları da yerinə yetirə, əməliyyatlarını uğurla apara bilirdi. 1945-ci ilin iyununda mən Bilye və Renk kəndlərində idim. Bu Renk kəndi Qoritsanın yaxınlığında yerləşir. Orada partizan qızlarla Mehdi və yoldaşlarının qəhrəmanlıqları haqqında söhbətlər edirdim. Onlar mənə bütün başverənlər barədə geniş, həqiqi məlumatları çatdırdılar. Mən onlara vəd verdim ki, vətənə qayıdandan sonra bütün bunlar haqda kitab yazacağam. Partizan qız Metodanın Mehdinin yaxın dostlarından olan Ənvər Məmmədova məktubları vardı və məndən xahiş etmişdi ki, həmin məktubları ünvanına çatdırım. O məktublar indiyədək məndə qalmaqdadır".

Qulubəyov kimi alman əsirliyində olmuş, sonra legionda qulluq etsələr də, ilk fürsətdə qaçan, partizanlara qoşularaq bir çox çətin əməliyyatlara qatılan, faşistlərə qarşı mərdliklə döyüşənlər əsir olmuşlarla hökumətin necə sərt davrandığı haqda eşitmiş olsalar da, müharibə bitincə Vətənə dönərkən öz aləmlərində zənn edirmişlər ki, yəqin, bu xidmətləri nəzərə alınar, onlara fərqli yanaşılar. Hətta ağzı isti yerdə olan Qulubəyov orada - Sloveniyada olub-keçənlər haqda kitab yazacağını da vəd edirmiş. Qayıdan kimi isə başa düşmüşdü ki, dövlətin nəzərində onların hər birinin üstündə əsirlik və legionçuluq kimi elə silinməz damğa var ki, ömür bitincə bu ləkədən qurtulmaq mümkün olmayacaq. Mehdi Hüseynzadənin bəraəti SSRİ rəhbərliyinin izni ilə müharibə bitəndən çox sonra gerçəkləşən nadir və xoşbəxt istisna idi. O çağacansa əsirlikdə, illah da legionda olman barədə nəinki camaat arasında, hətta öz evinin içində belə susmaq daha məsləhətli idi.

1956-cı ildəki dindirmələr də Qulubəyovun bəxtinə düşmüş ilk girəvəymiş ki, dövlətin özünün istəyi ilə müharibə dövründəki belə gizli fəaliyyətlərdən müsbət istiqamətdə, ürək açıqlığı ilə bəhs edə bilirmiş. Odur ki, fürsətkən ürəyini boşaldırdı: "30-cu diviziyanın qərargahında sovet hərbi missiyası yerləşirdi ki, ona 1944-45-ci illərdə Rıbaçenko rəhbərlik edirdi. O, Mehdini çox yaxşı tanıyırdı. Mehdi bilavasitə Rıbaçenkonun tapşırıqlarını yerinə yetirirdi".

DTK müstəntiqi bu iki cümlənin və Rıbaçenko sözünün altından xətt çəkib. Yəqin, o məqsədlə ki, sağdırsa, tapıb həmin Rıbaçenko ilə də danışsınlar, əlavə məlumatlar əldə etsinlər.

Qulubəyovun bu dindirməsinin bir özəlliyi də odur ki, canlı şahid olaraq Mehdinin bilmədiyimiz igidlikləri haqqında xeyli məlumatları çatdırır: "Yadımdadır ki, Mehdi bir alman zabitinin əlindən onun motosikletini almış və sahibini yerindəcə öldürmüş, motosikleti isə partizanların hərbi hissəsinə gətirmişdi. Bu, Ujiqe kəndində baş vermişdi. Orada ikinci rus batalyonu yerləşirdi. Mehdi həmin motosikleti podpolkovnik Rıbaçenkoya hədiyyə etmək istəyirdi. Rıbaçenko isə diviziyanın Çepovan kəndindəki qərargahında otururdu. Ovaxtkı hadisələrlə bağlı mənim Mehdi ilə müfəssəl söhbətlərim olmuşdu. O, vəd etmişdi ki, Adriatik sahillərindəki partizan fəaliyyətləri ilə bağlı yazdığı povesti mənə versin. Eyni zamanda, o mənə yeni yazdığı, Kaspiyə və Bakıya məhəbbətlə dolu "Adria sahillərində" adlı şeirinin yazıldığı vərəqi bağışlamışdı".

Qulubəyovun 1956-cı ildə onu dindirən DTK-çıya söyləmiş olduqlarının dəqiqliyini təsdiqləyən əlamətlərdən biri də odur ki, xeyli müddət sonra həmin şeir də Almaniya arxivlərindən üzə çıxdı.

 Mehdinin yazdığı digər əsər - Adria sahilindəki partizan fəaliyyəti ilə bağlı povest də bu gün əlimizdə olsaydı, biz Mehdi və silahdaşlarının oradakı cəsurluq timsalı fövqəladə əməlləri barədə nə qədər mühüm həqiqəti bilavasitə onun öz dilindən öyrənərdik. Kim bilir, bəlkə bu əlyazma da haradasa qalmaqdadır? Hər mətləbə soyuqqanlı yanaşmaq, sonranı dərindən düşünərək ehtiyatlı addımlar atmaq ekstremal vəziyyətlərdə işləməyə alışmış Mehdinin sabit kəşfiyyatçı vərdişlərindənmiş. Mümkün deyil ki, ölümün qaşla göz arasında olduğu həmin çağlarda göstərdikləri şücaətlərin və yaşadıqları çətin günlərin salnaməsi ola biləcək povestinin əlyazmasının qəfildən başına bir iş gələcəyi təqdirdə itib-batmamasından ötrü Mehdi nəsə tədbir tökməmiş olaydı. O dövrdə yazdığı şeirlərin bəzilərinin bizə müxtəlif nüsxələrinin gəlib çatması da pıçıldayır ki, ola bilsin, povestinin də əlyazması heç yeganə deyilmiş. Məşhur zərbülməsəllərə inansaq, əlyazmalar yanmır və yazıya da pozu yoxdur. Bəlkə bu yöndə də haçansa sevinəcəyimiz saat yetişdi?

Qulubəyov o vaxt Mehdinin artıq çoxlarına bəlli olan, haqqında az yazılmamış qəhrəmanlıqlarından danışmaqla yanaşı, indiyədək də çoxlarına bilinməyən, hələ də açıqlanmamış başqa mərdanə sərgüzəştlərini nağıl edirdi. Hətta məlum əhvalatlardan danışanda da elə xırdalıqları açıb göstərir ki, insanı istər-istəməz o qeyri-adi anların canlı şahidinə çevirir. Həmin xatirələrdə Mehdinin bir vacib kəşfiyyatçı şakəri də müşahidə edilməkdədir - əməliyyatı başa çatdıran kimi o, hadisə yerindən uzaqlaşmaz, artıq məhv edilmiş, yaralanmış faşistlərin arasında guya kömək göstərmək istəyən alman zabiti kimi qalmaqda davam edərmiş.

Qulubəyov söyləyir: "1944-cü ilin martında 2-ci korpusun komandanlığı tərəfindən Mehdiyə tapşırılmışdı ki, Villa Obçinadakı məxsusi olaraq alman zabitləri üçün filmlər göstərilən kinoteatrda film göstərilən vaxt partlayış törətsin. Partladıcı maddəni binanı tamamilə dağıdacaq bir həcmdə hazırlayaraq Mehdi indi familiyalarını xatırlamadığım partizan yoldaşları ilə birlikdə alman hərbçiləri geyimində əllərində kiçik çamadanlar kinoteatra gəlmiş, özləri də kinoteatrın zalında oturmuş, filmə baxmağa başlamışdılar. Əməliyyatın bir neçə iştirakçısı, o cümlədən mən mülki geyimdə idik, bu gedişatı kənardan izləyirdik. Filmin ortasında Mehdi və yoldaşları çamadanı zalın ortasında qoyaraq və partlayıcı qurğunun 20 dəqiqə sonra işə düşməsini tənzimləyərək bir-bir kinoteatrın binasını tərk etdilər. Mehdi bizim yanımıza gəlib bildirdi ki, uzaqlaşaq, özü isə partlayışdan sonra yanğının söndürülməsində və yaralıların, ölənlərin hospitala göndərilməsində iştirak etməyə başladı.

Partlayışa 20 dəqiqə qalmış biz bu rayonu tərk etdik, ancaq uzaqdan kinoteatrın partlamasını müşahidə edirdik. Ertəsi gün Mehdi və onun yoldaşları partizanların yanına gəldilər və həyata keçirilmiş əməliyyat haqqında geniş məlumat verdilər. Əməliyyat uğurla həyata keçmişdi, kinoteatrın binası tam partladılmışdı. Çoxlu ölənlər və yaralananlar vardı. O vaxt almanlar hələ Mixaylonu tanımırdılar. Çünki bu, onun ilk əməliyyatı idi. Almanlar əvvəlcə belə güman etmişdilər ki, bu, Villa Obçinadakı hansısa yerli patriotların əməlidir. Ona görə də ertəsi gün Villa Obçina şəhərinin əhalisinə qarşı çox sərt repressiyalar başlandı. Çoxlu şübhəli bilinən adamı həbs etdilər, onlardan 2-sini asdılar, 16 nəfəri güllələdilər. Həmin günlərdə Triyestin "Adria Tsaytunq" adlı faşist qəzeti baş verən hadisə ilə bağlı ayrıca məqalə dərc etdi. Qəzetin bu nömrəsini partizan qızlar bizim partizan dəstəsinə gətirdilər. Biz Mehdinin sabotaj qrupunun igidliyi haqqındakı həmin sətirləri böyük maraqla oxuduq.

Bu əməliyyatdan sonra Mehdi və onun qrupu Sloveniya əhalisi arasında böyük etimad qazandı və yerli camaat Mehdiyə sevərək "Mixaylo" adı qoydu, ona böyük hüsn-rəğbət bəsləməyə başladılar. Mixaylo adı tezliklə bütün Triyest zonasında yayıldı. Mehdi həmin əməliyyatdan sonra qərargahın korpusuna dala bir "dil" - alman zabiti gətirdi. Mehdi həmin əməliyyatı Tolik - Tağı Əliyev və əslən alman olan Fritslə birgə yerinə yetirmişdi. Həmin hadisə belə baş vermişdi. Mehdi alman ober-leytenantı mundirini geyinmiş, digər yoldaşları isə alman əsgəri libasında olmuşdular. Qollarına patrul olduqlarını göstərən parça bağlayıblarmış. Onlar üçü də guya Triyest-Sejanna baş magistralında patrul xidmətini yerinə yetirdiklərini göstərirmiş. Mehdi sükan arxasında bir alman zabitinin əyləşdiyi minik avtomobilini saxlamış, onun sənədlərini yoxlamış, daha sonra özü sürücünün yanında oturaraq digər yoldaşlarını da maşına əyləşdirmiş və əmr etmişdi ki, həmin zabit maşını komendaturanın mənzil-qərargahına sürsün. Alman zabiti ober-leytenantın tapşırığına tərəddüdsüz əməl etmiş, Sejanadan bir qədər aralanandan sonra isə şübhələnərək hara getdiklərini soruşmuş, cavabında isə Mehdi pistoletini çıxarmış və maşını onun deyəcəyi istiqamətdə sürməyi tələb etmişdi. Mehdi və onun ekipajı axşama yaxın Çepovana, 9-cu korpusun qərargahına gəlib çıxdı. Bu əməliyyatdan sonra "Mixaylo" adı artıq almanlar arasında da yayıldı. Və alman komandanlığı narahat olmağa başladı, belə təhlükəli kəşfiyyatçı və diversantın aradan götürülməsi üçün ciddi tədbirlər görmək barədə düşündü. Bir müddət sonra isə Triyestin qəzetində Mixaylonu öldürənə, ya tutub gətirənə mükafat veriləcəyi haqqında elan dərc edildi. Vəd olunan mükafat kifayət qədər böyük idi. Bu, təxminən 200 alman markası idi. Biz partizanlar da "Adria Tsaytunq" qəzetində dərc edilmiş həmin məqaləni oxuduq. Yeri gəlmişkən, həmin qəzeti bizə Mehdi özü gətirmişdi və zarafatla dedi ki, baxın ha, mənimlə zarafat eləməyin. Mən qiymətli başı olan adamam".

Mehdi əcnəbi dilləri mənimsəməkdə xüsusi səriştə sahibiymiş. Təbii ki, bu da hər adamda olmayan məxsusi bir qabiliyyətdir. Onun rus dilində sərbəst danışdığını müasirlərinin bir çoxu təsdiq edir. Amma partizanlıq dövründə Mehdinin komandiri olmuş Anatoli Dyaçenkonun şahidliyi daha diqqətəlayiqdir. Deyir ki, Mehdi rus dilində elə danışırdı ki, nitqində ləhcə əlaməti sezilməzdi. Ya elə Qulubəyovun xəbərini çatdırdığı əhvalat. Mehdi maşınını saxlatdırıb sənədlərini yoxladığı alman zabitiylə onun öz dilində danışır. Ən cüzi aksent olsaydı, həmin şəxs dərhal şəklənməzdimi?

Demək, almancanı o səviyyədə bilirmiş ki, ağzını açanda alman onu elə özününkü kimi qəbul edirmiş. Həm də almanca hələ heç Mehdinin birinci dili də deyildi. O, Leninqradda təhsil alarkən əsas dili fransızca olmuşdu. İndi baxın ki, ixtisasca onunçün ikinci olan alman dilinə belə gözəl yiyələnibmişsə, gör fransızcası hansı səviyyədə imiş!

Həyat ayrı bir məcrada keçmiş olsa idi, şair Mehdi Hüseynzadə nə "Qürbətzadə"yə dönərdi, nə də dil bilgilərindən düşmənin qılığına girə bilmək vasitəsi kimi yararlanardı. Qaynar həvəs, yaratmaq şövqü ilə dolu bu cavan görün nə qədər alman, fransız şairinin şeirlərini ana dilimizə ilkin çevirənlərdən ola bilərdi. Unudulmaz Xalq rəssamı Kazım Kazımzadə söyləyirdi ki, 1940-cı ildə Nizami muzeyi qurulmağa başlarkən tərtibat işlərinə bir çox başqa rəssamlarla yanaşı, Mehdi Hüseynzadə də cəlb edilmişdi. Mehdi dağıdıcı təxribatlar törətməkçün yox, nəfis tərtibatlar doğurmaqçün yaranmışdı. Tanrı onu bu dünyaya körpülər partlatmaqçün yox, körpülər salmaqdan ötrü gətirmişdi. Dövran macal vermədi.

8 aprel 2025

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Aprel 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İstanbulla bağlı DƏHŞƏTLİ PROQNOZ Elə güclü ZƏLZƏLƏ olacaq ki...

26 Aprel 2025 21:57see234

Əqrəb mövsümü bu hadisənin əsasında çəkilibmiş FOTO

27 Aprel 2025 04:00see232

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

26 Aprel 2025 19:44see141

Voloçkova qızının toyunda Puqaçovanın mahnısını ifa edəcək

26 Aprel 2025 19:54see139

HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb

27 Aprel 2025 05:03see138

Bakıda nəqliyyat sıxlığının azaldılması üçün tədbirlər görüləcək

26 Aprel 2025 23:35see134

Azərbaycanda Qadın XƏYANƏTİ + VİDEO

27 Aprel 2025 04:42see131

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

28 Aprel 2025 04:16see131

“El Klasiko”dan qalib ayrılan “Barselona” kuboka sahib çıxdı

27 Aprel 2025 03:43see129

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

27 Aprel 2025 13:11see127

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

27 Aprel 2025 19:52see126

İqlimin tənzimlənməsinin başlıca mexanizmlərindən biri sıradan çıxıb TƏHLÜKƏ

27 Aprel 2025 03:33see126

Mask gələcəklə bağlı proqnoz verdi

27 Aprel 2025 04:03see124

“Bavariya” bir addım da çempionluğa yaxınlaşıb

26 Aprel 2025 23:49see123

Hələ də güzgüyə baxmıram Fotolar

27 Aprel 2025 00:21see122

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

28 Aprel 2025 00:58see120

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

27 Aprel 2025 22:09see119

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

28 Aprel 2025 00:44see116

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

27 Aprel 2025 23:55see116

“Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir” Famil Fərhadoğlu KONKRET

27 Aprel 2025 11:45see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri