ONLARIN HƏR GÜN GƏLƏN SƏSİ Rafael Hüseynov yazır
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rafael HÜSEYNOV
Akademik
Hər kəsə bəlli idi ki, tar Mirzə Sadıq Əsəd oğlunacan uzundan-uzun bir yol keçib. Ona "tarın atası" deyənlər agahdılar ki, tar Sadıqcanın dünyaya gəlməsindən çox yüzillər əvvəl varmış. Amma əzizləyərək Sadıqcanı ona görə belə ucaldırdılar ki, bu misilsiz ustad Azərbaycan tarına təzə həyat vermişdi, tarı elə bir mərtəbəyə yüksəltmişdi, ruhunu incitmədən onu elə cilalamış, elə təkmilləşdirmişdi ki, bu alət onu çalan bütün xalqların hamısından daha çox sırf bizimki kimi səslənmişdi. On doqquzuncu yüzilin son çərəyində - Sadıqcan öz ixtiraçlığını etdiyi zamanda da belə idi, bu gün də həmin sayaqdır.
Sadığın vəsfini dəstanə gətirdin sən özün,
Gedibən kişvər-i Şirvanə gətirdin sən özün,
Töhfətək bəzm-i Süleymanə gətirdin sən özün,
Mindirib Rəxşini meydanə gətirdin sən özün,
Vəsfini aləmə Firdovsi kimi car elədin.
Köksü tarlı Mirzə Sadığa "töhfə" deyən, onu müqəddəslər qatına ucaldan, tərifini Firdovsi kimi qüdrətli şairlərin qələmi ilə öyülməyə layiq bilərək bu misraları yazan musiqiyə elə şeir qədər vaqif olan böyük Seyid Əzim idi.
Ogündən bugünə tarın ömründən çox dalğalar keçib. Tar yenə də həminki təbərrüklüyündə, Sadıqcan həmin rəmziliyində qalmaqdadır.
Tarı azərbaycanlılar həmişə sevib, o məhəbbət bu gün də ürəklərdədir və hər yeni günlə ayaqlaşmağa qadir olan tar, şübhəsiz ki, gələcəkdə də seviləcək. Ədəbi mənbələrin, tarixi məxəzlərin və orta əsrlərdən üzü bu yana yaradılmış risalələrin bilgiləri əsasında bu qənaətə gəlmək mümkündür ki, indiyədək təqribi miqdarı 200-ü aşan milli çalğı alətimiz olub.
Onların arasında adı elə keçmiş qaynaqlarda qalanları da var, bu gün ömrünü davam etdirənləri də. Ancaq bütün zamanlardakı Azərbaycan milli çalğı alətləri arasında ən çox istəniləni, ən ucada tutulanı, ən birinci sayılanı həmişə tar olub.
Azərbaycan insanına daim ən yaxın, ən doğma olmuş tarın qisməti elə xalqımızın taleyinə bənzəyir. Tarixin müxtəlif dönəmlərində xalqın həyatından hansı fərəhlər və acılar keçibsə, xalq ruhunun ifadəçisi olan tarın yalnız səsində, musiqisində deyil, elə vücudunda, varlığında da həmin sarsıntılar və sevinclər nə şəkildəsə əksini tapıb. Tarixin müxtəlif dövrlərində mədəni gerçəkliyimizdə ayrı-ayrı musiqi alətləri önə çıxmış, aparıcı mövqe tutmuşdur. Hansısa musiqi alətləri tarixin gedişində musiqi səhnəsindən silinib getmiş, onun haqqında soraqlar musiqi risalələrində, miniatürlərdə qalmış, hansısa alətlər dövrdən-dövrə dəyişmiş, təkmilləşmişdir.
Musiqi tariximizin bütün mənzərəsini bir bütöv halında göz önünə gətirəndə ən yüksək mövqedə məhz tarın dayandığını, məhz onun "musiqi alətlərimizin şahı" adlanmağa layiq olduğunu həm də bunda görürük ki, son min ildən artıq müddətdə tara maraq və sevgi heç vaxt soyumayıb, hansısa dönəmdə unudulub müəyyən vaxtdan sonra təzədən qayıtmaq, haçansa ikincidərəcəliləşərək müəyyən dövrdən sonra təzədən dirçəlmək kimi enib-qalxmalar tardan yan keçib. Tar musiqi səltənətimizdə fasiləsiz hakimiyyət taxtında qərar tutub.
Tarixi rəvayətlər tarı ixtira edərək insanlığa bağışlayanın Aristoteldən sonra "Müəllim-i sani" - "İkinci müəllim" kimi şöhrətlənmiş dahi alim Əbu Nəsr Farabinin (870-950) olduğunu xəbər verir və başdan-başa poeziya olan tar haqqında ədəbiyyatın ilk şahidliyini də XI yüzilin filosof şairi və musiqiçisi Baba Tahir Üryan (1000-1055-dən sonra) edir:
Deli darəm ço morğ-e paşekəste
Ço kəşti bər ləb-e dərya neşəstc.
Həme quyənd Taher, tar benvaz,
Səda çun midəhəd tar-e şekəste.
Qəlbim qırıqqanad bir quşa bənzər,
Gəmitək sahildə atıbdır lövbər.
Tarı dilə gətir, deyirlər, Tahir,
Necə səs çıxarsın qırılmış simlər?!
"Tar" kəlməsinin həm musiqi aləti, həm də "sim" mənası var. Əslində bu gün farscada ''sim" anlamında işlənən "tar" sözü də türkündür, "dartılmış, gərilmiş, tarım çəkilmiş" deməkdir. Baba Tahir dübeytisinin bir dəyəri də odur ki, burda həmin söz hər iki mənada işlənib və klassik dövrə aid daha erkən tarixli ayrı bir mənbədə bu sevimli musiqi alətimizin adına tuş gəlməmişəm. Heç bir araşdırıcı da hələ deyə bilmir ki, belə bir qaynaq var. O baxımdan Baba Tahir həm də ilk tanıdığımız tarzənimiz sayıla bilər və "Şur" muğamında onun adıyla bağlı "Baba Tahir" guşəsi indi də çalınmaqdadır.
XI əsrdən sonra çox simlər qırıldı, çox Baba Tahirlər tarları yenidən kökləyib, yenidən dindirdilər və XIX yüzildə əsrlər yaşıdı bu qocalmaz alət yenə, həmişəki kimi, duyanları heyrətləndirirdi. Bu dəfə Seyid Əzim Şirvani (1835-1888):
Qoymaz ol tari müğənni niyə ağuşindən,
Düşməz ol xanəbərəndazilərin duşindən,
Huş ilə guş edə, hər kimsə gedər huşindən,
Pənbe-yi qəfləti çək sən dəxi can guşindən,
Ta ki əsrar-i nihanə olasan bərxurdar.
Hər sözüylə insan qəlbindəki ən dərin tikanları çıxara bilən Məhəmmədhüseyn Şəhriyar Təbrizi (1906-1988) də onunla birgə qocalmış əsrinin sonlarında ürəyinə təsəllini tarda arayırdı, tarı məhrəmlərinin ən etibarlısı sayırdı:
Sızlayır əhvalıma sübhə qədər tarım mənim,
Təkcə tarımdır qara günlərdə dildarım mənim.
Çox vəfalı dostlarım vardır, yaman gün gəlcəyin
Tardan özgə qalmayır yar-i vəfadarım mənim.
Yer tutub qəmxanədə qıldım fəramuş aləmi,
Mən tarın qəmxarı oldum, tar qəmxarım mənim.
Bu, hər kəslə tənha qalıb hər kəsə həyan olmağı bacaran tardır. Amma tar dünyanın dörd bucağında və dünyanın hər dilində də səslənir axı. Hər kəsin və hamının olan tar. Bunlar tarın indisidir, qayğısız ağ günləridir. Amma onun başının üstündə qara buludlar dolaşan qovğalı çağları da olub.
Əgər o vaxt inadla tarı dəfn etmək istəyənlərin qarşısına çıxan qeyrətli, yurdsevər, millətpərvər, haqq sözü deməkdən çəkinməyən oğullar olmasaydı, indi tarsız qalmış olardıq. Tarın tərcümeyi-halı təsdiqləyir ki, o, sadəcə, bir musiqi aləti deyil. Mədəni-mənəvi tərəqqimizdəki yerindən savayı, fərqli zamanlarda o, həm də ciddi bir siyasi amilə çevrilmiş, millətin özünütəsdiqinin başlıca rəmzlərindən olmuşdur. Bu misralar Mikayıl Rəfilinin (1905-1958) 1929-cu ildə nəşr edilmiş "Pəncərə" kitabındakı "Dəmir şair sazı" şeirindəndir. Başında vaxtın komsomol havası qaynayan gənc şair sazı, tarı köhnəlmiş sayır, onları hədələyir ki, əgər əlimdə qırılmaq, sındırılmaq istəmirsinizsə, əski vərdişinizdən, keçmiş səslənişinizdən qurtulun, zərif-zərif deyil, dövrün inqilabi ruhuna uyğun olaraq gur zəng kimi səs salın:
Bıqdıq artıq incə səsdən
Bizi yormuş kar qulaqları qıdıqlayan
Keçi səsli
Sədəfli tarın mələməsi...
Ucal, sən ey əsrim kibi nər şairin ər səsi!
Mikayıl Rəfili tarı, biryolluq susmağa çağıran bir para əli qələmli tay-tuşlarından fərqli olaraq, yaşamaq istəyirsə, zəmanə ilə ayaqlaşmağa, kommunist türküsü oxumağa, qatıldığı döyüşlərdə ona yoldaş olmağa dəvət edirdi:
Sən çal ömrün coşan gözəl havasından,
Dəmir irqin günəş üçün davasından...
Bir gün ac borular, dalğa bayraq məni cəngə çağırsa,
Çapar atın sıx yalından mən yapışıb atsam səni,
Sən özün çal kommunistlər teküsünü,
Çalamasan,
Mənə ölü bir saz gərək deyil, sazım
Çapan çaya bənzər türküm, bənzər yazım.
Bu isə Məmməd Rahimin (1907-1977) 1930-cu ildə işıq üzü görmüş "Arzular" kitabındakı "Tar" şeirindən parçalardır:
Toxunduqca qəmli mizrab
Fəqan dolu dərdli simə
Könlüm kimi bağlı gördüm
Çoxlarını bir tilsimə.
İçindəki inləyəni
Deyirlər, Şərqə məxsusdur.
Madam sıxır dinləyəni,
Ağlatma, gəl onu susdur.
Madam bütün köhnəliklər
Sürükləndi dərinliyə,
Bilməm sənin dərdinlə hər
Könül inildəsin niyə?
Bu, hələ hamısı deyil. Tardan küskün, tardan bezmiş, onu susmağa çağıran parçalar bir qalaqdır. Azərbaycanda sovetləşmənin ilk on ilidir və nədəndir ki, birdən-birə şairlərimiz, sanki sözləşibmiş kimi, tarı belə küncə sıxıblar?
Mustafa Quliyev (1893-1938) 1922-ci ildə Azərbaycan SSR xalq maarif komissarı təyin ediləndə vur-tut 29 yaşı vardısa da, arxada Kiyevdəki universitet təhsilindən tutmuş gərgin inqilabi çəkişmələrlə yetərincə dolu bir ömür yolu qalırdı. O, 1928-ci ilə qədər bu vəzifədə çalışdı və eyni zamanda, həmin dövrdə ədəbiyyat və sənətin aynası, səmt küləyi hesab edilən "Maarif və mədəniyyət" (1921-1926), "İnqilab və mədəniyyət" (1929-1931) jurnallarının redaktoruydu. Ölkədə mədəni və ədəbi siyasətin əsas qurucularından biri, olsun ki, elə birincisi Mustafa Quliyev idi. O, Azərbaycanı yeniləşdirmək, müasirləşdirmək, Avropalaşdırmaq istəyi ilə çırpınırdı, ağlı da itiydi, zövqü də, səviyyəsi də seçilən idi, mübarizliyin, barışmazlığın da bolşevik məktəbini keçmişdi, heç kəs də iddia edə bilməz ki, o, vətənini, millətini sevmirdi. Sadəcə, inkişafın yolunu o təhər görürdü və bu görüş heç də həmişə xətasız, ifratsız olmurdu.

"Papaqsız, kəlağayısız, tarsız, muğamatsız..." modern Azərbaycan qurmaq amalını gerçəkləşdirmək üçün o və məsləkdaşları, fikirdaşları tank kimi əzə-əzə irəliləyirdilər. Yüksəlişin əsl düz yolu uzun idi. Onlarınsa vaxtı az, səbri dar idi.
Kəsmə gedirdilər. Ona görə də çox zaman kəsə-kəsə, əzə-əzə, tapdalaya-tapdalaya gedirdilər. Bir var uzaqdangörmə, bir də var uzaqgörənlik.
Uzaqdangörmə səhhət əngəlindən deyən göz zəifliyidirsə, uzaqgörənlik adi gözlərin görə bilmədiklərini sezmək qabiliyyətidir. Birinci halda sənə dumansız görə bilməkçün eynək gərəkdirsə, ikinci halda sənin daxilindəki bəsirət gözü hələ gəlməmiş gələcəyi də aydınca təsəvvür edə, duya bilir.
Mustafa Quliyev və onun bir çox silahdaşlarının bir nöqsanı da uzağı görməmək idi. Həyat sübut etdi ki, bəlkə də çalışmalarında, yurdla bağlı niyyətlərində səmimi, fədakar olan bu insanlar nəinki millətin, heç özlərinin ən yaxın sabahlarını dürüst görə bilmədilər. 1938-ci ildə Mustafa Quliyev də sovet gülləsinə hədəf oldu. Ən adil hakim olan Vaxt təsdiqlədi ki, yanılan kim imiş, burnunun ucundan o yanı görməyən kim imiş, sabahı duyan, haqlı olan kim.
İnsanı uzaqgörən olmamaqda qınamaq çətindir. Bu, Allahın hər kəsə bağışlamadığı fərasətdir. Amma iki addım uzağı görməyə-görməyə hamıya müəllim olmağa, hamının başına ağıl qoymağa, daha pisi, əlinə düşmüş hakimiyyət girəvəsindən istifadə edərək hamını məhz özü kimi görməyə vadar etmək, əlbəttə ki, qəbahətdir. Yerinə görə bəzən lap ağır cinayətdir.
1926-cı il idi. Mustafa Quliyev "Maarif və mədəniyyət"in 7-ci sayında yer alan "Azərbaycanda musiqi kültürünün inkişaf məsələləri" sərlövhəli məqaləsində yazırdı: "Maarif Komissarlığının Bakıdakı musiqi texnikumlarının işində, məncə, xəstə bir təmayül vardır. Texnikumda xüsusi bir sənət vardır ki, tar çalmaq öyrədir və mahir tarçalanlar məzun edir.
...Tar nə xalq və nə də türk aləti deyildir. Onun gələcəyi yoxdur. Musiqi aristokrat cəmiyyətlərinə məxsus olduğu Ərəbistan, İran, Hindistanda üçdəbir, dörddəbir səsli musiqi alətləri mövcud idi. Bu alətlər nə kütləvi və nə də xalqa aid olmayıb, yalnız cəmiyyətin güzidə (seçmə - R.H.) bir qisminə məxsusdur. Buna görə də kütləvi olmadığı kibi, gələcəyi olmayan bir alətdə mahir ustadlar hazırlamağın heç bir mənası yoxdur".
Bu məqalə əslində maarif komissarının etmiş olduğu məruzə əsasında hazırlanmışdı və həmin məruzəni də dinləmiş, həmin məqaləni də oxumuş Üzeyir Hacıbəyli (1885-1948) "Maarif və mədəniyyət"in 8-9-cu nömrələrində bir ağsaqqal təmkini ilə nazirin iradlarına qarşı çıxırdı: "Eşitdiyimiz məruzədən böylə anlaşıldı ki, yoldaş Quliyev yalnız Avropa musiqi təhsilinin tərəfdarıdır. Şərq musiqisi təhsili lüzumuna aid məruzədə bir şey yoxdur. Yalnız bunu bildik ki, Quliyev yoldaş şəxsən tar təhsilinin tərəfdarı deyildir və hətta tarın xalq musiqisi alatı cümləsindən olmağına da inanmayır.
Zənn ediyorum ki, yoldaş Quliyev tarın xalq musiqi alatından biri olduğunu iqrar etsə idi də, yenə tar təhsilini şəxsən lüzumsuz ədd edəcək idi. İş bundadır ki, başqa millətlərin, məsələn, alman, firəng və sairələrin dəxi bir xeyli xalq musiqi alatları vardır; bununla belə, bu alat və sazların çalğısı musiqi məktəblərində təhsil olunmayır. Çalğısı öyrənilən alat yalnız piano və əlavə orkestrdə mövcud olan instrumanlardır. Vialon, vialonçel, klarnet, truba və sairə. Daha gitara, mandalin, qusli, dombra və bu kibi xalq musiqi alatı musiqi məktəbi daxilində təhsil edilməz. Böylə olan surətdə bizə nə düşübdür ki, tar, saz, zurna və balabanlarımızı konservatoriya proqramına daxil edib də tədrisini tələb edək?! Əlbəttə, əgər biz musiqi təhsilindən ibarət yalnız Avropa musiqisini hesab etsə idik, biz də yoldaş Quliyev ilə bərabər tar təhsilinin lüzumsuz bir şey olduğunu iqrar edib ləğv tərəfdarı olardıq. Fəqət bu xüsusda fikrimiz böylədir ki, Avropa musiqisindən əlavə bir də Şərq musiqisi vardır və biz azərbaycanlılar özümüz Şərq əhlindən olduğumuza görə musiqi təhsili işində Şərq musiqisinə qarşı biqeyd qalarsaq, öz mədəni vəzifəmizi kəmalınca ifa etməmiş olarıq. Tar isə Şərq musiqisi təhsilini genişləndirə bilən alatdan ən qiymətli və ən mühümüdür. Yoldaş Quliyev zənn etməsin ki, tar təhsilini konservatoriya proqramına daxil etməklə gələcək üçün sazandalar hazırlamaq istənilir; musiqi məktəbi tara yalnız elmi cəhətdən yanaşır və tarı Şərq musiqisinin əsası olan muğamatların kəşf və şərhi üçün elmi bir alat sifətilə öz proqramına daxil edir. Tarda musiqi məktəbi daxilində "Ənzəli" kibi küçə diringələri çalğısı təhsil edilmir, bəlkə müəyyən proqram üzrə muğamat tədris edilməklə Avropa musiqi əsasından qeyri olan Şərq musiqisi əsasları şagirdlər üçün şərh və bəyan olunur. Əz cümlə, tarı not üzrə çalmaq dəxi mümkün olduğundan tarçı şagird tam bir musiqi təhsili görmüş olur".
1926-cı il idi. Amma hər şey hələ təzə başlanırdı. Bir Üzeyir bəyin cavabı ilə tara qarşı başlanan və davam edən qorxunc həmlələri dəf etmək mümkünsüz idi.
Maarif komissarı isə soyumaq bilmirdi. 1929-cu ildə "İnqilab və mədəniyyət"in 1-ci nömrəsindəki "Meşşanlıq və onunla mübarizə" adlı məqaləsində əsəbiləşir və barmaq silkələyirdi: "Bir doktor, bir müəllim, ziyalı maarif və mədəniyyət işlərini hissiyyat üzərində qurursa və tarixin qanunları ilə hesablaşmayaraq, məsələn, "kəlağayı, papaq mənim xoşuma gəlir, mən bunlardan nə üçün əl çəkim" deyirsə, o da meşşandır. Bu cür adamlar hərəkətlərinin bugünkü yaşayış qaidələrində aparılan inqilaba zidd olduğunu düşünməzlər. "Mən tarı sevirəm, ona görə də məktəblərdə ancaq tar ilə məşğul olsunlar" demək özü də meşşanlıqdır. Çünki böylə bir söz deyən adam başa düşmür ki, musiqi alatı ilə musiqi inkişafının arasında böyük bir rabitə vardır".
Həmin jurnalın növbəti sayında yenə Mustafa Quliyev tarla çarpışır: "Tar bir el alatı olaraq Azərbaycanda inkişaf edə biləcəkdimi? Ən əvvəl bunu öyrənməliyik ki, tar Azərbaycanın özündə əmələ gəlmiş bir el alatı olmayıb İrandan gəlmişdir. Kütlənin belə mürəkkəb alata heç bir ehtiyacı yoxdur. Bundan başqa, tarın heç bir gələcəyi yoxdur və ola bilməz.
...Təsərrüfatımızda inqilab törəndiyi bir zamanda, heç şübhəsiz ki, dərəbəylik mirası olan bir alat yaşaya bilməz. Buna görə bu alatı müdafiə etmək gülüncdür.
...Tar öz-özünə həyat səhnəsindən çıxacaqdır".
Bu, yalnız proqnoz deyildi, bu sözü mühüm kürsü tutan dövlət adamı, səlahiyyət sahibi söyləyirdi və sözünün həyata keçməsi üçün konkret addımlar da atırdı.
Jurnalın elə o sayının "Xronika" bölməsində "tara ölüm" kampaniyasının nəticəsi də əksini tapıb. Buyurun: "Azərbaycan Dövlət Konservatoriyasını qüvvətləndirmək məqsədilə Azərbaycan Xalq Maarif Komissarlığı bir çox qərar qəbul etmişdir. Bu qərarlara görə, məcburi dərs kursu olan tarın öyrənilməsi konservatoriyanın bütün dərəcələrində tədris planından götürülür və konservatoriya yanında olan Şərq orkestri ləğv olunur".
Bu qərarı alqışlayan cavablar özünü çox gözlətmir. Süleyman Rüstəmin (1906-1989) 1932-ci ildə Bakıda nəşr edilən "Atəş" kitabı belə bir mövqe bəyanatı ilə başlayırdı:
Kim nə deyirsə-desin, mən döyüş şairiyəm,
Ey əxlaq müdərrisi, mən söyüş şairiyəm.
Silahdır əlimizdə şeirimiz və nəsrimiz,
Alicənablıq əsri deyil bizim əsrimiz.
Dünyadan çox şeylər gedəcək, çox şeylər nimdaşlaşacaq, dəyərdən düşəcək. Amma kübarlıq, daxili zəriflik, alicənablıq heç vaxt köhnəlməyəcək, birovuzlaşmayacaq.
O kitabçada şairin 1930-cu il aprelin 18-də Moskvada yazmış olduğu "Tar səsə qoyulur" adlı bir nəzm də var:
Kəs səsini, ötmə dedim, ötmə dedim, ötmə, tar!
İstəməyir proletar səndə çalınsın "Qatar".
...İstəməyir səni bizim yeni həyat, dinlə, tar!
Get şahların, get xanların məzarında inlə, tar.
Sən bizimlə ötəməzsin, bəlli, bizdən deyilsən,
Səndən uzaq yeni həyat, səndən uzaq inqilab.
Yeni, coşqun nəğmələrə sən etməzsən əsla tab,
Bir zövq almaz bu cəmiyyət ölgün, ağlar səsindən.
...Sosializm təranəsi əsla tarda çalınmaz,
Tarda vermək olmaz bizim zavodların səsini.
Qavrayamaz bu ölkənin ahəngini dərdli tar,
Tarla bizim inqilablar ola bilməz həmavaz.
...Təzə nəğmə oxuyalım onun öldüyü gündə.
Əgər tar lal olmasa, dəyişərəm adımı.
Nə tar lal oldu, nə də şair vədinə əməl edərək sonralar adını dəyişdi. Tar belə qubarları çox çəkmişdi və buna da dözdü. Bir az da yanıqlı oldu, bir az da duyğulu oldu, bir az da incə oldu.
Tarımızın loğmanlarından olan Qurban Pirimovun (1880-1965) yadigar səsi qalır. Danışır ki, uşaq idim, tara çox həvəsim vardı, amma evdə qoymurdular tar çalmağa, kütbaşlı mövhumatçılar da söyləyirdilər ki, tar çalmaq günahdır, tara hər mizrab vuranda peyğəmbərə şillə vuran kimi olursan.
Tar nadanlar tərəfindən fərqli dövrlərdə döyülüb, söyülüb, şəraitin hökmü ilə buna çoxları dözüb, amma çılğın Müşfiq (1908-1938) dözmədi:
Oxu, tar, oxu, tar!..
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar!..
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unutar?!
Ey geniş kütlənin acısı, şərbəti -
Alovlu sənəti!
Bu, "tar kütlələrin aləti deyil" deyənlərə cavab idi, bu, tara göz verib, işıq verməyənlərə meydan oxumaq idi. Bu, aparılan siyasətə açıq, mərd-mərdanə etiraz idi. Sonra da deyirlər Müşfiqi niyə günahsız yerə tutdular. O, milli düşüncənin əleyhinə yönəlmiş ideolojinin, həqiqətən də, düşməni idi.
Çoxları üzünə durdular,
Könlünü qırdılar.
Nə deyim o yekəbaşlara?!
Çaldılar ruhunu daşlara.
Üstündən bir qara yel kimi əsdilər,
Səsini kəsdilər.
Daşlandı çəkənlər nazını...
Müşfiq hansı qansız və amansız dövr içində ömür sürdüyünü gözəlcə anlayırdı. Amma kişilik məqamıydı. Tara qahmar çıxmaq lazım idi və köksünü vermişdi irəli. "Tar günlə həmnəbz ola bilməz" deyənlərə, "yeni vaxtın yeni nəğməsini oxuya bilməz" çımxıranlara cavab verirdi:
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
Oxu, tar! Mən səndə
İstənən havanı çala da bilərəm.
Mən səndən bugünün zövqünü
Ala da bilərəm.
Sən bu gün silahsan əlimdə,
Səni mən hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm.
Qəlblərdə gizlənən keçmişi
Bir yeni nəğmənin əlilə
Devirə bilərəm!
Amma ölüm-dirim mübarizəsi davam edirdi. Xalq Maarif Komissarlığının yürütdüyü xəttə uyğun şair S.Rüstəm təklif verirdi: idarə və müəssisələrdə tar səsə qoyulsun, onun keçmişə gömülməsi xalqın əli ilə gerçəkləşdirilsin:
- Mən qoyuram tarı səsə.
Kim lehinə?
Sayıram:
Bir, iki, üç, daha yoxmu?
Lehinə budur ancaq!
Əl qaldırsın kim bu tarın əleyhinə. Sayıram.
Bir, iki, üç, on, yüz, bu, on min!
Olmayır heç saymaq!
- Yox, mən buna dözə bilməm, mən bu dərddən partlaram.
Mən əməkdar bir alətəm, bir söz, əməkdar taram.
Yoldaş şair! Məni səsə qoymaq neçin, bu nədir?
- Vətəndaş tar! Mən nə edim.
Sənin əleyhinədir -
Fabrikalar və zavodlar, bu vışkalar, bu həyat,
Yorulmusan, bir az da get uzan, muzeylərdə yat!
Müşfiq olmasaydı, Üzeyir olmasaydı, onlara dayaq duran məsləkdaşlar olmasaydı, tar zəmanənin pırtlaşıq siyasi cəngəlliklərindən salamat çıxa, nicat tapa bilərdimi? Bəstəkar Ağabacı Rzayevanın (1912-1975) babası və XX yüzildəki tarzənlərimizin babası Mirzə Fərəci (1847-1927) tarın ətrafındakı qeylü-qallar çərlədib öldürdü.
Görkəmli tarzən, Xalq artisti, mərhum Bəhram Mansurov (1911-1985) əmisi, çox ustadların ustadı olmuş tarzən Mirzə Mansurun (1887-1967) tarın gözümçıxdıya salındığı çağlarda ruhi sarsıntılardan xəstəliyə düçar olduğunu qüssəylə xatırlayırdı.
Tarix bu müdhiş mənzərəni də heç vaxt unutmayacaq. Unudulmaz folklorçumuz Sədnik Paşayev bunu Şamaxıda bir neçə canlı şahidin dilindən eşidib yazıya almışdı. Artıq ömrün ixtiyar yaşlarına çatmış o şahidlər illər keçəndən sonra da həmin əhvalatı həyəcansız nağıl edə bilmirlərmiş - Şamaxıda, şəhərin mərkəz hissəsində onlarla bir-birindən gözəl tar qalaqlanıbmış. O tar qalağına od vurub yandırıblarmış. Alışan tarların sədəflərinin ocaqdan qalxan şıqqıltısına bu dəhşəti göz yaşlarıyla izləyənlərin hıçqırtıları qarışırmış.
Bibiheybət məscidini uçuranda bolşeviklər bunu kinolentə almışdılar. Belə etmişdilər ki, həmin lenti o vaxtlar bir çox şəhərdə-kənddə insanlara göz dağı kimi göstərsinlər, göstərib anlatsınlar ki, digər məscidlərin, ziyarətgahların da aqibəti belə olacaq.
Həmin xronika qalır və bu gün vaxtın bataqlıqlarına qərq olmuş əzazil siyasətlərin ifşaçısına çevrilir.
Tarlardan çatılmış o Şamaxı tonqalını nə lentə alan olub, nə fotosunu çəkən. Siyasət ki o cür cərəyan edirmiş, yəqin, oxşar tar tonqalları 1920-ci illərin sonlarında başqa neçə yerdə də şölələnirmiş.
Bu əhvalatı vaxtilə mən unudulmaz Xalq rəssamımız Altay Hacıyevə söyləmişdim. Çox təsirlənmişdi və bir neçə gün sonra emalatxanasında mənə "Tar qiyaməti" tablosunun ilk eskizlərini də göstərmişdi. Heyiflər ki, ömür vəfa etmədi və həmin əsəri çəkib başa çatdırmaq Altay müəllimə qismət olmadı. Amma çox istərdim ki, hər halda o kədərli lövhə yaransın. Hər dəfə baxıldıqca tarımızın və insanımızın tarixin hansı əzablı yollarından adlamış olmasının hekayətçisinə dönsün.
Tar uğrunda ən kəskin mübarizələrin getdiyi vaxtda cəsarətlə köksünü irəli verən azlardan biri də gənc Əfrasiyab Bədəlbəyli (1907-1976) idi. 1929-cu il yanvarın 11-də onun "Kommunist" qəzetində dərc edilən "Tar üzərində mühakimə münasibətilə" adlı məqaləsi məntiqi dəlillər və elmi əsaslarla bu qədim musiqi alətimizə qarşı bütün zərərli və xəstə ittihamları qətiyyətlə rədd edirdi.
Gənc Əfrasiyab Bədəlbəyli təəssüflənirdi ki, Amerikada və Avropa ölkələrində hər xalq öz musiqi alətlərinə milli hüquq verməyə, onu "beynəlxalq musiqi instrumentləri ailəsinə daxil etməyə çalışdığı halda", bizdə bəziləri ən geniş yayılmış və ən mükəmməl milli musiqi alətimiz olan tarı özümüzdən ayırmağa cəhd edir.
Kiçicik məqalədə bir sıra böyük mətləblərə toxunan Əfrasiyab Bədəlbəyli bir neçə cümlədə həm tarın uzun tarixi yolunu təsvir etməyə müvəffəq olur, həm də tarın guya bizim sırf milli alətimiz olmaması fikrini qətiyyətlə rədd edir: "Bir çoxları tarın Azərbaycan musiqi instrumenti olmadığını və rozəxanlar, mərsiyəxanlar ilə birlikdə İrandan gəldiyini və böyləliklə də xalis İran musiqi instrumenti olduğunu söyləyirlər. Bu fikir çox da doğru dəyildir. Əgər tar Azərbaycana İrandan gəlmişsə, hər halda tarın İranda icad edildiyi dəxi doğru dəyildir. Miladdan 2000 il qabaq misirlilərin "nabla" adlı musiqi instrumenti tarın ibtidai bir şəklindən başqa bir şey dəyildir. Misirlilərin nablası İranda Əbu Nəsr Farabi tərəfindən təkmil edilmiş, İran tarı halına salınmışdır. Azərbaycanda da İran tarı məşhur tarçalan Sadıq tərəfindən büsbütün dəyişdirilmiş, azərbaycanlılaşdırılmışdır".
O, cəsarətlə tara qarşı addımlar atmaqdan çəkinməyə, əksinə, tarın həm Azərbaycanda, həm beynəlxalq musiqi müstəvisində nüfuzunun artırılması üçün səyləri artırmağa səsləyirdi: "Tar öz diapazonuna (səsinin həcminə) görə də kiçik bir instrument dəyildir. Bunun iki oktava yarım səsi vardır. Halbuki Avropa musiqi instrumentlərindən bir çoxunun diapazonu bundan kiçikdir.
...Tarın tərəqqi yolunu kəsməməli, konservatoriyada tar dərslərini məhdud bir hala salmamalı, yenə də əvvəldə olduğu kimi aparmalı, tarı çayçı, kababçı dükanlarından xilas edib Azərbaycan xalq instrumentləri nümayəndəsi sifətilə beynəlxalq musiqi instrumentləri ailəsi içərisinə daxil etməyə çalışmalıyıq".
Gənc yaşına tən gəlməyən bir ağsaqqal sanbalı ilə Əfrasiyab Bədəlbəyli tarı nəinki sıxışdırmaq, əksinə, onun artıq həyatda özünü doğrultmuş tədrisi şəbəkəsini genişləndirməyi, tarda daha çox not əsərlərinin yaranmasına çalışılmasını təşviq edirdi: "Aprel inqilabından sonra tar geniş bir intişar tapmışdır. İşçi klubları, qadın klubları, kəndli guşələri, məktəblər və qızıl ordu hissələrinin çoxunda tar dərnəkləri vardır. Eyni surətdə, musiqi məktəblərində dəxi tar dərsi sinifləri təşkil olunmuş və bu siniflərdə oxuyanlardan gələcəkdə toy tarçıları dəyil, bəlkə musiqi elmini istər nəzəri və istərsə əməli cəhətdən ətraflı öyrənmiş musiqiçilər yetişdirmək məqsədi yürütülmüşdür. Musiqi məktəblərində (əvvəlcə Dövlət Türk Musiqi Texnikumu, sonra isə Dövlət Konservatoriyasında) tar dərsi oxuyan şagirdlərə həm Şərq muğamatı və həm də not üzrə tar çalmaq dərsləri verilir. Tarın not üzrə çalınması işlərini daha mükəmməl, daha düzgün və daha səmərəli bir hala salmaq üçün vaxtilə Dövlət Musiqi Texnikumu yanındakı Elmi-Bədii Şura tar instrumentinin bütün xüsusiyyətini nəzərə alaraq tar üçün xüsusi musiqi açarı (Qərb musiqisindəki metso-soprano açarı yerində) qəbul etmiş, başqa instrumentlərdə olduğu kimi, tar üçün dəxi müəyyən kök təyin olunmuş, (ağ sim - do, sarı sim - bir kvarta, yəni dörd pərdə aşağı - sol) və not ilə tar dərsləri bu əsas üzrə verilmişdir".
Rəsmi siyasətin vurduğu adamı da, hər hansı cərəyanı da, milli varlığın simgəsi olan çadra, papaq, tar, muğam kimi dəyərləri də müdafiə etməyin bolşevik qırmızılığı ilə düşmən dəyirmanına su tökmək kimi dəyərləndirildiyi quduz əyyamlarda Əfrasiyab Bədəlbəylinin etdiyi sadəcə cəsarət sayılmamalı, milli ləyaqət və qeyrətin ən parlaq ifadəsi kimi qiymətləndirilməlidir.
"Yox" hayqıranlar, "sus" bağıranlar çox və belləri siyasətə bağlı olduqlarından ötkəm idilərsə də, bu xəttə əks gedənlər sayca az olsalar da, haqqın tərəfində olduqlarına qəlbən inandıqlarından daha güclü, daha inamlı idilər.
Tarın, muğamın başı üzərində qatılaşan buludları dağıtmağa yüksələn səslərdən biri də Əlağa Vahidinki idi. Elə şeirinin adı da belə idi: "Mənim səsim":
"Əraq"ı, "Rast" qıl, çal "Şahnaz"la,
"Məqam"ı başlayım "Şur"u "Hicaz"la.
Dünyanı coşdurum bu xoş avazla,
Aparsın hər yana yellər səsimi.
1934-cü ildə tara qarşı böyük həmlənin qarşısı nisbətən alınmışdı, ancaq təhlükə hələ də qüvvədəydi və tarı "xalq düşməni" damğasından xilas etmək təşəbbüsləri əsla səngidilməməli idi. Bütün bunları həssaslıqla anlayan Üzeyir bəy Azərbaycan Dövlət Konservatoriyasında nəzərlərini gələcəyə tuşlayaraq "Tarın və kamançanın perspektivləri" mövzusunda məruzə edirdi: "Musiqi məktəblərimiz bu çalğı alətlərini inkar etməməlidir, çünki həmin alətlərdə notla çalmaq təcrübəsi göstərmişdir ki, bu sahədə çox böyük nailiyyətlərə çatmaq olar.
Tarda və kamançada notla, yaxud muğam üzrə çalmaq işi qaydaya salınmalıdır və bu iş bütün musiqi məktəblərimizdə möhkəmləndirilib genişləndirilməlidir. Notla çalınan xalq musiqi alətləri orkestrosunu yaratmaq işi sürətləndirilməlidir".
Bu sözləri söylədiyi, bu mübarizələri apardığı, dövlətin mədəniyyət sahəsindəki siyasətini dəyişib daha düzgün məcraya yönəltmək istədiyi o illərdə adı sovetlərin "etibarsızlar" siyahısında olan, qardaşı Ceyhun Hacıbəyli (1891-1962) Parisdə siyasi mühacirətdə yaşayan Üzeyir bəy hər gün həbs, güllələnmə, sürgün təhlükəsi ilə üz-üzə idi. Vicdanının hökmü ilə, öz taleyi bahasına tarı ölümdən xilas edirdi...
Üstündən onillər sovuşandan, tarın başı üstündən qara siyasət buludları çəkiləndən xeyli sonralar, artıq bu sevimli musiqi aləti sosialist cəmiyyətində də hörmət-izzətli bir mövqe tutduğu əyyamlarda Süleyman Rüstəm hər halda özündə etiraf təpəri taparaq komsomol havalı gənclik çağlarının o üzüqara köhnə tar şeirinə bir daha qayıtmış, qoca tardan üzrxahlıq etmişdi:
"Kəs səsini, kəs səsini, kifayətdir, sus, ey tar,
İstəməyir proletar səndə çalınsın "Qatar!"
Cavanlıqda haqqında mən bu sözləri yazmışdım.
Lakin səni otağımın divarından asmışdım.
İllər keçdi, yaşa doldum, öz səhvimi düşdüm başa,
Mən könüldən vurularaq qulaq asdım tar yoldaşa.
Dindirdikcə sənətkarlar sənin incə tellərini
Nəğməm gəzir dalğa-dalğa xoşbəxt sovet ellərini.
Yox, yox, buna qane oldum, tarı səsə qoymaq olmaz,
Onun doğma ahəngindən doymaq olmaz, doymaq olmaz.
Bu gün bütün Azərbaycan boyu musiqi məktəblərimizdə tar öyrədilir, tar ürəyimizin başındadır, tar iftixarımızdır, tar Azərbaycanın təşəbbüsü ilə UNESCO-nun qorunması, tərəqqisi vacib olan ümumdünya sərvətləri siyahısına daxil edilmişdir, tar yaşayır.
Azərbaycanda istedadlı tarzənlər bütün bölgələrimizdə həmişə olub. Ancaq bir-birindən qüvvətli parlaq tar ifaçılarımızın XXI yüzilin ilk onilliklərindəki bolluğu sanki arxada qalan dövrlərlə müqayisədə indi daha çoxdur.
Tarımızın və tarzənlərimizin ölkə xaricindəki zəfərləri də keçmişdəkilərdən qat-qat boldur.
Azərbaycan tarı və tarzəni indi bütöv tarixinin ən təntənəli dövrünü yaşamaqdadır.
İllərin arxasında isə tarın ziddiyyətli siyasi çaxnaşmalar və barışmaz ideoloji mübarizələr meydanında yaşadığı təlatümlü bir yol qalır.
Tarımızın qədrini daha çox bilmək və onu daha artıq qorumaqdan ötrü gərək həmin fırtınalı keçmişdən də yaxşı agah olaq.
Tarımız uzun, şərəfli, əsla sadə olmayan ömür yaşayıb və insanlarımıza o qədər sevinclər və zövq bağışlayıb ki, hamımızın, bütöv millətin ona borcu var.
Müsəlman Şərqində keçmişlərdən gələn bir söyləyişdir ki, evdə "Quran" varsa, gərək hərdən-hərdən onu hökmən açasan, oxuyasan.
Adı ilə Tanrını yada salan TAR da harda varsa, gərək heç vaxt susub qalmaya, mütləq vaxtaşırı köklənə, çalına. Tar bizə babaların daim ruhumuzu kökləyən əmanətlərindəndir.
Qatmaqarışıq illərdən, təlatümlü çağlardan tar salamat qurtara bilibsə, sinələrdən düşməyibsə, xalqın qəlbiylə həmahəng çırpınmaqda davam etmyə qadir olubsa, səbəb çətin gündə onun səsinə səs verənlər, onu öz taleyi və müqəddəratı bahasına qoruyanlardır. Hər tarı dinləyəndə, hər dəfə mahir barmaqların füsunkar gəzişlərinə heyran kəsiləndə o fədakarları məhəbbətlə, rəhmətlərlə anın. Bu gələn səs həm də onların səsidir.
22 mart 2025

