Kredit həyat sığortası gözləntiləri doğruldurmu? “Qara pişik” sindromu, yoxsa əlavə xərc ARAŞDIRMA
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bir müddət əvvəl belə bir problem geniş müşahidə edilməyə başlamışdı. Deməli, vətəndaş bankdan kredit götürür. Bir müddət sonra dünyasını dəyişir və təbii ki, kredit öhdəliyi bank tərəfindən vətəndaşın mirasına, vərəsələrinə yönəldilirdi. Vərəsələr, yəni ailə üzvləri kredit borcunu bağlaya bilmədikdə, dünyasını dəyişən şəxsin əmlakı (əksər hallarda ailə üzvlərinin yaşadığı yeganə ev) məcburən satılmalı və öhdəlik təmin edilməli olurdu. Bu isə banklarla vətəndaşlar arasında ciddi problem yaradırdı. Və yaxud vətəndaş əvvəlcə işləyib kredit borcunu aylıq ödədiyi halda, hansısa hadisə ilə üzləşir və əmək qabiliyyətini itirir. Bu halda kredit öhdəliyi ilə bağlı tərəflər arasında anlaşılmazlıq yarana bilir. Bütün sadalanan halların aradan qaldırılması üçün ötən ilin əvvəllərində bank və sığorta sektoru bir araya gəlib müzakirələrə başladı. Sonda xarici təcrübəyə əsaslanaraq yeni bank-sığorta məhsulu (bancassurance) olan kredit həyat sığortası yaradıldı.
Azərbaycan Mərkəzi Bankı bununla bağlı tənzimləyici çərçivəni qəbul etdikdən sonra yerli banklar artıq kredit verərkən vətəndaşlara onu sığortalamağı da təklif etməyə başladılar.
Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, son bir ildə, yəni ötən ilin may ayından bu ilin may ayına qədər olan müddətdə kredit həyat sığortası üzrə yığımların həcmi 6 milyon 564 min 887 manat təşkil edib. Sığorta şirkətləri bunun qarşılığında 394 min 397 manat ödəniş həyata keçiriblər. Başqa sözlə, bu sığortanın ilkin faktiki ödəniş-yığım nisbəti 6%-dir. Sığortaçıların zərərlilik yanaşmasının fərqli olduğunu nəzərə alsaq belə, yenə də bu sığorta məhsulu sığorta şirkətləri üçün yeni imkanlar deməkdir.
İlkin olaraq kredit həyat sığortası sadəcə istehlak kreditlərini əhatə edir. Mərkəzi Bankın açıqlamasına görə, bu ilin iyun ayının 1-nə ölkə üzrə istehlak kreditləri portfelinin həcmi 8,88 mlrd. manat təşkil edir. Maliyyəçilər isə bildirirlər ki, ölkədə illik yeni istehlak krediti həcmi 100 milyon manat civarındadır. Son bir illik rəqəmi nəzərə alsaq, kredit həyat sığortası məhsulunun penetrasiya səviyyəsi 6,6% təşkil edir. Bu həm də kredit həyat sığortası məhsulunun bazar potensialı deməkdir. Yəni, bu sığorta məhsulu üzrə yığımları 100 milyon manata qədər artırmaq olar.
Amma bu o şəraitdə ola bilər ki, sığorta şirkətləri ilə yanaşı, məhsulu təklif edən tərəf – yəni banklar və məhsulu alan tərəf – əhali bunda maraqlı olsun.
Əhali ümumiyyətlə bu sığorta məhsulu haqqında nə bilir, nə dərəcədə məlumatlıdır?
“APA-Economics” məsələyə daha da aydınlıq gətirmək üçün vətəndaşlar arasında sosial media üzərindən sorğu keçirib. Sorğu maraqlı nəticələr ortaya çıxarıb. Respondentlərin 59%-i bildirib ki, kredit həyat sığortası haqqında məlumatlıdır. 41% isə bu sığortanın adını eşitmədiyini deyir.

Respondentlərin 22%-i kredit həyat sığortası haqqında sosial media üzərindən, 20%-i onlayn media, 4,4%-i televiziya, 2,2%-i radio, 2,2%-i dost-tanış vasitəsilə məlumat əldə etdiyini deyib. Sığortaçılar ya çap mediası və küçə reklamları vasitəsilə reklama maraq göstərməyib, ya da bu respondentlərin diqqətini çəkməyib. Çünki sorğuda bu iki bəndi seçən olmayıb. Maraqlıdır ki, respondentlərin 48,9%-i qeyd edilənlərdən başqa vasitələrlə bu sığorta məhsulu haqqında məlumat aldığını bildirib.
_1751262933.jpeg)
Ümumilikdə, sığorta məhsulu yeni təqdim edildiyi üçün əslində bu nəticə sığorta şirkətləri üçün məqbul hesab edilə bilər. Görünən odur ki, sığorta şirkətləri məhsulun təbliğatı üçün kifayət qədər addım atıblar.
Gəldik əsas məsələyə. Bəs, vətəndaşlar kredit götürərkən öhdəliklərlə bağlı həyatlarını sığortalamaq istəyirlərmi?
_1751263018.jpeg)
Respondentlərin 48%-i bildirir ki, bəli, bu sığorta məhsulu faydalıdır və sığorta edərəm. Digər üç cavab neqativdir. 23% respondent hesab edir ki, bu əlavə xərcdir. 6,3% isə imtinanı kredit həyat sığortasının baha olması ilə əsaslandırır. 23% respondent ümumiyyətlə sığortaya güvənmədiyini deyir.
İndi vətəndaşların yanaşmalarını bir-bir incələyək.
Kredit həyat sığortası nə dərəcə faydalıdır?
Sığortaçı, həyat sığortası üzrə ekspert Şəhriyar Məcidov “APA-Economics”ə bildirib ki, bu sığorta məhsulunun birbaşa faydası sığorta şirkəti və bankdan daha çox vətəndaşla bağlıdır. Ötən ildən etibarən yeni qaydalar tətbiq edildikdən sonra tariflər 6-8 dəfə aşağı salınıb və kredit həyat sığortası vətəndaşlar üçün daha əlçatandır: “Məsələn, əvvəl kredit verilərkən sığorta haqqı 100 manat hesablanırdısa, indi bu rəqəm cəmi 15 manatdır. Bu isə kifayət qədər böyük fərqdir”.
Məhsulun əsas məqsədi vətəndaşın kredit götürdükdə belə, özü və ailəsinin gələcəkdə maliyyə sabitliyi riski ilə qarşılaşmaması üçündür.
Kredit həyat sığortası bahadırmı?
Ekspertlər qeyd edir ki, kredit tarifləri yaş və kredit məbləğinə görə müəyyən edilir. Məsələn, 30-35 yaşlı bir nəfər bir il üçün 3 min manat kredit götürübsə, bunun üçün cəmi 6-7 manat sığorta haqqı ödəmiş olur.
40 yaşdan sonra isə tariflər kəskin artır. Bu da ölüm riskinin daha yüksək olması ilə bağlıdır. 65 yaşadək vətəndaş bu sığorta məhsulundan istifadə edə bilər və ən yüksək tarif də təbii ki, bu yaşda olan vətəndaşlara hesablanır. Məsələn, 64 yaşlı vətəndaş bir il müddətinə 10 min manat kredit üçün 250 manat sığorta haqqı ödəyir. Bu isə kredit faizi üzərinə 0,25% əlavə olunması deməkdir.
Həyat sığorta şirkətlərindən birinin rəhbərinin “APA-Economics”ə bildirdiyinə görə, yerli həyat sığortası şirkətləri üzrə kredit həyat sığortasında orta tarif eynidir və kredit faizi üzərinə əlavə 0,25-1 faiz civarında xərcə çevrilə bilər. Minimal tarif isə 0,12 faizdən başlayır.
Xarici ölkələrlə sözügedən sığorta tarifini müqayisə etdikdə isə Azərbaycanda bu tariflərin kifayət qədər aşağı olduğunu görürük.

“APA-Economics”in araşdırmasına görə, 30 yaş üzrə Azərbaycanda kredit həyat sığortası tarifi ortalama 0,25 faiz təşkil edirsə, bu rəqəm Böyük Britaniyada 0,35%, ABŞ-da 0,45%, Avropa ölkələrində 0,50%, Türkiyədə isə 1% təşkil edir. 45 yaş üzrə Azərbaycanda tariflər 0,80% olduğu halda, ABŞ, Avropa ölkələri və Türkiyədə bu rəqəm 0,75-1,4%, 60 yaş üzrə isə Azərbaycanda 1,5% təşkil etdiyi halda, sözügedən ölkələrdə 1,6-2% arasında dəyişir.
Bəs, vətəndaşların bir qisminin sığortaya güvənməməsi nə ilə bağlıdır? Kredit həyat sığortasında ödənişdən imtina oluna bilərmi?
Sığorta ekspertləri bildirirlər ki, sığorta ödənişindən imtina halları əsasən qeyri-həyat sığorta növləri, xüsusilə də icbari avtosığorta ilə bağlı ola bilər. İcbari avtosığorta üzrə kütləvilik daha yüksəkdir və burada müəyyən hallarda sığorta şirkətləri ödənişdən imtina edə bilərlər.
Kredit həyat sığortasında isə ortada konkret fakt yaranırsa, yəni ölüm halı və ya əmək qabiliyyətinin itirilməsi baş verirsə, sığorta şirkəti ödənişdən imtina edə bilməz. Yalnız intihar istisna olmaqla, digər hallarda kredit həyat sığortası üzrə ödəniş həyata keçirilir. Amma təbii olaraq, vətəndaş bir dəfə bir sığorta ödənişindən imtina alıbsa, bu onun digər sığorta məhsullarına da yanaşmasına təsir edir.
Problem vətəndaşdadır? – “Qara pişik”, “düşər-düşməz” sindromu
Sığorta ekspertləri əksinə, vətəndaşların bu sığortaya psixoloji olaraq hazır olmadıqlarını deyirlər.
“Mentalitetə uyğun olaraq hesab edirlər ki, belə bir sığortadan istifadə etməyin düşər-düşməzi ola bilər. Yəni, kredit götürərkən həyatımı sığortalayaramsa, bu gələcəkdə mənim ölümümə səbəb ola bilər. Bu, “qarşımdan qara pişik keçdi, işim düz gətirməyəcək” kimi mifik yanaşmalara bənzəyir. Mütəmadi olaraq vətəndaşlarla ünsiyyət qururuq. Görürük ki, vətəndaş bunu istəyir, almaqda maraqlıdır. Sual verir, məlumat alır, detallı məlumat alanda müsbət qarşılayır. Sadəcə psixoloji hazır deyil. Bir də məşhur yanaşma var ki, “həyatımı itirdikdən sonra kreditin ödənilib-ödənilməməsinin mənim üçün nə əhəmiyyəti var?!” Əslində bu belə deyil. Vətəndaş əgər həyatını itirirsə, bu sığorta onun ailəsinin gələcəkdə maddi problemlə üzləşməsinin qarşısını alır” – Şəhriyar Məcidov qeyd edir.
Ekspert vurğulayıb ki, Azərbaycanda gənclər arasında, xüsusilə də 30-35 yaş arasında ölüm hallarının 50%-dən çoxu avtoqəza və xərçəng xəstəliyi ilə bağlıdır. Bu faktların özü də kredit həyat sığortasının zəruriliyini bir daha ortaya çıxarır.
Ekspertlər ümumilikdə qeyd edirlər ki, Azərbaycan əhalisində riskə, sığortaya və ya həyat sığortasına qarşı maraq arzuolunan səviyyədə deyil. Əgər hər hansı bir sığorta növündə icbarilik və ya məcburiyyət yoxdursa, bu növlər üzrə satış dinamikası yüksək olmur: “Əhali öncə riskin fərqində olmalıdır ki, sonra həmin riski paylaşmaq üçün sığorta alətindən istifadə etmək istəsin. Əhalidə rasional yanaşma zəif olduğu üçün istehlak kreditlərinin həyat sığortasında da bu tendensiya özünü göstərir. Nəzərə alsaq ki, ölkə əhalisinin 70%-dən yuxarı hissəsi kredit alır, bu ciddi göstərici mesaj verir ki, verilən kreditlər sığortalanmalıdır. Müşahidələr və bazar iştirakçılarının təcrübələrinə əsaslanaraq bildirmək istərdik ki, maraq yüksək səviyyədə deyil. Əhali krediti əldə edərkən əlbəttə ki, artıq maliyyə ödəyib sığorta təminatını almaq istəmir. Çünki əhali gələcək risk ehtimalları barədə düşünmək istəmir, hər hansı bir neqativ informasiyanı qəbul etmək istəmir.”
Banklar kredit həyat sığortası təklif etməkdə maraqlıdırmı?
Burada əsas məsələlərdən biri maraqlı tərəflərdən biri – bankların kredit həyat sığortası təklif etməkdə maraqlı olub-olmamasıdır. Hələ 2023-cü ildə banklar, həyat sığorta şirkətləri və iki tərəfin assosiasiyaları birgə qızğın müzakirələr aparırdılar. Banklar yeni məhsulu kredit faizlərinə əlavə xərc kimi görürdülər. Ona görə bir xeyli müzakirələr davam etdirildi. Sonda banklarla kredit həyat sığortası sistemi arasında inteqrasiya aparıldı və ötən ildən yeni məhsul təqdim edilməyə başladı.
Amma hazırkı əməkdaşlıq və kredit həyat sığortasının satış həcmi sığorta şirkətlərini qane etmir. Onlar satışların aşağı olmasını vətəndaşların marağının aşağı olmasından çox bankların soyuq yanaşması ilə əlaqələndirirlər.
Qeyd olunur ki, həyat sığorta məhsulu nə qədər faydalı və münasib qiymətə təklif edilsə də, məhsulu müştəriyə, yəni vətəndaşa təqdim edən tərəf bankdır. Banklar isə hazırda kredit faizlərində, komissiya şərtlərində və digər nüanslarda digər banklarla rəqabət aparırlar. Belə olan halda sığorta haqqını da əlavə xərc kimi görürlər. Halbuki kredit həyat sığortası digər tərəfdən bankların problemli kredit risklərini azaltmış olur.
Sığortaçılar hesab edirlər ki, bankların marağının artırılması üçün əlavə təşviq mexanizmləri tətbiq edilməlidir. Məsələn, bankların kredit riskləri üzrə tətbiq edilən ehtiyat normaları dərəcələndirilə bilər və sığorta edilən kreditlərə artıq bu normaların tətbiqində güzəşt tətbiq edilə bilər. Bununla bağlı isə tənzimləyici qurum olan Mərkəzi Bank qərar verməlidir.
Yəni, son nəticədə elə güzəştli şərait yaradılmalıdır ki, bank və vətəndaş sığorta xərcini kredit faizi üzərində əlavə təzyiq kimi hiss etməsin. Bu zaman da kredit həyat sığortasının satışı daha da genişlənə bilər.
Kredit həyat sığortası şirkətlər üçün nə qədər sərfəlidir?
Sığortaçılar qeyd edirlər ki, sığorta bazarının zərərlilik göstəricisi adətən ilkin ödəniş-yığım nisbəti ilə göstərilir. Məsələn, icbari sığortaların zərərliliyi 80% civarında göstərilir. Halbuki bu, reallıqda 100%-dən çoxdur. Mövcud kredit həyat sığortalarını 3 illik hesablasaq, bunun yalnız 6 aylıq dövrü artıq bitib. Bu portfel üzrə zərərliliyi dəqiqliklə isə 3 ildən sonra müəyyən etmək olar. Ümumilikdə isə kredit həyat sığortası üzrə zərərlilik 85% civarında proqnozlaşdırılır. Bu sığorta məhsulu üzrə 5%-lik bir marja belə həyat sığorta şirkətləri üçün qənaətbəxş hesab olunur. Sığortaçıların istəyi ondan ibarətdir ki, 3-5%-lik marja olsa belə, yığımlar davamlı olsun.
Ümumiləşdirsək, kredit həyat sığortası bütün tərəflər üçün faydalıdır. Bu sığorta bazarının böyüməsinə təkan verə bilər. Vətəndaş maliyyə riskləri üzrə təminat alaraq gələcəkdə baş verə biləcək hadisələrdən özünü sığortalaya bilər. Banklar isə kredit riskləri ilə bağlı təminat əldə etmiş olur ki, bu da onların xərclərini optimallaşdırmağa yardımçı ola bilər. Sadalanan faktlar onu deməyə əsas verir ki, bu mexanizmin daha da canlanması üçün əlavə təşəbbüslərin reallaşdırılmasına ehtiyac var.
Bu araşdırma Azərbaycan Sığortaçılar Assosiasiyasının “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusu üzrə təşkil etdiyi yazı müsabiqəsi üçün hazırlanıb


