Kreml öhdəliklərini yerinə yetirmir: “Azərbaycan diasporuna təzyiqi artırır”
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında və bu gün baş tutacaq MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyib.
Prezident Administrasiyasından isə bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib. Dövlət başçısı MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyib.
“Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Prezident Administrasiyası tərəfindən bu səfərin baş tutmaması ilə bağlı kifayət qədər dolğun açıqlama verilib:
“Sözügedən zirvə toplantısı qeyri-rəsmi xarakter daşıyır. Faktiki olaraq, Rusiya Prezidenti Vladimir Putin hər il ilin sonunda keçmiş postsovet məkanına daxil olan MDB ölkələrinin dövlət başçılarını Sankt-Peterburqa dəvət edir və müəyyən mövzular ətrafında müzakirələr aparılır. Bu müzakirələrdə hansısa ciddi qərarlar qəbul olunmur. İkinci səbəb isə son bir il ərzində Azərbaycanla Rusiya arasındakı məsələlərdir. Belə ki, AZAL-a məxsus təyyarənin vurulmasından sonra Rusiya tərəfi öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyib.
Hətta bu ilin oktyabrın 10-da Düşənbədə Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında keçirilən görüşdə Vladimir Putin bu məsələ ilə bağlı öz üzərinə müəyyən öhdəliklər götürmüş, hüquqi proseslərin yekunlaşdırılacağını, günahkarların cəzalandırılacağını və zərərçəkmişlərə kompensasiyaların ödəniləcəyini bəyan etmişdi.
Lakin təəssüf ki, həmin dövrdən bu günə qədər hər hansı ciddi addımların atıldığını müşahidə etmirik. Əksinə, son dövrlərdə Rusiya tərəfindən yenidən Azərbaycan diasporunun qarşı müəyyən təzyiq elementlərinin artdığı görünür. Bu isə şübhəsiz ki, ikitərəfli münasibətlərə zərər vuran amillərdəndir”.
Politoloq qeyd edib ki, Azərbaycanın Rusiya ilə bağlı siyasəti rasional yanaşmaya və ikitərəfli, qarşılıqlı hörmətə əsaslanan qonşuluq münasibətlərinə söykənir:
“Azərbaycan tərəfi münasibətlərin normal saxlanılmasında, o cümlədən ticarət və iqtisadi əməkdaşlıq istiqamətində mühüm addımlar atıb və bu xətti davam etdirməyə çalışır. Təəssüf ki, Rusiya tərəfi yalnız Azərbaycana deyil, keçmiş postsovet məkanında yer alan bir sıra ölkələrə fərqli prizmadan yanaşır. Bu da münasibətlərdə soyuqluğa və məsafəyə gətirib çıxarır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 22 Dekabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















