Icma.az
close
up
RU
Külündən doğulanlar

Külündən doğulanlar

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabah görüş var. Qarabağın sayılıb-seçilən kəndlərindən olan iki Seyidəhmədlinin Yuxarısının görüşü. Bu gün hər kəs bu görüşə hazırlaşır, bütün söhbətlər bu haqdadı. Axı bu, elə-belə görüş deyil! Bu, ömürlərin, talelərin görüşüdü, bir kəndin görüşüdü. 32 ildən sonra baş tutan görüşdü. Kəndimizdən çıxanda, məndən yaşda böyüklər sayca daha çox idi. Sabah yaşda məndən kiçiklər daha çox olacaq. Kaş, bu ömür yerdəyişməsi olmalı olduğu kimi olaydı. Olmadı... Biz nələr çəkdik, nələr itirmədik ki. Qoy inciməsin köçkün olmayanlar: bunu başa düşmək üçün qaçqın olmalısan. Axı bizlər tək ev-eşiyimizi itirmədik. Əziz insanlarımızı, eyni zamanda hər birimiz ayrılıqda öz həyatımızı itirdik. Biz kökü kəsilən ağac kimi olduq. Təzədən kök atdıq. Min bir zülmlə. Bundan daha böyük ifadə olsa, onu yazardım. Ömür yolları ayrıldı, qohumlar uzaq düşdü, qonşuluqlar itdi, sevgilər bitdi... Min bir zülm tək maddi, tək fiziki olmadı ki... Bunun mənəvi, psixoloji tərəfi dağdan ağırdı. Bunun zaman tərəfi yeridolmayacaq, geridönməyəcəkdi! Kəndimiz işğal olunandan sonra institutda oxuyurdum. Semestr bitirdi, yay gəlirdi. 9 ay ərzində dolub-daşan yataqxana boşalırdı, hər kəs öz rayonuna, kəndinə - öz evinə gedirdi. Qardaşımla mənsə yayda da yataqxananı tərk etmirdik. Çünki gedəcək kəndimiz, evimiz yox idi!

"Sevgilim yox, dərdin çəkim Kəndim də yox, şəklin çəkim" - yazmışdım o vaxt. O boşalmış yataqxanada tək qalmaq həyatın bizə vurduğu zərbənin bir iynə deşiyindən görünə biləcək qədəri idi! Bu, ev-eşiyini itirmiş insanın çəkdiklərinin sadəcə bir ilməsidi. O çətinliklər, o ağırlıqlar şəbəkəsində nələr yoxdu... Hərənin payına düşənlər bir cür ağırdı. Bir tikə çörəyə möhtac olanlar, hər zəhmətə rəva görülənlər, tənəyə-qınağa məruz qalanlar, çətinliklər qarşısında sınanlar, qırılanlar... Sınmayıb, ürəyi partlayanlar... Uzaq diyarlardan meyiti gələnlər, meyiti belə vətənə geri "dönməyənlər"... Həyatın çətin məqamlarından qohumsuz-qonşusuz, təkbaşına keçən onminlər. İllərlə əldə etdiklərini bircə gündə itirib, yetim körpə kimi həyata sıfırdan və təkcə başlayan yüzminlər... Başlaya bilməyənlər az olmadı. Dözə bilməyənlər də. Nənə-babalarımız, ata-analarımız, müəllimlərimiz - yolgöstərənlərimiz, məsləhət ünvanlarımız getdi. Böyük qardaşlarımız döyüşlərdə can verdi. Talelər qırıldı, ömürlər bitdi. Sağ qalanlar yarımçıq olmadı, bəlkə də beşdəbir, ondabir oldu!

...Sonradan o yataqxana otağı bütün ailəmizi məskunlaşdıracaq, illərlə kiçik bir otaqda 6 nəfər yaşayacaqdı. Bəlkə hansısa qaçqın ailəsi bir otaqda 5 nəfər yaşadı, bəlkə hansısa 7 nəfər. Amma hamı bu 30 ili eyni cür yaşadı! Hətta həyatın dolaylarında şansla üzləşib müəyyən imkana çatanlar da mənən "kiçik yataqxana otağında", qaçqın düşərgələrindəki palçıqlı çadırlarda "keçirdi" bu illəri... Yataqxananın ümumi eyvanının bir hissəsinə torpaq töküb, gül-çiçək əkən qaçqın qadını xatırlayıram. Vətən müharibəsindən az keçmiş, pilləkəndə bir oğlanın yaşlı kişiyə çinar yarpağı uzadıb, "sənin kəndindəndi" dediyini, kişinin bircə yarpağı sanki böyük çinar ağacını qucaqlayırmış kimi, bağrına basdığını unudarammı heç?.. Siz hardan biləsiz, o qadın o gülləri niyə əkirdi? Siz hardan biləsiz o kişi əslində nəyi bağrına basırdı?..

Sabah görüş var. Hamı hazırlaşır, hər kəs ən gözəl geyimində gələcək. Səhv başa düşdünüz. Mən pal-paltarı nəzərdə tutmadım ki... Sabah hər kəs 32 il öncəki görkəmində, yaşında və ruhunda olacaq! Hamımız gedəcəyik. Bizi bu hala salanları, 30 ildə yaşadıqlarımızın baiskarlarını lənətləyə-lənətləyə. Müharibədən qayıdandan sonra yazmışdım. Görmüşdüm deyə yazmışdım: biz bir də dağıdılmış evlərimizə qayıdanda, viran qoyulmuş qəbiristanlıqlarımızda yatan əzizlərimizi ziyarətə gedəndə lənətləyəcəyik erməniləri. Və bu, sonuncu "bir" deyil, sıradakı olacaq. Çünki bu qarğış dillərdə-ürəklərdə əbədi səslənəcək. Amma bir gözümüz nə qədər yaşlıdırsa, sabah o biri gözümüz ondan da çox sevincli olacaq!

O adam xoşbəxtdir ki, hisslərini etibar etdiyi yer var. Axır ki, bizim də "o yer"imiz var! O yer ki, bizə o hissləri doğulanda verdi. O hissləri ki, qəlbimizdə gizlətdik, oddan-sudan qoruduq. Və o yer ki, sabah əmanəti ona qaytaracağıq! Həyatın hər üzünü görmüş, "yaşlanmış" hisslərimizi...

32 il öncə gözü arxada, ayağını sürüyə-sürüyə ölkənin hər yerinə dağılmış el-oba, sabah uça-uça ölkənin hər yerindən bir yerə - ana qoynuna, ata sığalına yığışacaq. Sabah böyüklərin yanında Seyidəhmədlidə doğulmayan, Seyidəhmədlidə məktəb partası arxasında oturmayanlar da olacaq. Və nə yaxşı ki, belə olacaq! Amma bəlkə də onlar heç vaxt bizim qədər seyidəhmədlili olmayacaq... Sabah kimlər görüşməyəcək, ilahi!.. Çəpər qonşuları, sinif yoldaşları, müəllim, dükançı, traktorçu, suçu, bərbər, həkim, poçtalyon, toyçalan, oxumuş, savadsız, qələmbaz, "Hitleri güllələyən" veteran, vəzifəli, müxalifətçi, vurub-yıxan, fağır - hər kəs, hamı - bütün kənd. Düz fikirləşirsiz. İndiyə onlar qalarmı?.. Bəs ruhları ki orda olacaq! Hamının ruhu kənddə olacaq. Dirinin də, ölünün də. Bir kəndin ruhu sabah özündə olacaq! Elə bunları qulağıma pıçıldayan da o ruhdu, mən sadəcə, qələmə aldım.

Sabah kəndimizdə görüş var. Bir kənd dolusu həyəcan, bir dünya boyu duyğular. Bir el-obanın al-əlvan rəngi özünə qayıdır. Bir ağ-qara dövr başa çatır! Yazsan bitər, danışsan qurtarar ki?.. Yaxşısı budur, qoy sözlər kənara çəkilsin. Qoy hisslər danışsın: yeni sətirdən və ucadan!

Sonda bircə bunu da deyim: yayda yataqxanada tək qalan o tələbə oğlan daha olmayacaq!

17.05.2025

P.S. Mayın 18-də o görüş baş tutdu. Hamı gəlmişdi: həyatda olanlar da, olmayanlar da. Və bunu orda olan minə yaxın kənd sakininin hər biri gördü! Hamının ağzında isə bir dua vardı: Allah şəhidlərimizə rəhmət eləsin! Allah xalqımızı, dövlətimizi, Ali Baş Komandanımızı qorusun!

Məğrur ƏLİ POLAD

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 27 May 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see341

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see294

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see232

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see214

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see199

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see196

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see195

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see194

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see191

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see186

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see185

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see165

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see164

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see155

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see153

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see151

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see151

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see149

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see148

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri