Kurort naziri vəzifəsindən kənarlaşdırıldı
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyində olan “Kurort” Qapalı Səhmdar Cəmiyyəti və “Turizm və Ekskursiyalar” Şurası birləşdirilərək Kurort-Turizm Mərkəzi yaradılıb.
Pravda.az-ın xəbərinə görə, Mərkəzə nəzarəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Elkiyar Ziyadov edir. Hazırda Mərkəzin fəaliyyəti daha da çevikləşib.
Qeyd: “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri AHİK-nın sədr müavini Əbil Ağasiyev idi. Qurumun balansına “Abşeron” mədə-bağırsaq, “Bilgəh” kardioloji, “Qaranquş” uroloji, “Günəşli” nevroloji, “Şıx”, “Naftalan”, “Pirşağı”, “Xəzər”, “Şəki İstirahət Mərkəzi”, “Hacıkənd” İstirahət Evi, “Avtonəqliyyat” müəssisəsi, “Azərbkurorttikintitəmir” Birliyi, “Azərkurortlayihə”, Azərbminsugeokaptaj" respublika ekspedisiyası, “Kurort” Səhmdar Cəmiyyətinin Təchizat Birliyi və “Miras” Məhdud Məsuliyyətli Cəmiyyəti daxil idi. Ona görə də Ə.Ağasiyev mətbuatda "kurort naziri" adlandırılmışdı. O, 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra “Naftalan” Kurort Birliyində həkim və şöbə müdiri vəzifələrində işləyib, 1986-cı il tarixdən “Qaranquş” sanatoriyasında şöbə müdiri, 1987-ci ildən isə baş həkim vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayında “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti seçilib.
Nadir Qurbanov