Lənkəranda erməni rus dəstələrinə qarşı döyüşən türk zabiti Camal Paşa kim olub?
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
1918-ci ildə Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın sərkərdələrindən biri olan Yusif Camal bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin ərazi bütövlüyünün qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi və bölgədə törədilən silahlı təxribatların qarşısının alınması istiqamətində mühüm xidmətlət göstərib. O, bölgə əhalisinin müraciəti əsasında Lənkəran qəzasına gələrək, burada hərbi qərargah formalaşdırıb, yerli silahlı dəstələrlə birgə rus-erməni daşnak birləşmələrinə qarşı döyüşlər aparıb.
Yusif Camal bəy sovet hakimiyyəti qurulduqdan sonra siyasi baxışlarına və hərbi fəaliyyətinə görə təqiblərə məruz qalıb. Buna baxmayaraq, o, mübarizəsini davam etdirib. Yerli sakinlər onu Camal Paşa adı ilə tanıyıblar və bu ad bugünədək xalq arasında yaşamaqdadır.
Tarixçi Yadulla Mirzəyev bildirir ki, Astara rayonunun Pensər kəndində yerləşən tarixi məzarlar XX əsrin əvvəllərində bölgədə baş vermiş mürəkkəb və taleyüklü hərbi-siyasi hadisələrlə birbaşa bağlıdır və Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən gərgin mərhələlərinin şahidləridir: “1918-ci ildə Bakı erməni daşnakları və bolşevik silahlı birləşmələri tərəfindən işğal olundu, mart hadisələri zamanı dinc əhaliyə qarşı kütləvi qırğınlar törədildi. Həmin ağır şəraitdə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını azad edərək, ölkənin hərbi-siyasi taleyində həlledici dönüş yaratdı. Lakin Birinci Dünya müharibəsinin başa çatmasından sonra Osmanlı ordusu bölgəni tərk etməyə məcbur oldu. Buna baxmayaraq, Yusif Camal bəy başda olmaqla, bir sıra türk zabitləri Azərbaycan Xalq Cümhuriyyətinə dəstək məqsədilə ölkədə qaldılar. Camal Paşa Lənkəran qəzasında yerli əhalidən ibarət milli silahlı dəstələr formalaşdırdı. Bu dəstələrin əsas qərargahı Pensər kəndində yerləşirdi və qərargahın fəaliyyəti kənd ağsaqqalı Hacı Osmanın rəhbərliyi ilə həyata keçirilirdi. 1920-ci ildə sovet ordusunun Xəzər dənizinin cənub hissəsinə hücumu zamanı xəyanət nəticəsində Camal Paşa və Hacı Osman şəhid edildilər. Onlar Pensər kəndində, məscidin qarşısında dəfn olundular. Bu məzarlar bu gün də Azərbaycan Xalq Cümhuriyyəti uğrunda aparılan mübarizənin, eləcə də Azərbaycan-Türkiyə qardaşlığının tarixi rəmzi kimi qorunur və ziyarət edilir”.
Camal Paşanın yaxın silahdaşlarından biri olan Hacı Osmanın varisi İntizar Mürsəlov isə deyir ki, Pensər kəndinin ağsaqqalı olan babası türk zabiti ilə birlikdə könüllülərdən ibarət yerli döyüşçülərin səfərbərliyə alınmasında və xəyanətkar qüvvələrə qarşı qətiyyətli mübarizə aparılmasında fəallıq göstərib. “1918-ci ildə bölgədə erməni silahlı dəstələrinin törətdiyi qırğınlar zamanı babam Hacı Osman Qafqaz İslam Ordusuna yaxından dəstək göstərib, maddi və mənəvi köməyi ilə Camal Paşa və onun döyüş yoldaşlarının yanında olub. Elə həmin ildə Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra Salyan, Hacıqabul, Quba və Lənkəran istiqamətində hərəkət edib. Sonra Pensər kəndinə gəliblər. Kənd həmin dövrdə Lənkəran qəzasına daxil idi. Bu bölgəyə gələn sərkərdələrdən biri Camal Paşa kimi tanınan Yusif Camal bəy olub. Kənd əhalisi Camal Paşaya ümid edib. Çünki həmin dövrdə XI Qızıl Ordunun erməni tərkibli dəstələri dinc əhaliyə qarşı qətliamlar törədir, evləri yandırır, dini və tarixi abidələri dağıdırdı. 1920-ci ilin sonlarında Astara ərazisində gedən döyüşlər zamanı babam Hacı Osman və Camal Paşa eyni yerdə şəhid olublar. Hacı Osmanın vəsiyyətinə əsasən, hər ikisi atasının tikdirdiyi “Hacı Teymur” məscidinin həyətində gizli şəkildə dəfn ediliblər. Sovet dövründə bu həqiqətləri demək mümkün olmasa da, Azərbaycanın müstəqillik əldə etməsindən sonra tarixi faktlar bərpa olundu. Qardaş Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində Camal Paşanın burada dəfn edildiyi təsdiqləndi, məzarlar xatirə abidəsi kimi bərpa olundu. Bu gün həmin məzarlar ziyarət olunur və gənc nəsilə tarixin öyrədilməsində mühüm rol oynayır” , – deyə İntizar Mürsəlov vurğulayır.
Qeyd edək ki, şəhid Camal Paşanın və Hacı Osmanın məzarı uzun illərdir yerli sakinlər tərəfindən ehtiramla ziyarət edilir. Onların dəfn olunduğu məkan Azərbaycan–Türkiyə qardaşlığının, ortaq tariximizin və azadlıq uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin rəmzi kimi dəyərləndirilir.
1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə mühüm rol oynayıb, yüzlərlə türk əsgəri bu torpaqlarda şəhidlik zirvəsinə ucalıb. /Azərtac/
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 08 Yanvar 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















