Lider müdrikliyinin və qətiyyətinin müzəffər yürüşü
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin 7 il əvvəl səsləndirdiyi “Qarabağ Azərbaycandır!” hökmü xalqın milli iradəsini, tarixi həqiqətə və ədalətə inamını alovlandırdı
7 il bundan əvvəl – 2019-cu il oktyabrın 3-də Prezident İlham Əliyev Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında tarixi nitq söyləyib. Dövlətimizin başçısı Qarabağ məsələsi ilə bağlı ölkəmizin haqlı mövqeyini ifadə edib. Həmçinin sonradan dillər əzbəri olan “Qarabağ Azərbaycandır!” fikrini səsləndirib. Bu çıxış, eləcə də irəli sürülmüş şüar Azərbaycan xalqının toparlanmasında, öz gücünə inanmasında, torpaqlarını yağı düşməndən azad etmək üçün ölüm-dirim savaşına qalxmasında mühüm ilhamverici rol oynayıb.
Əslində, həmin gün Soçidə səslənən fikirlər illər boyu davam edən münaqişənin mahiyyətinə, ölkəmizin mövqeyinə və xalqımızın gözləntilərinə çox aydın cavab idi. Bu, sadəcə, diplomatik tribunadan səsləndirilən növbəti bəyanat deyildi. “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi uzun illər ərzində torpaqlarının işğal altında qalması ilə barışmayan Azərbaycan cəmiyyətinin düşüncəsini, mövqeyini və qətiyyətini bir cümlədə ifadə edirdi. Həmin dövrdə Qarabağ məsələsi ətrafında müxtəlif mülahizələr səslənir, münaqişənin həlli ilə bağlı ziddiyyətli yanaşmalar ortaya qoyulurdu. Ermənistanda yeni hakimiyyətə gəlmiş Nikol Paşinyan iqtidarının bizə qarşı ərazi iddialarını daha açıq şəkildə ifadə etdiyi bir vaxtda Prezident İlham Əliyev beynəlxalq auditoriya qarşısında Azərbaycanın mövqeyini konkret faktlarla ortaya qoydu. Bu baxımdan Soçi çıxışının siyasi çəkisi yalnız səsləndirildiyi günlə məhdudlaşmadı.
Soçidən dünyaya verilən aydın mesaj
Prezident İlham Əliyev çıxışında əvvəlcə Qarabağ münaqişəsinin beynəlxalq hüquq baxımından mahiyyətinə diqqət çəkdi. O, Azərbaycanın ərazilərinin uzun illər işğal altında qalmasını, 100 minlərlə insanın öz doğma torpaqlarından didərgin düşməsini xatırlatdı. Dövlətimizin başçısı qeyd etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu fikrin ardınca Prezident məsələnin tarixindən danışaraq diqqəti 1921-ci ildə Qafqaz bürosunun qərarına yönəltdi. Həmin çıxışda xüsusilə vurğulanırdı ki, sənəddə Qarabağın Azərbaycanın tərkibində qalması göstərilib. Yəni söhbət həmin ərazinin sonradan hansısa formada Azərbaycana verilməsindən yox, onun Azərbaycan ərazisində qalmasından gedirdi. Bu məqam xüsusilə əhəmiyyətli idi. Çünki Ermənistan tərəfi uzun müddət Qarabağın tarixi və hüquqi statusu ilə bağlı özünəməxsus təqdimatlar irəli sürürdü. Prezident isə emosional mübahisəyə getmədən, konkret tarixi və siyasi faktlara istinad edirdi.
Həmin vaxt artıq 25 ildən çox idi ki, Azərbaycan əraziləri işğal altında saxlanılırdı. Qarabağın dağlıq hissəsində yerləşən rayonlarla yanaşı, daha 7 rayonumuz da işğal edilmişdi. İşğal nəticəsində azərbaycanlı əhali doğma torpaqlarından qovulmuş, yaşayış məntəqələri dağıdılmış, geniş ərazilər viran edilmişdi. Prezident İlham Əliyev çıxışında bu reallığı belə ifadə edirdi: “Münaqişə nəticəsində Dağlıq Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhali qovulub, başqa sözlə desək, orada etnik təmizləmə aparılıb”. Bu, Qarabağ məsələsinin yalnız ərazi mübahisəsi kimi təqdim edilməsinə də imkan vermirdi. Ortada insanların pozulmuş hüquqları, dağıdılmış yaşayış məntəqələri, məcburi köçkün həyatı və uzun illər həllini gözləyən humanitar problem vardı.
Prezidentin çıxışında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə də xüsusi diqqət ayrılırdı. Azərbaycan Prezidenti həmin sənədlərin işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələrinin çıxarılmasını tələb etdiyini xatırladaraq dedi: “Əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır”.
Əlbəttə, bu fikir təkcə Qarabağ məsələsinə münasibət deyildi. Burada beynəlxalq hüququn qəbul etdiyi qərarların icrasının zəruriliyi məsələsi də ortaya qoyulurdu. Prezidentin sualı sadə və aydın idi: əgər beynəlxalq təşkilatın ali orqanı qərar qəbul edir, amma həmin qərar uzun illər icra olunmursa, onda beynəlxalq münasibətlər sistemində ədalət necə təmin edilə bilər?
“Qarabağ xalqı” ifadəsinə tutarlı cavab
2019-cu ildə Ermənistan rəhbərliyinin səsləndirdiyi fikirlər arasında “Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı” ifadəsi də vardı. Prezident İlham Əliyev Valday tribunasından bu yanaşmaya da münasibət bildirdi. Dövlətimizin başçısı açıq şəkildə dedi: “İndi deməliyəm ki, “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil”. Ardınca məsələnin mahiyyətini izah etdi. Bildirdi ki, Qarabağın əhalisi var və münaqişə başlayana qədər həmin əhali bərabər hüquqlara malik Azərbaycan və erməni icmalarından ibarət olub.
Bu yanaşmanın əsas məğzi ondan ibarət idi ki, Qarabağda yaşayan erməni əhalinin hüquqları Azərbaycanın digər vətəndaşlarının hüquqları kimi təmin edilə bilər, amma bu, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan ayrıca siyasi subyektin yaradılması anlamına gəlmir.
Prezident Azərbaycan üçün məqbul olan həllin nədən ibarət olduğunu da konkret şəkildə açıqladı: “Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Qarabağın dağlıq hissəsinə qayıtmasından ibarətdir”.
Beləliklə, Soçi çıxışında Azərbaycanın mövqeyi bütün əsas istiqamətləri ilə ifadə olunmuşdu: ərazi bütövlüyü, beynəlxalq hüquq, işğalın nəticələrinin aradan qaldırılması, məcburi köçkünlərin qayıdışı və bölgədə bütün əhalinin hüquqlarının təmin olunması. Bu mövqenin başqa bir mühüm tərəfi də vardı. Prezident İlham Əliyev Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının BMT Nizamnaməsinə, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğun olduğunu vurğulayırdı. Yəni Azərbaycanın tələbi beynəlxalq hüququn kənarında deyil, məhz onun prinsipləri üzərində qurulmuşdu.
Nöqtəyə qarşı nida
Soçi çıxışının yaddaşlarda ən çox qalan hissəsi isə Ermənistanın Baş naziri Nikol Paşinyanın bir neçə ay əvvəl – avqustun 5-də Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” fikrinə verilən cavab oldu. Prezident İlham Əliyev həmin bəyanatı sərt şəkildə qiymətləndirərək bildirdi: “Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır”. Ardınca isə tarixə düşən cümlə gəldi: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Bu cümlədəki “nida işarəsi” təsadüfi seçim deyildi. “Nöqtə” ilə bitirilmiş iddiaya qarşı “nida işarəsi” ilə verilən cavab həm siyasi qətiyyəti, həm də Azərbaycanın mövqeyinin dəyişməzliyini ifadə edirdi. Zaman keçdikcə bu ifadə təkcə siyasi bəyanat kimi qalmadı. Cəmiyyətin müxtəlif təbəqələrində geniş yayıldı, media materiallarında, ictimai məclislərdə, müxtəlif platformalarda istifadə edildi. 2020-ci ilin Vətən müharibəsi zamanı isə bu sözlər xalqın və ordunun birliyini ifadə edən şüarlardan birinə çevrildi.
Burada mühüm bir məqam var: 2019-cu ilin oktyabrında səslənən “Qarabağ Azərbaycandır!” fikri müharibədən əvvəl deyilmişdi. Yəni həmin vaxt Azərbaycanın qarşısında hələ böyük və ağır bir sınaq dayanırdı. İşğal olunmuş torpaqların azad edilməsi yalnız siyasi iradə deyil, həm də ciddi hərbi hazırlıq, dövlət gücü və xalq birliyi tələb edirdi. Məhz buna görə həmin ifadənin cəmiyyətə təsiri sonrakı hadisələr fonunda daha aydın görünməyə başladı.
Bir şüarın tarixi hökmü
2019-cu ildən sonra “Qarabağ Azərbaycandır!” ifadəsi Azərbaycan cəmiyyətinin yaddaşında xüsusi yer tutdu. Bu şüar illərlə torpaq həsrəti ilə yaşayan insanların arzularını, məcburi köçkünlərin doğma yurda qayıtmaq istəyini və xalqın Qarabağla bağlı düşüncələrini bir araya gətirdi. 2020-ci ilin Vətən müharibəsi isə bu sözlərin mahiyyətini tamamilə başqa müstəviyə çıxardı. Azərbaycan Ordusunun zəfəri, işğal altındakı torpaqların azad edilməsi və ərazi bütövlüyünün bərpası “Qarabağ Azərbaycandır!” fikrinin tarixi gerçəkliyə çevrildiyini göstərdi.
Prezident İlham Əliyevin 2019-cu il çıxışında məcburi köçkünlərin doğma torpaqlarına qayıtması da əsas hədəflərdən biri kimi vurğulanmışdı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış həmin fikrin davamıdır. Vaxtilə arzu kimi səslənən doğma yurda dönüş artıq yeni yaşayış məntəqələri, yollar, körpülər, məktəblər və digər quruculuq layihələri ilə müşayiət olunur. Beləliklə, 7 il əvvəl Soçidə səslənən “Qarabağ Azərbaycandır və nida işarəsi” cümləsi yalnız siyasi bəyanat kimi tarixə düşmədi. Həmin nida xalqın iradəsinin, dövlətin qətiyyətinin və Qarabağla bağlı dəyişməz mövqenin rəmzinə çevrildi.
S.NAZİMOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 03 Oktyabr 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















