Lisey və gimnaziyalara keçirilən imtahanlarda suallar əvvəlcədən məlum olub? “Belə olacaqdısa, il boyu hazırlıqlara niyə o qədər pul tökürdük?”
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Lisey və gimnaziyalara V və VI siniflər üzrə keçirilən qəbul imtahanlarında saxtakarlığa yol verilməsi ilə bağlı iddialar var.
Bu barədə Pravda.az-a şikayət ünvanlayan valideynlərdən biri bildirib ki, “Votsapp” qrupunda bir gün öncə imtahan sualı paylaşılıb.
İmtahandan sonra məlum olub ki, həmin sual məhz V siniflərin qəbul imtahanına salınıb:
“Bizə əvvəlcədən bildirilmişdi ki, imtahana saat taxmaq olar. Amma oğlum Kimya-Biologiya Təmayüllü Respublika Liseyində keçirilən imtahana girərkən qolundakı adi saatı “ağıllı saat” adı ilə çıxarıblar, ona “yalançı” deyiblər. Bu da övladıma çox pis təsir edib, o, imtahanda həyəcanlanıb. Uşaq ayda bir dəfə bu liseyə sınaq imtahanına gedirdi, balı 50-dən aşağı olmayıb. Bina ona tanışdır deyə imtahanda da oranı seçdik. Nəzarətçi deyib ki, məndən vaxt barədə heç nə soruşmayın, özüm yarım saatdan bir məlumat verəcəyəm, amma məlumatlandırmayıb. Oğlum nəzarətçidən imtahanın bitməsinə nə qədər vaxt qaldığını soruşanda nəzarətçi əvvəl 1 saat 15 dəqiqə qaldığını desə də, bir müddət sonra vaxtı səhv dediyini, az vaxt qaldığını bildirib. Uşaq həyəcan keçirib. Bütün bunların qəsdən planlı şəkildə edildiyini düşünürük. Həmişə imtahandan müsbət əhvalda çıxıb həyət qapısına gələn uşaq bu dəfə pilləkəni düşə bilmədi. 27 iyunda keçirilən VII siniflərin qəbul imtahanından bir gün qabaq "Votsapp" qrupunda paylaşılan sual 27 iyunda imtahana düşdü. Məlum oldu ki, imtahan sualları satılıb. Qrupa sualı atan valideynlə əlaqə kəsildi, qrupdan çıxdı. Sualların satılması barədə əlimizdə başqa məlumatlar da var. İl boyu hazırlıqlara niyə o qədər pul tökürdük? Pul əhəmiyyətli deyil, uşağımı niyə bu qədər əziyyətə, stressə salırdım? Düşündük ki, dövlət liseyidir, hər şey şəffafdır. Əgər suallar əvvəlcədən veriləcəkdisə, niyə uşaqlarımız bu qədər əziyyət çəkirdi? Aidiyyəti üzrə qurumlara müraciət etmişəm. Bizə deyirlər ki, araşdırılacaq".
Pravda.az məsələni sosial şəbəkələrdə də araşdırıb. Məlum olub ki, 27 iyunda keçirilən lisey və gimnaziyalara V və VI siniflərin qəbul imtahanında saxtakarlığa yol verilməsi ilə bağlı xeyli şikayətlər var.
Məsələni araşdırmaq üçün Təhsil İnstitutuna sorğu ünvanladıq. Qurumdan verilən açıqlama isə belə olub: "Hazırda Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən qeyd olunan məsələ ilə bağlı araşdırma aparılır, qısa zamanda ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq".
Aytəkin Qardaşova


