Magistr imtahanına ixtisas sualları salınsın Mütəxəssisdən təklif
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Hazırda bizdə magistraturaya qəbul imtahanı məntiqi təfəkkür, informatika və xarici dil üzrə mərkəzləşdirilmiş şəkildə keçirilir və bu suallar bütün ixtisaslar üçün ümumi bilikləri ölçür. İmtahana ixtisasa uyğun sualların salınması faydalı ola bilər, lakin bu mexanizmi elə tənzimləmək lazımdır ki, ədalət və şəffaflıq pozulmasın".
Bunu Redaktor.az-a filologiya elmləri doktoru, dosent Vüsalə Ağabəyli magistratura imtahanına ixtisasla bağlı sualların salınması təklifindən danışarkən bildirdi.
"Təbii ki, ixtisas suallarının imtahana salınması magistraturaya namizədin konkret sahəyə həqiqətən hazır olub-olmadığını daha aydın şəkildə müəyyənləşdirə bilər. Ümumi biliklərlə yanaşı, ixtisas bilikləri əlbəttə ki, imtahanın səviyyəsini artırmaqla yanaşı, ixtisasa uyğun namizədləri seçməyi asanlaşdırar. Digər tərəfdən, təsadüfi seçimlərin qarşısını almaq olar. Belə ki, ixtisas sualları namizədin motivasiyasını və həmin ixtisası nə dərəcədə anladığını, ya da niyə bu sahəni seçmək istədiyini üzə çıxarır. Bu, yalnız ümumi test balına baxaraq ixtisas seçməkdən daha obyektiv nəticələr verə bilər ki, yenə də uyğun və həmin ixtisası arzu edən namizədlərin müvafiq ixtisaslarda kadr kimi yetişməsinə yol açar", - deyə o, qeyd etdi.
Müsahibimiz vurğuladı ki, bir çox ölkələrdə magistratura qəbulunda ümumi qabiliyyətlə yanaşı, ixtisasa uyğun testlər də tətbiq olunur:
"Məsələn, ABŞ-də GRE (General Test) testləri ümumi bilikləri qiymətləndirir, amma bir çox ixtisaslar üçün GRE Subject Tests – yəni müvafiq ixtisasa uyğun testlər – mövcuddur. Bu testlər riyaziyyat, fizika, filologiya, psixologiya və digər sahələr üzrə bakalavr səviyyəsində fundamental bilikləri yoxlayır və namizədin ixtisasa uyğunluğu haqqında əlavə məlumat verir.
Almaniya və bəzi Avropa ölkələrində magistr proqramlarına qəbulda GRE və bənzər ixtisaslı imtahanlar (TestAS kimi) tətbiq olunur ki, burada namizəd həm ümumi, həm də ixtisas üzrə biliklərini nümayiş etdirir. Bu növ yanaşma tələbələrin daha rəqabətli proqramlara marağını və uyğunluğunu artırır".
Vüsalə Ağabəylinin fikrincə, magistraturaya qəbul imtahanlarına ixtisasa uyğun sualların daxil edilməsi həm beynəlxalq standartlara yaxınlaşmaq, həm də qəbul prosesini daha keyfiyyətli və ixtisasyönümlü etmək baxımından faydalı ola bilər:
"Lakin qarşıya çıxa biləcək çətinliklər və problemlər öncədən ölçülüb nəzərə alınmalıdır. Yəni ixtisasa uyğun sualların ədalətli olması üçün onların səviyyəsi bütün universitetlərdən gələn namizədlər üçün bərabər olmalıdır. Məsələn, Bakı Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universitetinin proqramları fərqli ola bilər; buna görə sualların həcmi və çətinliyi standartlaşdırılmalıdır ki, ayrı-ayrı qruplar arasında qarşıdurma yaranmasın. Bundan başqa, bəzi ixtisaslarda dərslik və hazırlıq materiallarının mövcudluğu məhdud ola bilər. Namizədlərin əlavə ixtisas suallarına hazırlıq üçün vaxt və resursları yetərli olmayanda da bu proses bəziləri üçün çətinlik yarada bilər.
Qəbul sistemində tam ixtisas sualları əlavə olunduqda balın necə hesablanacağı, ümumilikdə neçə sualın ixtisasa uyğun olacağı, ümumi testlə necə tarazlaşdırılacağı kimi məsələlər aydın şəkildə tənzimlənməlidir. İstənilən halda, təhsilin keyfiyyəti üçün atılan hər bir addımı və ideyanı dəstəkləyirəm. Çünki sağlam ideyalar sağlam addımlara və gələcəyin sağlam, peşəkar kadrlarına çevrilir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 15 Yanvar 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















