Yeni QHT Konsepsiyası: zamanın çağırışı və müzakirələrin başlanğıcı
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son günlər qeyri-hökumət təşkilatlarının inkişafı və bu sahədə dövlət dəstəyi siyasətinin gələcəyi ətrafında artan maraq təsadüfi deyil. Bu kontekstdə yeni Konsepsiyanın hazırlanması təşəbbüsünün irəli sürülməsi və vətəndaş cəmiyyətinə açıq çağırış edilməsi diqqətəlayiq və müsbət addım kimi dəyərləndirilməlidir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu istiqamətdə təşəbbüs göstərməsi, təkliflərin toplanacağını elan etməsi və geniş müzakirə üçün imkan yaratması, prosesin qapalı deyil, ictimai iştirakçılıq əsasında aparılmasına verilən önəmi göstərir.
Agentliyin bu çağırışı onun son illərdə vətəndaş cəmiyyəti ilə bağlı normativ və konseptual təşəbbüslərdə, o cümlədən parlament müzakirələri çərçivəsində tutduğu ardıcıl mövqenin məntiqi davamı kimi də qiymətləndirilə bilər. Yeni Konsepsiya ilə bağlı müzakirənin təşviq edilməsi inzibati qərardan daha çox, ictimai dialoqa açıq yanaşmanın göstəricisidir.
Məhz bu çağırış fonunda dövlət siyasətinin bu sahədə gələcək konturlarının müəyyənləşdirilməsi ilə bağlı müzakirələrə başlanır. Hazırkı mərhələdə yeni Konsepsiyanın hazırlanması məsələsi ətrafında müxtəlif yanaşmalar səslənəcəkdir. Bu yanaşmaların hər birinin öz arqumentləri olacaq və onları əvvəlcədən istisna etmək və ya diqqətdən kənarda saxlamaq düzgün olmazdı. Ona görə də ilkin mərhələdə əsas məqsəd bütün mövqeləri yekunlaşdırmaq yox, müzakirəni əsas məqamlar ətrafında başlatmaqdır.
Bu yazı da həmin prosesin başlanğıcına töhfə vermək, müzakirəyə qoşulmaq və ilkin yanaşmaları bölüşmək niyyəti ilə qələmə alınıb. Məqsəd yekun qərar elan etmək deyil, müzakirənin sağlam və məhsuldar məcrada başlaması üçün kontekst yaratmaqdır.
2007-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” öz dövrü üçün mühüm rol oynayıb. Lakin bu sənədin qəbulundan təxminən 20 il keçib və bu müddət ərzində Azərbaycan cəmiyyəti, dövlət idarəçiliyi və beynəlxalq mühit keyfiyyətcə fərqli mərhələyə keçib. Bu reallıq fonunda mövcud çərçivənin qarşıdakı dövr üçün nə dərəcədə yetərli olduğu sualı artıq açıq şəkildə müzakirə predmetinə çevrilib.
Mən uzun müddətdir vətəndaş cəmiyyəti ilə bağlı sənədlərin hazırlanması, müzakirəsi və tətbiqi proseslərində iştirak etmişəm. Bu praktiki təcrübə onu deməyə əsas verir ki, məsələ artıq texniki düzəlişlər müstəvisindən çıxıb və daha geniş konseptual baxış tələb edir.
Köhnə çərçivə niyə dar gəlir?
Son 20 il ərzində:
— Azərbaycan post-işğal dövrünə keçib və tamamilə yeni siyasi və sosial reallıq formalaşıb;
— regional və qlobal təhlükəsizlik mühiti dəyişib;
— beynəlxalq hüququn tətbiqi ilə bağlı yeni çağırışlar və qeyri-müəyyənliklər yaranıb;
— bir çox ölkələrdə vətəndaş cəmiyyəti institutlarına münasibət daha ehtiyatlı və məhdudlaşdırıcı xarakter alıb;
— texnoloji transformasiya, xüsusilə süni intellekt və rəqəmsal mühit, QHT fəaliyyətinin formasına və məzmununa birbaşa təsir göstərib.
Bu reallıqlar fonunda mövcud Konsepsiya üzərində işləmək, əslində, yeni məzmunu köhnə düşüncə çərçivəsinə uyğunlaşdırmaq cəhdi kimi görünür — ən azı indiki mərhələdə. Bu yanaşma nə konseptual, nə də praktik baxımdan gələcək dövrün tələblərinə tam cavab verir.
Müzakirə olunan yanaşmalar və mümkün modellər
Hazırkı mərhələdə dövlət dəstəyi siyasətinin yenilənməsi ilə bağlı bir neçə yanaşmadan danışmaq mümkündür. Bunlara mövcud Konsepsiya üzərində dəyişikliklər aparılması, mərhələli (hibrid) model və tamamilə yeni Konsepsiyanın hazırlanması variantları daxildir.
Bu yanaşmaların hər birinin müəyyən arqumentləri var və onların müzakirəsi təbiidir. Eyni zamanda vaxt amili, mövcud çağırışlar və prosesin dinamikası da nəzərə alınmalıdır. Məhz buna görə əsas məsələ variantları sadalamaqdan daha çox, mövcud şəraitdə hansı modelin daha məqsədəuyğun və icra edilə bilən olduğunu düzgün dəyərləndirməkdir.
Bu müzakirə mərhələsi özlüyündə məqsəd olmamalı, gələcək qərarların formalaşmasına xidmət etməlidir.
Yeni Konsepsiya hansı məntiq üzərində qurulmalıdır?
Gələcək Konsepsiyada:
— vətəndaş cəmiyyətini formal tərəf yox, real tərəfdaş kimi nəzərdən keçirməlidir;
— QHT-lərin milli prioritetlərə töhfəsini ölçülə bilən mexanizmlərlə müəyyən etməlidir;
— nəticə və təsir əsaslı dəstək modelini ön plana çəkməlidir;
— texnoloji dəyişiklikləri və qlobal mühiti nəzərə almalıdır;
— vətəndaş cəmiyyətinin institusional keyfiyyətini və dayanıqlığını gücləndirməlidir.
Bu Konsepsiya 2026–2030-cu illəri əhatə edən, icra oluna bilən fəaliyyət planı ilə müşayiət olunan sənəd kimi düşünülməlidir. Müasir şəraitdə uzunmüddətli, abstrakt çərçivələr tez köhnəlir; orta müddətli proqramlar isə həm icranı sürətləndirir, həm də məsuliyyəti artırır.
Seçim mərhələsindən icra mərhələsinə keçid
Aparılan müzakirələr göstərir ki, artıq bu məsələni yalnız seçim müstəvisində saxlamaq kifayət etmir. Vaxt amili və dəyişən reallıqlar konkret qərarlara doğru irəliləməyi zəruri edir.
Yeni QHT Konsepsiyasının hazırlanması bu mərhələdə alternativlərdən biri kimi deyil, obyektiv ehtiyac kimi nəzərdən keçirilməlidir. Əsas məsələ müzakirəni davam etdirməklə yanaşı, onu aydın məqsədi olan və icra mərhələsinə keçə bilən prosesə çevirməkdir.
Bu yazını da həmin keçid üçün ilkin düşüncə və açıq çağırış kimi oxumaq olar.
Əliməmməd Nuriyev, Konstitusiya Araşdırmaları Fondunun prezidenti
Bu mövzuda digər xəbərlər:Qayıdış Qurtuluş çağırışı, Zamanın hökmü idi
15 İyun 2025 01:48
Azərbaycanda yeni IFMIS konsepsiyası hazırlanır
17 Noyabr 2025 16:21
“Azərbaycan Dünyası” konsepsiyası
15 Sentyabr 2025 20:47
“Etibarlı Tərəfdaş Konsepsiyası”
10 Dekabr 2025 10:27
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində iki layihə həyata keçirmişik QHT sədri
11 İyun 2025 17:41
Baxış sayı:46
Bu xəbər 15 Yanvar 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















