Maliyyə sabitliyi davamlı inkişafın lokomotividir
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Orta illik inflyasiya 5,7 faiz səviyyəsində qərarlaşıb
Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən, cari ilin birinci yarısında inflyasiya göstəriciləri nəzərdə tutulan hədəf daxilində qeydə alınıb. 2026-cı ilin iyun ayında 5,8 faiz illik inflyasiya, yanvar-iyun aylarında isə 5,7 faiz orta illik inflyasiya müşahidə olunub. Bu göstəricilər proqnozlaşdırılan inflyasiyanın dinamikasının diqqətdə saxlanılması, daxili maliyyə bazarında gedən proseslərin izlənilməsi, makroiqtisadi vəziyyətin yaxşılaşdırılması, valyuta sabitliyinin qorunması kimi amillər, eləcə də istehlak bazarına nəzarətin gücləndirilməsi və qiymətlərin süni artırılmasının qarşısının alınması nəticəsində əldə edilib.
Dünyada geosiyasi gərginliklərin baş verməsi, dəyər və logistika zəncirlərinin qırılması beynəlxalq miqyasda inflyasiyanın dərinləşməsinə təsir göstərir. Təbii ki, respublikamız qlobal bazarlardan kənar dövlət deyil. Azərbaycan qlobal dəyər zəncirinə tam inteqrasiya olunan ölkədir. Əgər dünya üzrə logistik zəncirlər qırılarsa, qiymət artımları baş verərsə, bu, bəlli bir mərhələdən sonra respublikamıza idxal inflyasiyası şəklində təsir göstərə bilər.
Manat möhkəmlənir, qiymətlər sabitləşir
Mərkəzi Bankın 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında inflyasiyanın “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə elan edilən hədəf intervalında qorunduğu vurğulanıb. Eyni zamanda, adı çəkilən sənəddə respublikada aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində valyuta bazarında tarazlığa xüsusi önəm verilməsi, qiymət sabitliyinin təmin olunması, manatın məzənnəsinin möhkəmlənməsi sayəsində inflyasiyanın aşağı və sabit səviyyədə saxlanıldığı bildirilib.
Qeyd edək ki, Mərkəzi Bank ölkədə qiymət sabitliyini dəstəkləməklə iqtisadiyyatın dayanıqlı artımına mühüm önəm verir. Bununla bərabər, adıçəkilən maliyyə qurumu pul siyasəti qərarlarını hər il inflyasiya mühitində xarici və daxili amillərin dəyişməsi və yenilənən makroiqtisadi proqnozlar əsasında müəyyənləşdirir. Ümumiyyətlə, Mərkəzi Bank pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və bu sahədə kommunikasiyanın genişləndirilməsi istiqamətlərində davamlı islahatlar həyata keçirir.
Geosiyasi münaqişələrin və geoiqtisadi parçalanmaların davam etməsi, eləcə də kəskin iqlim anomaliyalarının müşahidə olunması, maliyyə şəraitinin sərtləşməsi qlobal iqtisadi artıma mənfi təsir göstərir. Bu, bir sıra sahələrdə qeydə alınan göstəricilərdə də qabarıq nəzərə çarpır. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin biznes sektorunda iqtisadi fəallığın aşağı düşməsi “biznesə inam” indeksini zəiflədir. Qlobal iqtisadiyyatda baş verən digər proseslər də beynəlxalq maliyyə təşkilatlarının proqnozlarına mənfi təsir edir.
Ümumiyyətlə, mürəkkəb qlobal iqtisadi mühitin ölkə iqtisadiyyatına təsirlərinə baxmayaraq, cari ilin ilk yarısında bir sıra mühüm uğurlar qazanılıb. Belə ki, Azərbaycanın əsas ixrac məhsullarının qiymətləri əlverişli olaraq qalıb. Bu da ölkənin tədiyyə balansına, valyuta bazarında tarazlığa və iqtisadi fəallığa müsbət təsir göstərib.
Hesabat dövründə tədiyyə balansının başlıca komponenti olan xarici ticarət balansı profisitliyi ilə diqqət çəkib. Məsələn, cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə xarici ticarət dövriyyəsi 26 milyard 54 milyon dollar təşkil edib. Yanvar-iyun aylarında 9 milyard 372 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 9,1 faiz artıb.
Respublikada həyata keçirilən tədbirlər nəticəsində bu ilin ilk yarısında iqtisadi artımda bir sıra müsbət göstəricilər əldə olunub. Ölkədə 76 milyard 818 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. İqtisadiyyatın neft-qaz sənayesində əlavə dəyər 0,6 faiz azalsa da, qeyri neft-qaz sektorunda 2,2 faiz çoxalıb.
Cari ilin yanvar-iyun aylarında inflyasiyanın bütün komponentləri üzrə azalma meyli də müşahidə olunub. Valyuta bazarında qorunan tarazlıqla inflyasiya idxalı məhdudlaşdırılıb. Bunun nəticəsində ərzaq qiymətlərində 6,6 faizlik, qeyri-ərzaq qiymətlərində 3,9 faizlik, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5,7 faizlik artım qeydə alınıb. Eyni zamanda, Mərkəzi Bankın həyata keçirdiyi pul siyasəti nəticəsində inflyasiya hədəflənən intervalda saxlanılıb. 2025-ci ilin dekabr ayında 6,75 faiz səviyyəsində müəyyənləşdirilən uçot dərəcəsi cari ilin may ayında 0,25 faiz azaldılaraq 6,5 faiz həddində müəyyənləşdirilib, iyul ayında qəbul edilmiş qərar əsasında isə uçot dərəcəsi dəyişməz saxlanılıb. Qərar mövcud və proqnozlaşdırılan inflyasiyanın dinamikası, daxili maliyyə bazarında gedən proseslər, makroiqtisadi vəziyyət, valyuta bazarında sabitlik kimi amillər əsas götürülməklə qəbul edilib.
Daxili istehsal təşviq edilir
Maliyyəçi-ekspert İsa Həsənovun sözlərinə görə, hazırkı makroiqtisadi şəraitdə sabit məzənnə rejimi qiymət sabitliyinə və makroiqtisadi dayanıqlılığın təmin edilməsinə müsbət təsir göstərir. Milli pul vahidinin xarici dəyəri ölkənin iqtisadi imkanlarını və maliyyə sabitliyini əks etdirən ən mühüm makroiqtisadi göstəricilərdən biri kimi diqqət çəkir. Qarşıdakı dövrdə də əsas prioritetlər qeyri-neft iqtisadiyyatının gücləndirilməsi, ixracın şaxələndirilməsi və maliyyə sektorunda institusional islahatların davam etdirilməsidir. Məhz bu halda manatın sabitliyini güclü və rəqabətqabiliyyətli iqtisadiyyat şərtləndirir.
Beləliklə, inflyasiya mühitində azaldıcı amillərin güclənməsi və inflyasiya gözləntilərinin sabitləşməsi ilin sonuna illik inflyasiyanın hədəf intervalının aşağı hissəsində formalaşacağını proqnozlaşdırmağa əsas verir. Bu ilin sonunadək Azərbaycan iqtisadiyyatının real sektorunda artımın davam edəcəyi də gözlənilir. Mərkəzi Bankın məlumatına görə, qarşıdakı dövrdə iqtisadi artım tempinin 3-3,5 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 5-5,5 faiz həddində olacağı proqnozlaşdırılır.
İşğaldan azad edilən ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət təkan verəcək. Ölkədə makroiqtisadi sabitliyin qorunması iqtisadi artım proqnozunun reallaşmasının əsas şərtlərindən biri olaraq qalacaq. Bununla bərabər, maliyyə sektorunda sabitliyinin qorunması və daha da inkişaf etdirilməsi pul siyasətinin səmərəliliyinə müsbət təsir edən amillərdən biri kimi diqqətdə saxlanılacaq. Xüsusən də qanunvericilikdə edilən son dəyişikliklərin nağdsız ödənişlərə verəcəyi töhfə pul siyasətinin təsir dairəsini genişləndirəcək.
İsa Həsənov onu da qeyd etdi ki, inflyasiyanın azalması bir neçə amillə bağlıdır. Bu, ilk növbədə, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın nisbətən zəifləməsi, dünya əmtəə bazarlarında qiymətlərin tədricən aşağı düşməsi, profisitli tədiyyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, hökumətin həyata keçirdiyi antiinflyasiya tədbirləri bu sahədə əlverişli şərait yaradır.
Ümumiyyətlə, qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırmaqla inflyasiyanın aşağı səviyyəsini şərtləndirib. Gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi, eyni zamanda, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşdırılması işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında”, eləcə də “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncamlarında nəzərdə tutulan kompleks tədbirlərin icrası da, şübhəsiz ki, inflyasiyanın aşağı düşməsini reallaşdırıb.
Haqsız rəqabətə “yox!”
İqtisadçı-ekspert Samir Heydərovun fikrincə, Azərbaycanda inflyasiyanın azalması ilə əlaqədar müsbət tendensiyaya qiymətlərin bazar prinsipləri əsasında formalaşması ilə nail olunub, eləcə də hökumət tərəfindən inflyasiyanın işgüzar fəallığa və əhalinin sosial rifahına təsirlərini minimallaşdırmaq məqsədilə çoxsaylı antiinflyasiya tədbirləri həyata keçirilib. Bu zaman həm də unutmayaq ki, ölkədə indiyədək inflyasiyanın artımını şərtləndirən qiymət artımının birbaşa və dolayı olaraq əhəmiyyətli hissəsi xarici mənşəli xərc amilləri ilə bağlı olub.
Bu məsələdə idxal üzrə illik qiymət indeksinin artımı yüksək göstərici ilə diqqət çəkib ki, bu da dünya əmtəə qiymətlərinin və daşınma-logistika xərclərinin yüksəlməsinə, habelə ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya templərinin artmasına gətirib çıxarıb. Xüsusilə dünya ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib.
Bu istiqamətdə müsbət nəticənin əldə edilməsi üçün, ilk növbədə, qiymətlərin bazar prinsipləri əsasında formalaşması diqqət mərkəzində saxlanılıb, daxili bazarda sağlam rəqabət mühitinin gücləndirilməsinə, inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınmasına xüsusi əhəmiyyət verilib.
Son illərdə elektron monitorinq sisteminin qurulması və qiymət monitorinqinin daha optimal vəziyyətə gətirilməsi ilə əlaqədar görülən tədbirlər inflyasiyanın aşağı enməsini şərtləndirən qiymətlərin izlənilməsinin daha operativ və şəffaf həyata keçirilməsini, kağız daşıyıcılardan istifadənin azaldılmasını və ya tamamilə ləğv olunmasını gerçəkləşdirib. Bununla da inflyasiya və qiymətlərə daimi nəzarət mexanizminin əsası qoyulub. Məsələn, Nazirlər Kabinetinin “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” (15 iyul 2023-cü il) sərəncamı ilə inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə geniş tərkibdə yaradılan işçi qrup tərəfindən “Qiymət izləmə tətbiqi”nin əsas prinsiplərinə dair metodoloji çərçivə sənədi qəbul edilib.
Samir Heydərov daha sonra qeyd etdi ki, “Qiymət izləmə tətbiqi” sisteminin yaradılması idxal və topdansatış nöqtələrində qiymətlərin artım dinamikasını izləməyə imkan verir. Bu, müvafiq dövlət qurumlarına vaxtında və çevik müdaxilələr etməyə şərait yaradır, inflyasiyanın tənzimlənməsində qurumlararası məlumat mübadiləsini, həmçinin koordinasiyanı gücləndirir, əldə olunan məlumatlar əsasında potensial qiymət dəyişikliyi üzrə proqnozlar hazırlanır. Beləliklə, “Qiymət izləmə tətbiqi”, eyni zamanda, bazarlarda qiymət sabitliyini qorumaq məqsədilə ölkə daxilində qiymət dəyişkənliyi nöqtələrini müəyyənləşdirir.
Sonda onu da bildirək ki, ölkəmizin ixrac potensialının gücləndirilməsi istiqamətində indiyədək bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.
Respublikada Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və meteorologiya kimi mühüm sahələrin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 20 Avqust 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















