Maral Qocamanın gizli oyunları SENSASİON AÇIQLAMALAR
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Özünü “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədri kimi təqdim edən Maral Zamanovanın (Maral Qocamanın) 20 Yanvar şəhidlərinin ailə üzvlərini aldatması, onların etibarından sui-istifadə etməsi barədə şikayətlər yayılmaqdadır. Pravda.az olaraq bu məsələ ilə bağlı 13.10.2024-cü il tarixdə məqalə dərc etdik. Buradan tanış ola bilərsiniz.
Yazı əvvəllər və indi də həmin QHT-də təmsil olunan müsahiblərin fikirləri əsasında hazırlanmışdı. Araşdırmalarımız nəticəsində məlum olmuşdu ki, “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi 2017-2022-ci ildə təkcə QHT-lərə Dövlət Dəstəyi Şurasından (2021-ci ildən sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyi) 50 min manata yaxın qrant alıb. M.Qocaman isə deyilənlərdən sonra susmaq əvəzinə, Nərimanov Rayon Məhkəməsinə primitiv formada tərtib etdiyi iddia ərizəsi ilə müraciət edərək “təzminat davası” açıb. Yenə pul… O, mayın 27-də hakim Mehriban Əfəndizadənin sədrliyi ilə keçirilən iclasda bildirdi ki, deyilənlər həqiqətəuyğun deyil, fəaliyyəti tam şəffafdır, sadəcə, kimlərsə, ona öyrədilmiş şəxslər vasitəsilə təzyiq edir. Bu qədər insanı necə öyrətmək olar? Məsələni mahiyyətdən kənarlaşdırmağa cəhd edir… Alınmayacaq! M.Qocaman vurğulayır ki, yazıda adı keçən şəxslər heç ondan narazı deyil, guya “Pravda.az” özündən yazıb. Üstəlik QHT Agentliyindən İctimai Birliyin 50 min manata yaxın vəsait almadığını iddia edir. (Onun hesablamasına görə alınan vəsait, təxminən 25 mini keçmir) Düz deyirmiş, biz yaxşı araşdırmamışıq, 50 min deyilmiş, daha çox alınıbmış. Yazının ardınca faktlarla dəqiq rəqəmi qeyd edəcəyik. Bundan əlavə, onun dövlətin puluna ehtiyacı olmadığını, özünün kifayət qədər vəsaiti olduğunu bildirdi. Hətta “Ədliyyə Nazirliyi məni sədr kimi tanımırsa, tanımasın, təşkilatı bu formada da idarə edə bilərəm” dedi. Açığı bu qadının nə etmək istədiyi bəlli deyil. Əgər dediyi kimi ehtiyacı yoxdursa, bəs atdığı addımlar nədir? Ədliyyə Nazirliyinin qarşısında da keçirdiyi etiraz aksiyasına belə reaksiya verdi: “Yaxşı edirəm, aksiya deyildi, sözümüzü deməyə getmişdik”. Videolar internet resurslarında yayımlanıb.
Belə söz deməkmi olur? Ölkədə sərbəst toplaşmaq azadlığı tam təmin olunur, amma bundan sui-istifadə etmək olmaz, müvafiq icra hakimiyyəti məlumatlandırılmalı idi. Şəhid ailələrinin inamından, etibarından bu formada istifadə etmək olmaz. QHT sədri qanuni fəaliyyət göstərməlidir axı. Bunun əksi qanunlara meydan oxumaqdır!
Bütün bunları nəzərə alaraq, müsahiblərlə əlaqə saxladıq, onları bir daha dinlədik.
Əvvəlcə 20 Yanvar əlili, 20 Yanvar Fondunun keçmiş sədr müavini və İdarə Heyətinin üzvü Tahir Fətullayevlə həmsöhbət olduq. O, Ədliyyə Nazirliyinə ünvanladığı məktubu ictiamiləşdirməsi barədə bunları deyib:
“Maral Qocaman şəhid qızıdır. O vaxtlar mən "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi sədrinin müavini idim. Təşkilat Komitəsinin iclasını mənim dediyim tarixdən əvvələ saldılar. Həmin ərəfələrdə bunlar konfrans işini aparmadılar. Yəni Maral Qocaman qeyri-qanuni sədr seçildi. Mən də düşündüm ki, şəhid qızıdır, qoy işləsinlər, bəlkə, irəli gedərlər, qadındırlar. Amma sonradan gördüm ki, Maral Qocamanın bəzi çıxışları dövlətin əleyhinədir, dövlətin gördüyü işləri nəzərə almır. “Şəhid ailəsiyəm” deyib, dövlətdən lazım olmayan məsələlər tələb edir. Mən də Ədliyyə Nazirliyinə rəsmi müraciət etdim. Şikayətimdə bildirdim ki, həmin ərəfədə konfrans düzgün keçirilməyib. Təşkilat Komitəsi bilavasitə mənim və sədrin razılığı ilə yaradılmalı idi. Heç birimiz İdarə Heyətinin iclasında iştirak etməmişik. Çünki birinci iclası mən yığmışdım. İdarə Heyətinin yeddi nəfər üzvü var idi. Rəşid kişi sonradan dünyasını dəyişdi, altı nəfər qaldı. Onlardan dörd nəfəri yığdım, fikirlərimi dedim. İclasda əvvəlki sədr də iştirak etdi. Söhbət 10-11 il bundan əvvəl yanvarın 7-dən gedir. Sonradan iki nəfərdən ibarət İdarə Heyətinin üzvü yığılıblar, qeyri-qanuni yığıncaq keçiriblər. Təşkilat Komitəsi yaranmışdı, onlar gizli oyunlarla seçki apardılar. Bundan sonra gördüm ki, Maral Qocaman düzgün hərəkət etmir. Ədliyyə Nazirliyinə müraciətimdə həmin konfransın diskini də göndərmişəm. Yəni şikayətdə öz fikirlərimi demişəm, vəssalam. Ədliyyə Nazirliyinə müraciət etdiyim vaxta qədər onların işinə qarışmamışam. Bir təşkilat sədri olaraq Maral Qocamanın əlində möhür var. Şəhid övladı kimi gördüm ki, alınmır, düzgün deyil. Bu gün də Maral Qocaman nə iş görür, heç birindən xəbərim yoxur, bilmirəm. Mən Nəsimi rayon üzrə İctimai Birliyin sədriyəm, sırf əlillərlə məşğulam. Əlillərlə bərabər on şəhid ailəsi də var..."
T.Fətullayev “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədr müavini vəzifəsindən getməsinə də aydınlıq gətirib: “Məni Birlikdən heç kim çıxarmayıb. Fondun sədri Yusif müəllim indi dünyasını dəyişib. O sağ olarkən, mən Maral Qocamanı oradan qovmuşam. Həmin vaxt 15 il sədr müavini, İdarə Heyətinin üzvü kimi iştirak etmişəm. Sadəcə, yaşım o yaş deyil, artıq 72 yaşım var. Məndən elə şeylər tələb edirdilər ki, onların dediklərini etsəydim, bu gün dövlətin əleyhinə çıxmalı idim. O dövlət ki, bu gün mənim evimi, avtomobilimi, təminatımı, çörəyimi verib. Məndən qeyri-qanuni işlər tələb edirdilər. Mən də buna getmədim. Yəni özüm vəzifəmdən imtina etdim. Heç Maralın İB-yə sədr gəlməsini də bilmirdim. Bilsəydim, yenə də onu ora gəlməyə qoymazdım. Geri çəkildim, dedim ki, kimi istəyirsinizsə, şəhid ailələri yığılıb, sədr seçsinlər. Almara Nəbiyeva da İdarə Heyətinin üzvüdür. Bu gün Almara xanım Maral Qocaman barədə şikayətlər verir. Almara xanım ali təhsillidir, alimdir, AMEA-da çalışır. O da deyir ki, Maral Qocamanın belə gizli oyunları olduğunu əvvəlcədən bilmirdim. Bir sözlə, İctimai Birlikdən özüm öz xahişimlə çıxmışam. Dövlətimi dəstəklədiyim üçün onların dediklərini etmədim. Eşitmişəm ki, Ədliyyə Nazirliyi onun sədrliyini təsdiqləməsə də, yenə də Maral Qocaman hər yerdə özünü İB-nin sədri kimi təqdim edir. Nazirliyə şikayət verməli idim ki, qoy bilsinlər, bu insanlar kimdir. Bu gün təkcə maliyyə yoxlaması getsə, bütün məsələlərin üstü açılacaq. Dəfələrlə Almara xanımı da təhqir ediblər. Almara xanıma xəstə deyirlər, o, xəstə deyil. Bir həftə əvvəl Almara xanımla danışmışam, işinin başındadır. Şəhid ailələrindən eşitmişəm ki, Maral Qocaman paltartikən maşınlar alıb, dəfələrlə pullar götürüb. Amma dəlilim yoxdur. Bildiyim sözləri deyə bilərəm”.
Növbəti müsahimiz Almara Nəbiyeva olub: “İctimai Birliyə məni sədr seçmək istəyirdilər, istəmədim. Çünki oradakı şəhid ailələrini tanımıram, pərakəndəlikdir. Yaşlı nəsildir, heç bilmirlər ki, QHT nə deməkdir... Maral Qocaman həmin ailələri aldadıb, vədlər vermişdi. Şükür Allaha, Prezidentimiz var, sərəncamı da o verir. Yəni dövlətin rəhbəri var, nə istəsə, o edir. Ailələrin üzvləri yaşlı insanlar olduqları üçün Maral Qocamanın vədlərinə inandılar. Əslində isə Maral Qocaman onlar üçün heç nə etməyib. Həmin vaxt “Azadlıq carçıları” kitabı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdik. Sağ olsun, sabiq nazir Sahil Babayev də dedi ki, kitabın nəşrinə kömək edərəm. Maral Qocaman bu məsələnin o qədər xırdalıqlarına getdi, mən Nazirliyə dedim ki, bu xanımın yanında olmaqla çox səhv etmişəm. Bu qadın dövlət, dövlətçilik nədir, bilmir. Əməyi keçən beş əməkdaşa görə Nazirliyə üzrxahlıq etdim. Dedim ki, bir də məni Maral Qocamanın yanında görsəniz, onda bilərsiniz, necə insanam... Kitab nəşr olundu, Maral Qocaman kitabın təqdimat pullarını da “yedi”. 65 yaşı var, elə deyir ki, şəhid qızıyam, mənə kimsə nəsə versin. Ayıbdır. Səhərdən axşama qədər “Feysbuk”da dövlətə qarşı danışır. Camaatı ətrafına yığıb, Şəhidlər Xiyabanında çıxışlar edir. Bu, normal davranış deyil...”
A.Nəbiyeva qeyd edib ki, M.Qocamanı narahat edən onun sədr seçilmə məsələsi olub: “Elə bir şou düzəltmişdi ki, gəl görəsən. Sadəcə, başa düşmür ki, mənim o Birlikdə heç əvvəldən gözüm olmayıb. Şükür Allaha, ağlım başımda, işim də var. Nəyimə lazımdır, gedib orada oturum? Əməkdaşlarımız da şahiddir ki, o sədr seçiləndən sonra bütün sənədləri mən yazmışam. Bəlkə, kompüterdə işləməyi bacarırdı? Səsyazma, əlyazma bilirdi? Əlimin duzu olmadı, özüm onu gətirdim, sonra da elə bildi ki, yerinə keçəcəyəm. Bir adam ki deyə, Nazirlər Kabinetini məhkəməyə verəcəyəm, ondan nəsə ağılınız kəsər? Yalandan hamını aldadır ki, üç diplomu var… Etdiklərim onun burnundan gələcək. Geci-tezi var. Allah böyükdür. Çəkdiyim zəhmətləri ona halal etmirəm”.
Maral Qocamanla bağlı sosial şəbəkələrdə şikayət yazanlar arasında “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova da var idi. S.Kərimova saytımıza açıqlamasında Maral Qocaman barəsində bu sözləri deyib:
“Elə adamlar mənə göstəriş versin ki, onların keçmişində səhvləri olmasın. Özlərini qabağa verirlər, “20 Yanvar şəhid ailələri…” Ölkə üçün hansı işləri görürlər? İşləri ancaq mitinq etməkdir. Beş-altı qadını irəli verib, nəyisə reklam etmək iş deyil. Biz işləyən QHT-lər sakitcə başımızı aşağı salıb, işimizi görürük. Bir müddət öncə, Prezident Administrasiyasının qarşısına haqqımızı-hüququmuzu tələb etməyə getmişdik. Başqa heç nə... Kiminsə çörəyinə bais olmağa getməmişdik ki. Sadəcə, demişdik ki, bizə açıqlama versinlər, layihələrimiz niyə bu qədər kəsilib? 15 min deyilibsə, niyə 6 min verilir? Şəxsən mənə 6 min vermişdilər. Onlar isə 7-8 min almışdılar, getməyə bilərdilər. Şəxsən mənə az pul verilmişdi deyə səbəbini bilmək üçün Administrasiyanın qarşısına getdim. Sonradan bildik ki, bizi aldadıb, ora aparıblar. Heç kim kiminsə əlindən tutub aparmamışdı. Bizimlə görüş keçirildi. Administrasiya izah etdi ki, bu dəfə belə olub. Biz də sakitcə yerimizdə oturduq. Başımızı aşağı salıb, işimizi gördük. Bu xanımlar isə rahatlıq tapmırlar. Gedib-gəlirlər... Bildilər-bilmədilər, ağızlarına gələni danışdılar. Bunlar sifarişi kimdən alırlar, kim bunlara deyir ki, sifarişli yazı yazın, bilmirəm. Siz yazdıqca digər QHT-lərin də işinə mənfi təsir göstərirsiniz. Hamıya böhtan atırlar, indi də bizə keçiblər. Sənin mənimlə nə işin var? Mən sənin işinə qarışıram? Yox. Adam kimi deyildi ki, etmə. Dövlətə dövlətçilik edə bilmərik. Nə problemimiz varsa, dedik. Sağ olsunlar, həll etdilər. Başqa nə istəyə bilərik? Bu qadınların tələbləri isə bitmir. Heç tələb də deyil, intriqadır. QHT-lər arasında nifaq saldılar. Hamısı bunların dediklərindən sonra oldu. Hamı bir-birinə düşmən kimi baxır. QHT-lərdən nə istəyirlər? Bizə ildə bir dəfə üç aylıq pul verilir. Mənim gördüyüm işə bax, bir də öz gördüyün işə. Mən əlillərin cəmiyyətə inteqrasiyası ilə məşğulam. Onların məşğulluğunu təmin edirəm. Dövlətlə bərabər mən də işləyirəm. Sənin mənimlə nə işin ola bilər? Nə yazmışam, yaxşı etmişəm. Söhbət olub, məsələ bitib. Sən niyə yenidən nifaq salıb, aranı qarışdırırsan? Bizim peşəkar nüfuzumuza xələk gətirirsən. Mən Maral Qocamanla məsələni Baş Prokurorluqda həll edəcəyəm. Özünə də demişəm. Gələcəksən, Baş Prokurorluqda məndən üzr istəyəcəksən! Mən başqası deyiləm. Hamının əxlaqına söz deyir, sən öz əxlaqından niyə danışmırsan? Əvvəl özünə bax, sonra bizə nəsə de!”
“Pravda.az” olaraq maliyyə məsələsi ilə bağlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə sorğu ünvanladıq. Cavabı təqdim edirik:
“20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi 2021-2023-cü illərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən 3 layihə çərçivəsində ümumilikdə 25.600 (iyirmi beş min altı yüz) manat məbləğində qrant vəsaiti alıb. Əlavə olaraq, 2022-ci ildə “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” müsabiqəsi çərçivəsində adıçəkilən ictimai birliyin də təmsil olunduğu koalisiyaya 30.000 (otuz min) manat qrant ayrılmışdır. Həmçinin İctimai Birlik Agentliyin hüquqi varisi olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından da 2017-2020-ci illərdə 3 layihə çərçivəsində 20.000 (iyirmi min) manat qrant alıb. Beləliklə, “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” ictimai birliyi 2017-2023-cü illərdə ümumi dəyəri 75.600 (yetmiş beş min altı yüz) manat dəyərində qrant layihələrinin icraçısı olmuşdur. Qeyd edək ki, QHT-lərə ayrılmış qrantlarla bağlı məlumatlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi internet saytında ictimaiyyət üçün açıqdır.
Eyni zamanda məlumat üçün bildiririk ki, 2023-cü ildə həmin ictimai birliyin icra etdiyi “Müharibədən zərərçəkmiş vətəndaşların psixoloji reabilitasiyası – səyahətlərin təşkili” adlı layihənin təsviri və maliyyə hesabatlarında müəyyən uyğunsuzluqlar aşkar edilmişdir. Konkret olaraq layihəyə psixoloq-ekspert kimi cəlb olunmuş şəxsin sahə üzrə müvafiq təhsilinin olmadığı müəyyən edilmiş və bu hal Agentlik tərəfindən təşkilatın diqqətinə çatdırılmışdır. Lakin İctimai Birliyin iradlara münasibətdə hər hansı korrektiv tədbir görməməsi nəticəsində layihə üzrə yekun akt tərtib edilməmişdir.
Yuxarıda qeyd olunan səbəblərə görə İctimai Birliyin 2024-cü il üzrə Agentlik tərəfindən elan olunmuş qrant müsabiqələrinə təqdim etdiyi layihə Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq qaydalarda nəzərdə tutulan maliyyə öhdəlikləri üzrə tələblərə cavab verməmişdir. Bununla yanaşı, 2024-cü ilin may ayında İctimai Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən olunmuş müddətdə yenidən dövlət qeydiyyatından keçə bilməmiş və QHT-lərin dövlət reyestrindən çıxarılmışdır. Qeyd edək ki, reyestrə daxil olmayan ictimai birliklər Agentliyin qrant müsabiqələrində iştirak hüququna malik deyillər.
Nəticə etibarilə, sözügedən İctimai Birlik 2025-ci il üzrə qrant müsabiqələrinə müraciət etməmişdir”.
Agentliyin açıqlamasındakı “layihəyə psixoloq-ekspert kimi cəlb olunmuş şəxsin sahə üzrə müvafiq təhsilinin olmadığı müəyyən edilmiş və bu hal Agentlik tərəfindən təşkilatın diqqətinə çatdırılmışdır” qeydinin üzərində xüsusi diqqət çəkir.
Həmin “psixoloq-ekspert” “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Cəfərovadır (Əsgərqızı). O, sadəcə, “Simurq Parapsixologiya” MMC-dən “Həssas qruplarla iş və psixoloji dəstək” təliminə görə sertifikat alıb. Vəssalam... M.Əsgərqızı ilə bağlı internet resurslarına diqqət yetirilsə, onun hansı işlərlə məşğul olduğu aydın olar.
Yekunda bir daha qeyd edirik ki, Maral Qocaman özünü hər yerdə “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyinin sədri kimi təqdim etməklə insanları aldadır, vəzifəsindən sui-istifadə etməyə çalışır. “Pravda.az” olaraq, M.Qocamanla bağlı əvvəlki məqaləmizdə qeyd edilənləri bir daha faktlarla isbat etdik.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə dövlət bəzi addımları qeyri-hökumət təşkilatlarının vasitəsilə atır. Bu, milli maraqlar baxımından doğru yoldur. Ona görə də Azərbaycan kimi güclü dövlətlər vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır. Amma M.Qocaman və onun kimi düşünənlər dövlətə hansı faydaları verə bilərlər ki?! Heç bir faydadan söhbət gedə bilməz. Onlar yalnız qrant düşünürlər. İkigündənbir canlı yayıma çıxaraq "susmayacam" deməklə nə olur ki? Sanki dünya İsrail-İran müharibəsi ilə paralel Maral Qocamanın çıxışlarını izləyir.
Ədliyyə Nazirliyi və digər qurumlar da bu istiqamətdə işlərə start veriblər, hansı QHT-nin fəaliyyəti qənaətbəxş deyilsə, sənədlərində ciddi nöqsan varsa, müvafiq tədbir görülür. Əvvəlki illərdəki pərakəndəlik artıq aradan qaldırılır, proses şəffaflaşır.
Mövzunu diqqətdə saxlayacağıq və davam etdirəcəyik!


