Icma.az
close
up
RU
MƏBƏDƏ APARAN YOLLAR Rafael Hüseynov yazır

MƏBƏDƏ APARAN YOLLAR Rafael Hüseynov yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rafael HÜSEYNOV
Akademik

Bu, həyatımdakı ən çətin yazılan, amma həm də ən ləzzətlə yaranan kitab idi. Azərbaycanın dərslikləri sırasına qoşulacaq "Əlifba" dərsliyi üzərində işləyirdim. O vaxtlar mən Bakıdakı Amerika Universitetində çalışırdım. Bu ingilisdilli, dünyanın 50-dən çox ölkəsində işini davam etdirən universitetin nəzdində ingilis, Azərbaycan və rus bölmələri olan orta məktəb də vardı.

Həmin məktəbin ingilis və rus bölmələrində mükəmməl dərsliklər vardı, Azərbaycan bölməsində isə yeni, vaxtın tələbinə cavab verən dərsliklərə ehtiyac duyulurdu. Bu təhsil mərkəzinin rəhbərliyinə təklif etdim ki, istedadlı, qabil müəllifləri toplayım, birincidən onuncuya qədər orta məktəb üçün müxtəlif fənlər üzrə dərsliklərin yazılmasına başlayaq. Həmin kitabları əvvəlcə öz məktəbimizdə tətbiq edərik, bəyənilsə, sonra elə Bakıdakı Amerika Universitetinin nəzdindəki kimi bir-birinin ardınca yaranmağa başlayan hansısa başqa özəl məktəblər də istifadə edər, lazım bilsə, sonra dövlət də bu kitabları ümumtəhsil şəbəkəsində dövriyyəyə daxil edər. Təklifimə münasibət müsbət oldu, nə istədiyimi əyani olaraq göstərməkdən ötrü "Əlifba"dan başladım. Ancaq "Əlifba"dan savayı, daha 3 kitab haqqında da düşünürdüm ki, birinci sinfin dörd kitabdan ibarət yeni dərsliklər toplusu yaransın. XX əsr sona yaxınlaşırdı, 1999-cu il idi, qarşıdan öz çağırışları ilə yeni əsr və təzə minillik gəlirdi, bütün istiqamətlərdə o səsə səs vermək gərək idi. O universitetdə mən Elmi inkişaf üzrə prorektor və "Azərbaycanşünaslıq" kafedrasının müdiri idim. İngilisdilli, beynəlxalq və mərkəzi ofisi də ABŞ-də yerləşən bir universitetdə respublikada ilk dəfə olaraq belə bir kafedranı yaratmaq mənim təşəbbüsüm idi. Eyni zamanda, həmin universitetdə ATAM - Azərbaycanşünaslıq Tədqiqatları Araşdırma Mərkəzi yaratdıq, hər ay bir yol toplanan, hər dəfə qoyulmuş mühüm bir mövzu ətrafında müzakirələr keçirən, respublikanın seçmə ziyalıları və Bakıdakı diplomatik korpusun təmsilçilərini məşğələlərinə cəlb edən "Azərbaycançılıq" lektoriyası aparmağa başladıq.

Ancaq özü ayrıca bir hekayət olan qarşıdurma nəticəsində Azərbaycana çox hazırlıqlı məzunlar bağışlaya biləcək, təhsil həyatımıza yeni, sağlam nəfəs gətirən bu dəyərli universitet yalnız ilk diplomlarını verməyə macal taparaq qapadıldı və təbii ki, ora ilə əlaqədar bütün işlər də yarımçıq qırıldı.

Lakin mən başladığım "Əlifba"nı və ona bağlı daha 3 kitabı yarımçıq qoya bilməzdim. Düz iki il boyunca mən hər gün 24 saat onunla idim. Kiməsə şişirtmə kimi gələr ki, axı 24 saatın hamısını adam işləmir. Sənin öz qayğıları ilə birgə məişətin də var, istədin-istəmədin istirahət saatları da olur, yeyirsən-içirsən, az da olsa, hər halda yatırsan, gün ərzində hökmən hansısa başqa işləri də yerinə yetirməlisən. Tamam doğrudur, bunların hamısı vardı, ancaq elə dediyim kimidir - gecə-gündüz fasiləsiz olaraq mən yazdığım "Əlifba" kitabı ilə yaşayırdım. Olurdu ki, büsbütün başqa, "Əlifba" dərsliyimə heç aidiyyəti olmayan mətni yazırdım, ancaq qəfildən məhz "Əlifba" ilə bağlı düzgün həlli üzərində düşündüyüm sualın cavabı ağlıma gəlirdi, dərhal əlimdəki işi lap ən təxirsiz olsa belə yarımçıq saxlayırdım, fikrimə gələn tapıntını qeydə alıb sonra əvvəlki yazıya qayıdırdım; hətta yatanda da tarşırığını almış beyin işləyirdi, kağız-qələm daim çarpayımın yanında idi, çox olurdu ki, gecənin bir aləmində ayılırdım, yuxum qaçmasın deyə işığı da yandırmırdım, elə qaranlıqdaca beynimdən keçənləri kağıza köçürürdüm, səhər oyananda gecə kələ-kötür xətlə yazdıqlarımı çətinliklə də olsa oxuyub səhifə-səhifə yaranan "Əlifba"ya əlavə edirdim.

Və təcrübənin mənə anlatdığı bir həqiqət də bu oldu ki, müəyyən kitablar məhz bu cür, yalnız bütün varlığını dolduraraq yazıla bilər. Gərək elə sevəsən, elə bağlanasan ki, yuxunda da onu görəsən.

"Əlifba" dərsliyi yazmağın çətinliyi nə idi və mənə qədər nəyi heç kim etməmişdi ki, etdim, o qəlizliklər nələrdən ibarətdir ki, bir başqasının bundan sonra həmin qəlib üzrə ayrı bir "Əlifba" yarada bilməsi də mümkünsüz qədər müşküldür?

"Əlifba" dərsliyi hərflər sırasını əlifbanın rəsmən təsdiqlənmiş ardıcıllıq düzümünə görə deyil, onların sözyaratma sürətinin itiliyini nəzərə alaraq öyrədir. Yəni "Əlifba" dərsliyində əlifba sırasında olduğu kimi A-dan sonra B, onun ardınca C, daha sonra Ç, D yox, A-dan sonra N gəlir ki, uşaq ANA yazıb-oxuya bilə, ardınca Ə gəlir, ondan sonra T, daha sonra O, U və digər hərflər ard-arda düzülür, birincilər nəinki NƏNƏ, ATA, AT, TUT, OT və digər sözləri həm özləri yaza, həm kitabdan oxuya bilir, üstəlik hərflər cərgəsinin belə ardıcıllığı balacalara ilk sadə cümlələri qurmağa imkan verir.

Həmişə çalışılıb ki, məktəblilərə əlifbanı tez əzbərlədərək "Ana dili", ya sonralar adlandırıldığı kimi, "Oxu" kitabına keçilsin ki, uşaqlar bütün hərflərin iştirak etdiyi mətnləri üzündən oxuya bilsinlər. Sabirin "Uşaq və buz"unu, Şaiqin "Ala-bula boz keçi"sini, ya bu qəbil digər onlarca məşhur şeiri birincilərə bütün hərfləri tanımadıqları halda necə oxuda bilərsən?!

Ona görə də XIX yüzilin sonları, XX əsrin əvvəllərində maarifçi babalarımızın ixtiyari şəkildə yazdıqları "Əlifba" dərsliklərindən fərqli olaraq, 1930-cu illərdən etibarən dünyada qəbul edilmiş "Əlifba"çılıq qaydalarına uyğunlaşdırılaraq tərtib edilən "Əlifba"larımıza baxarkən yalnız "Tutu, at, Tutu, tut", "Ata, ot at" kimi qəlibləşmiş, kitabdan-kitaba adlayan bəsit mətnləri görəcəksiniz. Köhnə "Əlifba"lara baxsanız, həm də yalnız bizimkilərə deyil, başqa xalqların dərsliklərinə də, başlanğıcda şeirlərə, məqbul məzmunu olan mətnlərə rast gəlməyəcəksiniz. Elə onlarda da "At-tut" səviyyəsində. Axı "Əlifba" yazan müəllif, tutalım ki, gəlib çatıb sırada səkkizinci olan R hərfinə. İxtiyarında A, N, Ə, T, O, U, bir də yeni öyrədiləcək R var. Elə mətn yazılmalıdır ki, içərisində yalnız bu hərflər olsun, hələ öyrədilməmiş hərfi, təbii ki, uşaq tanımayacaq. Üstəlik, indi R hərfi keçildiyinə görə mətn elə yazılmalıdır ki, burada məhz indi öyrədilən hərf daha fəal olsun, həm sözün əvvəlində, həm ortasında, həm axırında, həm də digər hərflərdən daha tezlikli işlənsin. R-dən sonra L gələcək, onun ardınca digərləri. Hər hərf öyrədilərkən eyni məsələ ortaya çıxacaq. Elə vəziyyətdir ki, uşaq ədəbiyyatımızın ən gözəl örnəkləri burada kara gəlmir. Axı o solmaz şeirlərin heç birində hərflərdən belə məhdudluqla istifadə məcburiyyəti nəzərə alınmayıb. Gözəldirlər, ancaq hələ tanımadığı hərflərlə tuş gələn uşaq o şeirləri üzünə oxuya bilməyəcək. Həmin şeirləri ya gərək əzbərlədəsən, uşağın özünün oxumağını istəyirsənsə, gərək o cür mətnləri əlifba tam öyrədiləndən sonraya saxlayasan. Beləcə, "Əlifba" müəllifinə yalnız bəlli 6, 7, 8, 9, 10... hərfin iştirak etdiyi və hər dəfə də yeni öyrədilən hərfin fəal olduğu şeirlər, bədii mətnlər lazımdırsa ya şairlərə, yazıçılara müraciət edərək bu mürəkkəb sifarişi verməlidir, ya da oturub özü bu işi görməlidir. Mən öz "Əlifba" dərsliyimi yazaraq 2001-ci ildə nəşr etdirənədək Azərbaycan orta məktəblərində axırıncı 70 ilə yaxın müddətdə bunlar edilməmişdi. Nə qələm sahiblərinə belə sifarişləri verməyə cəhd etmişdilər, nə də özləri yazmışdılar.

"Əlifba" dərsliyinin müstəsnalığı elə bundadır. Sənə lazım olan və hərf məhdudiyyətli parçaları şair-yazıçıya sifariş etmək də olmur. Çünki lap ən güclü şairlərimizə də üz tutsalar, "Bizə sadalanan on hərfin iştirak etdiyi, bunların arasında filan hərfin mütləq fəal olacağı, hökmən filan mövzuda, həm də 6-7 yaşlı uşağın anlayacağı sadə dildə yazılmış şeir, balaca hekayə lazımdır" sifarişini necə edəydilər? Təbii ki, ya təbəssümlə, ya da ən yaxşı halda mədəni tərzdə imtina ilə qarşılaşacaqdılar. Azsaylı hərflərlə tələb olunan bədii mətnlərin yazıla bilməsinin əsas çətinliklərindən biri də budur ki, axı sən sadəcə sözləri yan-yana düzmürsən. Onlar bir-biri ilə bağlanmalı, bağlanma üçün sözlərin hallanma qaydalarına əməl edilməli, bu yanaşılıq da süni səslənməməli, dilə və ürəyəyatan olmalıdır. Ona görə də çarə yalnız "Əlifba" müəlliflərinin özünə qalırdı. Şeirləri də, bütün bədii mətnləri də əlifbamızdakı hərflər öyrədilib qurtarana qədər, hərf çatışmazlığı məsələsi qüvvədə olduğu müddətcə özü yazmalı idi. Demək, "Əlifba" yazan kəsin həm ümdə pedaqoji prinsiplərdən agahlığı, dərslik siyasətinə bələdliyi vacibdir, həm uşaq psixologiyasını yaxşı bilməsi, üstəlik də, hökmən şairlik, yazıçılıq qabiliyyətinə malikliyi lazımdır. Bütün bu qabiliyyətlər bir adamda birləşməsə, yaxşı "Əlifba" ortaya çıxarmaq xam xəyaldır. Ona görə də bizim indiyədək yazılmış "Əlifba" dərsliklərimizin istisnasız olaraq heç biri tələblərə cavab vermir.

Bu tələblər yerinə yetirilmədiyindən bizdə "Əlifba" dərsinin tədrisində ənənəvi qüsur nəsil-nəsil ötürülüb, bu gün də eyni şəkildə, bəlkə XX yüzildəkindən də daha umulmaz bir şəkildə davam etdirilməkdədir.

Bu isə əsla sıradan olan gedişat deyil!

"Əlifba" kitabı və "Əlifba" tədrisi ümummilli, ümumdövlət əhəmiyyətli, millət quruculuğu ilə bilavasitə bağlı elə fövqəladə mənalı məsələdir ki, burada heç bir məqamı ikinci dərəcəli, ya nisbətən az əhəmiyyətli sayaraq böyürə qoymaq olmaz.

Qoyduğun təməlin, hördüyün divarın, ucaltdığın binanın davamlılığını istəyirsənsə, onun hər cəhətdən sağlam və möhkəmliyini gərək lap başdan düşünəsən, düzdüyün hər kərpicdə nəzərə alasan. "Əlifba" dərsliyi isə belə kərpiclərin, belə sütun və dayaqların ən mötəbərlərindən, sonra əlavə ediləcək bütün ağırlıqları üzərində daşımalı olanlarındandır.

Mən özümüzünküləri, eləcə də şərqli-qərbli olmaqla 30-dək xalqın son iki yüzildən artıq müddətdə yaratdığı yüzlərlə "Əlifba"nı topladım, araşdırdım, öyrəndim və ərz olunan bütün şərtləri nəzərə alaraq öz "Əlifba" kitabımı yazdım. O kitab üzərində işləyərkən hər birinin süjetini, ideyasını verdiyim rəsmləri çəkməkdən ötrü başda Elçin Hami Axundov olmaqla iri bir rəssamlar dəstəsi toplamışdım. Ucal Haqverdiyev, Nüsrət Hacıyev, Elyar Əlimirzəyev, Gülnarə Xalıqova və digərləri ilə hər gün, günaşırı görüşürdük, kitabda gedən şeirlərin tədris əsnasında daha münasib qavrayışına yardımçı olmaqdan ötrü onların nəğmələşməsi qeydinə də qalmışdım. Azərbaycanın istedadlı bəstəkarlarına müraciət etmişdim və bu işi 6-7 yaşlı uşaqlar üçün, sabahımızdan ötrü gördüklərinin bütün məsuliyyətini düşünərək onlar şövqlə çalışmışdılar, bir-birindən eşidimli mahnılar bəstələmişdilər. Müraciət etdiyim bəstəkarlar Adil Bəbirov, Arif Məlikov, Vasif Adıgözəlov, Ramiz Mirişli, Oqtay Rəcəbov, Cavanşir Quliyev, Faiq Sücəddinov, Ruhəngiz Qasımova, Eldar Mansurov, Vaqif Gərayzadə, Rizvan Sədirxanov və digərləri idi.

2002-ci il idi, türk dünyasının böyük şairi və mütəfəkkiri Oljas Süleymenovla bərabər, hər ikimizin dostu Kəmaləddin Heydərovla görüşmüşdük. Kəmaləddin müəllim mənim "Əlifba"mdan elə həvəslə danışmağa başladı ki, Oljasda maraq yarandı. Ertəsi gün ikimiz də eyni təyyarədə bir də görüşəcəkdik. Mən Avropa Şurası Parlament Assambleyasının Parisdə keçirilən növbəti komitə iclasına, Oljas isə işlədiyi UNESCO-ya yola düşəcəkdi. Şair xahiş etdi ki, sabah hava limanına gələndə "Əlifba"dan bir nüsxə götürməyi unutmayım.

Adətən bir neçə saat davam edən uçuşlar vaxtı mən mürgüləyirəm. Təyyarə qalxandan az sonra yuxulayan, bir də enişə az qalmış elə xəbərdarlıqsız-filansız oyanıram. Bu dəfə də elə oldu. Ayılanda Bakı-Paris yolu boyunca 240 səhifəlik "Əlifba"mı ilk səhifəsindən son səhifəsinədək diqqətlə oxuyub başa vurmuş Oljas Süleymenovdan, böyük şairliyindən əlavə, həm də dərin alim olan bu nadir şəxsiyyətdən eşitdiyim sözlər məni mütəəssir etdi. "Bu kitabı yazmaq 20 roman yazmaqdan daha çətindir" dedi və bu sözləri söyləyən, bu qiyməti verən yaxşı yazının nə demək olduğunu bəlkə də hər kəsdən daha gözəl bilən Sərraf idi!

Bütün bunları nə özümü öyməkçün yazıram, nə də görmüş olduğum işin dəyərini bir az da qabartmaqçün. Millət üçün yazılmış hər dərslik özünə görə bir tarixdir və istəyim sadəcə ondan ibarətdir ki, bu gerçəklər də bilinsin. Ancaq həmin "Əlifba" yenicə nəşr ediləndə onu ilk görüb qiymətləndirən iki böyük şəxsiyyət də olmuşdu.

2001-ci ildə Azərbaycanda poliqrafiya hələ indiki yüksək səviyyəsində deyildi. "Əlifba" isə yüzlərlə rəsmlə bəzənmişdi və lazım idi ki, rəngli çap da bir-birindən cazibəli həmin şəkillərə layiq səviyyədə olsun. Ona görə çapı Ankarada etdik, sonra bütün tirajı oradan maşınla İstanbula daşıdım ki, hər gün uçuşları olan, həm də ən vacibi - daha iri təyyarədə Bakıya gətirim. Elə Bakıya çatdığım günün gecəsi də təzədən səfərə çıxdım - Strasburqda sessiyamız başlanacaqdı. O vaxt AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri cənab İlham Əliyev idi. Hələ mətbəə qoxusu getməmiş "Əlifba"dan özümlə götürmüşdüm, tanış olması üçün İlham müəllimə də göstərdim. Çox bəyəndi və tapşırdı ki, Bakıya qayıdanda nüsxələr göndərim ki, dövlət başçısına da çatdırsın. Bir müddət sonra gələcək Prezidentimiz İlham Əliyev mənə Ulu öndərin "Əlifba" ilə tanışlıqdan sonrakı təəssüratlarını çatdıranda riqqətləndim. Dedi ki, Prezidentin hər mətnə necə diqqətlə baxdığını bilirsən. Bu kitabı əvvəldən-axıradək diqqətlə oxuyandan sonra söylədi ki, çox yaxşı kitabdır, indiyədək beləsi olmayıb".

Unudulmaz Heydər Əliyevin "Əlifba"mla bağlı bir başqa qiymət verməsi və diqqəti haqqında isə bir çox dostların iştirak etdiyi məclisdə üstündən xeyli keçəndən sonra - 2024-cü ildə o dövrdə təhsil naziri vəzifəsində çalışmış Misir Mərdanov danışdı: "Bir gün Heydər Əliyev mənə hökumət rabitəsi ilə zəng vurdu, soruşdu ki, Rafaelin "Əlifba" kitabını görmüsənmi? Dedim, haqqında eşitmişəm, amma hələ oxumamışam. Qayıtdı ki, mən oxumuşam, çox yaxşı kitabdır, onu təsdiq etmək lazımdır. Mən də ləngimədən kitabla tanış oldum, Təhsil Nazirliyində 2001-ci il sentyabrıın 14-də mütəxəssislərin, tanınmış ziyalıların iştirakı ilə geniş müşavirə keçirib bu yeni "Əlifba"nın müzakirəsini apararaq dərslik kimi təsdiq etdik, nüsxələrdən respublikanın müxtəlif bölgələrindəki ayrı-ayrı məktəblərə payladıq və Bakıdakı 6 saylı məktəbdə Rafaeli kollektivə və şagirdlərə təqdim etdim, o özü də kitabını təcrübədə sınaqdan keçirmək məqsədilə həmin məktəbdə birincilərə "Əlifba" dərsi deməyə başladı".

Yazıçı Anar 2001-ci il iyunun 28-də həmin kitab haqqında "Xalq qəzeti"ndə dərc edilmiş məqaləsində belə yazırdı: "Rafaelin çoxyönlü və səmərəli yaradıcılıq fəaliyyətini bir sözlə ifadə etsək, bu söz "MAARİFÇİ"dir. Həmişə bəlkə də mübahisəli görünə biləcək bir fikrin tərəfdarı olmuşam: məncə, bir millətin xeyri və faydası üçün MAARİFÇİLİK MİLLƏTÇİLİKDƏN ÜSTÜNDÜR. Şübhəsiz, bu fikrin müəyyən şərhə ehtiyacı var. Millətsevərlik, vətənpərvərlik, patriotluq anlamında millətçilik, özəlliklə sayca kiçik millətlərin millətçiliyi, söz yox ki, vacib və gərəkli bir mövqedir. Bir şərtlə ki, bu millətçilik "quru-quru qurbanın olum" prinsipinə, populistcəsinə xal toplamaq cəhdinə, öz xalqının üstünlüyünü isbat etmək üçün başqa millətləri alçaltmağa köklənmiş olmasın. Milli ləyaqət hissi milli lovğalığa çevrilməsin. Və bu baxımdan sağlam millətçiliyin ilk təməli, qarşıya qoyduğu ilk məqsəd məhz MAARİFÇİLİK olmalıdır. Məncə, maarifçilik - bu anlayışa milli qüsurların da güzəştsiz tənqidi və ifşası daxildir - millətə xidmətin ən vacib və təmənnasız şəklidir. Maarifin də, biliyin də, elmin də ilk pilləsi savaddır. Savadın qapısının açarı isə "Əlifba" kitabıdır.

Rafael Hüseynovun yaratdığı yeni "Əlifba" kitabı maarifçilik ənənələrimizin müasir dövrdə davamıdır.

Rafaelin kitabı yaradarkən qarşısına qoyduğu bir məqsəd də balacaları quru məlumatlarla yormamaq, bıkdırmamaq, savadı və bilikləri onların yaşına və psixolojisinə uyğun şəkildə daha cəlbedici formalarda çatdırmaqdır.

XXI əsrdə xalqımızın taleyini həll edəcək yeni nəsillərin yetişməsində maarifçiliyin nə qədər böyük əhəmiyyətə malik olduğu hamımıza aydındır. Maarifin ilk pilləsi - savad, savad qapısının açarı isə bu səpkili kitablardır".

Tanınmış dilçi alim, təhsil mütəxəssisi, o dövrdə Təhsil Nazirliyində şöbə müdiri işləyən Əsgər Quliyev isə 2001-ci il oktyabrın 4-də "Azərbaycan müəllimi" qəzetində dərc edilmiş "İntellekt əsrinin yeni "Əlifba"sı" sərlövhəli məqaləsində düşüncələri belə bölüşür, kitabı belə qiymətləndirirdi: "Açığını deyim ki, çoxcəhətli fəaliyyəti və orijinal araşdırmaları ilə ölkəmizdə yaxşı tanınan müəllif yeni "Əlifba" kitabı ilə təkcə mütəxəssisləri deyil, həm də bir çox ziyalıları, müəllimləri sanki şok vəziyyətinə salıb, sözün müsbət mənasında ovsunlayıb.

"Əlifba"nın əsas üstünlüklərindən biri də ilk dəfə burada inteqrativ təlimin prinsiplərinin yüksək elmi-metodiki səviyyədə gözlənilməsi və təcrübi olaraq bu dərslikdə reallaşdırılması sayılmalıdır.

Rafael Hüseynovun dərsliyində verilən materialların bolluğu şagirdlərin əqli inkişafına, milli düşüncəsinin formalaşmasına, balalarımızda dilimizə, dinimizə, Vətənimizə məhəbbət hisslərinin aşılanmasına, övladlarımızın ətraf aləmi, ilk növbədə Azərbaycanımızı yaxşı tanımasına yönəldilib.

Rafael Hüseynovun "Əlifba"sı məzmun və quruluşuna görə Azərbaycan təhsili tarixində milli elementlər aparıcı olmaqla ümumbəşəri dəyərlərə hörmət hissləri ilə yazılmış orijinal dərslikdir. Onun tərtibində beynəlxalq təcrübədən əsaslı şəkildə yararlanılıb".

"Əlifba" kitabını oxumağa başlayan uşaq məktəbə, onunçün yeni olan aləmə nağıllardan və cizgi filmlərindən ayrılaraq gəlib. Yəni tamam ayrılmayıb, hələ ki həm də onlarladır. Ona görə bu dərsliyi hazırlayarkən mən uşaqlar üçün doğma olan həmin mühiti də dərsliyə gətirməyi qət etdim. Hər hərf üçün 6 səhifə nəzərdə tutmuşdum. İlk 3 səhifə hərfin öyrədilişi, bununla bağlı bədii mətnlər, altıncı səhifə balaların dünyagörüşünün genişlənməsinə, biliklərinin artmasına hesablanmış hissə idi ki, burada verilən məlumatlar da istənilən halda həmin anda öyrədilən hərflə bağlanırdı. 4 və 5-ci səhifələr isə daha çox sinifdənxaric oxu üçün düşünülmüşdü ki, burada müxtəlif oyunlar, məsələlər, əyləncəli tapşırıqlar verilirdi. Amma təbii ki, öyrədilən hərfin fəal olması tələbi bu hissədə də sonadək qorunurdu. Əsasən bu səhifələrdə məşhur bədii kinoşəkillərdən, animasiya filmlərindən və çeşidli nağıllardan uşaqlara yaxşı tanış olan qəhrəmanlar irəli çıxırdılar. Bu qəhrəmanları da elə seçmişdik ki, həm Azərbaycanla, həm Şərqlə, həm də Qərblə bağlı olsun. Onsuz da "Əlifba"nın ilk sətrindən son cümləsi və axırıncı rəsminəcən bizim şüurlara ötürmək istədiyimiz ilk növbədə milli duyğuların, vətənsevərliyin tərbiyəsi idi. Amma biz axı həm də böyük dünyanın, insanlığın birlikdə yaratdığı ortaq mədəni sərvətlərin sahibiyik. Qınımıza qısılıb qalarıqsa, zəif düşərik, gücümüz azalar. Dərslik başlananda, hələ heç hərflərə keçməmiş ilk səhifələrdəcə birinciləri hamısını üzdən tanıdıqları ədəbi qəhrəmanlarla görüş gözləyirdi. O qəhrəmanları seçərkən bu boşluğu bütün acınacaqlığı ilə hiss etdim ki, bizim bir Cırtdan istisna olmaqla, sırf uşaq nağıl qəhrəmanımız yoxdur. Yoxdursa, demək, yaratmaq lazımdır. Ötmüş yüzillərdə məhz həmin boşluğu duyaraq Yer Üzünün neçə böyük yazıçısı, şairi nağılçılıqda qələmini sınayıb, elə nağıl qəhrəmanları yaradıblar ki, bu surətlərin haçansa var olmasına, bu gün də diri olmasına uşaqlar ürəkdən inanıb, uşaqlar bir yana, böyüklər də bunları həqiqət kimi qəbul etməyə hazır olub. Hans Xristian Andersenin Düyməciyi, Şarl Perronun Qırmızıpapağı, Canni Rodarinin Çippolinosu, Karlo Kollodininin Pinokkiosu, Aleksey Tolstoyun Buratinosu, Astrid Lindqrenin Karlsonu çoxdan yalnız öz xalqlarınınkı olmaq çərçivəsindəm çıxaraq dünyanınkılaşıblar, elə Azərbaycan uşaqları da bunları ekranlarda, şəkilli kitablarda o qədər görüblər ki, hələ məktəbə gəlməmişdən onlarla dostlaşıblar. Mən onların hamısını və hərəsini elə onlara aid əsərlərdən bəlli olan məziyyətləri və keyfiyyətləri ilə və hərəsini də məxsusi vəzifəylə "Əlifba"ma gətirdim. Onların yanında dəniz səyyahı, əslən çinli olmuş Sindibada da, əli sehrli çıraqlı Ələddinə də, rus nağıllarındakı Şaxta babaya daimi yoldaş olan Qar qıza da, öz nağıllarımızdan boylanan Göyçək Fatmaya, Məlikməmmədə, Tıq-tıq xanıma da yer verdim. Hazırcavab, məzəli sözlü bir qəhrəmana da ehtiyacım vardı. Molla Nəsrəddinin də bir zamanlar uşaq olmasını ağılda tutaraq onu da Bala Nəsrəddin kimi bu sıraya qoşdum. Sözləri çəpləşən, biri elə deyəndə biri də belə deyən qoşa qəhrəmana da ehtiyacım vardı. Onları da "Bir qalanın sirri" filmindən götürdüm - Hadı ilə Bıdı. Cırtdan bəlli idi, ancaq bu surətlər qalereyasında, "Əlifba" oyunlarında çalışqan, diribaş Cırtdanın tərsi olan, tənbəl, sözəbaxmaz, pinti, dəcəl bir surətin də yeri görünürdü. Adını Şişman qoyaraq Divin oğlunu da bu cərgəyə qoşduq. İndinin uşaqları texnikaya da, texnologiyalara da çox maildir. Bəzən yaşlılar heyrətlənirlər ki, necə olur bapbalaca uşaqlar ilk dəfə gördüklərindəncə əl telefonlarının dilini elə tez tapırlar ki, böyüklərə bundan ötrü günlər lazım olur. Yazıçı Yevgeni Veltistovun fantastik povestlərində həyat verdiyi, sonra da kinorejissor Konstantin Bronberqin ekrana gətirdiyi Elektronik, ya bizim ədəbiyyatda 1960-cı illərdə fantast yazıçı Namiq Abdullayevin yaratdığı Kibersurətləri təkan nöqtəsi oldu və mən də bunlara mahiyyətcə uyğun bir surəti "Əlifba"dakı qəhrəmanların sırasına qatdım - Candəmiri. "Əlifba"nın ilk səhifəsi bu qəhrəmanları təqdim edərək dərslərin öyrənilməsində onlarınşagirdlərə arxa olacağını, kömək göstərəcəyini vəd edirdi:

Şən "Əlifba" ölkəsinin

O başına bu başından

Otuz iki dayanacaq.

Olsa da bu sınaq çətin,

Tək deyilsən, möhkəm dayan!

Dostlar bələdçin olacaq.

Bunu da düşünmüşdük ki, sonda, birincilərçün təşkil edilən "Əlifba" bayramında da o qəhrəmanlar yenə uşaqlarla olsunlar. Bu dəfə artıq uşaqlardan hansılarısa elə həmin qəhrəmanlarınkına uyğun kostyumlarda məktəb səhnəsinə çıxsınlar, hərəsi öz nəğməsini oxusun. O surətlərin hərəsinin öz mahnısı vardı. "Əlifba"da musiqililiyə belə çox meyil etməyimiz səbəbsiz deyildi, bunun da məktəbçiliyimizdə öz yaşamalı, davam etdirilməli təcrübələri var.

Məktəbdə musiqinin, nəğmələrin vacibliyindən vaxtilə Həsən bəy Zərdabi yazırdı, Abbas Səhhət bəhs edirdi.

Həsən bəy Zərdabi 1906-cı ildə "Həyat" qəzetində dərc edilmiş "Bizim nəğmələrimiz" adlı məqaləsində belə yol göstərirdi ki, mən bundan 7-8 il əvvəl, Bakıda rus-müsəlman məktəbləri ilbəil açılanda müəllimlərin bir neçəsindən şeirlər yazıb onları xoş havalar üstündə oxumağı şagirdlərə öyrətmələrini təvəqqe etdim. Həsən bəy davam edərək dərdini açırdı: "Həqiqət, bir az vaxtda müəllimlərdən bir neçəsi çox pürməna şeirlər yazıb xoş havalar ilə onları şagirdlərə oxutmaq öyrətdilər. Sonra bu şagirdlərdən bir dəstə düzəldib onları teatr çıxaran vaxtlarda oxutduq. Biz müsəlmanların belə gözlərini açmağı xoşuna gəlməyən adamların birisi gedib bu barədə uşqulların (məktəblərin - R.H.) böyüyü direktora xəbər verdi. O da şagirdlərə o nəğmələri oxumağı qadağan etdi. Sonra bu nəğmələri cəm edib Tiflisə senzora göndərib təvəqqe elədim ki, onları çap etməyə və oxumağa izin versin. Və belə izin gələndən sonra onları çap elədib Bakı məktəblərinin şagirdlərinə və qeyri şəhərlərin uşqullarına müftə göndərdim ki, oxusunlar").

Mirzə Ələkbər Sabirin oğlu, görkəmli pedaqoq Məmmədsəlim Tahirli atasının Balaxanı məktəbində dərs deyərkən dərsliklərdəki boşluqları doldurmaqçün yazdığı uşaq şeirlərini asan qavranılsın deyə şagirdlərə müəyyən havacat üzərində oxuyaraq əzbərlətdiyini söyləyirdi. Əlbəttə, Sabir təzə melodiyalar qoşan deyildi və onun yanında bəstəkarı da yox idi ki, dar macalda lazım olan şeirə musiqi bəstələtdirsin. El təranələrinin, dillərdə gəzən təsniflərin qulaqlara tanış olan motivlərini götürürdü, məlum sözlərini onlardan ayırırdı, öz uşaq şeirlərini həmin melodiyalar üstündə oxutdururdu. Rəhmətlik Məmmədsəlim müəllim 1911-ci ildə anadan olmuşdu, atasının üzünü görməmişdi, amma bacısının xatirələrindən zehnində atasının çox dəqiq surəti yaşayırdı. Söyləyirdi ki, bacısının danışdıqlarının sayəsində onda elə atasını şəxsən görüb eşitməsi təsəvvürü yaranıb. Sabirin vaxtilə məktəblilərə oxutdurduğu mahnılardan da bir neçəsini bacısı ona öyrətmişdi. Atasının məktəb şərqilərindən birini Məmmədsəlim müəllim "Laçın" havası üstündə oxuyurdu. Ya "Məktəb, məktəb, nə dilguşasan" şeirini bir başqa xalq mahnısı üzərində səsləndirirdi.

Bu minvalla "Əlifba"nı musiqiləşdirmək təcrübəsi, bu üsulla tədrisin keyfiyyətinin artmasına nail olmaq cəhdləri bütün dünyada edilir və dünyada artıq dəbləşmiş, bizim özümüzdə də ənənəsi olan belə bir təmayüldən söz yox, biz də yan keçə bilməzdik.

"Əlifba" bayramında, bütün qəhrəmanların qovuşduğu nağıllar şəhərində onların hamısının birgə oxuyacağı bir nəğmə də vardı. Bəndlərin sayını da çox etmişdim ki, birincilərin hərəsinin ayrıca oxuya biləcəyi öz kupleti olsun:

Bu şəhər bizim şəhər,

Bu şəhər qədim şəhər.

Yaxşıya arxa duran,

Pislərə qənim şəhər.

Hərənin ayrı dili,

Hərənin ayrı eli.

Görüşüb bu şəhərdə

Olmuşuq dost, həmyerli.

Bu şəhər tilsim şəhər,

Açarı "sim-sim" şəhər.

Axtarsa xəritədə

Tapar səni kim, şəhər?

Sehrli boxça şəhər,

Sovqatlı, xonça şəhər.

Nənələr toxuyublar,

Bu şəhər xalça şəhər.

Bu şəhər kitab şəhər,

Arzuya cavab şəhər.

Nadanlara görünməz,

Bu şəhər sərab şəhər.

Bu şəhər söz şəhəri,

Hamının öz şəhəri.

Hər sirrin için görər,

Bu şəhər göz şəhəri.

Dünəndən agah şəhər,

Başlanan sabah şəhər.

Sindibad kimi gəzər,

Bu şəhər səyyah şəhər.

Yolları hamar şəhər,

Əbədi qatar şəhər.

Çox olub sərnişinin,

Bizi də apar, şəhər.

Bulaqtək təmiz şəhər,

Hər kəsə əziz şəhər.

Olardın lal daş-divar,

Qalsaydın bizsiz şəhər.

Bu şəhər qala şəhər,

Qaldıqca qala şəhər.

Hər nağıldan bir az kəs,

Ömrünə cala, şəhər.

Bu şəhər bahar şəhər,

Daim gül açar şəhər.

Dirilik suyu içib

Həmişə yaşar şəhər.

Bu şəhər yaddaş şəhər

İlkin şəhər, baş şəhər.

Hər dildə, hər bir eldə

Nağılla adaş şəhər.

Danışar burda quşlar,

Danışar burda daşlar,

Dil açar burda ot da,

Gül də söhbətə başlar.

Bu şəhər raket şəhər,

Al məni, uç get, şəhər.

Bu şəhər məktəb şəhər,

Həyata maket şəhər.

Laylaya batmış şəhər,

Saatı yatmış şəhər

"Biri varmış" deyincə

Bizi oyatmış şəhər.

Dədəmlə yaşıd şəhər,

Nənəmlə yaşıd şəhər.

Babamın babasıyla,

Mənimlə yaşıd şəhər.

Böyükdən böyük şəhər

Kiçikdən kiçik şəhər.

Böyüklə böyük şəhər,

Kiçiklə kiçik şəhər.

Unudulmaz bəstəkarımız və dostumuz Rəşid Şəfəq uşaqlarçün yazmağı və uşaqlarla işləməyi çox sevirdi. Səbəbsiz deyildi ki, Bakıda ilk Uşaq Filarmoniyası yaratmaq da ona nəsib olmuşdu. "Əlifba"mdakı nəğmələr qatarı və dərslikdəki nağıl qəhrəmanlarının hərəsinin öz nəğməsini görüb-eşidəndən sonra bunların hamısının qovuşuğundan məktəblilərin iştirakı ilə bir musiqili tamaşa hazırlamağı düşünürdü. Heyif, qismət olmadı!

Amma məktəblərimiz yerində, nəğmələr hazır, şagirdlərimiz də həvəsli. Məktəblərimizdən musiqi sədaları nə qədər çox ucalsa, o əziz məkanların da, balalarımızın da həm işığı, həm sevinci, həm ilhamı artar.

Məktəbin və məktəb illərinin öz ömründə nə qədər əziz, nə qədər qiymətli olduğunu insan aydınlığı ilə o çağlardan xeyli aralanandan sonra hiss edir. Həyatı boyu hər insanın məbədlərdən keçməsi var. Zaman insana yaşa dolduqca bu dərsi də verir ki, üz tutduğumuz məbədlərin ən gözəllərindən biri elə məktəbmiş. Yaxşı kitablar, sanballı dərsliklər də o məbədə aparan yollar kimidir. Məbədimizin də, məbədə aparan yollarımızın da işığı azalmasın!

22 fevral 2025

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:15
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dekabrda qarət olunub, xəbəri indi çıxır...

02 Mart 2025 12:08see135

Sabirabadda şəhid adı verilən küçə acınacaqlı halda

02 Mart 2025 01:40see134

ABŞ nin maliyyə naziri: Kiyev iqtisadi sazişi qəbul etmək üçün sülh müqaviləsini imzalamalıdır

03 Mart 2025 01:15see129

Netanyahu hərbi katibini Moskvaya göndərdi

02 Mart 2025 00:13see125

Xankəndidə tikiş fabriki fəaliyyət göstərir İşçilər təəssüratlarını bölüşdülər

02 Mart 2025 01:01see125

Model alışdı, dördotaqlı ev külə döndü

02 Mart 2025 19:06see123

Mən Zelenskiyə...mübahisələrə girməməyi söylədim...

02 Mart 2025 01:08see119

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

02 Mart 2025 10:59see118

Cenk Tosun Yaponiya yolunda

02 Mart 2025 00:30see117

Baş katib Ukraynada atəşkəs hazırlığına çağırış edib

03 Mart 2025 00:13see116

Yol polisi sürücülərdən bunu xahiş ETDİ

02 Mart 2025 00:25see114

Nüvə təhlükəsi azalır, amma Rusiyanın Avropa ilə müharibə riski artır

03 Mart 2025 00:26see112

ABŞ Ukrayna ilə nadir torpaq metalları üzrə müqaviləni imzalayacaq? Nazirdən AÇIQLAMA

03 Mart 2025 09:41see112

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 4 kq tiryək və marixuana aşkarlanıb

03 Mart 2025 14:34see109

Maskın ixtisar etdiklərini Moskva ilə Pekin TOPLAYIR

03 Mart 2025 14:36see108

Miroslav Kloze: “Mahirə qarşı kin saxlamıram”

03 Mart 2025 01:39see108

“RoPax” tipli “Azərbaycan” gəmi bərəsinin “RoPax” tipli “Azərbaycan” gəmi bərəsinin istismara verilməsindən 4 il ötür Yeni Gündəm

02 Mart 2025 00:15see107

“Bu söhbətlərlə Çimnazın atasına zərbə vurursuz, ailəsi aciz deyil ki...” ÖZƏL

02 Mart 2025 07:58see107

Tez hazırlanan sıyıq və pürelərin sağlamlığa TƏHLÜKƏSİ KONKRET

02 Mart 2025 19:41see107

Suriya təhlükəsizlik qüvvələri Dəməşq ətrafında silahlı dəstələrlə toqquşub

02 Mart 2025 11:26see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri