Mədəniyyət Nazirliyi niyə bu müəlliflərin kitablarını alıb? Satınalma prosesindəki meyarlar
Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mədəniyyət Nazirliyinin bir sıra yazıçı ilə alqı-satqı müqavilələri bağlayıb onların kitablarını almağı müzakirəyə çevrildi. Müqavilələrdə həmin yazıçılardan müxtəlif kitabların satın alınması nəzərdə tutulur.
Siyahıda Xalq yazıçısı Elmira Axundova, şair Qəşəm Nəcəfzadə, yazıçı Kəramət Böyükçöl və bir sıra yazıçının adları yer almışdı.
Nazirliyin təqdim etdiyi bu siyahı ədəbi ictimaiyyətdə birmənalı qarşılanmadı. Xüsusən də, köhnə KVN-çi Bəhram Bağırzadənin kitabların hamıdan çox pul ayrılması (9100 manat) ciddi tənqidlərə səbəb oldu.
Hər il dövlət büdcəsi hesabına yüzlərlə adda kitab alınır, minlərlə nüsxə ölkənin müxtəlif kitabxanalarına paylanır. Bu proses kənardan sadə və texniki prosedur kimi görünə bilər. Amma, doğrudanmı, söhbət yalnız kitab almaqdan gedir? Yoxsa bu proses eyni zamanda dövlətin hansı mövzuları və hansı mətnləri cəmiyyətə təqdim etdiyini müəyyən edən daha geniş bir mexanizmdir?
Sözügedən mövzu ilə bağlı Kulis.az bu prosesin necə həyata keçirilməsi haqqında Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq, bildirilib ki, Nazirliyin sifarişi və dəstəyi ilə nəşriyyat və çap məhsullarının istehsalı, buraxılışı və satınalınması “Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya” vasitəsilə həyata keçirilir. Komissiya mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən formalaşdırılır.
Maraqlıdır, bu mütəxəssislər hansı meyarlara əsasən seçilir və onların yanaşmaları bir-birindən nə dərəcədə fərqlənir?
Qeyd olunub ki, komissiyanın tərkibi hər il yenilənir və ilin sonunadək konfidensial saxlanılır. Rəsmi izaha görə, bu yanaşma obyektivliyi və prosesə kənar təsirlərin qarşısını almaq məqsədi daşıyır.
Lakin oxucu və müəlliflər üçün təbii sual yaranır: konfidensiallıq obyektivliyi qoruyur, yoxsa ictimai marağın bu prosesə çıxışını məhdudlaşdırır?
Nəşr planı Nazirliyin sifarişi və dəstəyi ilə bir il ərzində istehsalı və buraxılışı nəzərdə tutulan nəşrlərin siyahısıdır. Hər ilin yanvar ayında Komissiya son bir il ərzində təqdim olunmuş əlyazmalar və nəzərdə tutulan dövlət sifarişləri əsasında bu planı hazırlayır. Plan mədəniyyət naziri tərəfindən təsdiqləndikdən sonra icraya yönəldilir.
Burada da başqa bir sual ortaya çıxır: planın hazırlanmasında təşəbbüs daha çox kimdədir – müəllifdə, nəşriyyatda, yoxsa dövlət sifarişində?
Nazirliyin 2021-ci ildə təsdiqlədiyi “Meyarlar” sənədi kitab siyasətinin ideoloji və məzmun çərçivəsini aydın şəkildə göstərir. Prioritet istiqamətlər siyahısı kifayət qədər genişdir, amma diqqətçəkən əsas məqamlar bunlardır: Dövlət ehtiyaclarını təmin edən nəşrlər, elmi tədqiqatlar, yüksək bədii dəyərə malik ədəbi əsərlər, milli adət-ənənələr, folklor, mədəni irs, Qarabağ və Vətən müharibəsi mövzulu tədqiqatlar, uşaq incəsənət məktəbləri üçün dərsliklər bu siyahıya daxildir. Eyni zamanda, zorakılığı, nifrəti, separatizmi, pornoqrafiyanı və ya konstitusiya quruluşuna çağırışları ehtiva edən əlyazmalar qəti şəkildə qəbul edilmir.
Nəşr planına salınmaq üçün müəlliflər və ya nəşriyyatlar Nazirliyə müraciət edir. Əlyazmanın elektron variantı, plagiatlıq yoxlaması və aidiyyəti qurumun rəyi tələb olunur. Əlyazmalar ardıcıllıqla qeydiyyata alınaraq Komissiyaya təqdim edilir. Formal baxımdan hər şey qaydasındadır.
Amma praktikada müəlliflərin tez-tez verdiyi sual dəyişmir: təkcə sənədlər kifayətdirmi, yoxsa müəllifin tanınmışlığı və ya mövzunun “uyğunluğu” da rol oynayır?
Nəşr planı ilə paralel olaraq hər il fevral ayında “Nəşrlərin satınalınması müsabiqəsi” elan olunur. Müsabiqə açıq şəkildə elan edilir və müraciətlər üçün 30 gün vaxt verilir. Müsabiqədə nəşriyyatlar, hüquqi şəxslər və müəlliflər iştirak edə bilər. Müəlliflərin iştirakı üçün onlar vergi ödəyicisi kimi qeydiyyatda olmalı və kitabı çap etdirən nəşriyyat vasitəsilə müraciət etməlidirlər.
Nazirliyin sifarişi ilə yazılan əsərlərə qonorar ödənilir, lakin yalnız Nazirliyin dəstəyi ilə çap olunan kitablara qonorar verilmir. Müəllifə maksimum 50 nüsxə hədiyyə olunur.
Müsabiqəyə təqdim olunan nəşrlər Komissiya tərəfindən bir ay ərzində dəyərləndirilir. Qiymətləndirmə zamanı kitabların məzmunu, elmi və bədii sanbalı, mövzu aktuallığı, poliqrafik keyfiyyəti və kitabxanaların oxucu tələbatı nəzərə alınır.
Qərarlar açıq səsvermə yolu ilə qəbul edilir və yekun protokol mədəniyyət naziri tərəfindən təsdiqlənir. Bundan sonra nəşriyyat və ya müəlliflə satınalma müqaviləsi bağlanır. Kitabların qiyməti bazar şərtləri və texniki göstəricilər əsasında müəyyən edilir.
Əsas şərtlərdən biri də budur ki, təqdim olunan kitablar son bir il ərzində çap olunmuş olmalı və ümumi tirajı minimum 300 nüsxə təşkil etməlidir. Poliqrafik keyfiyyət, dizayn, kağız növü və buraxılış məlumatları ayrıca tələblərlə tənzimlənir.
Kitabın qiyməti buraxılış məlumatında göstərilməyibsə, Komissiya onu bazar şərtləri, texniki göstəricilər və poliqrafik keyfiyyət əsasında müəyyən edir. Hər bir kitabdan minimum 40 nüsxə alınmalıdır, yuxarı hədd isə kitabxanaların real tələbatına uyğun müəyyənləşdirilir.
Bu tələbatın ölçülməsi üçün Komissiya kitabxanalardan oxucu sorğu kitabçalarına əsaslanan statistik məlumatlar tələb edir. Yəni nəzəri olaraq oxucu marağı mexanizmin bir hissəsidir.
Nüsxə sayı kitabxanaların real tələbatı ilə uzlaşdırılır. Amma oxucu marağının bu statistikaya necə çevrildiyi, sorğuların nə dərəcədə aktual olduğu da ayrıca mövzudur.
Satın alınmış nəşrlər Respublika Kitabxana Kollektorunda saxlanılır və ölkə üzrə kitabxanalara paylanır. Elektron variantların da fondlara daxil edilməsi mümkündür.
Burada isə başqa bir sual meydana çıxır: kitabların kitabxanalarda oxunma səviyyəsi izlənilirmi, yoxsa proses satınalma mərhələsində dayanır?
Nazirliyin sifarişi ilə hazırlanan əsərlərə qonorar ödənilir, Nazirliyin dəstəyi ilə çap olunanlara isə yox. Müəllifə müəyyən sayda nüsxə hədiyyə olunur.
Rəsmi məlumatlara görə, 2025-ci il üzrə 56 nəşr layihəsi müzakirə olunub, 23 əsər növbəti il üçün nəşr planına salınıb. Müsabiqəyə təqdim olunan 1520 adda kitabdan 525 adda nəşr, ümumilikdə 63 650 nüsxə kitab satın alınıb. Rəqəmlər böyükdür və prosesin miqyasını göstərir. Amma bu rəqəmlərin arxasında hansı kitabların oxucuya daha çox çatdığı, hansılarının isə rəflərdə qaldığını gələcək göstərəcək.
Mədəniyyət Nazirliyinin kitab satınalma sistemi normativ baxımdan formalaşıb, mərhələləri və tələbləri yazılı şəkildə mövcuddur. Lakin sistemin daha açıq, daha izahlı və daha dialoqa açıq olması həm müəlliflər, həm nəşriyyatlar, həm də oxucular üçün etimadı gücləndirə bilər. Axı söhbət təkcə kitab almaqdan yox, dövlətin hansı mətnləri və bunun vasitəsilə hansı ideyaları cəmiyyətə daşımasından gedir. Bu isə hər zaman açıq müzakirə mövzusu olmalıdır.
Sorğuya verilən cavablara nəzər yetirəndə aydın olur ki, kitab satınalması mexanizmi sadəcə inzibati proses deyil, mədəniyyət siyasətinin birbaşa və uzunmüddətli təsir gücünə malik alətlərindən biridir. Hansı kitabın çap olunması, hansının kitabxana rəfinə düşməsi, hansının isə oxucuya çatması təsadüfi qərarların nəticəsi olmur.
Bu səbəbdən prosesin hüquqi çərçivəsinin mövcudluğu qədər, onun necə işlədiyi, necə qəbul edildiyi və cəmiyyət tərəfindən necə qarşılanması da önəmlidir.
Türkiyədə məşhur şəxslər saxlanıldı Anar Məmmədxanovun ailəsində ağır itki Dekan qızından ilhamlanıb yazılan "Alisa möcüzələr ölkəsində"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 25 Dekabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















