Tərəqqi və rifah siyasəti Fotolar
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini, bununla ədaləti və beynəlxalq hüququ təmin etmiş qalib dövlət olaraq sabitlik, sürətli tərəqqi və vətəndaş rifahının təminatında mühüm irəliləyişlərə imkan yaradan güclü sosial siyasət ölkəsidir.
“Qafqazinfo” xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu güclü və uğurlu sosial siyasət xalqa sıx bağlılıqdan və ölkə vətəndaşının rifahına qayğıkeş münasibətdən qaynaqlanır. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən ötən 22 ildə yüksək səviyyədə davam və inkişaf etdirilməsi, dövlətimizin başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması nəticəsində Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişlərə nail olunub.
Dövlət başçısının uğurlu sosial-iqtisadi siyasəti, onun rəhbərliyi ilə həyata keçirlən məqsədyönlü dövlət proqramları nəticəsində ölkəmizdə davamlı iqtisadi inkişaf təmin edilib, eyni zamanda yoxsulluq kəskin şəkildə azalmaqla 5 faizə enib. Azərbaycan bu sahədə müsbət təcrübəsinə görə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilib.
Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlarla sosial ödənişlərin davamlı olaraq artırılması istiqamətində mühüm addımlar atılıb. 2003-cü ildən ötən dövrdə minimum aylıq əməkhaqqı 44 dəfə, minimum aylıq pensiya 16 dəfə artırılıb və orta aylıq əməkhaqqında 14 dəfə, orta aylıq pensiyada 23 dəfə, yaşa görə orta aylıq pensiyada 23 dəfə artım baş verib. Ölkəmizdə aparılan uğurlu sosial siyasətin mühüm bir istiqaməti pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsidir. Bunun daha bir göstəricisi olaraq pensiya təminatına yönəldilən illik vəsaitin həcmi 2003-cü illə müqayisədə 37 dəfə artaraq 7,2 milyard manatı ötüb. Pensiyaların orta aylıq məbləği 2003-cü ildə pensiyaçılar üçün yaşayış minimumundan 2 dəfə aşağı olubsa, hazırda bu məbləğ pensiyaçılar üçün yaşayış minimumunu 2,3 dəfə üstələyir.
Aztəminatlı ailələrin rifahına mühüm dəstək olan ünvanlı dövlət sosial yardımı proqramına Prezident cənab İlham Əliyevin təsdiq etdiyi Qanunla 2006-cı ildə başlanılıb. Həmin ilə nisbətən ehtiyac meyarı 9,5 dəfə artırılaraq 30 manatdan 285 manata çatdırılıb və növbəti ildə 300 manat çatdırılması nəzərdə tutulub. Ödənilən ünvanlı sosial yardımların hər ailəyə düşən orta aylıq məbləği isə 9,4 dəfə artıb. Dövlətimizin başçısının “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı aztəminatlı ailələrin sosial müdafiəsinə növbəti qayğını özündə ifadə edir. Sərəncam Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım verilməsini nəzərdə tutur və bunun üçün 15,3 milyon manat vəsait ayrılıb.
Həmçinin, 2003-cü ildən ötən dövrdə 15-dən çox yeni aylıq sosial ödəniş növü təsis edilib, sosial təminat sistemində vətəndaş yönümlü, humanist yanaşmalar tətbiq olunub, həssas əhali qruplarına dövlət qayğısı ildən ilə artırılaraq, sosial müdafiə və sosial təminat sisteminin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib.
"Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik", - deyən Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında 2018-2025-ci illərdə ardıcıl olaraq 5 sosial islahat paketi reallaşdırılıb. 4 milyondan çox vətəndaşı əhatə edən, illik əsasda əlavə olaraq 7,6 mlrd. manat vəsaitin ayrıldığı bu sosial islahatlar nəticəsində 2018-ci ildən ötən dövrdə minimum pensiya 3 dəfəyə yaxın artırılaraq 110 manatdan 320 manata, minimum əməkhaqqı 3,1 dəfə artırılaraq 30 manatdan 400 manata çatdırılıb.
Eyni zamanda, qeyd edilən dövrdə orta aylıq pensiya 2,6 dəfə artaraq 208 manatdan 540 manata (o cümlədən yaşa görə orta aylıq pensiya 2,5 dəfə artaraq 234 manatdan 576 manata), orta aylıq əməkhaqqı 2 dəfə artaraq 545 manatdan 01.11.2025 tarixə 1086,3 manata çatıb. Əməkhaqqı fondunda da 3,2 dəfə artım baş verib. Sosial müavinət, təqaüd ödənişləri üçün illik vəsaitdə 5 dəfə artım özünü göstərib. Pensiyalarda davamlı artım pensiya istiqaməti üzrə ayrılan vəsasitlərin də ardıcıl artımı ilə nəticələnir. Belə ki, pensiya təminatı üçün illik vəsait 2018-ci ilə nisbətən 2 dəfə artıb və 2025-ci il üzrə 7,2 milyard manatı ötüb.
2018-2025-cü illərdə aztəminatlı ailələrə mühüm dəstək olan ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği də 2,4 dəfə artaraq 175 manatdan 425 manata çatıb. Bu dövrdə yaşayış minimumu 65 faiz artırılaraq 173 manatdan 285 manata, ehtiyac meyarı 2,2 dəfə artırılaraq 30 manatdan 285 manata çatdırılıb.
Dövlətimizin başçısının imzaladığı qanunvericilik aktları əsasında 2018-2025-ci illərdə müharibə veteranlarına, birinci dərəcə əlilliyi olanlara və əlilliyi olan uşaqlara qulluq edənlərə, Vətən Müharibəsi Qəhrəmanlarına, işləməyən pensiyaçı elmlər doktorlarına və fəlsəfə doktorlarına Prezidentin aylıq təqaüdü, uşaqları övladlığa götürən şəxslərə müavinət, himayədar ailələr üçün müavinət və s. olmaqla 10 yeni sosial ödəniş növü təsis olunub. Bu tədbirlər nəticəsində sosial təminat sisteminin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib.
Həmçinin son illər Azərbaycanın pensiya qanunvericiliyində bir sıra humanist yanaşmalar da tətbiq edilərək, pensiya təminatına əlçatanlığın artırılması və hər kəsə yaxın sistem kimi qurulması üçün mühüm addımlar atılıb. Məsələn, 2019-cu ildən pensiya təyinatı proaktiv mexanizm üzərində qurulmaqla, 2006-2018-ci illərdə fərdi hesabında hətta ən kiçik məbləğdə vəsait qeydə alınmış şəxsə 25 illik sığorta stajı hədiyyə edilir və müraciət etməsinə ehtiyac qalmadan, elektron sistem üzərindən avtomatik olaraq yaşa görə pensiya təyin olunur. Hər il minlərlə insan məhz bu əsasda pensiya hüququ qazanır. Yaxud pensiya yaşına çatan, lakin 25 illik sığorta stajına malik olan şəxsə pensiya kapitalının olub-olmamasından asılı olmayaraq pensiya hüququ verilir və s.
Əhalinin məşğulluq imkanlarının artırılması istiqamətində proqramlar ildən-ilə genişləndirilib. Dövlətimizin başçısının tapşırığı ilə icra edilən və mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramına özünüməşğulluq proqramına 110 mindən çox ailə cəlb olunaraq onlar üçün proqramın dəstəyi ilə aktivlər verilərək kiçik ailə təsərrüfatları yaradılıb.
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan, özünüməşğulluq proqramının genişləndirilməsində önəmli rola malik olan “Məşğulluğa Dəstək Layihəsi”nin 2020 - 2025-ci illəri əhatə edən birinci fazası üzrə həssas qruplara (əlilliyi olan şəxslər, şəhid ailələri üzvləri, aztəminatlı ailələr və b.) aid şəxslərdən ibarət 26,7 min nəfər üçün istehsal və xidmət sahələri üzrə kiçik ailə biznesləri qurulub. Layihənin 2026 – 2029-cu illər üzrə ikinci fazasında isə daha 30 min nəfərin Layihəyə cəlb olunması nəzərdə tutulur.
Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq sosial sahədə son illər aparılan islahatların mühüm uğurlarından biri də 2019-cu ildən DOST mərkəzlərinin yaradılmasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dünyanın qabaqcıl təcrübələri sırasına daxil edilərək çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb və bu gün bir sıra ölkələr də DOST modelinə böyük maraq göstərirlər. DOST mərkəzlərində 160 sosial xidmət əhaliyə vahid platformadan, “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunur və bu xidmətlərdən vətəndaş məmnunluğu 98 faiz üzərindədir.
DOST Agentliyinin və ilk DOST mərkəzinin açılış mərasimində dövlətimizin başçısı DOST modelini yüksək qiymətləndirərək deyib: “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.
Ötən dövrdə Bakı və bölgələrimizdə artıq 7 DOST Mərkəzi, 1 DOST filialı, 1 “Smart DOST” və 2 DOST məntəqəsi açılıb. İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin də DOST xidmətləri ilə əhatə olunması üçün Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, Bərdədə Qarabağ Regional DOST Mərkəzi, bu mərkəzin Şuşa filialı, Kəlbəcər və Füzulidə DOST məntəqələri istifadəyə verilib. Ötən dövrdə DOST mərkəzlərində 4 milyon vətəndaşa xidmət göstərilib və hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzləri tikilir.
Prezident İlham Əliyev tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daim xüsusi diqqət və qayğı göstərilir. Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatı proqramına başlanılıb.
Dövlət başçısının göstərişi ilə bu proqram ildən-ilə uğurla davam etdirilib, həmçinin möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra 5 dəfə genişləndirilib. Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 6900, ümumilikdə ötən dövrdə 16 minə yaxın mənzil verilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı işləri uğurla davam etdirilməklə, postmüharibə dövründə 567, ümumən ötən dövrdə 7700 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.
Eyni zamanda, 2007-ci ilin əvvəlindən şəhid ailələri, 2008-ci ildən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü təyin edilib. Ötən dövrdə bu təqaüdlərin məbləği şəhid ailələri, habelə müharibə ilə əlaqədar I və II dərəcə əlilliyi olan şəxslər üçün 7 dəfə, müharibə ilə əlaqədar III dərəcə əlilliyi olan şəxslər üçün 8 dəfə artırılıb. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər təqaüdlə bərabər, aylıq pensiya və müavinətlərlə də təmin olunurlar.
Onların uşaqları, eyni zamanda, müharibə ilə əlaqədar I və II dərəcə əlilliyi olanlar ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Şəhid ailəsi üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına ən qısa zamanda növbədənkənar cəlb edilirlər və onlar üçün həmçinin vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər də nəzərdə tutulub. Son illər 1997-ci ilin 2 avqustuna qədərki dövrdə şəhid olmuş hərbçilərin ailələrinə və həmin dövrədək hərbi xidmətdə xəsarət alaraq əlilliyi müəyyən olunmuş şəxslərə birdəfəlik ödəmələrin verilməsi proqramları uğurla icra olunub.
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən genişmiqyaslı sosial dəstək paketi 132 min unikal şəxsi əhatə edib və onlara 406 min xidmət göstərilib. O cümlədən 106 min nəfərə sosial ödəniş (pensiya, müavinət, təqaüd) təyin edilib. 28,7 min nəfərin məşğulluğuna dəstək, 11 min nəfərə 93 min sosial-psixoloji dəstək, reabilitasiya xidməti göstərilib, 500-dək hərbçiyə 620 yüksək texnologiyalı protez verilib.
Əhalinin həssas qruplarının xüsusi qayğı ilə əhatə olunması, cəmiyyət həyatında fəal iştirakına bərabər imkanlar yaradılması, inklüzivliyin təminatı Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətində mühüm yer tutur. Dörd il əvvəl, 2021-ci ildə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ölkəmizdə inklüziv cəmiyyətin inkişafına mühüm dəstək verir.
Mərkəz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb və Cənubi Qafqazda ilk və ən böyük inklüziv məkandır. Müəssisədə və sonralar bölgələrdə yaradılmış fiallarında əlilliyi olan şəxslərin, şəhid ailələri və aztəminatlı ailələrin üzvlərinin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və digər həssas qrupların yaradıcı potensialı təlimlər vasitəsilə inkişaf etdirilir, həmçinin onlara sosial pedaqoji və psixoloji dəstək xidmətləri göstərilir.
Dövlət başçısının həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə diqqət və qayğısının daha bir təzahürü olaraq reabilitasiya və sosial xidmət müəssisələri müasir tələblərə uyğun qurulub, həmçinin bu müəssisələrin şəbəkəsi bölgələr üzrə əhəmiyyətli dərəcədə genişləndirilib. Bu mərkəzlərdə ənənəvi üsullarla paralel olaraq, qabaqcıl dünya təcrübəsinə uyğun olaraq yeni reabilitasiya metodlarının da tətbiqinə başlanıb. Görülən işlər nəticəsində 2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilənlərin illik sayı 10 dəfədən çox artıb.
Son illər əmək, məşğuluq, sosial müdafiə sahələrində xidmətlərin elektron texnologiyalar üzərində qurulması proqramı uğurla icra olunub, həmin xidmətlərin 90 faizindən çoxu rəqəmsallaşdırılıb, sosial sahələr üzrə 60 proaktiv xidmət, 30-dan çox e-arayış xidməti yaradılıb. 2019-cu ildə ölkənin sosial reyestri olan e-sosial.az portalı, 2022-ci ildə vahid əmək münasibətləri platformasına və əmək münasibətlərində rəqəmsal kadr uçotuna keçidi təmin edən “Əmək və Məşğulluq” altsistemi işə salınıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan qarşıdakı dövrdə də yeni-yeni tarixi uğurlar və qələbələr, eyni zamanda sosial nailiyyətlər əldə edəcəkdir.











Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 23 Dekabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















