Mədəniyyət Nazirliyinin tenderləri Qaliblər kimdir, niyə ləğv edilir və kim şikayət edir?
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci ilin ilk altı ayında Mədəniyyət Nazirliyi və onun tabeli qurumları tərəfindən həyata keçirilən tenderlərdə ciddi rəqabət pozuntuları, qeyri-şəffaf qərarlar və ləğv edilmiş satınalmalar diqqət çəkir. AzPost bildirir ki, sənədlərə əsaslanan məlumatlara görə, bu dövrdə təkcə Nazirlik deyil, regional mədəniyyət idarələri də eyni problemli təcrübələri davam etdiriblər.
Eyni şirkətlər, təkrar qaliblər
Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən tenderlərin böyük qismi azsaylı şirkətlərin adına rəsmiləşdirilib. Məsələn, “Əsaslı Tikinti və Təchizat” MMC bu il 14 milyon manatdan artıq məbləğdə 30-dan çox tenderin qalibi olub. Bu şirkət müxtəlif bölgələrdə Heydər Əliyev Mərkəzlərinin və mədəniyyət evlərinin əsaslı təmiri ilə bağlı iri məbləğli layihələri eyni texniki şərtlərlə qazanıb.
Həmçinin “Şəmkir Tikinti-18” ASC və “Qara Qaya” MMC də ardıcıl şəkildə müxtəlif təmir-tikinti layihələrinin icrasına cəlb olunublar. Qaliblərin təkrarlanması rəqabətə əsaslanan satınalma prinsiplərinin pozulduğu ehtimalını artırır.
Şəffaflıqdan yayınan tenderlər
Tənqid doğuran məqamlardan biri də bəzi satınalmaların elektron tender portalı vasitəsilə deyil, birbaşa müqavilə əsasında həyata keçirilməsidir. Məsələn, “Banu” MMC “Erməni vandalizminə məruz qalmış məzarlıqlar” mövzusunda nəşr layihəsini birbaşa alım vasitəsilə 225 min manata rəsmiləşdirib. Bu, 2024-cü ildən qüvvəyə minmiş yeni qanunvericiliyin elektron tender prosedurlarını tələb etməsinə baxmayaraq baş verib.
Ləğv edilən tenderlər: səbəb – iştirakçı yoxdur
İlin ilk yarısında ləğv edilən tenderlərin də sayı az olmayıb. Ordubadda “Ərbabın iş yeri” binasının təmiri üçün nəzərdə tutulan 2,5 milyon manatlıq satınalma iştirakçı sayı az olduğu üçün baş tutmayıb. Eyni səbəblə Heydər Əliyev Mərkəzi tərəfindən elan olunan beş tender (ümumi məbləğ – 213 min manat) də ləğv edilib. Tender şərtlərinə cavab verən şirkətlərin olmaması və ya iştirakçıların azlığı dövlət sifarişlərində ya texniki uyğunsuzluq, ya da qeyri-real şərtlər problemi olduğunu göstərir.
Şikayətlər artır, nəzarət qurumları müdaxilə edir
Mədəniyyət Nazirliyinə bağlı bəzi tenderlərlə bağlı şikayətlər də qeydə alınıb. Şəki Regional Mədəniyyət İdarəsinin keçirdiyi satınalmalarda “Qarabulaq” MMC-nin təkrar qalib gəlməsi və eyni sxem üzrə tədarükçü seçilməsi suallar doğurub. Bəzi hallarda isə Nazirlik portaldan yayınaraq tədarükü birbaşa həyata keçirib – məsələn, 15 min manatlıq qəzet abunəliyinin “Azərmətbuatyayımı” ASC-yə birbaşa verilməsi bu qəbildəndir.
Rəqəmlər danışır: 2 minə yaxın satınalma pozulub
Rəqabət Məcəlləsinə əsasən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ötən dövr ərzində 15 mindən çox satınalma protokolunu yoxlayıb və 2 minə yaxınını pozuntuya görə ləğv edib. Bu isə bütövlükdə dövlət satınalma sistemində problemlərin struktur xarakter daşıdığını göstərir.
Mədəniyyət Nazirliyi Azərbaycanın tarixi və mədəni irsini qorumaq, bərpa etmək və təşviq etmək kimi strateji funksiyalar daşıyır. Bu səbəbdən, bu qurum tərəfindən həyata keçirilən tenderlərin şəffaf və ədalətli olması cəmiyyətin birbaşa marağındadır.
Amma…
Eyni şirkətlər niyə təkrar-təkrar qalib gəlir?
Rəqabətsizlik səbəbindən ləğv edilən tenderlərin səbəbi nədir – texniki şərtlər çoxmu sərtdir, yoxsa real maraq yoxdur?
Birbaşa satınalma halları niyə davam edir?
Dövlət satınalmalarının şəffaflığı yalnız maliyyə məsuliyyəti deyil, ictimai inam məsələsidir. Mədəniyyət Nazirliyi bu inamı qorumaq üçün tender siyasətində açıq və hesabatlı mexanizmlərə üstünlük verməlidir.
Yazı Dövlət Satınalmaları Portalı, Antiinhisar Xidməti və ictimai araşdırma hesabatlarına əsasən hazırlanıb.
AzPost Media araşdırma qrupu


