Icma.az
close
up
RU
“Məgər haqqını tələb edən dəli olur?..” ŞAYİƏLƏRƏ CAVAB...

“Məgər haqqını tələb edən dəli olur?..” ŞAYİƏLƏRƏ CAVAB...

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Xahiş edirəm, belə söhbətlər yayıb camaatı çaşdırmayın... Bu hansı qanuna, hansı məntiqə, hansı əxlaqa, mənəviyyata sığa bilər?..”

“Dedim, ay kişilər, ay qonşular, siz nə danışırsız, siz hansı ölkədə, hansı dövrdə yaşayırsiz...”  

“Məgər indi bolşeviklərin, daşnakların meydan suladığı, 37-ci ildi, Stalin-Beriya dövrüdür, heç 60-70—ci illər də deyil axı...”

“Məgər biz Şimali Koreyada, Mozambikdə, Nikaraquada, yaxud elə Rusiyada-filanda yaşayırıq...”

“Sözünüzdən belə çıxır, tutaq ki, sizlərdən biri, mən yaxud, bir digəri sabah hansısa haqqının-hüququnun tapdalanmasına görə, polisə, prokurorluğa, icra hakimiyyətinə, yaxud su, işıq, qaz idarələrinə və ya “qaçqınkom”a bir şikayət etsək, bizim hamımızı dəli, ruhi xəstə adıyla psixiatriya xəstəxanasına, yaxud şərləməklə zindana basacaqlar?..”

"Məgər siz bilmirsiz ki,  biz azad, müstəqil, suveren, milli bir dövlətin azad vətəndaşları kimi 21 il öncə qəbul etdiyimiz, sonradan mütəmadi olaraq dünya standartlarına uyğun müvafiq dəyişikliklər edilmiş möhtəşəm bir Konstitusiyanın, çağdaş, sivil, ən inkişaf etmiş dövlətlərinkindən çox da fərqlənməyən qanunların işlədiyi bir ölkədə yaşayırıq?.."

"Xəbəriniz yoxdur ki, bura bir qərinədən çoxdur azad, müstəqil, suveren, milli dövlətçiliyi, dövləti, hökuməti, müstəqil məhkəməsi, prokurorluğu, yenilməz polisi, güclü Dövlət Təhlükəsizlik Xidməti olan Azərbaycan adlı gözəl, xoşgörülü, tolerant, hər cür azadlığa, xoşbəxtliyə, firavanlığa layiq, həm də tarixən neçə-neçə dövlət, imperiyalar yararmış möhtəşəm, qalib xalqın yaşadığı bir müqəddəs, qədim məmləkətdir..."

-FİKİR SAVAŞI...-

Gop olmasın, gözümü dünyaya açandan şayiələrə qarşı mübarizə aparmışam.  Çünki müxtəlif şeytani xislətli və məqsədli qruplar tərəfindən yayılan şayiələr adətən xalqa, dövlətə, dövlətçiliyə, ölkəyə və sonda bütövlükdə insanlığa və bəşəri dəyərlərə qarşı yönəlir. Tarixdə şayiələrin neçə-neçə qüdrətli dövlətin sonuna çıxmasını göstərən nümunələr də var... Odur ki, ağlı başında olan hər bir Yer əhli, hər bir insan, hər bir vətəndaş belə iblisanə enerji daşıyan söz-söhbətlərə qarşı mübarizə aparmalıdır...

Nə yazıqlar ki, istənilən ölkədə, cəmiyyətdə bəzən o qədər avam, cahil, savadsız, haqqını-hüququnu bilməyən insanlar, vətəndaşlar olur ki, məhz belələrinin hesabına düşmən dövlətlər, yaxud daxildəki vətənə, dövlətə xəyanət edən qruplar tərəfindən bilərəkdən yayılan və bəzən beyinlərə bıçaq kimi batan şayiələr vasitəsilə nəzərdə tutulan məqsədlərə, ssenari və planlara nail olunur... 

Unutmayaq ki, hələ Çar Rusiyası dövründə imperiya ərazisində azadlıq, müstəqillik istəyən xalqlara, millətlərə, yaxud haqq-hüquqlarını tələb edərək, tətilə, üsyana qalxan fəhlə-kəndli toplumlarına qarşı müxtəlif təxribatlar törətmək məqsədli şayiələr yayan xüsusi hökumət qurumları olub...   

Nə isə, keçək söhbətimizin mabədinə...

Xəbərçilik olmasın, o günləri adətim üzrə işdən sonra havamı dəyişmək üçün həyətə düşəndə gördüm ki, bir-iki tanış yığışıb xısın-xısın, amma qızğın söhbətləşir. Yaxınlaşdım ki, a kişilər, bəs nə olub, nə xəbərdir. Biri o yandan bəri ağzı köpüklənə-köpüklənə qayıdasan ki, bəs özün də savadlı bir şəxsiyyət, mətbuat adamısan, xəbərin yoxdur xəbərdən? Mən də yenə qayıtdım ki, nə olub ki? O da sanki mən günahkaram kimi cavab verəsən ki, bilmirsən, deputatların qəbul etdiyi son qanundan danışırıq: “Kimin kimdənsə xoşu gəlməsə, adını “dəli” qoyub basdıracaq içəri...” Bunu deyəndə o birisi o yandan qızışdı ki, bax, o bir-iki adam var e, nə bilim, birini haqsız yerə işindən çıxardıblar, evindən çıxardıblar, qaçqın kimi istəmədiyi yerə köçürmək istəyirlər, onlar da “tik-tok”da, “mik-tok”da yuxarılara müraciət edib haqqlarının bərpasını tələb edirlər e, indi gözləyin-görün, hamısını həkimsiz, hakimsiz-filansız tutub basdıracaqlar dəlixanaya ki, bəs bunların başları xarab olub dəlidirlər, psixdirlər, şizofrenikdirlər...

Qıpqırmızı pörtmüş bu birisi bu yandan məni dümsükləyib başladı ki, ayə, sən, deyəsən, fil qulağında yatmısan- hamımıza iynə vurub basacaqlar Maştağaya,  ya da sovet vaxtı Suren Osipyan deyilən Süleyman Rüstəm- 40-dakı dəlixanaya...  Birinci danışan ikinciyə, üçüncü danışan üçüncüyə, o birisi dördüncüyə züy tuta-tuta dayanmadan döşədilər... Mən də gözlərimi döyə-döyə bir xeyli lal-mat qalandan sonra, nəhayət, kəndimə qayıdıb dilə gəldim, nə gəldim...

Dedim, ay kişilər, ay qonşular, siz nə danışırsız, siz hansı ölkədə, hansı dövrdə yaşayırsiz!..  Məgər indi bolşeviklərin, daşnakların meydan suladığı, 37-ci ildi, Stalin-Beriya dövrüdür?!.. Heç 60-70—ci illər də deyil axı?!. 

İkincisi, məgər biz Şimali Koreyada, Mozambikdə, Nikaraquada, yaxud elə Rusiyada-filanda yaşayırıq... 

Üçüncüsü, sizin dediyinizdən belə çıxır ki, elə dünya dərəbəylikdir - kim nə istəyir edir. Ay qardaşlar, biz artıq 35-ci ildir müstəqil, azad,  suveren, milli bir dövlətin olduğu iqtisadi-sosial cəhətdən güclü bir  məmləkətdə yaşayırıq. Allaha min şükür, Müzəffər Ali Baş Komandanımızın- Prezidentimizin uğurlu siyasi-diplomatik fəaliyyəti, şəhid-qazilərimizin canı-qanı sayəsində suverenlik və ərazi bütövlüyümüzü, demək olar ki, tam bərpa etmişik və işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış işləri ilə məşğuluq. Və bu Qalib dövlətin müstəqil məhkəməsi, prokurorluğu, polisi, azad mediası və s. var... Qurana, Konstitusiyaya əl basaraq and içən dövlət başçısı- Prezidentimiz var. Bir ağlınızı, savadınızı işlədib azca düşünün görək, siz deyən əcaib-qəraib hadisələrin Azərbaycanda baş verməsi mümkündür?..  

Düzdü, ara-sıra rəsmi xəbərlərdə də çıxır ki, filankəsin, bəhmənkəsin filan haqqı tapdanıb və müvafiq qurumlara, yaxud mediaya müraciətindən sonra bərpa olunub. Heç bir ölkə, cəmiyyət ideal olmadığından  belə hallar hər yerdə, lap elə o “demokratiyanın beşiyi” sayılan Amerikada, “azadlığın göbəyi” hesab edilən Fransada da baş verir. Siz deyənlər isə yalnız, bayaq dediyim kimi, Şimali Koreyada, Mozambikdə, Somalidə, uzaqbaşı Rusiyada, Türkmənistanda ola bilər. Amma bayaq biriniz düz işarə elədiniz, sovet vaxtı bəzi adamlarımızı Azərbaycana müstəqil, azadlıq tələb etdiklərinə, yaxud elə adicə insani haqlarının davasını apardığına görə milis məhkəmənin qərarı, həkimin diaqnozu olmadan tutub basıb Maştağadakı, yaxud indiki Slavyan Universitetinin yanındakı dəlixanaya... Ancaq son azı 33 ildə mən bizim ölkədə belə bir hadisəyə rast gəlməmişəm...

Bayaqdan az-qala gözümü çıxarmağa hazır olanların başlarını aşağı salıb, ağızlarını açıb məni dinlədiklərini görəndən sonra daha şövqlə maarifləndirmə işinə davam etdim... 

Müstəqil, azad, suveren, milli dövlətimiz belə bir qanunu qəbul edibsə, deməli, çağdaş dünyanın müasir geo-siyasi durumunda, ölkəmizin hər tərəfdən daxili, xarici düşmənlə, agent-casuslarla, korrupsiya, narkotik, insan qaçaqmalçılığı şəbəkələri ilə əhatə olunduğu bir vaxtda bunu etmək əşəddü-zərurətdir. Durub, dədə-babalarımızın dediyi kimi, hökumətlə hökumətlik edən deyilik ki? Hamınız yaxşı görürsüz ki, dövlətimiz bu korrupsiyaya, dələduzluğa, narkotik alverçilərinə qarşı neçə illərdir mübarizə aparsa da, elə göbəlik kimi hər yandan çıxırlar... Bir yüksək vəzifəlini korrupsiyaya görə türməyə basırlar, o birilərini ev dustağı edirlər, yenə də bunların o azğın tamah və şəhvətlərinin qarşısını almaq olmur... Bax, bu dəqiqə əsas mübarizə belələrinə qarşı gedir. Hesab edirəm ki, elə bu qanun da məhz həm də onlarla mübarizə məqsədilə qəbul olunub... 

O iynə vurmaq məsələsinə gəldikdə, birincisi, mən bilən dünya tibb aləmində elə bir iynə, preparat yoxdur ki, adama vuralar, içirdələr ömürlük ruhi xəstə, şizofrenik-filan ola...

İkincisi də, zənnimcə, lap elə iynələr olsa da, dövlətimiz belə bir işə heç vaxt əl atmaz. Burda söhbət keyləşdirici, sakitləşdirici iynədən gedə bilər...

 Bayaq o dediyim korrupsionerlər filanlar var ha, onlardan həbs olunub, barələrində cinayət işi qaldırılanlar, hökm verilənlər gec-tez doğrudan da havalanacaqlar. Axı illər boyu yağ-bal, milyardlar içində kef görməklə həm də Azərbaycana qarşı talançı, dələduz, saxtakar, korrupsioner fəlaiyyətlərini davam etdiriblər... İndi haramlıqla, xalqın sərvətləri, qanı-təri, vergiləri hesabına əldə etdikləri var-dövlətlərinin çoxu əllərindən çıxandan, ölkənin, həm də xarici diyarların ən gözəl guşələrində dincəlmək, eyş-işrətlə məşğul olmaq imkanlarından məhrum olduqdan və illərlə zindandan, yaxud dustaq olduqları villalardan da bayıra çıxa bilmədiklərindən... stres, depressiya-filanın dalınca bütün müalicələrə-filana baxmayaraq psixologiyaları da tam pozulacaq və gerçək şizofrenikə, bəlkə də zombiyə, vampirə dönəcəklər. Belələri nə türmədə, nə evdə dinc oturacaq. Nə də istintaqın, məhkəmənin tələblərinə riayət edəcək.... İstər həbsxanada, istintaqda, məhkəmədə, istərsə də öz malikanələrində qabaqlarına çıxan hər kəsi qapacaq, üzərlərinə hücum çəkəcək, söyəcək, bir sözlə, ictimai təhlükəli məxluqa çevriləcəklər. Bu cür vəziyyətdə hüquq-mühafizə orqanları nə etməlidir? Təbii ki, bu tamahları, şəhvətləri ucbatından havalanıb gerçək dəliyə dönmüş bu zavallıları, ruhi-psixi dispanserdə məcburi müalicəyə cəlb etməlidirlər. Bundan ötrü belələri həyatlarına zərər vurmadan mümkün qədər zərərsizləşdirilməlidirlər. Yəni öz talançılıqlarıyla dövlətə, xalqa qarşı həddini aşdıqdan sonra faktiki olaraq quduzlaşmış bu korrupsionerləri, saxtakar və dələduzları, üzr istəyirəm, heyvan kimi tutub qolunu-qıçını bağlayıb xüsusi iynə vurmaq lazımdır ki, keyləşib sakitləşdirilsinlər və bunun ardınca Maştağaya, yaxud Süleyman Rüstəm 40-a aparılsınlar...

Nəhayət, bunu da deyib söhbətimi bitirirəm. Məgər siz bilmirsiz ki,  biz azad, müstəqil, suveren, milli bir dövlətin azad vətəndaşları kimi 21 il öncə qəbul etdiyimiz, sonradan mütəmadi olaraq dünya standartlarına uyğun müvafiq dəyişikliklər edilmiş möhtəşəm bir Konstitusiyanın, çağdaş, sivil, ən inkişaf etmiş dövlətlərinkindən çox da fərqlənməyən qanunların işlədiyi bir ölkədə yaşayırıq?..  

Sözünüzdən belə çıxır, tutaq ki, sizlərdən biri, mən yaxud, bir digəri sabah hansısa haqqının-hüququnun tapdalanmasına görə, polisə, prokurorluğa, icra hakimiyyətinə, yaxud su, işıq, qaz idarələrinə və ya “qaçqınkom”a bir şikayət etsək, bizim hamımızı dəli, ruhi xəstə adıyla psixiatriya xəstəxanasına, yaxud şərləməklə zindana basacaqlar?  Məgər haqqını tələb edən dəli olur?.. Xahiş edirəm, belə söhbətlər yayıb camaatı çaşdırmayın... Bu hansı qanuna, hansı məntiqə, hansı əxlaqa, mənəviyyata sığa bilər?..

Siz heç maraqlanıb bilmirsiz ki, bəhs etdiyim həmin Konstitusiya və qanunlara görə Azərbaycan ərazisində yaşayan, fəaliyyət göstərən irqindən, milliyyətindən, dinindən, dilindən, sosial mənşəyindən, yəni varlı-kasıb, vəzifəli-vəzifəsiz olmasına rəğmən  hər bir vətəndaşın, hər bir insanın öz fikirlərini azad şəkildə ifadə etmək, həmçinin bütün qanunauyğun vasitələrlə öz insani, yaşam, iş, istirahət, yaşayış yeri və s. hüquqlarını müdafiə etmək haqqı var. Həmin hüquqlar  məhz elə həmin Konstitusiya və qanunlarla qorunur və yenə də kimliyindən, vəzifəsindən-filanından asılı olmayaraq heç kəsin bu hüquqları tapdalamağa ixtiyarı yoxdur...

...Bütün bu dediklərimi dinlədikdən sonra tanışlarım bu sətirlərin müəllifində “sağ ol, qardaş, yaxşı ki, bizi vaxtında başa saldın” -deyib lal-dinməz, tam sükut içində hərəsi öz işinin, ocağının başına çəkildi. Və bununla məhləmizdəki daha bir qıcıqlandırıcı söhbət bitdi...  

Mən də evə qayıtdıqdan sonra çox düşündüm-daşındım və belə qərara gəldim ki, bu söhbəti qələmə alıb oxucularımıza da çatdırım ki, məlumatı olmayan insanlar, vətəndaşlar gerçəyin nə olduğunu bilib şayiələrə, mənasız söz-söhbətlərə uyub, inanıb boş yerə həyəcana düşməsinlər...

Amma yazıma nöqtə qoyub qurtarandan sonra canımı qorxu alıb ki, bayaqdan barələrində danışıb tənqid atəşinə tutduğum o talançı, dələduz, saxtakar korrupsiner vətən xainləri hələ də küncdə-bucaqda müəyyən vəzifə sahibləri kimi, ölkəmizdə tarixən, yaxud son onliklərdə geniş təsiri olan dövlətlərin “5-ci kalon”ları olaraq çirkin fəaliyyətlərini davam etdirən əlaltıları vasitəsilə mənim özümü guya “şayiə yaymaq”da, “dövlətin təhlükəsizliyinə təhdid yaratmaqda” və s. ilə şərlədib zindana atdıralar, ya da bayaqdan dediyimiz kimi “dəli, psix, şizofrenik” adı qoyub Maştağaya yolladalar... 

Fəqət bu yandan da özüm-özümü danlayıram ki, bayaqdan camaata dərs keçirdin, nə oldu? Bəs özün görüb bilmirsən ki, indi 37-ci il deyil və  bura nə Şimali Koreyadır, nə Mozambikdir, nə də Rusiya... 

Bura bir qərinədən çoxdur azad, müstəqil, suveren, milli dövlətçiliyi, dövləti, hökuməti, müstəqil məhkəməsi, prokurorluğu, yenilməz polisi, güclü Dövlət Təhlükəsizlik Xidməti olan Azərbaycan adlı gözəl, xoşgörülü, tolerant, hər cür azadlığa, xoşbəxtliyə, firavanlığa layiq, həm də tarixən neçə-neçə dövlət, imperiyalar yararmış möhtəşəm, qalib xalqın yaşadığı bir müqəddəs, qədim məmləkətdir...

Sultan Laçın        

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 İyul 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri