Icma.az
close
up
RU
Məhdud coğrafiyadan qlobal məkana

Məhdud coğrafiyadan qlobal məkana

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türk Dövlətləri Təşkilatının geosiyasi mövqeyi möhkəmlənir

Macarıstanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) növbəti zirvə görüşü XXI əsrin çoxqütblü və sürətlə dəyişən beynəlxalq münasibətlər sistemində türkdilli dövlətlərin daha inteqrasiyalı, əlaqələndirilmiş və praqmatik bir regional güc kimi formalaşmaq cəhdində mühüm mərhələdir.

Budapeşt görüşü Türk Dövlətləri Təşkilatının fəaliyyət coğrafiyasının ənənəvi Orta Asiya məkanının hüdudlarını aşaraq, Avropa siyasi müstəvisinə inteqrasiya tendensiyasını göstərən mühüm mərhələ kimi qiymətləndirilməlidir. Görüş təşkilatın ortaq etno-mədəni yaddaş çərçivəsində deyil, funksional regional əməkdaşlıq prinsipləri əsasında formalaşan çoxşaxəli bir institusional platformaya çevrilməkdə olduğunu təsdiqləyir. Xüsusilə, Macarıstanın təşkilatda müşahidəçi statusunda iştirakı Avropa ilə Türk dünyası arasında geosiyasi kəsişmə nöqtəsinin yaranması baxımından strateji əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu iştirak TDT-nin beynəlxalq legitimliyinin gücləndirilməsi baxımından önəm daşıyır, həm də təşkilatın çoxtərəfli siyasi arxitekturasının Avrasiya məkanında yeni inteqrativ tendensiyalar fonunda təhlil edilməsinə imkan yaradır.

Türk Dövlətləri Təşkilatı soyuq müharibədən sonrakı dövrdə yaranan siyasi və institusional boşluqları doldurmağa yönəlmiş ilkin ideoloji təşəbbüsdən zamanla transformasiya olunaraq mürəkkəb geosiyasi proseslərə adaptasiya qabiliyyətli,  çoxşaxəli bir institusional struktur səviyyəsinə yüksəlməkdədir. Qlobal miqyasda geosiyasi güc mərkəzlərinin yenidən formalaşması, Şərq – Qərb qarşıdurmasının yeni mərhələyə daxil olması, habelə beynəlxalq hüququn normativ sabitliyinin aşınması regional inteqrasiya təşəbbüslərinin əhəmiyyətini nəzərəçarpacaq dərəcədə artırmışdır. Məhz bu şəraitdə də TDT regional və qlobal sistemdə alternativ güc qütbü formalaşdırmaq niyyətində olan üzv dövlətlərin strateji və rasional maraqlarının üst-üstə düşdüyü geosiyasi platforma funksiyasını yerinə yetirir.

Bu gün təşkilatın gündəliyində dil və mədəniyyətlə yanaşı, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, rəqəmsal transformasiya, kibertəhlükəsizlik və müdafiə əməkdaşlığı kimi sahələr yer alır ki, bu da təşkilatın artıq klassik “mədəni forum” çərçivəsindən çıxdığını, siyasi-iqtisadi bloklaşma modelinə yaxınlaşdığını göstərir.

Politoloji baxımdan TDT-nin inkişaf dinamikasını “normativ gücdən funksional gücə keçid” prosesi kimi təhlil etmək mümkündür. Əgər ilk mərhələdə təşkilatın əsas məqsədi ortaq mədəni kodların qorunması və siyasi kommunikasiya platformasının yaradılması idisə, bu gün prioritetlər dəyişib: enerji resurslarının şaxələndirilməsi, qlobal ticarət marşrutlarının üzərində yerləşən strateji mövqelərdən ortaq istifadə və təhlükəsizlik sahəsində inteqrasiya ön plana keçir.

Macarıstanın bu prosesdə fəallığı da Avropa içində alternativ geopolitik vektorların, monolit qərbyönlü kursdan kənara çıxan və daha çoxşaxəli siyasət aparmaq istəyən aktorların da mövcudluğunu təsdiqləyir.

Türk Dövlətləri Təşkilatının əsası 1992-ci ildə Ankarada türkdilli ölkələrin dövlət başçılarının ilk zirvə görüşü ilə qoyulanda bu təşəbbüs daha çox postsovet siyasi boşluğunun doğurduğu ehtiyac və mədəni kimlik axtarışlarının nəticəsi kimi qiymətləndirilirdi. O dövr üçün bu cür görüşlər ümumi türklük ideyasının yaşadılması, ortaq mədəni və tarixi dəyərlərin qorunması baxımından əhəmiyyətli idi, lakin onların praktiki geosiyasi nəticələri çox zaman arxa planda qalırdı. 

Lakin 2009-cu ildə Naxçıvanda imzalanan saziş nəticəsində Türk Şurasının yaradılması bu təşəbbüsün ideoloji təməl üzərindən institusional çərçivəyə keçidini təmin etdi və bu mərhələ funksional əməkdaşlığın formalaşdırılması istiqamətində atılmış konkret bir addım idi. Naxçıvan razılaşması ilə türkdilli ölkələr arasında iqtisadiyyat, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində də dərinləşməyə başladı.

Ən mühüm strateji dönüş isə 2021-ci ildə İstanbulda baş tutan zirvə görüşündə baş verdi. Həmin görüşdə Türk Şurası öz inkişaf trayektoriyasını və geosiyasi iddiasını yeni bir adla – Türk Dövlətləri Təşkilatı ilə rəsmiləşdirdi və həmin dəyişiklik təşkilatın gələcək vizyonunu, siyasi çəkisini və beynəlxalq münasibətlərdə iddia etdiyi mövqeni ortaya qoyan ciddi bir mərhələ idi. 

İstanbul Sammiti həm də türkdilli ölkələrin qlobal siyasi sistemdə daha koordinasiyalı və məqsədyönlü şəkildə çıxış etmək istədiklərinin siyasi manifestinə çevrildi.  Bütün bu inkişaflar onu göstərdi ki, türk dövlətləri qarşılıqlı maraqlarla birləşirlər və bu  maraqlar isə bölgə dövlətlərinin regional və qlobal proseslərdə daha müstəqil və kollektiv şəkildə iştirak etmək istəkləri ilə üst-üstə düşür. 

TDT daxilində ölkələrin hər biri bu inteqrasiyada öz spesifik gücü və strateji potensialı ilə iştirak edir. Qazaxıstan Orta Asiyanın aparıcı iqtisadi aktoru olaraq regionda sabitliyin və iqtisadi inkişafın lokomotivlərindən biridir. Onun geniş təbii ehtiyatları və logistik potensialı təşkilatın enerji və ticarət gündəliyində mühüm yer tutur. Türkiyə isə həm NATO üzvü, həm də Avropa və Asiya arasında yerləşən geosiyasi körpü kimi TDT-nin beynəlxalq nüfuzunun və təhlükəsizlik gündəminin əsas aparıcı qüvvəsidir. Hərbi-siyasi təcrübəsi və müdafiə sənayesi imkanları təşkilata strateji çəki verir.

Azərbaycan Xəzər hövzəsinin enerji nəhəngi kimi enerji resursları, beynəlxalq nəqliyyat dəhlizləri və diplomatik manevr qabiliyyəti ilə TDT-nin enerji diplomatiyasının əsas sütunlarından biridir. Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı liderlik statusu daha çox realist beynəlxalq münasibətlər nəzəriyyəsinin əsas prinsiplərinə uyğun olaraq, hərbi, iqtisadi və diplomatik güc elementlərinin balanslı istifadəsi nəticəsində formalaşmışdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə edilən hərbi üstünlük Bakının həm də yeni bir geosiyasi oyun quruculuğunun başlanğıcı idi.

Azərbaycan öz “qələbə diplomatiyası” ilə bu uğuru daha geniş regional inteqrasiyaya çevirə bildi. Zəngəzur dəhlizi ideyası pan-türk strateji inteqrasiyası baxımından mühüm bir addımdır və bu dəhliz vasitəsilə türk dövlətləri vahid iqtisadi, siyasi və enerji məkanının formalaşdırılması istiqamətində irəliləyirlər. Prezident İlham Əliyevin çıxışlarında tez-tez vurğulanan fikir – “Türkdilli Dövlətlət Təşkilatı keçmişin yox, gələcəyin layihəsidir” – konstruktivist yanaşmanın bir ifadəsi olaraq ortaq identiklik və gələcək yönlü strateji əməkdaşlığın qurulmasına çağırışdır.

Azərbaycanın enerji diplomatiyası da bu kontekstdə xüsusilə əhəmiyyətlidir. Transxəzər dəhlizi, TANAP və digər regional layihələr vasitəsilə Bakı yalnız enerji ixrac edən deyil, həm də enerji təhlükəsizliyinin formalaşdırıcısı kimi çıxış edir. 

 Özbəkistan və Qırğızıstan daxili islahatları, siyasi çeviklikləri və regional təşəbbüslərə açıq yanaşmaları ilə təşkilatın dinamizmini artıran mühüm aktorlardır. Onların Orta Asiyada sabitlik və inteqrasiyaya verdiyi töhfə TDT-nin dərinləşməsində əhəmiyyətli rol oynayır. Nəticədə, fərqli, lakin bir-birini tamamlayan imkanlar TDT daxilində bir mozaika yaradır.

Budapeştin TDT Sammitinə ev sahibliyi etməsi həm də Qərb siyasi dairələrinə ünvanlanmış strateji mesajdır: Türk Dövlətləri Təşkilatı artıq yalnız mədəni identiklik əsasında formalaşan passiv bir birlik deyil, regional və qlobal təsir gücünə malik, çevik və funksional bir aktordur. 

Macarıstan bu prosesdə Avropa İttifaqının üzvü kimi Brüssellə Ankaranı, Avropa ilə Türk dünyasını birləşdirən strateji körpü funksiyasını yerinə yetirir, Budapeşt öz təşəbbüsləri ilə TDT-nin Avropada siyasi legitimliyini və qavrayışını gücləndirir. 

Nəticə etibarilə, Budapeşt görüşü Türk Dövlətləri Təşkilatı artıq yalnız Şərqin və mərkəzi Avrasiyanın səsi deyil, Avropa siyasi səhnəsində də öz mövqeyini formalaşdırmaq əzmində olan, çoxtərəfli əməkdaşlıqla irəliləyən bir güc mərkəzi olduğunu göstərir.

Müasir beynəlxalq münasibətlər sistemi çoxqütblü, qeyri-mərkəzləşmiş və qeyri-müəyyən xarakter daşıyır. Post-liberal dünya nizamı artıq təkqütblü Amerikan yönümlü beynəlxalq sistemin zəiflədiyini və regional güc mərkəzlərinin önə çıxdığını göstərir. Son olaraq qeyd etmək istərdik ki, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi və institusional dərinləşməsi geosiyasi rasionalizmə söykənən bir zərurətdir. Əgər təşkilat öz strukturunda çevikliyi və çevrilmə qabiliyyətini təmin edə bilsə, Türk əsri – öz maraqlarını müdafiə edə bilən, yeni qayda yarada bilən bir regional gücün əsri – mümkün ola bilər.

Şəbnəm ZEYNALOVA, 
XQ-nin siyasi analitiki,  siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 06:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see345

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see338

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see280

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see270

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see264

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see259

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see252

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see252

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see242

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see234

Neft bazarı ÇALXALANA BİLƏR Müharibələr və ABŞ Venesuela sazişi nə vəd edir?

29 Avqust 2026 18:58see218

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi (Video)

29 Avqust 2026 23:15see207

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see188

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see188

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see188

Əməliyyat keçirildi: Milyonluq biznes üzə çıxdı KONKRET

29 Avqust 2026 21:58see185

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see184

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see183

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see172

İranın əsas ticarət qapısında durğunluq yaşanır GÖRÜNTÜ

29 Avqust 2026 23:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri