Icma.az
close
up
RU
Məhəmmədhaqqının 70 ci yubiley Haqqı

Məhəmmədhaqqının 70 ci yubiley Haqqı

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

    Məhəmmədhaqqı 70 yaşına çatır! Həəə…inanmağım gəlmir. Dəqiqdi?!..o ki cavan oğlandı…

…Bizim yaddaşımızdan, yoldaşlığımızdan belə boylanır…necə görmək istəyiriksə, elə də görürük. Ürəyi…ürəyi hələ çox gəncdi.

Zəmanəmizin böyük düşüncə adamı, təkrarsız şair və təkrarsız insan, Xalq şairimiz Musa Yaqubun yanında başlayıb dostluğumuz. Əvvəlcə ona yalnız Haqqı deyə müraciət edildiyindən çaşmışdım. Sonra adının Məhəmmədhaqqı, soyadının Ağayev olduğunu, İsmayıllının Təzəkənd kəndində doğulduğunu, vaxtilə müəllim və məktəb direktoru işlədiyini öyrəndim. Əslində Haqqı adı ona daha çox yaraşır. “Məhəmməd Mustafa haqqı” kimi verilən adınsa şübhəsiz ki, öz çəkisi, öz yükü, öz gözəlliyi, öz ucalığı var. Əlbəttə adı daşıyan çəkili davranışları, ictimai mövqeyi, milli-mənəvi, bəşəri dəyərlərə münasibəti, əxlaqı, savadı, intellektual səviyyəsi ilə bunu təsdiqləyəndə. Bu anlamlar alimlərin, ariflərin gözündən heç vaxt yayınmır. Onlar bu tərbiyənin sahibini xüsusi qiymətləndirirlər. Elə ustadın da bir şeirində deyildiyi kimi:

Ağırı, yüngülü yerbəyer eylər,

Bu dünya özü bir daş-tərəzidi.

Ariflər gözündə, haqq divanında

Hörmət tərəzisi, baş tərəzidi.

        Səmimiyyət…dostluq

…Tez bir zamanda insanın yaxını, doğması olur Məhəmmədhaqqı. Heç kəsin qəlbinə dəyməmək, ədalət hissini heç vədə itirməmək, hamının halına yanmağa can atmaq, qayğısını özününkü kimi çəkmək istəyi…çox güman bu əlamətləri sezmişdi Musa müəllim. İnsan pərgarıydı axı ustad. İnsanı üzünə tərifləməyi sevməsə də, onun haqqını (yenə haqq – N.Z.) və onun ədalət tərəzisinə münasibətinin konturlarını çox dəqiq analiz edə bilirdi. Hər adamla yol yoldaşı olmaz, hər adama ürək qızdırmaz, hər adamla həmdərd ola bilməzdi. Çünki özünün də şəxsən dediyi kimi, onun üçün bu dünyada hər şeydən yüksəkdə “səmimiyyət” dayanırdı. Deyirdi “səmimiyyətin nə boyda ölçülərə malik olduğunu Həzrəti Mövlanə Cəlaləddin Rumi dəyərləndirib. Ona görə də səmimiyyət başdan-başa bərqərar olsa, dünyada söz azadlığı, fikir azadlığı uğrunda aparılan mübarizələrə belə qətiyyən ehtiyac qalmaz”.

İndi ömrünün 70-ci baharına qədəm qoyan Məhəmmədhaqqı müəllimi sevdirən, əksəriyyətin dostuna çevirən onda olan hüdudsuz səmimiyyətdi. Mən Uca Yaradanın belə şəxsiyyətləri dünyamıza xalqımızın əsrlərlə yaşatdığı missiyaların qorunması və gələcək nəsillərə ötürülməsi üçün vasitəçi qismində bəxş etdiyi qənaətindəyəm. Bir dəfə mərhum filologiya elmləri doktoru, professor, ali məktəblər üçün “Azərbaycançılıq” adlı əsər-dərsliyin müəllifi Nizaməddin Şəmsizadə ilə söhbətimiz əsnasında professor söylədi ki, “biz bəzən adi görünən böyük mətləbləri dəyərləndirməkdə çətinlik çəkirik. Amma unutmamalıyıq ki, kiçik və böyüklüyündən asılı olmayaraq ata biləcəyimiz və ata bildiyimiz hər bir ədalətli, eləcə də mənəvi-əxlaqi baxımdan saf niyyətli addımlarımızla əslində çox böyük missiyaya – xalqımızın kimliyini qorumağa xidmət edirik. İşin başında və ya içərisində olanda nə etdiyimizin bir o qədər də fərqində olmuruq. Amma sonradan bu addımlarımıza kənardan baxıb onları dəyərləndirəndə bu millətin sahiblərindən biri ola bildiyimizdən qürurlanır, zövq alırıq. Çünki bir ailənin, bir evin, bir ocağın deyil, bütöv bir xalqın yaddaş etalonunda önəmli mesajlar yerləşdirə bilirik. Heç müasirlərimiz bu xidmətlərimizə qiymət, əhəmiyyət verməsələr də…” Bu fikir cüzi yanaşma fərqilə bir növ məşhur “balığı at dəryaya, balıq bilməsə də Xaliq biləcək” aforizminin müxtəlif zamanlar kontekstində dəyərləndirilməsinə bənzəyir. Mən Məhəmmədhaqqını daha yaxından tanıdıqca, onun özünəməxsus bir missiya ilə böyük ölçüdə azərbaycançılığın keşiyində dura bilən insanlardan olduğunu fərq etdim. Onun Musa Yaqub şəxsiyyətinə və təbii ki, poeziyasına münasibəti, ehtiramı sözlə tam ifadə edilə bilinməyəcək qədər dərinlikdədir. O münasibətsə Musa Yaqubun bəşəriyyətə bəxş etdiyi sətirlərin cəmiyyətimizdə yaratdığı rezonanslar, İNSANLIĞA xidmətin baxış bucağı prizmasında möhürlənib. Bunu ancaq bir-birinə ruhla yaxın olanlar yetərincə qavrayır, məhz onlar ədəbi yaradıcılıq nümunələrinin həyat həqiqətlərində inikasının konturlarını dərindən dərk edə, görə, duya bilirlər. Ustad şairimizi həmişə səmimiyyətlə bütün mənalarda özünün ağsaqqalı, böyüyü bilən dostumuz Məhəmmədhaqqı müəllim kimi.

       Sədaqət mücəssəməsi

Haqqıyla növbəti yolçuluğumuz son dərəcə istedadlı, mərhum nakam şair-publisist, tərcüməçi Alim Məhərrəmlinin “Hardasan, evi tikilmiş…” kitabını çapa hazırlayarkən baş tutdu. Əslində dostluğumuz mütəmadi hal-əhval tutmaq, bir-birimizi axtarmaq və ya bir-birimiz haqqında düşünməyimizlə də davam edir. Alimin kitabının çapa hazırlanması və redaktorluğunu israrla mənə həvalə etməsinin səbəblərini isə soruşmamışam, bunu yəqin özü izah edə bilər. Əlqərəz, bu qeyri-adi üslubu, rəvan dili, dərin fikir tutumları ilə seçilən şairin ölümündən sonra kitabının çap edilməsi prosesində necə fədakarlıq göstərdiyi, nə qədər bu taleyə görə narahat hisslər keçirməsi Məhəmmədhaqqının əbədiyaşar missiyasına sadiqliyinin parametrlərini görməyə bir daha əsaslar vermiş oldu. Bunları fərəhlə seyr etmək mənim üçün həm də dünyasını dəyişmiş dosta, dostluğa sədaqət nümunəsinin gizli müşahidəsi idi. Özünə şəxsən bildirməsəm də, onun mənə xüsusi zövq verən bu hərəkətləri İNSANLIĞIN heç zaman ölməyəcəyinə inamımı bir qədər də artırır, sevindirirdi. Uyğun hissləri Alim Məhərrəmli də zamanında ona həsr etdiyi şeirində əbədiləşdirmişdi:

Göylərə üz tutub ağrılarını,

Tanrıya söyləyən tənha qurd kimi

Səni gözləyirəm bayaqdan bəri,

Səni gözləyirəm son ümid kimi,

Hardasan, hardasan, evi tikilmiş?

           İsmayıllının təbiətinə bənzəyən Haqqı – hamının doğması

Bu il may ayında Musa Yaqubun xatirə gecəsinə qatılmaq və məzarını ziyarət etmək üçün İsmayıllıya getmişdim. Xatirə gecəsi tədbirindən və Buynuzda ustad şairimizin məzarını ziyarətdən sonra Məhəmmədhaqqı ilə bu ucsuz-bucaqsız rayonun bir sıra yaşayış məskənlərini gəzdik. İsmayıllı şəhəri  də daxil olmaqla Buynuz, Təzəkənd, Quşencə, Səməd Vurğunun vəsf elədiyi Talıstan və başqa kəndləri gəzirik (yeri gəlmişkən, maşının şüşətəmizləyəni nisbətən hündür relyefdə yerləşən Quşencədə düşdüyümüz, el arasında “elə bil vedrə ilə tökürdülər” kimi xarakterizə edilən yağışın suyunu təmizləyib qurtarmaqda, yolu bizə göstərə bilməkdə aciz idi. Bu fakt da İsmayıllı təbiətinin özəlliklərindən biridir deyə yazdım – N.Z.). Onu da qeyd edim ki, daim nəhəng söz ustadlarının, sanballı kişilərin əhatəsində olmuş yubilyarımız maraqlı həmsöhbət, istiqanlı dost, əsl qonaqpərvər Azərbaycan kişisidir. Onunla bir dəfə yoldaşlıq edən “Haqqılı çağların” yenidən baş verməsini daim arzulayır. Belə dostla isinişmək də asan məsələ deyil. Çünki qarşıda ən azı “ayrılmaq təhlükəsi” də var.

…Məhəmmədhaqqı üzrxahlıq edib qonşu kənddə dünyasını dəyişmiş 44 günlük Vətən savaşının döyüşçüsünün yas mərasiminə gedərək başsağlığı vermək istədiyini söyləyir. Təbii ki, üzrxahlıq yersizdi, mən də şəxsən tanımasam da belə, Haqqıya qoşulub Vətən uğrunda döyüşmüş qazimizin hüzür məclisinə baş çəkməyi özümə borc bilir və məclisə gedirəm.

Sonra şairlər Maarif Soltan və Qabil Nəbinin İsmayıllı şəhərində yaşayan doğmaları ilə görüşürük. Çox maraqlı bir aləmlə qarşılaşırıq. Bir qismi arıçılıq, bal istehsalı ilə məşğul olan bütün İsmayıllılar hamısı sanki “təmiz bal ürəkli” Məhəmmədhaqqının doğmaları, qohum-qardaşlarıdırlar. Hamı onu əzizi kimi qarşılayır, hal-əhval tuturlar. Burada Maarif müəllim də bizə qoşulur. İstiqamətimiz Lahıc yolu, tarixlər şahidi Girdiman çayının uzun-uzadı sahili, bir-birini əvəz edən dağ kəndləri, turizm obyektləri tərəfədir. Yolboyu turistlər üçün qutab, təndir çörəyi, ləvəngi, balıq bişirib satan zəhmətkeş ailələr, eləcə də rastımıza çıxan hər kəs Haqqı müəllimlə söhbətləşir, zarafatlaşır, işlərinin necə getdiyindən danışır, güzəranlarından dolayı bir az gileylənir, bir az şükranlıq ifadə edirlər. Maraqlıdır ki, onu görən hər kəsin çöhrəsi işıqlanır, bu insanlar onunla danışdıqca dərd-sərlərini də unudurlar.

…Bu yerlərin təbiətindən danışmaq üçün ayrıca bir yazıya ehtiyac var. Amma bircə kəlmə ilə deyim, istər-istəməz düşünürsən ki, başdan-başa füsunkar gözəlliklərə qərq olan əzəmətli dağlar göz oxşamaqları ilə elə tez-tez bu gözəllikləri seyr edən Məhəmmədhaqqı müəllimin gülərüz obrazının yaranmasında da bir vəsilədirlər. Professor Nizaməddin müəllimin təbirincə desək, o, özü buna fikir verməsə də, insan və təbiət harmoniyasında yaranan bu ecazkar mənzərə kənardan çox aydın görünür. Aldığın ciyər dolusu tərtəmiz hava isə qarşındakı mənzərənin müsbət aurasını tamamlayır. Zirvələrin möhtəşəm fərqli görünüşü, dolanbac dağ yolları, bir-birini əvəz edən intəhasız yaşıllıqlar, ərazi boyu uzanan Girdiman çayı, buraların küləyinə, şaxtasına tab gətirib yaşları onillikləri adlayan hündür, görkəmli ağaclar…baxdıqca bitməyən gözəlliklər…

…Bircə şeyə heyfsilənir insan: İşsizlik, yolsuzluq, qazsızlıq, ucqar dağlarda yaşamağın digər çətinlikləri səbəbindən boşalmış və ya boşalmaqda olan kəndlərdə yaranan əks mənzərəyə… Maarif müəllimin ata yurdu, keçmiş çal-çağırlı halından uzaqlaşıb qəribsəmiş Burovdal kəndi barədə də söhbətləşirik bu məqamda.

…Hə, başım problemlərə və gözəlliklərə qarışdığından Məhəmmədhaqqını unutdum. Əslində bu da HAQQDANDIR. Həmişəki kimi, o, özünü arxa planda saxlayıb yenə də doğma İsmayıllısı barədə danışmağa, yazmağa fürsətlər yaratdı. Bu da bizim yubilyarın özəlliklərindəndir də…

   9 il, 1 gün fərqlə doğulanların “yaşıdlıq” kriteriyası – SADƏLİK

…Doqquz il, bircə gün böyükdü məndən. Amma yaşıd kimi davranırıq. Bu onun daha bir gözəl cəhətinin – sadəliyinin əlamətidir. Sadə olmasaydı çoxdan ayırmışdıq yollarımızı. Amma ayrılmayan yollarımız cismən haylı-küylü, tıxaclı Bakı ilə yanaşı, İsmayıllının Buynuz kəndində – ikimizin də Böyük dostu, ustad Musa Yaqubun məzarı başında, onu bu dünyaya bəxş etmiş Təzəkənd kəndində, ruhən isə ölkəmizin digər qütbündə yerləşən Şuşada, Xankəndidə, Şamaxıda, mənə daha doğma olan Masallıda, Lənkəranda, Lerikdə, kəndimiz Qədirlidə, bir sözlə, hər bir məkanda kəsişir onunla. Həssaslığımızı, dostcanlılığımızı, sədaqətliliyimizi, canıyananlığımızı, insantanımağımızı ikimizin də Əqrəb bürcü altında doğulmağımızla izah edir tanışlarımız. Bu, ümumi və ya fərdi dostlarımızın fikirləridi. Mən təbiət etibarilə daha çox realist adamam. Amma hər halda bizi bağlayan hansısa mistik əlamətlər də olmamış deyil. Bütün bunların üstündə var-gəl etməyə bir o qədər də lüzum yoxdur. Əsas odur ki, sənin kimi mehriban, sadiq, SÖZÜN, sənətin, AZƏRBAYCANÇILIĞIN qədrini bilən gözəl bir İNSAN, DOST var və o nümunəvi insan mənim üçün də, qeyd etdiyim kimi bütün cəmiyyətimiz üçün də çox qiymətlidir!

Bu dəfə səninlə 70 yaşın ucalığında görüşməkdən xüsusi zövq alıram, sadə adam, gözəl adam, dost adam! Sənə 80, 90, 100-cü onilliklərin səadətini yaşamağı arzulamaqla səninlə birlikdə ailəni, Fidan qızını, doğmalarını, bütün səni sevən və sənin sevdiklərini bu mötəbər gün münasibətilə təbrik edirəm!

Yubileyin mübarək!

Səmimiyyətlə,

Nəzirməmməd Zöhrablı

 

AzPost.az

Post navigation

Previous: “Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azpost.info
archiveBu xəbər 28 Oktyabr 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri