Mehriban Əfəndi: Yaradıcılıq insanın xilası yollarından biridir
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 8 aprel, Tatyana İvanayeva, AZƏRTAC
Şərtiliyə meydan oxuyan və bizi xəyallar, fantaziya və sürprizlər dünyasına aparan sürrealizm XX əsrdə rasionalizm, məntiq və müasir dünyanın bəlalarına cavab olaraq ortaya yaranan bədii hərəkat kimi, şüuraltı dərinlikləri araşdırmağa və reallığın özünü şübhə altına almağa çalışır. Yəqin ki, incəsənətdə ən mübahisəli cərəyanlardan birini belə xarakterizə etmək olar. Amma onun çoxlu cəhəti var və buna görə də artıq onilliklər boyu insanları düşündürür...
Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Mehriban Əfəndinin əsərləri bir çox ölkələrdə rəğbət qazanıb. O, 2010-cu ildə dünyanın 56 ən yaxşı sürrealist rəssamlar siyahısına daxil edilib.
- Rəssamın əsərinin geniş miqyasda populyarlaşması onun üçün nə deməkdir?
- Əsərini dünyaca məşhur jurnalın səhifələrində görəndə, şübhəsiz ki, həyəcanlı emosiyalara qapıldığını hiss edirsən. Bu anda rəssam öz rəsmlərini təkcə sənətsevərlərin evlərində və ya muzey və qalereyalarında sərgi komponenti kimi tələb edilmədiyini dərk edir və müəyyən dərəcədə bunun təsdiqini alır. Onlar fərqli təqdimatda maraq doğurur. Bilirsiniz, işlərini ən müxtəlif sahələri əhatə edən dəbli dünya tendensiyaları ilə birgə moda jurnallarının dizaynı üçün foto-vizual dizayn təqdimat məhsulu kimi görmək, yeni tendensiyalara cavab vermək deməkdir. Bu, öz qanunları ilə yaşayan, konkret tələbləri olan Avropa və dünya elitasına yönəlmiş məkanın diqqət mərkəzinə çevrilmək deməkdir. Deyə bilərəm ki, rəsm əsərlərim təkcə özümü deyil, həm də vətənimi təbliğ etmək miqyasında xidmət etməyə başladı. Həmçinin, düzünü desəm, bir sənətçi üçün dünya jurnalında nəşr olunmaq özünü tanıtmaq üçün bir fürsətə çevrilir. Hətta bir iş ilə olsa belə. Bundan əlavə, nəşr üçün seçildikdə, bədii əsərlər müəyyən əlavə funksiya qazanır - onlar çoxlu sayda insana daha yaxın olur. Məsələn, mənim “Gecənin sirləri” adlı rəsm əsərim 9-cu sinif “Təsviri sənət” dərsliyinin “Rəssam və teatr sənəti” bölməsinə daxil olanda keçirdiyim hissi xatırlayıram.
- “Azərbaycanfilm” kinostudiyası ilə bağlı olduğunuzu nəzərə alsaq, bu, tamamilə normaldır.
- Bu, mənim şəxsi dualizmimi bir daha vurğuladı: həm film müstəvisində, həm də kino sənayesinin həcmində quruluşçu rəssam və geyim üzrə rəssam kimi yaradıcı ideyalarımın reallaşması kontekstində. Bu qədər geniş imkanlara sahib olmaq sadəcə bir xoşbəxtlikdir. Xüsusən də Hüseyn Mehdiyev, Rasim Ocaqov kimi Azərbaycan kinosunun klassikləri ilə, məşhur alman rejissoru Veit Helmerlə işləyəndə. Axı, sən film prosesinin bir hissəsi olanda, bəzən tapşırığın həyata keçirilməsini rejissorun qavrayış prizmasından görürsən, bu da potensialını əhəmiyyətli dərəcədə genişləndirir və zənginləşdirir.
- Yaradıcılıq insanın həyatında hansı rol oynayır?
- Mən hesab edirəm ki, yaradıcılıq insanın xilası yollarından biridir. Məncə, biz təkcə və o qədər də fiziki müstəvidə yaranmamışıq. Biz psixi cəhətdən sağlam olmalıyıq. Bəşər sivilizasiyasının tarixi müharibələr və kataklizmlər, epidemiyalardan və ekoloji fəlakətlərdən ayrılmazdır ki, bu da müəyyən dərəcədə yaradıcılıqdan uzaq olan insanların çətin zamanda sağ qalmaq üçün incəsənətə üz tutmasına təkan verirdi. Müasir dövrümüz, təəssüf ki, hələ də sarsılır, bu, əsrlər əvvəl olduğu kimi, həm peşəkarların, həm də həvəskarların bədii təfəkküründə öz əksini tapır. Yeri gəlmişkən, bir çox həvəskarın əsəri təcrübəli bilicilər dünyasında tanınıb! Odur ki, yaradıcılıq bir növ insanın özünün düşünmədiyi bir çox şeyi açmağa qadir olan terapiya halına gəldi. Beləliklə, onun ruhu öz dərin şüuraltı və hisslərini sərbəst buraxaraq çıxış yolu tapır. Sanki özünü və ətrafındakı dünyanı tanıyaraq. Yaratmaq və bununla da öldükdən sonra da insanın içində bir iz qoyub getmək.
- Heç nə daimi deyil…
- İncəsənət əbədilik gücünə malik olduğunu sübut etdi. Yaradıcı şəxsiyyətlər bir çox nəslə əsl incəsənət əsərləri qoyub-getdi. Və bu gün biz İntibah dövrü, impressionizmin, kubizmin və digərlərinin yaranmasına şahidlik edən əsərlər görə bilərik... Onlar üçün zaman sərhədi yoxdur. Eləcə də coğrafiya və milliyyətə görə. Təkcə Mona Liza nümunəsi nəyə dəyər! Təəccüblü deyil ki, muzeylər və qalereyalara həmişə tələbat olacaq. Axı onların “sakinləri” dünyaya, hər bir canlı insana müəlliflərinin yaşadıqları, onun əbədiyyətə gedəndən sonra saxladıqları barədə bəhs edir...
- Eyni düşüncələrlə molbertə yaxınlaşıb ilk “nöqtə” ilə kətana toxunursunuz?
- Bu barədə heç vaxt düşünməmişəm!.. Mən sadəcə olaraq yaradıcılıqda ruh yüksəkliyi arxasınca getmişəm. Daxili görünən “süjeti” kətanın müstəvisində əks etdirən rəssam şərti reenkarnasiya yaşayır. Biz ətrafda baş verənləri böyük əksəriyyətdən bir qədər fərqli yaşayırıq və hiss edirik. Burada, yaşamış həyat dövründə əldə edilmiş biliklərin sublimasiyasının müəyyən bir formatı vardır. O cümlədən, biz keçmişdə yaradan rəssamların və müasirlərimizin təsiri altına düşürük, onlarla və cəmiyyətlə aramızda rezonans yaranır ki, bu da sonradan rəsmlərdə öz əksini tapır.
- Sizin sürrealizm seçiminiz dünya ilə öz “təmasınızı” ən yaxşı formada əks etdirir?
- Ətrafdakı dünya insan şüuruna xas olan maddilik və sonluqla nə qədər bağlı olsa da, bu, gerçəkliyin xəyallarla iç-içə olduğu, təxəyyülün isə mövcudluğu formalaşdırdığı məkandır, sürrealizm mürəkkəb insan təbiətimizin əksi kimi yaranır. Mənim üçün dünya enerji ilə doludur. Mən onun axınını kətana köçürməkdən həzz alıram. O, uşaq vaxtı eşitdiyim musiqimdir. Bütün albomlar onun səsinin vizuallaşdırılması ilə dolu idi. İlk, demək olar ki, ciddi işimi hələ də xatırlayıram. Deyirlər ki, uşaqlar bir qədər fərqli hiss edirlər. Ona görə də düşünürəm ki, mənim timsalımda bunun sürrealizm kimi yozulması tamamilə mümkündür... Bu, sadəcə olaraq, uşaq vaxtı rəssamlığı seçməyimdən irəli gəlirdi. Və bu günə qədər yaratdığım hər bir əsərlə intuitiv olaraq zehnimizin ən dərin guşələrini araşdırmağa və uğursuzluğun gözəlliyini qəbul etməyə, həyatımızda gizli və sarsıdıcı gözəlliyi üzə çıxarmağa çağırıram.
- Mənim fikrimcə, yaradıcılıq müəyyən qədər şübhə elementini də özündə cəmləşdirir.
- Böyümə prosesi insanda çoxlu sualların yaranmasına və həmin suallara cavab axtarışına səbəb olur. Bu suallardan biri də seçimlə bağlı idi. O cümlədən öz seçiminlə də. Etiraf edim ki, məni həmişə hüquq sahəsi, qanunvericiliklə işləmək cəlb edib. Bu gün də detektiv əsərləri böyük həvəslə oxuyuram. Amma bəzən şübhəli anlar yaşasam da, belə nəticəyə gəlirdim ki, biz bütün parametrlər üzrə fərdi olmağımıza baxmayaraq, xarici təsirləri də yaşayırıq. Bəzi insanlar üçün təsviri yaradıcılıq əsas peşəsinə əlavə olur. Doğrudur, belə hallar daha çox bizim “qonşu” sahələrdə olan sənətkarlarda, yəni aktyorlar, rejissorlar, bəstəkarlar arasında rast gəlinir. Bunun çoxlu nümunələri var. Amma elələri də var ki, onlara "fırça və boya" məcburi şəkildə verilir. Nə qədər hadisələr olub ki, valideynlər bu sahənin cəlbediciliyini bu və ya digər formada uşaqları vasitəsilə reallaşdırmağa çalışıblar. Amma insan nə ilə məşğul olursa olsun, xüsusən də yaradıcılıq sahəsində uğurlu və xoşbəxt olması yalnız özü qarşısında tam səmimi olması ilə mümkündür. Özüm barədə danışanda deyə bilərəm ki, seçimim, bəzən müəyyən şübhələrim olsa da, ruhumun ehtiyacı ilə təsdiqləndi.
- Ruhun ehtiyacı, kətan üzərinə köçən hisslər.
- Hər şey köklərdən başlayır. Mənim nənəm qubalı idi və ahıl yaşına qədər xalça toxuyurdu. O gözəl dövrlər mənim yaddaşıma sanki DNT səviyyəsində həkk olunub. Nənəm fars dilini mükəmməl bilirdi və tez-tez “Hop-hopnamə” əsərini oxuyardı. Şeirləri necə gözəl və hisslərlə söyləyirdi! “Leyli və Məcnun” əsərindən orijinalda sitatlar deyəndə xüsusilə ləzzət alırdım. Şeir misraları mənim təsəvvürümdə rəngli naxışlar kimi canlanırdı və sonradan bunlar kağız üzərində şəkillərə çevrilirdi. Milli geyimə olan sevgimi də məhz nənəmdən götürmüşəm. Milli geyim zadəgan nəslindən olan bir xanım üçün adi geyim idi. Onunla söhbət etmək mənim üçün tamam başqa bir aləmə düşmək kimi idi, bu aləmdə Azərbaycan nağılları, rəvayətləri, onun gənclik illəri ilə bağlı hekayələr canlanırdı. Yəni, mənim dünyagörüşümə ən çox təsir edən insan məhz nənəm olub. İlk dəfə qədim qızıl tikmələri görəndə yaşadığım heyrət və heyranlıq sözlə ifadəolunmaz idi. Bu hiss dərhal dərin bir sevgiyə çevrildi. Bu sevgi isə məndə olan yaradıcılıq istedadı vasitəsilə rəssamlıqda və kinoda öz əksini tapdı. Ona görə də tam əminliklə deyə bilərəm ki, uşaqlar öz ailələrinin, öz torpaqlarının hekayələri ilə böyüməlidirlər. Məhz bu hekayələr bizə güc verir.
- Hər bir rəssamın öz güc mənbəyi var.
- Mənim güc mənbəyim hər zaman Azərbaycan olub. Ən yaxşı əsərlərimi məhz bu torpaqda yaratmışam. Buranın günəşinin işığı, havası ilə qidalanıram. Elə təsadüfi deyil ki, Pako Raban qeyd edirdi ki, ən sehrli qüvvələr məhz Azərbaycandadır və Bakı yaradıcılıq üçün ən möhtəşəm yerlərdən biridir, burada inanılmaz əsərlər ərsəyə gəlir. Bunu yüz illərlə yaşı olan nümunələr də təsdiqləyir, biz bu gün də onlara müraciət edirik…
- Bir növ qida mənbəyi kimi?
- İnsan ömrü boyu sanki bir qabdır. Amma bu qab ilk növbədə uşaqlıqda dolmağa başlayır. Ona görə də əminliklə deyirəm ki, onun içində gözəllik üstünlük təşkil etməlidir. Əgər o boş qalarsa, insan xarici təsirlərə məruz qalaraq müstəqilliyini itirə bilər. Ətrafımıza baxın görün ki, rəqəmsal məzmun nə qədər güc qazanıb və təəssüf ki, əksəriyyəti çox aşağı keyfiyyətdədir. Üstəlik, etnik kimlik və milli şüur da tədricən itib gedir. Qloballaşma, bəzən müsbət imkanlar yaratsa da, tənqidi düşüncə tərzini "yuyub aparır". Halbuki məhz internetin sonsuz imkanları dünya və milli mədəniyyəti dərindən və tələsmədən öyrənmək üçün zəmin yaradır. Elə isə niyə bu biliklərlə silahlanıb öz üslubumuzu, yaradıcı dilimizi yaratmayaq? Axı Filip Supo yazırdı: "Reallıqdan daha sürrealist heç nə yoxdur". Sadəcə olaraq, ətraf aləmi diqqətlə öyrənmək və onu içinə hopdurmaq lazımdır.
-Sizin rəsmlərinizdə həm yüngül Avropa ruhu, həm də Şərq miniatür sənətinin incəliyi hiss olunur.
-Mən Azərbaycan torpağında böyümüşəm. Mədəni irsimizlə fəxr edirəm. Bu irsin əsasını isə bu gün multikulturalizm təşkil edir. İpək Yolunun bir hissəsi olaraq, başqa xalqların təsiri qaçılmaz idi. Mənim işlərimdə də bu məqamı nəzərə almamaq mümkün deyildi. Bəlkə, elə bu səbəbdəndir ki, əsərlərim Azərbaycanın hüdudlarından kənarda da maraq doğurur. Üstəlik, uşaqlığım slavyanəsilli insanlar arasında keçib. Sovet keçmişinə münasibət müxtəlif ola bilər, lakin tarix obyektivdir və Avropa təsiri bizim incəsənətimizdə öz izini buraxıb. Mənim peşəkar yolum Moskvadakı “Soyuzmultfilm”in Ali animasiya kursları ilə bağlı olub, Amerika məktəbi ilə də tanışam. Bütün bunlar milli incəsənət ənənələrimizə “qatılaraq” mənim şəxsi üslubumu formalaşdırıb. Burada Qərb və Şərq bir araya gəlir. Mən tariximi özünəməxsus və maraqlı şəkildə təqdim etməyi sevirəm. Mövcud olduğum reallığın dərinliyini və mürəkkəbliyini göstərərək, yaradıcılıq axtarışları ilə stereotiplərə meydan oxuyuram.
- Bəs kim aparıcı rolda olur, əsər, yoxsa rəssam?
- Mən deyərdim ki, əsər. Düzü, bu proses mürəkkəbdir. Aydındır ki, müəllif özünü rəhbər hesab edir, lakin hər əsərin öz taleyi var. Buna görə də müəyyən anda doğulur. Elə bu səbəbdən də “əsərlər rəssamın simvolik övladlarıdır” fikri yaranıb. Kətan, müəllif niyyəti və fırça tutan əl vasitəsilə reallaşma — bu, bir simbiozdur. Bu, bəlkə də insandan daha böyük və ali bir qüvvənin təsiridir. Aydındır ki, rəssamlar əsərlərinə fərqli yanaşır, amma tamaşaçı hər zaman ilahi istedadı hiss edir. Məhz bu qəbildən olanlar tarixdə qalır, nəsilləri süjetə və palitraya baxmağa vadar edərək... Nə qədər ki, Yer üzündə bəşər yaşayır, sənətə olan maraq da bitməyəcək. Axı bu maraq hələ Homo sapiens dövründə yaranıb, bunun sübutu isə Qobustan qayaüstü təsvirləridir.
- Sizin əsərlər müasir dövrün ən yaxşı sürrealistləri kitabına daxil edilib. Bioqrafiyanızda da əsərlərinizin daha çox xarici sərgi layihələrində iştirakı vurğulanır.
- Etiraf edim ki, yaradıcılığımda açıq-aşkar Şərq xətti hiss olunsa da, özümü daha çox universal rəssam hesab edirəm. Mən həmişə yaradıcılıq “arealımı” genişləndirməyə can atıram. İncəsənət, xüsusən də sürrealizm azadlıqdır. Həmişə işığa və xeyirxahlıq daşıyıcılarına can atıram. Öz köklərinə sevgidən başlayaraq, bu sevgini bütün planet miqyasında dünyanın hər bir guşəsinə yaymalıyıq. İnsanlıq üçün vahid Günəş və Ay var. Rəssam kimi mənim missiyalarımdan biri də budur ki, əsərlərimdə hər kəs üçün enerji daşınsın.
Yeri gəlmişkən, əsərlərimdəki qadın obrazları mənim üçün gözəllik və Ana Torpaq simvoludur. Mən insanlar üçün bir çağırış etmək istəyirəm ki, qoy, onlar ətraf aləmi təkcə öz eqosunun prizmasından görməsinlər. Əsər yarananda, o, mənim enerjimi də özündə cəmləyir və nə vaxtsa böyük dünyaya yola düşür. Hər əsərin öz tarixçəsi var, lakin hər birinin arxasında mənim insanlara sevinc bəxş etmək istəyim dayanır. Bu isə dünyanın istənilən dilində başa düşülür. Bunu dünyanın aparıcı jurnallarından birində dərc olunan yaxın tarixli məqalələr də təsdiq etdi.
Sonda isə Frida Kalonun sözləri ilə fikrimi yekunlaşdıraram: “Mən sadəcə içimdə olanı ifadə etməyə, özümə və burada olma səbəbimə sadiq qalmağa çalışıram: özüm olmaq və insanları öz həyatları haqqında düşünməyə vadar etmək istəyirəm”.


