Məktəbdə mobil telefon qadağan edilə bilər
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Məktəblərdə mobil telefonlardan istifadə məsələsi son illər təhsil sistemində müzakirə olunan aktual mövzulardan birinə çevrilib. Bir sıra ölkələr şagirdlərin dərs zamanı diqqətinin yayınmasının, sosial şəbəkələrə və mobil oyunlara aludəçiliyinin qarşısını almaq məqsədilə məktəblərdə telefon istifadəsinə məhdudiyyətlər tətbiq edir. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, mobil telefonların dərs prosesindən kənarlaşdırılması şagirdlərin diqqətini, dərsə marağını və akademik göstəricilərini yaxşılaşdıra bilər.
Bəs Azərbaycanda da məktəblərdə mobil telefonlara qadağa tətbiq edilməlidirmi? Belə bir qərar təhsilin keyfiyyətini artıra, şagirdlərin dərsə diqqətini gücləndirə bilərmi? Yoxsa müasir dövrdə rəqəmsal texnologiyaların tədris prosesindəki rolunu nəzərə alaraq daha çevik yanaşmaya ehtiyac var?
Mövzu ilə bağlı "AzPolitika"ya danışan təhsil eksperti Turan Hüseynov bildirib ki, məktəblərdə mobil telefonlardan istifadənin məhdudlaşdırılması, hətta müəyyən qaydalar çərçivəsində qadağan edilməsi dərsin keyfiyyətinə müsbət təsir göstərə bilər:
"İlk növbədə nəzərə almalıyıq ki, müasir smartfonlar çoxfunksiyalı cihazlardır və onların şagirdlər üçün əlçatan olması dərs prosesində diqqət yayınmasının əsas səbəblərindən birinə çevrilə bilər. Sosial şəbəkələr, oyunlar, müxtəlif tətbiqlər və gün ərzində fasiləsiz daxil olan bildirişlər şagirdin diqqətini dərsdən yayındırır. Bəzən şagird fiziki olaraq sinifdə, müəllimin qarşısında olsa da, fikri tamamilə başqa məkanda, virtual dünyada olur. Bu isə tədrisin səmərəliliyinə birbaşa təsir göstərir. Məsələnin digər mühüm tərəfi sosial-psixoloji amillərlə bağlıdır. Təəssüf ki, mobil telefonlar bəzi hallarda şagirdlər arasında sosial status və maddi imkan göstəricisinə çevrilir. Telefonların markası və qiyməti üzərindən müəyyən müqayisələr, hətta rəqabət yaranır. Bu vəziyyət maddi imkanları məhdud olan ailələrin övladlarında psixoloji narahatlıq və özünü digərləri ilə müqayisə etmək meyli yarada bilər. Eyni zamanda, daha bahalı telefonlara sahib olmaq uğrunda yaranan yarış məktəb mühitində sosial bərabərliyə də mənfi təsir göstərə bilər".
Ekspertin sözlərinə görə, bununla belə məsələyə yalnız qadağa prizmasından yanaşmaq da doğru deyil:

"Çünki müasir ailələrin həyat tərzində müəyyən dəyişikliklər baş verib. Bir çox ailələrdə valideynlərin hər ikisi işləyir. Xüsusilə Bakıətrafı qəsəbələrdə yaşayış massivlərinin genişlənməsi nəticəsində bəzi şagirdlər məktəblərdən kifayət qədər uzaq məsafədə yaşamalı olurlar. Digər tərəfdən, qış aylarında ikinci növbədə təhsil alan şagirdlərin dərsləri axşam saatlarında, günün qaranlıq vaxtında başa çatır. Belə vəziyyətlərdə valideynlə övlad arasında əlaqə vasitəsinin olması təhlükəsizlik baxımından zərurətə çevrilir. Bu səbəbdən mənim təklifim mobil telefonların məktəblərdə tamamilə və şərtsiz şəkildə qadağan edilməsindən daha çox, istifadənin düzgün tənzimlənməsidir. Məsələn, şagirdlərin məktəbə gələrkən sadə, yalnız zəng və mesaj funksiyası olan telefonlardan istifadə etməsi alternativ kimi nəzərdən keçirilə bilər. Beləliklə, valideynlə əlaqə imkanı qorunar, eyni zamanda smartfonların yaratdığı diqqət yayınmalarının qarşısı alınar. Bundan əlavə, məktəblərin girişində və ya sinif otaqlarında telefonların müvəqqəti saxlanılması üçün xüsusi kilidli dolablar və ya saxlanc sistemləri təşkil edilə bilər. Şagird məktəbə daxil olarkən telefonunu həmin yerə təhvil verər, dərslər başa çatdıqdan sonra isə geri götürər. Bu prosesin şəffaf, təhlükəsiz və məsuliyyətli şəkildə həyata keçirilməsi vacibdir. Hesab edirəm ki, məktəbin əsas funksiyalarından biri şagirdin diqqətini qorumaq və onun öyrənməsi üçün sağlam mühit yaratmaqdır. Biz uşaqları texnologiyadan tamamilə uzaqlaşdırmağı deyil, texnologiyanın onların təhsilinə və inkişafına mane olmasının qarşısını almağı hədəfləməliyik. Məktəb sosial şəbəkələrin, telefonların və virtual dünyanın deyil, biliyin, ünsiyyətin və şəxsiyyət inkişafının ön planda olduğu məkan olmalıdır".
Müşviq Tofiqoğlu
AzPolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 23 Noyabr 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















