Icma.az
close
up
RU
Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb Sabir Rüstəmxanlı

Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb Sabir Rüstəmxanlı

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Bu il Xalq yazıçısı Süleyman Rəhimlinin anadan olmasının 125 illiyi qeyd edilir.

Kulis.az Xalq şairi Sabir Rüstəmxanlının “Ədəbi portretlər” silsiləsindən Xalq yazıçısı Süleyman Rəhimli haqqında portret yazısını təqdim edir.

Məncə, Süleyman Rəhimli təkcə XX yüz il nəsrimizin deyil, ümumiyyətlə, bütün Azərbaycan nəsrinin və ədəbiyyatımızın fenomeni və möcüzəsidir. İnkarçılığın, hətta öz dədəsini də bəyənməmək xəstəliyinin geniş yayıldığı bir zamanda bu sözləri ürəklə və tam səmimiyyətlə deyirəm.

Süleyman Rəhimli möcüzəsinin nə demək olduğunu qələm əhli, həm də təcrübəli qələm sahibləri daha yaxşı başa düşərlər. Yalnız ədəbiyyata həsr olunmuş bütöv bir ömür yaşayandan sonra adam "Saçlı"ının, "Şamo"nun dəyərini və hansı böyük əməyin məhsulu olduğunu, bu yaradıcılıq qəhrəmanlığını təkrarlamağın və ya ona bənzəməyin mümkünsüzlüyünü başa düşür.

Süleyman Rəhimli, öz sözlərilə desək, "necə deyərlər", insan kimi də, yazıçı kimi də nəhəngdi və ona qiyməti yalnız bu nəhənglik ölçüləriylə vermək olar...

Böyük Xalq yazıçısı ədəbiyyata "Şamo" adlı kiçik həcmli romanıyla gəlmiş, əsərin qazandığı şöhrət onu romanı daha da təkmilləşdirməyə sövq etmişdi və əslində, beş cildlik "Şamo" epopeyasını bütün ömrü boyu yazmışdı. Ədəbiyyat tarixində və tənqiddə də daha çox onun bu nəhəng əsərindən söhbət gedir. amma Süleyman Rəhimli "Şamo"suz da böyük yazıçıdır. Hətta başqa romanları nəzərə alınmasa da, çoxsaylı hekayələri, folklordan və xalq həyatından alınmış povest, əfsanə və rəvayətləriylə də nəsrimizin klassiki, ağsaqqalı səviyyəsində dayanacaq.

Bu barədə çox yazılıb və bundan sonra da yazılacaq.

Bizim nəslin formalaşmasına bu gün hansı ölçüylə yanaşılırsa yanaşılsın, Azərbaycan Sovet ədəbiyyatının poeziyada Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Süleyman Rüstəm, nəsrdə Yusif Vəzir Çəmənzəminli, Süleyman Rəhimli, Mir Cəlal, Mirzə İbrahimli, Əli Vəliyev kimi yaradıcılarından kənarda təsəvvür etmək mümkün deyil.

Süleyman Rəhimli ilə arada qırx beş illik yaş fərqimiz olsa da, möhkəm dostluğumuz vardı. Bu dostluq qəribə bir təsadüfdən başlanmışdı. Ovaxtkı Azərbaycan Dövlət Universitetinin dördüncü kursunda oxuyarkən həm də "Ədəbiyyat və incəsənət" qəzetində işə düzəlmişdim, şeirdən əlavə, ilk ədəbi-tənqidi yazılarım da çap olunurdu və məncə, pis də qarşılanmırdı.

Bir gün qəzetin baş redaktoru, hörmətli xalq yazıçımız Hüseyn Abbaszadə məni otağına çağırıb balaca bir kitabça uzatdı:

"Bu, rəhmətlik Şamonun şeir kitabıdır. Oxu, ürəyinə yatsa, haqqında sözünü deyərsən. İnanıram ki, yaxşı bir şey yazacaqsan".

Hüseyn müəllim xahiş kimi desə də, söz yox ki, bu, bir tapşırıq idi. Məni işə götürəndən sonra baş redaktor ilk dəfəydi nəsə yazmağımla bağlı birbaşa özü müraciət edirdi, buna görə də müəyyən bir forma, ilişik nöqtəsi tapıb yazı yazacaqdım, ən azı Şamonun elmi fəaliyyəti və acı taleyi buna imkan verirdi. Amma "Ayrılıq" adlı bu balaca şeir kitabını oxuyandan sonra gördüm ki, "baş redaktorun sözündən keçməyib bir kitab haqqında ürəksiz, ruhuma yatmayan bir yazı yazdım" deyə vicdan qınağına tuş olmayacağam (xoşbəxtlikdən tam otuz beş ildir ki, həmin prinsipi qoruyub saxlaya bilmişəm). Şeirlər məni tutdu, onların gənclik təravətiylə fəlsəfi kədəri – müəllifin taleyi fonunda qəribə bir rəng alır, xüsusi bir ahəngdə səslənirdi. Bir də, məni şeirin gücü sarsıtmışdı.
Alim kimi gedən Şamo sağlığında, bəlkə də, xüsusi əhəmiyyət vermədiyi şeirləriylə qayıtmışdı. Bu hissiyyatla "Görüşdürən ayrılıq" adlı bir məqalə yazdım və şənbə günü qəzetdə çıxdı. Növbəti həftə bazar ertəsi "Ədəbiyyat və incəsənət"in o vaxt Zevin (indiki Əziz Əliyev) küçəsi 4-də yerləşən redaksiyasında rəhmətlik Məmməd Əkbərlə bir otaqda oturub yazı yazırdım. Redaksiyada bir canlanma hiss eləsəm də, yazıdan ayrılmaq istəmirdim. Qapının arxasında, küncdə oturduğuma görə qapı açılanda əyilib küncə baxmayan, məni görmürdü.

Bir azdan səs-küy bizim otağa yaxınlaşdı, qapı açıldı və gur bir səs eşidildi:

"Gəl, Hüseyn, gəl bizi tanış elə, görüm, kimdi Sabir Rüstəmxanlı".

İçəri keçib pəncərə ağzında oturan Məmməd Əkbərlə görüşdü, geri çevriləndə məni gördü. Əvvəl sakitcə başdan-ayağa məni süzdü, sonra əli döşündə ləng addımlarla mənə doğru gəldi, mən də yazı masasının arxasından çıxdım, irəli yeriyib əl verdim:

– Sənsən?

Əvəzimə Hüseyn müəllim cavab verdi. – Süleyman müəllim, bizim tənqid şöbəsində işləyir, təzə gəlib, çox istedadlı oğlandır...
Süleyman müəllim məni qucaqladı:

– Məni hər yazı kövrəldə bilməz, amma sən kövrəltdin. necə deyərlər, ağlatdın məni. Nə gözəl təhlil eləmisən Şamonun şeirlərini. Mən bu gün məxsusi sənə təşəkkür eləməyə gəlmişəm. Sənə də, Hüseynə də! Çox sağ olun!

Nə deyəcəyimi bilmirdim. Məndən çox Hüseyn müəllim sevinirdi. Qəzet bu boyda oğul itkisi müqabilində balaca bir təsəlli verə bilibsə, baş redaktordan çox kim sevinəcəkdi?!

Hüseyn Abbaszadə öz otağına dəvət etsə də, Süleyman müəllim tələsmirdi. Stul çəkib oturdu.

– Mən də elə bildim, bu yazını yaşlı, çox təcrübəli bir adam yazıb, maşallah, bu, cavan oğlanmış ki!...

Sonra haranı qurtarmağımla maraqlandı, hələ oxuduğumu, universiteti gələn il bitirəcəyimi eşidəndə bir az da təəccübləndi...

– Məmməd Əkbər, papaq altında oğlanlar var e, bizim xəbərimiz yoxdur.

Ağsaqqal yazıçının bu bir cümləsi mənə bir kitablıq tərifdən artıq idi. Çay içdi, Şamonun elmi fəaliyyətindən danışdı, sanki onu mənə daha yaxşı tanıtmaq istəyirdi.

Təxminən, bir saatlıq, saat yarımlıq söhbətdən sonra durub gedəndə məni bir də qucaqladı:

– Şamonu Allah tez apardı. amma elə sən də mənim oğlumsan. Şamo yoxdur, sən varsan, sənin kimilər var...

Məqalənin böyük yazıçını bu qədər təsirləndirəcəyini, ürəkdən sevindirəcəyini gözləmirdim... O gedəndən sonra öz yazımı bir də, bu dəfə başqa gözlə oxudum... Süleyman müəllimlə yaranan o əlaqə ta dünyasını dəyişənə kimi davam elədi. İlk vaxtlar Hüseyn Abbaszadənin telefonuna zəng vurub, onun otağına çağırtdırırdı. Sonra öz telefonumu götürdü. 8-ci kilometrdə ev alandan sonra oranın da telefonunu yazmışdı. Bəzən axşamlar da zəng vurar, hal-əhval soruşar, çap olunan yazılarına münasibətimi öyrənər, rast gəldiyi yazılarım haqqında rəyini deyərdi.

Qəzetdə görüşümüzdən az sonra Süleyman müəllim məni evinə dəvət etdi. Görünür, qəsdən günorta yeməyi zamanı. "Quzu ətindən yaxşı soyutmamız var, bir yerdə yeyəcəyik". Bütün cidd-cəhdimə baxmayaraq, məni öncə əl yuyulan yerə dartdı: "İşdən gəlmisən, əlini yu" (Bu baxımdan çox diqqətli idi, sofuluğu vardı). Yeməkdə də diqqətliydi.
"Onu yox, bu tikəni götür. Bu dovğanı da içəcəksən!" - Etiraz edəndə məşhur dovğa əhvalatını mənə danışdı. "Gecələr yazı yazanda sinəm yanır, çox dovğa içirəm, dovğanı yanıma vedrəylə qoyurlar". Süleyman müəllimin böyüklüyünə yaraşan və onu tamamlayan söhbətdi.

Onun iş otağına baxa-baxa bu mənzilin məhz Səməd Vurğun küçəsində, onu "nəsrimizin böyük artilleriyası" adlandıran böyük dostunun adını daşıyan bir ünvanda yerləşməsinin də rəmzi xarakter daşıdığını fikirləşirdim. Binanın küncündə yerləşən, pəncərələri həm küçəyə, həm dənizə açılan iri otağın özündə də bir monumentallıq vardı. Bu pəhləvan cüssəli kişini başqa otaqda, başqa masanın arxasında təsəvvür eləmək çətin idi.

Süleyman müəllim söhbətcil, duzlu, həm də diqqətcil adamdı. Ata-anamın harda yaşamaları, vəziyyətləriylə maraqlanır, ayrı-ayrı yazıçılara, əsərlərə münasibətimi soruşur və qəribədir ki, dediyim rəylərlə demək olar ki, həmişə razılaşırdı.

Bir dəyə süfrəyə konyak qoydu:

– Həkimlər icazə verməsə də, səninlə içəcəyəm.
– Mən işə gedəcəyəm, Süleyman müəllim!
– İşə gedəndə nə olar? Hüseyn sənə bir söz deyəcək bəyəm?
– Hər halda redaksiyadı.
– Narahat olma, Hüseyn xətrini çox istəyir...

Özü az içsə də, konyak şüşəsini qurtarmamış sakitləşmədi.
"Çox oldu" - etiraz eləyəndə güldü:
– Nəyi çox oldu? Sənin yaşında bundan ikisi mənim günorta normamdı.
– Siz onda "Ədəbiyyat və incəsənət" qəzetinin kiçik ədəbi işçisi deyildiniz, dağda raykom katibiydiniz.
– Necə deyərlər, elə sən də düz deyirsən.

Beş-altı belə epizodu çıxmaqla Süleyman müəllimlə ünsiyyətimiz daha çox yaradıcılıq üstəydi. Bakıdakı bütün görüşlərinə məni dəvət edərdi. Çıxanda tapşırıq verməyi də unutmazdı: "Qəzetdə məlumat verəcəksən, yəqin. Nə qədər geniş olsa, o qədər yaxşıdı. Öz imzannan ver!..."

Süleyman Rəhimli qeyri-adi iş qabiliyyəti olan, çalışmaqdan yorulmayan adamdı. Qəzetə yazılarını çox vaxt redaktorlara yox, mənə göndərirdi, mənim redaktəmlə, ixtisarımla razılaşırdı. Makinada yazılarını iri intervalla yazdırırdı, sonra sətirlərin arasını iri xəttiylə yenidən yazıb doldurardı.

– Mən yazılarımı makinadan sonra yenidən mürəkkəbdə çimizdirməsəm, rahat ola bilmərəm...

Bu gün iyirminci yüzil ədəbiyyatımızın böyük bir qismini sovet ideologiyasına bağlayıb inkar etmək meyli duyulur. Azərbaycanın Rusiya və Sovetlər Birliyi tərkibində yaşadığı tarixin faciələri çoxdur, hər halda işğal altındaydıq... amma həmin işğaldan xilas olmağın ideoloji və mənəvi təməlini elə həmin rejimdə yaşayanların ədəbiyyatı yaratmışdı. ana dilimizin inkişafında həmin ədəbiyyat böyük rol oynamışdı. Həmin ədəbiyyat tariximizin təzadlı bir dövrünün əksidir və o dövrü də, o ədəbiyyatı da tarixdən silmək olmaz.

Bu baxımdan və söz sənəti faktı kimi Süleyman Rəhimli həmişə zirvələrimizdən biri olaraq qalacaq...

Qadınların boşanmağının əsas səbəbləri - Səbinə Əvəzqızı “Mənə Şəhrizadın nağılın danış” adlı kitab çap olunub Məşhur reper ölməsin deyə bunu da etdilər
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Aprel 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri