Mən Heydər Əliyevə sonsuz məhəbbət bəslənən bir ailədə böyümüşəm
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Azərbaycanın Xalq yazıçısı, publisist Elmira Axundova "Heydər Əliyev və yaradıcı ziyalılar" mövzusu üzərində işləyir. 2-cildlik kitab bu ilin payızında işıq üzü görəcək. Kitabın 2-ci cildində Elmira xanımın görkəmli sənət adamlarıyla çox maraqlı, eksklüziv söhbətləri yer alacaq.
Bu söhbətlərdə təkcə dahi Heydər Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti deyil, elə müsahiblərin özləri də oxucu üçün bəzən gözlənilməz, naməlum tərəflərdən açılır. Onlar müəlliflə canlı, səmimi, bəzən çox məhrəm dialoq aparır, təkcə müsahibənin qəhrəmanı barədə deyil, həm də öz həyatları haqda danışırlar və quru rəsmiyyətdən uzaq söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq doğurur.
Mart ayından başlayaraq şənbə saylarında həmin söhbətlərdən bəzilərini "525-ci qəzet"də çap etməyə qərara almışıq. Təqdim etdiyi eksklüziv materiallara görə Elmira Axundovaya minnətdarlıq bildiririk.
Elmira Axundova - Zəhmət olmasa, bizim üçün Heydər Əliyev obrazını yeni baxımdan aça biləcək epizodları xatırlayın.
İsmayıl Hacıyev: - Bunlar mənim üçün ən əziz xatirələrdir. Mən onun incəsənət xadimlərinə sevgi dolu münasibətini yada salmaq istərdim. Mənim anama (İ.Hacıyevin anası əfsanəvi Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq Əminə Dilbazidir - E.A.) hansısa rayonda Heydər Əliyevlə söhbətləşmək, onunla fikirlərini bölüşmək qismət olmuşdu və Heydər Əliyev onunla kifayət qədər səmimi davranmışdı. O, qəfil anama demişdi:
- Əminə, sən bilirsən mən kiməm? Mən incəsənətə aşiq adamam, demək olar ki, incəsənətin Məcnunuyam, sənəti sevirəm, onsuz yaşaya bilmərəm. Moskvada qalanda çalışırdım ki, simfonik konsertləri, tamaşaları buraxmayam. Mən Azərbaycan mədəniyyət xadimlərinin hər birinin bioqrafiyasını bilirəm.
Və faktlar da bu məqamı təsdiqləyirdi. Bizim mədəniyyət xadimləri şöhrətin zirvəsindəykən bir-birlərinə müəyyən inciklik hiss edirdilər. Heydər Əliyev üçün bu, çox ağrılı idi. Buna görə də, o, Azərbaycanın bütün incəsənət xadimlərini öz bağına dəvət edərək bu konfliktləri aradan qaldırmaq üçün mümkün olan hər şeyi etməyi qərara alıb. Heydər Əliyev bilirdi ki, mədəniyyət xadimləri onu çox sevir, ona hörmət bəsləyirlər, çünki Heydər Əliyev tez-tez onlara yardım əlini uzadır və mümkünsüz olanı məsələləri də həll edirdi.
Beləcə, musiqimizin bütün qaymaqları toplaşıblar. Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev, Əminə Dilbazi, Arif Məlikov və başqaları da orada imişlər. Bu, hələ 70-ci illərdə baş verib. Anam danışırdı ki, Heydər Əliyev hər qonağın şərəfinə sağlıq deyirdi, bundan sonra hər kəs qucaqlaşıb öpüşməliydi. Anam söyləyirdi: "O, mənim haqqımda elə gözəl sağlıq dedi, mənim fəaliyyətimi elə detallı işıqlandırdı ki!" Fikrət Əmirov barədə danışarkən Heydər Əliyev onun yaradıcılığının bütün mürəkkəb şaxələrini açıb. Atam barədə də peşəkar bir musiqiçi kimi qeyri-adi sözlər deyib. Yəni Heydər Əliyev, haqqında danışdığı hər kəsin şəxsiyyətini dəqiq təhlil edib.
Hazırda mənim yaradıcılıq bioqrafiyamı əhatə edən film çəkilir, bu filmdə görkəmli incəsənət xadimləri Tahir Salahov, Ömər Eldarov, Fərhad Bədəlbəyli danışırlar. Məsələn, Tahir Salahov valideynlərimi xatırlayaraq deyir: "Bir epizodu unuda bilmirəm. Heydər Əliyev xalqa müraciət edərək hamını Prezident Aparatının yanına çağırdı. Xeyli gec idi. Mən ora çatanda gördüm ki, səksən yaşlı Cövdət Hacıyev gəlir, o, Prezident Aparatına qədər bütün yolu piyada gəlmişdi. Bunun üçün nə qədər fədakarlıq, Heydər Əliyevə necə bir sədaqət lazım idi!"
Atamı o yaşda, ümumiyyətlə, evdən çıxarmaq çətin idi. İndi isə birdən-birə deyir: "Mən oraya getməliyəm, Heydər Əliyev çağırırsa, deməli, nə isə çox ciddi bir hadisə baş verir və indi Azərbaycanın taleyi bizim hər birimizdən asılıdır".
Əlbəttə, atam üçün çox xoş idi ki, Rostropoviçin şərəfinə Prezident Sarayında təşkil olunan tədbirdə Heydər Əliyev çıxış üçün ilk sözü ona verdi. Hamı zalda oturmuşdu, birinci sırada isə Heydər Əliyev, Rostropoviç və Vişnyevskaya qızı ilə əyləşmişdilər. Birinci atam çıxış etdi, ikinci sözü Tahir Salahova verdilər. Atam orada çox maraqlı faktları xatırladı, çünki o, Şostakoviçin sevimli tələbəsi idi.
Mən Heydər Əliyevə sonsuz məhəbbət bəslənən bir ailədə böyümüşəm və hamımız özümüzü çox xoşbəxt hiss edirdik ki, tariximizin böhranlı anında Heydər Əliyev yenidən siyasi səhnəyə çıxdı. O, hər şeydən əvvəl yaradıcı ziyalıları birləşdirdi. Heydər Əliyev onlara arxalanırdı, yalnız ünsiyyət saxlamaqla, yardım göstərməklə kiməsə arxayın olmaq olar. Çünki bu, əlaqə üçün meydan yaradır.
Mənim birinci ixtisasım bəstəkarlıqdır, dahi Qara Qarayevin sinfini fərqlənmə ilə bitirmişəm. İkinci diplomu nəzəriyyə üzrə almışam. Sonra isə taleyimdə gözlənilməz dəyişiklik baş verdi. Yadınızdadırsa, Heydər Əliyev hər həftə filarmoniyaya cümə konsertlərinə gəlirdi. Bu tədbirlərin əsas təşkilatçısı maestro Niyazi idi. Belə axşamların birində Heydər Əliyev hamını - mədəniyyət nazirini də, maestro Niyazini də gözlənilməz sualla çaşdırdı:

- Bildiyimə görə, orkestrdə dirijor əsas şəxsdir. Ayrı-ayrılıqda hər bir musiqiçinin və bütövlükdə orkestrin ifaçılıq məharətinin səviyyəsi ondan asılıdır. Ona görə, düşünürəm ki, dirijor vacib simadır. Onun funksiyası musiqini kütlələrə çatdırmaqdır. Hamımız bioloji varlığıq. Bu gün varıq, vaxt gələcək olmayacağıq. Bizi kimsə əvəz etməlidir. Odur ki, mən bilmək istəyirəm - konservatoriyamızda dirijorluq şöbəsi varmı? Maestro Niyazi, siz yeni kadrlar hazırlayırsınızmı?
Məlum oldu ki, nə şöbə var, nə yeni kadrlar.
- Onda mənim daha bir sualım var: hazırda ölkənin mərkəzi ali təhsil müəssisələrində - Moskvada, Leninqradda bizim musiqiçilərdən dirijorluq şöbəsində kim oxuyur?
Bəlli oldu ki, heç kim oxumur. Bu həm Maestroya, həm də nazirə ikinci zərbə oldu.
- Mən sizdən xahiş edirəm, ən qısa müddətdə bütün imkanları nəzərdən keçirib bir neçə layiqli musiqiçini ölkənin mərkəzi ali məktəblərinə göndərəsiniz. Onlara məqsədli təyinat düzəldəsiniz...
O vaxt Leninqradda dirijorluq şöbəsinə ancaq ali savadı olanları qəbul edirdilər. Bütün İttifaqdan ora cəmi 4-5 nəfər götürürdülər. Leninqraddakı dirijorluq kafedrası dünyada ən yaxşısı hesab edilirdi. Orada, demək olar ki, sovet pedaqoqlarının qaymaqları yığılmışdı.
Beləliklə, Heydər Əliyevin təşəbbüsü ilə mən 1975-ci ildə Leninqrad Konservatoriyasının dirijorluq şöbəsinə oxumağa göndərildim. Elşad Bağırov da mənimlə birlikdə getdi. Mən ən yaxşı müəllimlərdən olan İlya Aleksandroviç Musinin sinfinə düşdüm. Valeri Qerqiyev, Yuri Temirkanov, SSRİ-nin və dünyanın digər ən yaxşı dirijorları onun şagirdi idilər. Ancaq Musinin yanında təhsil aldığım sonuncu il o, mikroinfarkt keçirtdi, odur ki, təhsilimi Valeri Qerqiyevin yanında bitirməli oldum. O vaxt onun yeganə şagirdi idim.
Təhsilimi uğurla başa vurandan sonra, məni məşhur Leninqrad Filarmoniyasının simfonik orkestrinə assistent qismində qəbul etdilər. Orkestrə Aleksandr Dmitriyev rəhbərlik edirdi.
E.A. - Təcrübənin ikinci ilində siz böyük musiqiçi Yevgeni Mravinskinin diqqətini cəlb etdiniz: o, idarə etdiyiniz orkestrin ifasında simfonik konsertə televiziya ilə qulaq asandan sonra, sizi yanına çağırıb assistenti olmağı təklif etdi. Və bu işin reallaşdırılmasında sizə yenə də Heydər Əliyev kömək edib. Bu necə baş vermişdi?
İ.H. - Təklif möcüzə kimi göründü, mən artıq məşhur orkestrlə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin və başqalarının əsərlərini necə ifa edəcəyimi göz önünə gətirirdim. Lakin o dövrün qanunlarına görə köməkçi-assistent qismində mənim işim iki ildən çox çəkə bilməzdi. O vaxta qədər bu qaydadan istisnalar olmamışdı. Məsələ yalnız SSRİ Nazirlər Soveti səviyyəsində həll oluna bilərdi.
Mən bütün bunları Yevgeni Aleksandroviçin nəzərinə çatdırdım, o da Heydər Əliyevə şəxsən məktubla müraciət etməyə hazır olduğunu bildirdi və bir qədər sonra dediyini yerinə yetirdi. Sonrakı hadisələr hamımız üçün tamamilə gözlənilməz oldu.
Bir neçə gündən sonra Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Leninqrad Filarmoniyasına, sonra isə Yevgeni Mravinskinin evinə zəng elədi, Azərbaycan mədəniyyətinin görkəmli xadimlərinin ailəsində böyümüş gənc musiqiçinin taleyinə göstərdiyi diqqətə görə böyük dirijora hörmət və sayğısını bildirdi. O həmçinin dedi ki, sovet musiqi mədəniyyətinin görkəmli nümayəndələrinin Azərbaycan musiqisi ilə əlaqələrinin möhkəmlənməsini arzulayır, vurğuladı ki, Moskvada onun kabinetinin qapıları Mravinskinin üzünə hər zaman açıqdır. Mravinski sonradan həyat yoldaşına etiraf edib ki, Əliyevlə söhbət ona o dərəcədə təsir etmişdi ki, hətta gözləri yaşarmışdı. Tezliklə mənim Leninqradda "stajirovkamın" uzadılmasına rəsmi icazə verildi.
Müəllif qeydi:
Bir müddətdən sonra isə İsmayıl Hacıyevin rəhbərliyi altında Neva sahillərindəki şəhərdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət silsilə konsertlər keçirildi. Onlardan ən yaddaqalanları Üzeyir Hacıbəylinin 100 illiyinə, Fikrət Əmirovun 60 illiyinə həsr olunmuş konsertlər, həmçinin Cövdət Hacıyevin "İnsan. Torpaq. Kosmos" simfoniyasının səsləndiyi konsert oldu.
80-ci illərin sonunda İ.Hacıyev vətənə qayıtdı. Bakıda onu yaxşı qarşıladılar, mənzil verdilər, gənc musiqiçi Radio və Televiziyanın Simfonik Orkestrinin baş dirijoru təyin edildi.
90-cı illərin əvvəlində onun təşəbbüsü ilə "İlham" adlı kamera orkestri yaradıldı. Orkestr keçmiş SSRİ-nin bir çox şəhərlərində qastrolda oldu, Berlin Filarmoniyasında uğurlu çıxışlar etdi. Vətənə qayıdandan sonra İsmayıl Hacıyevin kamera orkestri çoxlu dəvətlər aldı. Kollektivin ABŞ-da çıxış etməsi üçün müqavilə imzalamaq niyyətilə musiqiçi Amerikaya yollandı. Həmin vaxt Heydər Əliyev də BMT-nin Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka getmişdi.
İ.H. - Orkestrin yol xərclərini ödəmək üçün kömək lazım idi. Onda mən səfirimiz Hafiz Paşayevlə görüşdüm. Heydər Əliyevin iş qrafikinin həddindən artıq gərgin olmasına baxmayaraq, Hafiz müəllim onunla görüşümü təşkil etməyə söz verdi.
Dostumla ikimiz idik. Cənab Prezidentin qaldığı yanına gəldik. Otel bir neçə korpusdan ibarət idi. Bəxtəbəxt onlardan birinə yaxınlaşmaq qərarına gəldik. Maşından təzəcə düşmüşdük ki, mühafizəçilərin Azərbaycan dilində danışığını eşitdik: "Hazır ol, indi çıxacaq". Bir-iki dəqiqədən sonra Heydər Əliyev göründü. Sonra məlum oldu ki, bu onun yaşadığı otel deyil, bura görüşə gəlib. O vaxt biz onunla bilavasitə tanış deyildik. Mən cənab Prezidentlə salamlaşdım. Ardınca Həsən Həsənov, Vəfa Quluzadə gəlirdi. Onlar məni görüb təəccübləndilər ki, burda nə gəzirəm. Həsən müəllim məni yanına çağırdı. Yaxınlaşdım.
- Həsən Əzizoviç, - dedim, - Heydər Əliyev "Əsrin kontraktı"nı imzaladı. Mənsə musiqi sahəsində "Əsrin kontraktı"nı imzalamışam.
- Sizə nə lazımdır?
- Mənə Heydər Əliyevə iki kəlmə söz demək lazımdır. Ona məlumat verməliyəm.
- Arxamızca gəlin. Mən sizə görüş təşkil edərəm.
...O gün Prezidentlə şəxsən söhbət etmək mümkün olmadı, lakin mənim məsələm müsbət həll olundu. Mənə dedilər ki, ayın filan vaxtı filan saatda bütün lazımi sənədlərlə bir yerdə Prezident Aparatında olmalıyam.
Gəlirəm Bakıya. Vaxt keçir, burada Surət Hüseynov və "omon"çuların yaratdığı qarışıqlıq başlayır. O vaxt fikirləşdim ki, yəqin, Heydər Əliyevin işi o qədərdir ki, elə bir mən çatmıram. Belə bir vaxtda onun yanına getmək yersiz düşər. Bir sözlə, həmin görüşə getmədim. Səhəri zəng gəlir. Prezidentin köməkçisi Tariyel Ağayev narazı halda soruşur:
- Nyu-Yorkda olmusuz?
- Bəli.
- Sizin Heydər Əliyevlə görüş razılaşmanız olub?
- Bəli.
- Bəs nə olub? Xəstələnmisiniz? Niyə gəlməyəcəyiniz barədə bizi xəbərdar etmədiniz?
- Düşündüm ki, bu gün siyasi situasiya elədir ki, mən Heydər Əliyevin yadına düşmərəm.
- Bu siyasi situasiyanın sizə bir aidiyyəti varmı?
- Yox, əlbəttə.
- Sabah filan vaxtı bütün sənədlərlə birlikdə Prezident Aparatında olun.
Heydər Əliyevin hətta belə bir vəziyyətdə görüşümüzü yaddan çıxarmaması məni heyrətə gətirdi!
Getdim, məsələ müsbət həllini tapdı. O özü məni qəbul etdi. Bu bizim ilk görüşümüz idi və onun iti, sirayətedici baxışları məni heyrətləndirdi. O baxışlar bu gün də yadımdan çıxmır.
- Cavansınız, - dedi, - lakin mən sizə inanıram, çünki qardaşınızla siz Cövdət Hacıyevin övladlarısınız. Şübhə etmirəm ki, sizə göstərilən etimadı doğruldacaqsınız.
Qardaşımın adı Mikayıldır, o da musiqiçidir. Heydər Əliyev Amerikaya səfərimizi bilavasitə Prezident Aparatının büdcəsindən maliyyələşdirdi. Maliyyəçi mənə dedi ki, bu vaxta qədər belə şey olmayıb. Heç bir prezident belə addım atmayıb - öz Prezident fondundan pul ayırmaq! Sonradan bildim ki, Heydər Əliyev xəstələnən ədəbiyyat və incəsənət xadimlərinə Prezident fondu hesabına köməklik göstərir, xaricə müalicəyə göndərirmiş.
Sonra bizim viza problemimiz yarandı, çünki kollektivimiz böyük idi. ABŞ səfirliyi mane olmaq istədi, lakin bundan xəbər tutan Heydər Əliyev yenə məsələyə qarışdı. O, ABŞ səfiri Riçard Kozlariçi yanına çağırıb dedi ki, bu bizim Birləşmiş Ştatlarla münasibətlərimizə təsir göstərə bilər. Onlar konsulu çağırdılar və bir gecənin içində bizə tələb olunan vizaları verdilər.
Bunu yalnız sənətə vurğun olan, Azərbaycanla nəfəs alan insan edə bilərdi. Axı o vaxt bizim heç bir orkestrimiz xaricə getmirdi. Biz birinci olduq. Ayrı-ayrı ifaçılar xaricdə olurdular, ancaq bütöv bir kollektiv... Əvvəlcə Almaniyada olduq, ikinci dəfə yenə Almaniyaya, ABŞ və Kanadaya getdik. Orada yaşayan azərbaycanlılar üçün bizim gəlişimiz əsl bayram idi!
Amerikada biz ilk növbədə Azərbaycan musiqisini ifa edirdik, Azərbaycan musiqiçilərinin Motsartdan tutmuş Baxa qədər hər şeyi ifa etmək iqtidarında olduqlarını göstərmək üçün, əlbəttə ki, Avropa musiqisini də səsləndirirdik. Ancaq tamaşaçılar Qərb musiqisi ilə yanaşı, bizim bəstəkarların əsərlərini də məmnuniyyətlə dinləyirdilər, təəccüblənirdilər ki, musiqimizin səviyyəsi heç də Avropa musiqisindən geri qalmır.
Amerikadan böyük uğurla qayıtdıq. Sonra Nazirlər Kabineti hər il qastrollarımızı maliyyələşdirmək haqqında qərar qəbul etdi.
Biz - qardaşımla mən Heydər Əliyevə bir ata kimi baxırdıq. Heydər Əliyevin mənim həyatımda rolu Şostakoviçin musiqi taleyimdəki rolu qədərdir... Bir vaxt yol ayrıcında qalmışdım, bilmirdim, bəstəkar olmağı bacararammı?! Həmin vaxt Moskvada Qarayevin yubileyi - 50 illiyi keçirilirdi. Artistlər üçün olan otaqda atam Şostakoviçlə yanaşı dayanmışdı. Onlara yaxınlaşdım. Dmitri Dmitriyeviç soruşdu ki, nəylə məşğul oluram. Sonra isə bizi evinə qonaq apardı. Orada mən bir neçə kompozisiyamı ifa etdim. Onlar Şostakoviçin xoşuna gəldi. Xahiş elədi ki, nəsə yazsam, ona göndərim. Mən bəstələməyə və əsərlərimi Şostakoviçə göndərməyə başladım. O, mənə mehribanlıqla dolu məktub yazdı. Böyük bəstəkarın həmin məktubu Leninqrad konservatoriyasının da, filarmoniyanın da qapılarını üzümə açdı, çünki Şostakoviçi müqəddəs sayırdılar. Peterburqda filarmoniya onun adını daşıyır. Konservatoriyada isə onun bütün həyatı keçib. Altı yaşımdan Şostakoviçi evimizdə görmüşəm. O, Bakıya gələndə mütləq bizə dəyirdi. Atam üçün o, bütöv kosmos, onun Qütb ulduzu idi. Bu iki şəxsiyyət - Şostakoviç və Heydər Əliyev mənim üçün həyada hər şey demək idi.
İndi mən orkestri bərpa etmək istəyirəm...
E.A. - Əziz İsmayıl müəllim, xoş xatirələrinizə və böyük liderin xatirəsini bu qədər uca tutduğunuza görə çox sağ olun!
Tərcümə Rəbiqə Nazmqızınındır


