Icma.az
close
up
RU
Məndən saxladığı yeganə sirr könüllü cəbhəyə yazılmağı oldu

Məndən saxladığı yeganə sirr könüllü cəbhəyə yazılmağı oldu

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Bəzən insan söz tapmır... Çünki bəzi dərdlərin adı olmur, bəzi kədərlər səssizlikdə yaşayır. Elə bu torpağın da adını tarixə yazan səssiz ağrıları var. Hər evin divarında bir şəkil, hər ananın gözündə yaş, hər bayraqda bir nəfəs qalıb. Onların adına şəhid deyirlər...

Bu Vətən səssizcə onlara sarı boylanır hər gün... Hər əsən küləkdə, bir azan səsində, əngin səmada qanad çalan quş qanadında da onların adı çəkilir, qəlbimizin dərinliyində hər an onların səsini eşidirik...

Hər şəhid bir ömür, bir arzu, bir sevdanın adıdır... Hər ana isə bir dünyadır... İçində qırılıb susan, acısı sönməyən bir dünya... Onlarla üz-üzə oturub söhbət etmək söz tapmaq çətindir. Çünki övlad itkisinin dili olmur. O, yalnız qəlbin içində yavaş-yavaş göynəyir, hər nəfəsdə yanır. Və hər şəhidin ruhu hər ananın duasında yaşayır.

Onlar 44 günə bizə azad Qarabağı qaytardılar və özlərinə qürurla bircə ad qazandılar - Şəhid. Bu gün onlardan biri Azərbaycan gömrüyünün yeganə şəhidi, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunan şəhid leytenant Ülvi Hacıyevin anası həkim-oftalmoloq Həmidə xanım Qurbanova ilə igid övladından qalan xatirələri vərəqləyirik.

- Çox çətindir, amma onlar haqqında danışmamaq mümkün deyil...

- Elə bilirsiniz təkcə oğlumu itirmişəm? Ülvi mənim qardaşım, dostum, sirdaşım, həmdəmim, bütün varlığım idi. Böyük qardaşına nisbətən Ülvi ilə olan bağlarımız fərqli olub. Onunla hətta məsləhətləşirdim də. Ana-bala münasibətimiz elə idi ki, məndən heç nəyi gizli saxlamazdı. Məndən saxladığı yeganə sirr könüllü cəbhəyə yazılmağı oldu. İndi düşünürəm ki, bilsəydim belə, Ülvini müharibədən heç cür saxlaya bilməyəcəkdim.

- Deməli ki, vətənpərvər olduğunu bilirdiniz...

- Mübariz İbrahimovun şəhidliyindən sonra deyirdi ki, mən böyüyüb əsgər gedəndə onun intiqamını alacağam. Onda on birinci sinifdə oxuyurdu. Hətta ona şeir də həsr etmişdi, misraların əvvəlini yuxarıdan aşağıya doğru oxuyanda "Mübariz" alınırdı. Həmin şeiri məktəbin divar qəzetinə yerləşdirmişdilər. Məktəb söküldü deyə, şeiri tapa bilmədim. Evdə də, qohumlar arasında dəfələrlə: "Mən şəhid olacağam" demişdi. Binamızın həyətində bir yer vardı, oranı göstərib deyərdi ki, orada mənim adıma bulaq olacaq, sənə də şəhid anası deyəcəklər. Ağlayıb haray qoparardım ki, ay Ülvi bu nə sözlərdir deyirsən. Heç demə, Ülvi olacaqları hiss edirmiş.

- Dediniz ki, orduya könüllü yazılıb və bunu sizdən gizli saxlayıb...

- Ülvi İqtisad Universitetinin (UNEC) məzunu olub. Magistraturanı ingilis dilində bitirib. Hərbi xidmətdən sonra Dövlət Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda işləməyə başlayıb. 2020-ci ilin iyul hadisələrindən sonra ölkə başçısı səfərbərlik elanını edəndən Ülvi və iş yoldaşları könüllü olaraq orduya yazılıblar. General Polad Həşimovun şəhidliyi onu çox sarsıtmışdı. Ülviyə Qazaxda ev tutmuşduq və tez-tez yanına gəlib baş çəkərdik. Avqust ayında atasının yubileyini belə, gedib onunla birlikdə qeyd etdik. Bizi Ağstafaya apardı, lakin heç nə demədi. Sentyabr ayında iş yerini Bakıya dəyişdilər və biz ayın 25-26-sı gəlib əşyalarını toplayıb evimizə qayıtdıq. Ülviyə bir ay məzuniyyət verilmişdi, hətta atası dedi ki, gedib haradasa istirahət eləsin yeni iş yerinə çıxana qədər. Ülvi istəmədi, sentyabeın 27-də müharibə başladı və iki gündən sonra hərbi komissarlıqdan evə bildiriş gəldi. Onda Ülvinin könüllü orduya yazılmağından xəbərimiz oldu. Bildiriş gələndə o nə qədər sevinirdi, bunu görmək lazım idi. Çox həyəcan keçirdim, lakin dedi ki, bu mənim məktəb vaxtından olan arzum idi ki, qəhrəman şəhidlərimizin, işgəncələr görən qız-gəlinlərin qisasını alım. Bu istəyimə qarşı heç kəs çıxa bilməz. Sentyabrın 30-u hərbi hissəyə yollandı və oradan da Füzuliyə. Yenə də bunu məndən də, atasından da gizlətdi və yalnız yola düşəndən sonra böyük oğlum Nicat dedi ki, Ülvi artıq yoldadır.

- Artıq bilirdiniz ki, onu bu yoldan saxlaya bilməyəcəksiniz...

- Əlbəttə bilməyəcəkdim... Yola düşdüklərini eşidən kimi dərhal ona zəng vurdum. O qədər yüksək əhvalda idi ki, səsi indi də qulağımdadır, sanki heç müharibəyə getmirdi. Füzulinin azad olmağına bir neçə gün qalmış telefonla danışa bildik. Sevincək səslə dedi ki, torpaqlarımızı ala-ala gedirik, burada hər şey yaxşıdır, narahatçılığa heç bir əsas yoxdur. Bilmirəm nə düşünüb məni belə sakitləşdirirdi.

- Bizim tanımadığımız Ülvidən danışın...

- Ülvi uşaqlıqdan cəsarətli idi, sanki adrenalin yaşayırdı. Paraşütdən belə tullanıb. Mən sonralar onun internet səhifələrində gördüm ki, atəş açmağı da öyrənirmiş. İstər məktəbdə, istər universitetdə hamının sevimlisi idi. UNEC-də sinif nümayəndəsi olub. Magistr pilləsində ingilis dilində təhsil aldığı üçün dili mükəmməl bilirdi. Yardım etməyi çox sevərdi. Onların bir şəbəkə qrupu vardı, təmənnasz olaraq uşaqlara ingilis dilindən dərs deyirdi. "Qırmızı körpü" gömrük postunda işləyəndə, ona Qazaxda ev tutmuşduq. Bütün qonşular ondan o qədər razılıq edirdi ki... Qış vaxtı işə gedəndə qonşu uşaqlarını maşını ilə məktəbə aparıb ki, onlara palçıqlı yolda çətin olmasın. Hamının harayına gəlməyə imkan tapırdı. Onun iş yerini Bakıya dəyişəndə qonşular Ülvinin getməyinə çox heyifsiləndilər. Hədsiz diqqətcil idi. O, mənim sirdaşım, məsləhət verənim olub. Bir qədər yubananda narahat olardı, tez zəng vururardı ki, səsimi eşitsin. Evə girəndə görərdim ki, çaya qədər dəmləyib. Bu gün UNEC-də müəllimlərindən Ülvini soruşsanız, onların kədərini də görərsiniz, oğlum üçün necə yandığını da. Sosial şəbəkə üzərindən UNEC haqqında məlumat səhifəsi açılanda ilk Ülvi Hacıyev yazılıb. Dəqiqliyi çox sevərdi. Birinci sinifdə oxuyanda avtomobil qəzası keçirmişdi. Məktəbin dərs hissə müdiri onların sinif müəlliməsi idi, gəlib evdə Ülviyə dərs keçirdi. Bir dəfə dərsdən sonra məktəbdə yubandığından bizə gəlməyə gecikib. Ülvi də pencərinin qarşısında oturub onu gözləyirdi. Müəllimə içəri girəndə dedi ki, siz 15 dəqiqə gecikdiniz, axı mənim vaxtımdan gedir. Minayə müəllimə indiyə qədər bunu deyir. Uşaqlar həyətdə oynayanda deyərdim ki, çıx sən də onlara qoşul, bir az əylən. Kitabları göstərib deyərdi ki, mənim üçün əsas oxumaqdır. Hara getsəydi, oradan bir çanta kitabla gələrdi. Haqsızlığı qəti sevmirdi. Biliyinə əmin olduğu üçün cəsarətlə həmişə özünü təsdiq edə bilirdi. Tələbə yoldaşları deyir ki, imtahan vaxtı biz aramızda püşk atardıq görək Ülvinin arxasında kim oturacaq. Bilirdik ki, Ülvi soruşduğumuz bütün suallara cavab verəcək. Bu günə qədər onun bütün dostları mənimlə əlaqə saxlayır, Ülvini yaddan çıxarmırlar. Eləcə də iş yoldaşları. İşlədiyi bir il ərzində o qədər hörmət sahibi ola bildi ki, hamı onun gənc yaşına baxmayaraq, cənnəti bu dünyada qazandığını söyləyirdi.

- Yaşının arzularla dolu olan çağında idi...

- Arzusu uğurlu karyera qurmaq, yardıma ehtiyacı olanların yanında olmaq idi. Bundan rahatlıq tapırdı. Özünün bir yazısı var. Orada Ülviyə suallar veriblər, o da cavablandırıb. Həmin yazı indi də məndədir. "Çoxlu pulun olsa, nə edərsən?" Ülvi cavab verib ki, ailəmə lazım olan miqdarda xərcləyərəm, qalanını kimsəsiz uşaqlara, ailələrə  verərəm. Sonda da yazıb ki, vaxt gələcək Ülvi Hacıyevi bütün Azərbaycan tanıyacaq. Onun kiçik yaşlarında dediklərinin əksəriyyəti düz oldu. Bəzən düşünürəm ki, Ülvinin hissiyyatı bu qədərmi güclü olub mən bilməmişəm? Hər ana üçün övladı onun gözündə əzizdir, hamıdan fərqlidir. Amma mən Ülvinin xüsusiyyətlərində elə məqamlar görürdüm ki, bu, onun yaşından artıq idi.

- Ana hissiyyatı deyilən bir duyğu var, yəqin ki, içinizdə onu siz də yaşadınız Ülvini müharibəyə yola salanda...

- Ülvi sanki məni ovsunlamışdı. Vur-tut 19 gün müharibədə döyüşdü. Sonuncu dəfə onunla oktyabrın 15-i danışdıq. Yalnız imkan olanda özü bizimlə əlaqə saxlayırdı. Özü də çox ehtiyatla olduğu istiqamətin şərti adlarla bildirirdi və həmişə də əhvalı yüksək idi. Sonuncu danışığımızda da səsindən hiss edirdim ki, kefi kökdür, hansı ki müharibədə idi. Soruşdum ki, ay Ülvi, yeməyiniz varmı? Gülə-gülə dedi ki, ana, hər şey var, kababdan belə yeyirik. Narahat olma. Ondan eşitdiklərimə məəttəl qalırdım. Danışığı, əhvalı ilə mənə elə sirayət edə bilmişdi ki, sanki Ülvi heç müharibədə deyildi. İndi anlayıram ki, bunu mənim sakitliyim üçün edib, çünki bizim münasibətimiz ana-bala ünsiyyətindən çox ötə idi.

- Amma gözləmədiyiniz acı xəbər gəldi...

- 50 gündən sonra gəldi... Ülvilə sonuncu danışığımızdan sonra ondan xəbər ala bilmədik, çünki ən azından iki-üç gündən bir ondan zəng gəlirdi. Atası bir neçə dəfə döyüş bölgəsinə getdi və hər dəfə də dedilər ki, narahat olmayın, onun xüsusi tapşırığı var, Ülvi sağdır. Günlər keçirdi, mən də ümidlə Ülvidən xəbər gözləyirdim, pis fikri özümə yaxn buraxmırdım. Ülvini hamı axtarırdı. Ülvilə hamı maraqlanırdı - idarədən, oxuduğu universitetdən, dostları, hamı axtarışda idi. Oktyabrın 18-i, ya 19-u yuxuda gördüm ki, telefon zəng çaldı. Cavab verəndə gördüm ki, Ülvidir. Dedi hər şey yaxşıdır, qələbə qazana-qazana gedirik, sən heç narahat olma. Soruşuram ki, səsin niyə belə dərindən gəlir? Özüm belə danışıram ki, səs ətrafa yayılmasın. Sonralar düşündüm ki, bu yuxu mənə bir işarə olub. Amma o acı xəbəri aldığımız günə qədər biz Ülvinin nə itkin düşdüyünü, nə şəhid xəbərini almadıq və mən 50 gün xoş bir xəbərin ümidilə yaşadım, ta ki dekabrın 4-nə kimi. İndiyə kimi yadımdadır, gecə saat 22.15-də yoldaşıma zəng gəldi ki, oğlunuz şəhid olub. Bununla da Ülvili günlərimə nöqtə qoyuldu. Həmin anda onun 26 illik ömrü bütün xırdalıqlarına qədər bir kino lenti kimi gözümün önündən keçdi, onun dediklərini təkrar eşitdim. Necə demişdisə, elə də oldu. Özü şəhid oldu, mənə qəhrəman anası dedilər, həyətimizdə onun göstərdiyi yerdə indi Ülvinin adına xatirə bulağı var. Çalışdığı idarədə büstünü qoydular, Ülvi gömrüyün yeganə şəhididir, mən də yeganə həkiməm ki, şəhid anasıyam. Ülvidən sonra mən möcüzələrə də inanmağa başladım. Maraqlı olacaqsa, birini danışım...

- Buyurun...

- Ülvinin yoxluğundan sonra bizə bir pişik gəldi. Evimizin blokunda Ülvinin xatirə guşəsini yaratdığımız vaxtlar idi. Hələ büstü qoyulmamışdı, ancaq şəkli vardı. Hər gün görürdüm ki, boz rəngində bir pişik onun şəklinin dibində yatır. Nə qədər qovsam da, yenə fırlanıb gəlib o yerdə yatırdı. Bir gün evə daxil olanda necə oldusa, özünü içəri saldı və qaçıb Ülvinin çarpayısının altına girdi. Sonunda mənə dedilər ki, ona toxunma və beş ildir o pişik evimizdən çıxmır. Gəlib Ülvinin şəklinə baxır-baxır, sonra da şəklin altında yatır. Niyə Ülvinin sağlığında bu pişik yox idi və nəyə işarədir, onu da bilmirəm. Sanki onun ruhu elə ətrafımdadır, hər halımı görür, hər addımımdan xəbərdardır, göz yaşlarımı silir, bir növ varlığını hiss etdirir.

- Bildiyim qədər Ülvi haqqında bəstələnən mahnının da tarixçəsi var...

- Mahnının bəstəkarı Könül Hüseynovanı heç tanımamışam. Öz istəyilə Ülvi haqında mahnı bəstələyib. Mahnıdan sonra onun da şəhid xanımı olduğunu bildim. Könül xanım sosial şəbəkələrdən Ülvinin axtarışlarından xəbər tutub və təsirlənərək mahnını bəstələyib. Çünki onun da həyat yoldaşı pilot Rəşad Atakişiyev vəzifə başında şəhid olub və 27 gündən sonra nəşi tapılıb. Mahnını ifa edən Atəş Qarayev isə Ülvi ilə döyüş yoldaşı olub və onun yanında şəhid olub. Təsadüfün içində yenə də bir möcüzə. Ülvidən sonra "kaş ki" sözünü tez-tez işlədirəm. Kaş ki, qələbəni görəydi, kaş ki, qazi olaydı, kaş ki, xəsarət almış olsa da, nəfəsi gələydi. Bu "kaş ki"ləri yığıb-yığışdıra bilmirəm. Özümə onunla təsəlli verirəm ki, Ülvi içində yaşadaraq böyütdüyü Vətənə sevgi naminə şəhid olub. Onun yoxluğunun şəhid kimi adı var, hansısa bir yolun, əməlin qurbanı olmayıb. Adını, şərəfini, ləyaqətini qorumağı bacarıb.

- Ülvisiz keçən beş il...

- Mən heç zaman Ülvisiz olmadım ki... Cismən yanımda olmasa da, yenə də sözüm-söhbətim onunladır, dərd-sərimin məsləhətçisidir. Çünki bilirəm ki, mənə lazım olan anda Ülvi mənə nə deyə bilərdi. Ülvidən sonra mən ruhun varlığına nəinki inandım, onun şahidi oldum. Ülvi yaşadığı qısa ömürdə öz alicənablığını göstərə bildi, bunları mən ondan sonra daha dərindən anladım. Heç kim müharibə istəməz, xüsusilə analar. Amma  Ülvi kimi övladlar göstərdi ki, nə qədər ağır olsa da, qoy anaların göz yaşı qeyrətli oğullar üçün axsın, hər zaman onlarla qürrələnib fəxr edə bilsinlər. Bu gün dünyamız heç də rahat deyil. Dilindən, dinindən asılı olmayaraq, heç bir ananın övlad itkisi yaşamağını istəmirəm. Nə biz övladlarımızı, nə də onlar bizi seçir. İstənilən halda üzüağ, alnıaçıq, şərəflə, qeyrətlə yaşamaq qoy hamıya nəsib olsun və dünya heç zaman Tanrının qəzəbilə üz-üzə gəlməsin.

SÖZARDI:

Torpağın bağrına cəsədləriylə,

Azadlıq tumunu əkdi şəhidlər.

Bu misralar 35 il öncə qanlı 20 Yanvar gecəsindən sonra yazılıb. Və tarix göstərdi ki, o azadlıq tumundan yetişənlər 44 günə heç kəsin qisasını yerdə qoymadı. Zaman keçsə də, vaxt ötsə də, haqq uzun bir yol gələrək öz yerini tapdı, çünki bunu Tanrı istədi.

Tamilla M-ZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://525.az
archiveBu xəbər 14 İyul 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see212

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see129

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see125

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see121

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see117

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see117

İtaliya hökuməti ABŞ ilə tarif razılaşmasına ümid edir

12 İyul 2025 23:08see116

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see116

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see115

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see114

Mahir qol vurdu, komandası darmadağına sevindi

12 İyul 2025 22:54see112

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see112

Yaddaşları oyadan kitablar

13 İyul 2025 08:18see112

Messi ardıcıl beşinci oyunda dubl etdi

13 İyul 2025 09:49see110

İsti havada arıqlamağın yolu

13 İyul 2025 01:01see110

Rutte iyulun 14 15 də ABŞ da Tramp və digər rəsmilərlə görüşəcək

13 İyul 2025 23:41see109

Ağ Ev Trampla görüşdə beş Afrika liderini alçaldıb

13 İyul 2025 21:00see109

“ABŞ ın 30 faiz tarifləri transatlantik zəncirləri sarsıdacaq...”

12 İyul 2025 18:45see109

Qərbi Azərbaycan Xronikası: İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb

13 İyul 2025 00:02see109

Gah sarışın, gah əsmər…

13 İyul 2025 02:41see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri