Icma.az
close
up
RU
“Məni tanıyan adam”a deyilənlər

“Məni tanıyan adam”a deyilənlər

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xuraman Hüseyn

(Mənsurə Qaçayqızının şeirləri haqqında)

Rəssamlar rəsmlə poeziyanın oxşar cəhətləri haqda çox vaxt maraqlı fikirlər bildirirlər. Leonardo da Vinçi rəsmi hiss edilən deyil, görünən şeirə, şeiri isə görünəndən çox hiss edilən rəsmə bənzədirdi.

Həyatın görünən, görünməyən, düşünülən, arzu edilən tərəflərini poetik ovqatla ifadə edən Mənsurə Qaçayqızı şeirləri ilə rəssam təxəyyüllü bu təsvirlərinin masştabını genişləndirir. Belə təsvirlərdə oxucu sanki onun ruh halını da görə bilir.
“Şeh düşür yuxularıma” şeirində o, yuxusunda ruhunun səksənməyindən söz açır:

Yenə şeh çiləndi yuxularıma,
Yenə də yuxumda səksəndi ruhum.
Yenə şeh damcısı öpdü gözümdən
Yenə bir-birinə qarışdı duyğum.

Kirpiklər asıldı vaxtın əlindən,
Bu vaxt da yerimir, sabaha çox var.
Deyəsən tükənib, çatmayır səbrim,
Tuta əllərimdən, deyə sabah var.

Bədənin və zehinin istirahət etdiyi və yenidən enerji topladığı vacib bioloji bir proses olan yuxu haqda maraqlı fikirlər səsləndirilir. Məlumdur ki, onun çox olmaması ciddi sağlamlıq problemlərinə yol açır. Həyatımızın ayrılmaz hissəsi olan yuxudan poetik ovqatla da bəhs olunur. M. Qaçayqızının yuxularına şeh düşməsindən bəhs edən şeirində bu vacib bioloji proses haqda düşündükləri bədii çalarlarla təsvir edilir: 


Baxır pəncərənin o üzündən ay,
Gözümdə gizlənən şehə tamaşa.
Baxır, əllərindən heç nə gəlmir ki,
Qalıram bu gecə ayla baş-başa.

Yorur ulduzları mənim nağılım,
Seçdiyim ulduz da bax, məndən küsür.
Deyəsən gecənin bağrı sökülür.
Yuxumun qoynuna hələ şeh düşür.

Hər sahənin öz sevəni, peşəkarı olur. Ədəbiyyatı sevmədən bədii yaradıcılıqla məşğul olmaq mümkündürmü? Əlbəttə, yox! O, şeir sevgisini bəzən poetik nümunələrində də bildirir. Mənsurə Qaçayqızının bu sevgisindən danışmasına Söz özü vəsilə olur. “Yenə” şeirində M. Qaçayqızının bu sevgisini görürük:
Yenə durna köçü,
gözdən itənə kimi izləyən baxışlarım,
səmada qanad çalmaq istəyim
havada
yellənə-yellənə yerə düşən durna lələyi
könlümdən ürəyimin qanına batırıb
torpağın köksünə yazmaq,
durna qatarının arxasınca göyə su yox,
bir ovuc misra dolu torpaq atmaq keçir.
Yenə payız,
yenə yağış...

“Könlündən ürəyinin qanına batırıb torpağn köksünə yazmaq və durna qatarının arxasınca göyə bir ovuc misra dolu torpaq atmaq keçdiyini deyən M. Qaçayqızı bu poetik ştrixlərlə  durna lələyi vasitəsilə poeziyaya olan sevgisini göstərir.


Xışıltı səsi gələndə

Poetik ovqatın uğurla ifadə edilməsinə səbəb olan təbiət mənzərələri, gözəlliklər onun da şeirlərindən yan keçmir. Mənsurə Qaçayqızı gördüyü yaşadığı xoş anlar, gözəl mənzərələr haqda fikirlərini bildirir. Onun təsvir etdiyi anlar geridə qalır, sonra təbiətin diktəsi necə olacaq?      

Bir azdan silkələnəcək göy üzü
buludda xətlər görünür,
tut ağacının budaqlarına oxşayır.
Yayda kənddə tut çırpardıq,
Ağ, şirin tutlar.
Tamını hiss eləyirəm,
bir azdan silkələnəcək göy üzü,
qulağıma xışıltı səsi gəlir...

Bu səs onu başqa ovqata kökləməzmi? Göy üzünün silkələnəcəyini hiss edən M. Qaçayqızı qulağına gələn xışıltı səsinin də poetik çalarlarını rəssam kimi görür, Söz adamı kimi hiss edir.
Təbiətdən danışırıqsa onun bu gözəlliyə həsr etdiyi digər şeirinə nəzər yetirək:

Bir səhər doğuldu,
Günəşə gülümsəmək,
Ömrünün qürub çağına
boylanmaq üçün.
Doğulmamışdan öldüyünü bilirdi,
tanış idi gəldiyi dünyayla,
ordan gəlirdi axı...
Əslində bir umacağı yox imiş
sadəcə həyata
kənardan baxıb acı-acı gülümsəmiş.
Bir az təəssüf, bir az heyrət, bir az da sevgisi varmış,
bir az da titrəkliyi, kövrəkliyi.
Neyləsin ki, bir az duyğulu,
yanaqları al, gözləri gülümsər.

Sonra yenə ana təbiətin “rutini” davam edəcək: fəsillər bir-birini əvəzləyəcək. Baharın yerini yay, yayın yerini payız tutandan sonra bütün çiçəklər həyatın soyuq, qəmgin dönəmini yaşayacaq. O da davam edən həyatın bədii düşüncə istiqamətinə görə çoxspektrli məqamlarından bəhs edir:
Bir azdan boynu büküləcək,
qəlbi sıxılacaq.
Yenicə tanış olduğu günəşə “sevirəm”
Sözünü deməyə macal tapmamış
ləçəkləri töküləcək.
Payız
əlvida nığməsini oxuyan zamanda açan çiçəyin...
Təəssüf... 


“Atıldım göyün üzündən”
“Mən bir yağış damlasıydım” şeirində M. Qaçayqızı yağış damlası olacağı təqdirdə nələr ola biləcəyindən söz açır. O, buxar olub göyə qalxarsa nələri görə biləcəyini, nələr yaşayacağını poetik ovqatla bildirir:   

Mən bir yağış damlasıydım,
Atıldım göyün üzündən.
Torpağaca hopasıydım,
İtirdim yolu izindən.

Mən bir yağış damlasıydım,
Hələ də havam başımda.
Axı yerdə nə işim var,
Yollarında bir çaşım da.

Mən bir yağış damlasıydım,
Çırpıldım küləyə, daşa.
Buxar olub göyə qalxdım,
Dedilər qayıt, get, yaşa...

Təbiət haqda qədim inanclarda da maraqlı məqamlar var. Qədim misirlilərin ibadət etdiyi tanrılar və fövqəltəbii mifik varlıqlar içərisində bitkilərin tanrısı, Sehmet və Ptahın oğlu olan Nefertumun adını çəkə bilərik. Simvolu nilufər olan Nefertumun başlıca məbədi Memfisdə idi. Əvvəlcə yerli, sonra bütün Misirdə tanınan tanrı Nut günəşi, ulduzları, tanrıların çoxunu dünyaya gətirmiş göy tanrıçası idi. Günəş tanrısı olan Ra misirlilərin baş tanrısı idi. Məbədi Heliopolisdə olan Ra orada daha əski dövrlərdən bəri inanılan tanrı Atumla eyni hesab edilirdi. O,  həm də Misirin müxtəlif bölgələrində yerli tanrılarla da eyniləşdirilirdi...     

Həyatını həm də Sözsüz təsəvvür etməyən şairlər həssas olur axı. “Məsumluq” şeirində Mənsurə Qaçayqızının da şeirlə özünü göstərən həssaslığını görürük. Boynubükük, zərif, xoş rayihəli, gözəl rəngli bənövşə haqda çox şeirlər yazılıb. O da gözəl bənövşənin məsumluğundan danışır:    

Titrətmədi duyğularımı görkəmin
Haqqında dürlü-dürlü sözlər çox eşitmişdim deyə,
Bir az da səni vəsf eləyən şairlərin kövrəkliyi
Nədənsə xoşuma gəlmədi boynubüküklüyün
Bəlkə də utancaq olmaq lazım deyilmiş heç.
Bəsdi daha...
Amma sən o qədər saf, o qədər məsumsan ki, 
dəyişməyin çətin.
Bilisənmi nəyini sevdim sənin?
Hər yaz zəif əllərinlə torpağın köksünü yarıb
tikan sevgilinin gözləri önündə
yenidən bitməyini.

M. Qaçayqızı bənövşənin kolu özünə məskən seçməsinə başqa aspektdən yanaşır. O, bunu bənövşənin sədaqəti, sevgisini sübut etmək cəhdi kimi dəyərləndirir. Onun dəli küləyə qoşulub qaçmaq cəhdinin qarşısını kəsən məsumluğundan da poetik əhval-ruhiyyə ilə söz açan Mənsurə Qaçayqızı bənövşə üçün bitmiş sevdaların ayrılıq nəğməsini oxumaqdan da danışır:

Nə görmüsən o kolda?
Bu sənin sədaqətinmi,
Yoxsa sevgini sübut eləmək cəhdin?
İçindəki qışqırmaq,
dəli küləyə qoşulub qaçmaq istəyinin
qarşısını kəsən məsumluğun.
Yox, səni qınamağa haqqım yox. 
Sadəcə, səni dərmədən,
şehli dodağından öpmədən
əyilib
qulağına bitmiş sevdaların
ayrılıq nəğmələrini oxumaq yetər,
bənövşə...

Yaşadığımız həyatın, dünyanın keşməkeşləri, xoş anları ilə birgə təbiətin gözəlliklərinə də poeziyada həmişə geniş yer verilir. Bu gözəlliklərdən şeirlərində sevə-sevə söz açan, onlar haqda düşündüklərini də oxucularla bölüşən Musa Yaqub zərif, boynubükük bənövşənin bu məsumluğunu  “Bənövşə gileyi” poemasında bildirir:

Baharın göz açan məsum uşağı,
Nəfəsin ətirli yazdı, bilirik.
Şöhrətin uludu, başın aşağı,
Ömrün göz qırpımı azdı, bilirik.

Təbiətdən danışırıqsa M. Yaqubun şeirlərini yaddan çıxara bilmərik. O, bənövşə ömründən də söz açaraq təbiətin boynubükük, zərif neməti olan bu çiçəyin gözəlliyini də misralarda yaşadır:

Bəs adam bənövşə vaxtı gecikər?!
Əlimin bənövşə vaxtıdır, tələs,
Könlümün, gözümün, nazik sözümün
Dilimin bənövşə vaxtıdır, tələs.

Boynu əyri qoyma bu zərif gülü,
Mən də dayanmışam boynu bükülü,
Eh, bənövşə ömrü nədir ki, gülüm?
Gəl çıx, solub gedir bənövşə ömrüm!


Sevgi çiliklənərsə...

Mənsurə Qaçayqızı “Çiliklənən sevginin səsi” şeirində ülvi hiss olan sevginin bədii estetik dəyərinə münasibətini bildirir. Sevgi çilikləri ürəyə səpələnir, bu ağrını yaşayan, əzabı çəkən sevgisi çiliklənən ürək olur.  O, bu şeir vasitəsilə həmin ürəyin ağrısının sınan, qırılan ürəyin ağrısından betər olduğunu deyir. M. Qaçayqızı çiliklənən sevginin səsinin daş atılan pəncərə şüşəsinin cingiltisi ilə identik olsa da əzabının fərqli olmasından söz açır:   
Çiliklənən sevginin səsi
və ya daş atılan pəncərə
şüşəsinin cingiltisi
eynidir...
Sevgi çilikləri
ürəyə səpələnər,
şüşə çilikləri yerə.
Ürək saplağından
üzüləndə yerə yaxın olar...

O, ürək saplağının yerə yaxın olduğunu bildirərək bütün sevincli, sevgili, dərdli ürəklərin üzüləndə onlara yaxın olan yerə gedəcəyindən danışır. O yer anamız torpaqdırsa, o sevginin qədri bilinərsə daha yaxşı olmazmı? Sevgi xoşbəxtlik gətirərsə onu yaşadan ürəyi qırmaq, çilik-çilik etmək nəyə lazımdır? M. Qaçayqızı da bunu xatırladaraq çiliklənən sevginin ürəyə səpələnməsinin o ürəyə gətirdiyi əzabdan söz açır: 

Ruhun yağışda yuyulmuş ağac
ətrafında bu qədər sevgi varkən
gözlərin uzaqlara baxır.
Düşüncəndə sevinc uzaqlarda,
Külək əsməsin gərək.
Dodağında gizlənən yağış damlası
sözə bürünüb yerə tökülə bilər.
Qətiyyətli addımların bəzən
büdrəməkdən qorxar.
Kədər sandığın heç nəyi ayaqlamağa
ürəyin gəlməz.
Hər gün, hər an ötürsən yanımdan,
Dayan, sənə deyəcəklərim var
Məni tanıyan adam... 

Mənsurə Qaçayqızı lirik qəhrəmanına ətrafında bu qədər sevgi varkən onun gözlərinin uzaqlara baxdığını deyir. Bu cür antiteza məqamlarına onun da şeirlərində rast gəlmək olur. Ruhunu yağışda yuyulmuş ağac olduğu kimi xarakterizə etdiyi qəhrəmanının gözlərinin uzaqlara baxdığını, düşüncəsində sevincin uzaqlarda olduğunu bildirir. Qətiyyətli addımlarının bəzən büdrəməkdən qorxduğunu da ona irad tutur. O, kədər sandıqlarını ayaqlamağa ürəyi gəlməyən lirik qəhrəmanının hər gün, hər an onun yanından ötdüyünə münasibətindən də söz açır. M. Qaçayqızı “Məni tanıyan adam” kimi müraciət etdiyi lirik qəhrəmanına deyəcəklərinin hələ olduğunu bildirir...
Onun şeirlərində yaşadığımız həyata, gerçəkliklərə bir münasibətin olduğunu görürük. Bəzən yaşadıqlarımızı, gördüklərimizi özümüz saf-çürük etməyi, araşdırmağı düşünmürük. Buna ya vaxtımız, ya da marağımız, həvəsimiz olmur. Amma oxuduğumuz hansısa poetik, prozaik nümunə onu özümüzə göstərir. Nədə səhv etdiyimizi xatırlayır, bəzən də ondan nəiticə çıxarırıq. Bu zaman alter-eqomuz da dilə gəlir, özümüzə yol göstərir. Ədəbi nümunələr həmişə oxucuya ən yaxın dost, dərdini, sevincini bölüşdüyü sirdaş olur. Ona çay, çörək ikram etməsək də dərdimizi, sevincimizi paylaşıb təskinlik, özümüzdə güc, qüvvət tapırıq...      

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 İyul 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see183

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see156

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see140

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see137

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see135

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see132

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see124

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see120

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see118

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri