Icma.az
close
up
RU
Məşhur yazıçı: İntellektual görəndə ona arxamı çevirirəm

Məşhur yazıçı: İntellektual görəndə ona arxamı çevirirəm

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az görkəmli Meksika yazıçısı Xuan Rulfonun Mexiko Universitetində oxuduğu "Yaradıcılıq cəhdi" mühazirəsini təqdim edir.

Təəssüf ki, mənə heç vaxt hekayə danışan olmayıb. Bizim yerlərdə insanlar adamayovuşmazdırlar, hamı bir-birinə yaddır.

Onlar hər axşam çamadanları üstündə oturub söhbətləşir, bir-birinə əhvalatlar danışırlar. Ancaq elə ki, tanımadıqları bir adam yaxınlaşdı ya susur, ya da söhbəti dəyişib havadan-sudan danışmağa başlayırlar: “Hava bu gün də çox buludludu…”

Beləcə, mən o gözəl əhvalatları eşitmək imkanı əldə edə bilmədim. Buna görə də özümdən hekayələr uydurmaq lazım gəldiyinə inandım; məncə, elə yazılı ədəbiyyatın əsaslarından biri də uydurma, təxəyyüldü.

Biz yalançıyıq; yaradıcı insanların hamısı yalançıdı. Ədəbiyyat yalandı. Lakin elə gerçəyin yenidən yaradılması da həmin yalandan törəyir. Bu səbəbdən gerçəyi yenidən yaratmaq yaradıcılığın əsas cəhətlərindən biridir.

Məncə, yaradıcılıqda üç başlıca addım var: birincisi, şəxsi (xarakteri) yaratmaq, ikincisi, həmin şəxsin hərəkət edəcəyi mühiti formalaşdırmaq, üçüncüsü də, o şəxsin danışacağı, özünü ifadə edəcəyi formanı tapmaq.

Əslində, hekayə danışmaq üçün lazım olan hər şey, bu üç istinad nöqtəsinə söykənir.

Mən ağ kağızdan, xüsusilə, qələmdən qorxuram, yazılarımı yalnız əllə yazıram. Baş verən prosesləri belə kütləvi yox, yalnız olduqca fərdi şəkildə izah edə bilirəm.

Yazmağa başladığım məqamdan ilhama inanmamış, ona qəti etibar eləməmişəm. Yazmaq çalışmaqdı, yazmağa başlamaq - yazanda nə meydana çıxacağını görmək, səhifələri doldurmaq, sonrakı mərhələdə nə baş verəcəyinə dair dəlil-sübut təqdim edən sözün meydana çıxmasıdır…

Çox vaxt beş, altı, bəzən on səhifə yazmağıma baxmayaraq, arzuladığım obraz hələ də yaranmır. Çünki, əslində, həmin şəxs yaşayır, o, gərək özbaşına hərəkət etsin. Obraz qəfildən meydana çıxır, inkişaf eləyir; sonra başqası onun arxasınca gedir, digəri irəli keçir.

Obrazın yarandığı miqyasda tanımadığınız, amma mövcudluğundan əmin olduğunuz yollarla irəliləyib, istər həqiqətə, istər də xəyala çata bilərsiniz.

Eyni zamanda, danışmaq mümkün olan şeyləri yaratmaq çətin deyil, bu da son məqamda sanki baş vermiş, yaxud bəlkə də olub-keçmiş, ya da baş verdiyi güman edilən, lakin heç vaxt baş verməmiş hadisə ola bilər.

Beləliklə, mənə görə, yaradıcılıqda əsas məsələ - insanın nə bildiyi, hansı yalanları söyləyəcəyidi; insan həqiqətə, tanış şeylərin həqiqətinə, gördüklərinə, eşitdiklərinə nüfuz edəndə, gördüyü işin, əslində, keçmişi yazmaqdan, müsahibədən ibarət olduğunu bilməlidi.

***

Çox vaxt həmyerlilərim gördüyüm işin hekayə yazmaq yox, yalan danışmaq olduğuna, söylədiklərim və yazdıqlarım, əslində, heç baş vermədiyinə görə məni tənqid eləyirlər. Buna etiraz edə bilmərəm.

Təxəyyül mənim üçün hər şeydən əsasdı. Bu təklik sizi bilmədiyiniz məsələlərin öncəgörəninə çevirir. Təxəyyül bəhs elədiyim həmin üç addım arasında dolaşır.

Təxəyyül sonsuz, sərhədsizdi, çətinliyə rast gəldiyi yerdə onun qabağını açmaq lazımdı. Qapı, təxəyyülün keçib gedə biləcəyi qapı, qeyd-şərtsiz var. Gərək azad olsun, o qapıdan çıxıb gedə bilsin; həmin məqamda da hissiyyat adlanan şey peyda olur; hissiyyat insanı reallıqda baş verməmiş, amma mətndə baş verən şeylər barədə düşünməyə sövq eləyir.

Xülasə, yaradıcılıq təxəyyül, hissiyyat və gözlə görünən həqiqətdən ibarətdi. Danışmaq arzusunda olduğunuz hekayə bu üç vasitə ilə ərsəyə gəlir.

Yaradıcılıq təkbaşına həyata keçirilir; ədəbiyyatda şərikli olmaq fayda vermir. Belə bir təklik sizi, necə deyərlər, naməlum şeylərin öncəgörəninə çevirir, ancaq, əslində, insanı yaratmağa sövq edən şeyin, həmin şüursuz hal və duyum olduğundan hələ xəbəriniz yoxdu.

Düşünürəm ki, hər bir əhvalatın, danışmaq istədiyiniz hər bir hekayənin mahiyyəti bundan ibarətdi.

Bu məsələdə başqa bir vacib cəhət - müəyyən mövzularda nəsə danışmaq istəyi – də var. Çox yaxşı bilirik ki, bu üç mövzudan - sevgi, həyat və ölüm - başqa mövzu yoxdu. Bəli, başqa mövzu mövcud deyil.

Normal cərəyan meydana gətirmək üçün də həmin mövzuların necə işlənməli, onlara necə forma verilməli olduğunu bilmək lazımdı.

Buna görə də Vergilidən başqalarınadək, çinlilər, yaxud başqaları tərəfindən dəfələrlə müraciət edilmiş mövzularda yazdığımız üçün onlardan danışmağın fərqli yollarını tapmaq lazımdı.

Müəyyən istinad nöqtəsi axtarmaqdansa, mövzuya veriləcək formanın üzərində dayanmaq daha vacibdi. Məncə, yazılı ədəbiyyatda əsas olan, əhvalatın diqqəti cəlb etməsinə şərait yaradan şey – bu “yazı forması” da adlandırılır – formadı.

***

Hər hansı hekayənin, yaxud kitabın çap edilməsi o deməkdi ki, həmin kitab artıq öldü, yazıçı bir daha onun barəsində düşünməyəcək. Bunun əksinə, kitab çap edilməmişdən, tamamlanmamışdan əvvəl isə yazıçı yazmaq istədiyini beynindən bir an belə, çıxarmayacaq.

Yazıçı təcrübə qazandıqca hekayəti hələ tamamlamadığını, müəyyən şeylərin əskik olduğunu dərk edəcək. Bax, elə həmin məqamda hekayətə yenidən başlamaq, əvvələ qayıtmaq, səhvləri görmək, yerindən tərpədə bilmədiyiniz xarakterləri hiss etmək lazımdı.

Şəxsi misal çəkməli olsam, mən həmin mərhələdə özümü əhvalatdan çıxarıram. Süjetində fərdi təcrübələrin olduğu, yaxud avtobioqrafik xüsusiyyət daşıyan, eşitdiyim, ya da şahidi olduğum əhvalatları təsvir etmirəm. Bir istinad nöqtəsi lazım olursa, onu daim arzulamalı və qurmalıyam. Məsələnin sirri budu - ədəbi yaradıcılıq sirli prosesdi.

Yazıçı əsərdə lazımsız bir obrazı saxlamağa cəhd göstərsə, hər şey uğursuzluğa düçar olar.

Məncə, çox sadə şeylərdən danışıram. Çünki yazıçılıq təcrübəm bu cür formalaşıb. Olmayan bir şeydənsə heç vaxt bəhs eləməmişəm. Mənim əsas götürdüyüm şeylər fəhmdən, duyumdan yaranır, duyumdan da yazıçı üçün naməlum şeylər çıxır.

Dediyim kimi, əsas məsələ mövzunu və obrazı tapmaq, həmin adamın nə deyəcəyini və nə edəcəyini, obrazın necə yaranacağını müəyyənləşdirməkdi. Xarakter yazıçı tərəfindən məcburiyyətlə üzləşdirildiyi məqamda dalana dirənir.

***

Ən çox çətinlik çəkdiyim iş müəllifi, yəni özümü aradan çıxarmaq olur. Mən öz obrazlarıma müdaxilə eləmədən onların istədikləri kimi davranmalarına imkan verirəm. Çünki yalnız bu halda müraciət elədiyim mövzu və dərin düşüncələr içində çox sərbəst gəzişə bilirəm.

İnsan şəxsi fikirlərini üzə çıxarmalı olduğu mərhələyə çatanda özünü filosof sayır; çünki son məqsədimiz başqasını özümüzün inandığımıza inandırmaq, həyat, dünya, bəşəriyyət haqqında fikirlərimizi başqalarına çatdırmaqdı. Elə insanı hərəkətə gətirən şey də budu.

Bax, bu mərhələyə çatanda adam özünü təcrübə keçən kəs hesab eləyə bilir. Bir çox təcrübə-romanla – yazıya köçürülmüş təcrübə-romanlarla - tanışıq. Lakin, əslində, ümumiyyətlə, janrı müəyyənləşdirən şey əhvalatdı.

Düzü, mənə görə, əhvalat romandan daha əhəmiyyətli janrdı, çünki əhvalatda az səhifədə çox şey danışmağa, xırdalamağa, özünə də istinad eləməyə, fikri cəmləşdirməyə imkan var.

Əhvalatı hər şeydən, hətta romandan da, üstün tuturam, ona görə ki, roman sərbəstliyə şərait yaradır.

Belə məqamlarda hekayəçi bir qədər şairə, həm də yaxşı şairə oxşayır. Şair cilovu əlində möhkəm saxlamağa məcburdur; işinə səhlənkar yanaşıb yalnız yazmaq üçün yazmağa başlasa, sözlər ancaq ard-arda düzülər, gördüyü iş də tamam uğursuzluğa düçar olar. Ən vacibi, idarəetmə qabiliyyətini saxlamaq, sözlə təması itirməmək, boşluğa imkan verməməkdi. Əhvalat belə bir incə cəhətə malikdi.

Bəziləri iddia eləyirlər ki, roman bütün ədəbi janrları növləri özündə birləşdirir, əhvalatı, teatrı yaxud dramı, fəlsəfi olub-olmamasına rəğmən, təcrübəni qanadları altına alır. Bunun əksinə, əhvalatda azaltma, incəltmə məqbuldu. Yəni, başqasının iki yüz səhifədə danışdığını bir neçə sözə sığışdırmaq lazımdı.

***

Mənim yaradıcılığa, yazılı ədəbiyyatın əsasına dair fikirlərim belədi.

Bu fikrin çox da parlaq olmadığını qəbul eləmək lazımdı, lakin sizə bu anda həmin formadan çox sadə şəkildə bəhs edirəm. Çünki intellektuallardan çəkinir, onlardan uzaq dayanmağa çalışıram. İntellektual görəndə ona arxamı çevirirəm. Mənə görə, yazıçının daxilində lap minimum intellektual adam olmalıdı. Çünki onun fikirlərinin başqa insanlara təsiri mütləq deyil, bu düşüncələr o qədər fərdidi ki, başqalarının görmək istədikləri işləri gerçəkləşdirmələrinə səbəb ola bilməz.

Bu nəticəyə varanda, bu məqama çatanda – bunu “son” adlandıra bilərik – insan nəyisə bacardığını hiss eləyir.

Məlumdu ki, heç bir yazıçı düşündüyü hər şeyi yazmır; düşüncəni olduğu kimi yazıya köçürmək çox çətindi. Məncə, bu, heç kəsə nəsib olmayıb, ola da bilməz; lakin bir məsələ də var ki, həyat inkişaf elədikcə çox şey yox olub gedir.

_____
Tərcümə: Nəriman Əbdülrəhmanlı

Məmməd Oruc: “Xalq yazıçıları var ki, bir cümləsi də..." - Müsahibə IV Azərbaycan Vokalçıları Festivalı başa çatdı Xalq yazıçısının yeni kitabı işıq üzü görüb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Yanvar 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri