Icma.az
close
up
RU
Messiyə qalmayan futbol İlqar Tağıyev yazır

Messiyə qalmayan futbol İlqar Tağıyev yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

3 ölkə, 16 şəhər, 16 stadion, 48 komanda, 104 oyun, 308 qol, 1248 futbolçu, 2400-dən çox texniki və inzibati heyət üzvü, 50 fərqli ölkədən 170 hakim, 185 000-dən çox işçi və könüllü personal, 6 milyon 810 min 966 bilet alan azarkeş, 6 milyarddan çox televiziya izləyicisi... Bunlar sayca 23-cü dünya çempionatının statistik göstəricilərinin bir hissəsidir. Dünya əhalisinin yarıdan çoxunun birbaşa və dolayı yolla qatıldığı, futbol tarixinin ən maraqlı mundiallarından biri, bəlkə də birincisi başa çatdı. Təkcə rekordlarla deyil, eyni zamanda bir çox yeniliklərlə, qalmaqallarla yadda qalacaq mundial.

Futbol tarixinə düşəcək oyun...

Hələ dünya çempionatı başlamazdan əvvəl həmişə olduğu kimi, bir neçə milli favorit hesab edilirdi. Fransa yığmasının isə kuboku qazanmaq şansları hamıdan yüksək qiymətləndirilirdi. Son dünya çempionu olan Argentina bu mənada ikinci sıradaydı. 2 il əvvəl Avropa çempionu olmuş İspaniyanın, əla heyətə malik İngiltərə yığmasının da imkanları böyük idi. Turnirin gedişində diqqətlər Fransa və Messinin komandasının üzərinə o qədər fokuslanmışdı ki, İspaniya sanki yaddan çıxmışdı. Amma yarımfinal və finalda sərgilədiyi oyun göstərdi ki, ispanlar bütün komponentlərdə rəqiblərindən üstündür. Final haqda bir qədər sonra. Hələlik 3-cü yer uğrunda oyun barədə.

Mayamidəki "Hard Rock Stadium"da Fransa ilə İngiltərə millilərinin matçı unudulmayacaq oyunlardan biri oldu. Kim matçdan əvvəl düşünərdi ki, 10 qol vurulacaq?! Qarşılaşma sanki ulduzların xeyriyyə oyununu xatırladırdı. Eyni zamanda, dramatikliyi ilə yadda qaldı. Fikrimcə, əgər Fransa ilə İngiltərə finalda qarşılaşsaydılar, fərqli nəticə qeydə alınacaqdı. Daha dəqiq, fransalılar ingilisləri rahatlıqla məğlub edəcəkdilər. İndiki halda isə Didye Deşamın komandası meydana, müəyyən mənada, həvəssiz çıxmışdı. Sanki onlara bürünc medallar artıq görünürdü.

Yoldaşlıq matçı oynayırlarmış kimi təsir bağışlayan fransızlardan fərqli olaraq, ingilislər daha həvəsli idilər. 60 il sonra kuboku götürməyi hədəfləyən Tomas Tuxelin komandası yarımfinalda Argentinaya dramatik məğlubiyyətdən sonra evə əliboş dönmək istəmirdi. Məhz bu istək, motivasiya, qarşı tərəfdə isə oyuna barmaqarası münasibət İngiltərə millisini üçüncü etdi. Doğrudur, ikinci hissədə ayılan Fransa millisi gedişatı dəyişməyə imkan tapdı, amma 1-ci hissədə buraxılan 4 qol, həm də hesab 3:4 olarkən qapılarına təyin olunun haqlı penalti işləri korladı. İngilislər 6:4 hesab ilə qalib gələrək, 60 ildən sonra qızıl olmasa da, bürünc medal qazandılar. Bu oyunda 2 dəfə fərqlənən Kilian Mbappe isə mundialı bombardir adı ilə başa vurdu. Bütün hallarda hər 2 komandaya sərgilədiyi futbola görə təşəkkür düşür.

...Maraqsız final...

Amma Nyu-Cersinin "MetLife Stadium"dakı final gözlənildiyinin əksinə olaraq cansıxıcı alındı və bunun yeganə səbəbkarı Argentina millisi idi. Futbolun bəzəyi qoldur. Qol vurmaq üçünsə hücum etmək, qapıya zərbə vurmaq lazımdır. Matçın əsas vaxtında nəinki çərçivəyə, heç qapı istiqamətinə bir zərbə belə endirməyən Argentina dünya çempionu adını qorusaydı, futbol tarixinin ən böyük haqsızlıqlarından birinin şahidi olacaqdıq.

Bəli, milyonlarla insan Argentinaya azarkeşlik edirdi. O da məlumdur ki, bu azarkeşliyin ən böyük səbəbkarı Lionel Messidi. Amma bərbad oyunla, bəxtə güvənərək uğur qazanmaq sadəcə, ayıb idi! Komanda adına, ölkə adına, Messinin adına ayıb idi. Təkcə bu? Ümumiyyətlə, argentinalıların oyunboyu, eyni zamanda, final fitindən sonra etdikləri intizamsızlıqlar, yersiz hərəkətlər, rəqibi təxribata çəkmək cəhdləri dünya çempionu adına yaraşmadı. Elə bil meydanda Messinin komandası deyil, mundialda ən çox nifrət qazanan Paraqvay millisi idi. Argentinaya azarkeşlik etsəm də, məhz sadalanan məqamlara görə bu fikri bildirirəm: "Yaxşı ki, Torres qol vurdu, yaxşı ki, İspaniya çempion oldu!"

İspaniya millisi Luis de la Fuentanın rəhbərliyi altında 16 il əvvəlki uğuru təkrarlayaraq ikinci dünya çempionluğunu qazandı. Çempion olmaq asandır, titulu qorumaq isə çətin. 4 il sonra ispanlar bunu bacaracaqmı? Zaman göstərəcək.

...və "sönən" ulduzlar

Bu mundial həm də bir çox ulduzların milli karyeralarının sonu oldu. Kimlərin? Almaniya millisinin qapıçısı Manuel Noyer, Braziliya millisinin hücumçusu Neymar, seneqallı Sadio Mane...

Bir neçəsi isə yol üstədi. Məsələn, Xorvatiya millisinin kapitanı, 2018-ci ildə "Qızıl top"un sahibi Luka Modriç bu il oktyabrın 6-da UEFA Millətlər Liqasında İspaniya ilə matçda millidə vida oyununa çıxacağını bildirib. Kriştiano Ronaldonun da payızda gedəcəyi, sentyabrın 24-də UEFA Millətlər Liqasında Uelsə qarşı Lissabonda keçiriləcək qarşılaşmada milli karyerasını bitirəcəyi deyilir. Bəs Lionel Messi?  Mundialdan sonra doğma Rosarioya - xəstə atasına baş çəkməyə gedən Messi milli karyerasını başa vurduğunu rəsmən açıqlamayıb. Amma tanınmış argentinalı idman jurnalisti Ernan Kastilyo iddia edir ki, Messi bir daha əsas komandanın formasını geyməyəcək. Bir neçə gün əvvəl o, xəbər paylaşdı ki, İspaniya ilə final matçından əvvəl Messi komanda yoldaşları qarşısında çıxış edərək, bu oyunun millidə son çıxışı olduğunu bildirib. Son 20 ilin futbol krallarının - Messi və Ronaldonun nəinki millidən, ümumiyyətlə, futboldan gedişinə az qalıb. Necə deyərlər...

"Le roi est mort, vive le roi!"

Fransızcadan tərcümədə "Kral öldü, yaşasın kral" deməkdir. Bu ifadə ilk dəfə 1422-ci ildə Fransa kralı VI Karlın vəfatından və onun oğlu VII Karlın taxta çıxmasından sonra işlədilib, zərb-məsələ çevrilib. Finaldan sonra KİV və sosial mediada Messi ilə İspaniya millisinin gənc ulduzu, 18 yaşlı Lamin Yamalın fotosunun kollajı yayıldı və bu məsəl yenidən xatırlandı. Yəni Lamin Yamal yeni kraldı. Doğrudur, Yamal istedadlıdır, 18 yaşında Avropa və dünya çempionu olub, gələcəyi parlaq görünür. Amma Yamal hara, taxt-tac hara? Onun kimi istedadlı gənclər dünya futbolunda çoxdur. Məsələn, İngiltərə millisinin və "Real"ın 23 yaşlı futbolçusu Cud Bellingem, Bellingemin "Real"dakı komanda yoldaşları, 21 yaşlı bizim Arda Gülər, braziliyalı 20 yaşlı Endrik, Almaniya millisinin üzvləri Florian Virts və Camal Musiala, 21 yaşlı ispan Qabi... Braziliya dünya çempionu olsaydı, Endrik kral elan ediləcəkdi? Yaxud Yamal hansı parlaq oyunu ilə bu mundialda ad qoydu? Adları çəkilənlərin heç biri nə Messinin, nə də Ronaldonun yerini verə biləcək. Bir də ki, Messini Messi edən istedadı və Ronaldo idi. Ronaldonu Ronaldo edən isə işgüzarlığı və Messi. Bəlkə də Yamal dünya futbolunda ad qoyacaq, bir neçə dəfə "Qızıl top"u götürəcək. Amma bir Messi olması mümkün deyil!

Messi və Ronaldonun dövrü demək olar ki, başa çatdı. Onları əvəzləyəcək, başqa sözlə kralın səlahiyyətlərini icra edəcək futbolçular var - Kilian Mbappe, Erik Haland, Harri Keyn... Bir də dünya və Avropa çempionu, 2024-cü ildə "Qızıl top"un sahibi, bu dünya çempionatının ən yaxşı oyunçusu, "Mançester Siti" ilə İngiltərə Premyer Liqasının, UEFA Çempionlar Liqasının və FİFA Klublararası Dünya Çempionatının qalibi olmuş İspaniya millisinin mərkəz yarımmüdafiəçisi Rodri. Güman ki, bu il də "Qızıl top" ona veriləcək. Krallığa namizəd Yamalın isə gözləməsi lazımdı.

Növbəti mundialda 64 komanda olacaq?

Dünyanın ən böyük futbol bayramını izləmək üçün 4 il gözləməliyik. 2030-cu ildəki sayca 24-cü dünya çempionatı da yeniliklərdən xali olmayacaq. 100 illik yubiley münasibətilə turnir ilk dəfə 3 qitədə - Afrika, Avropa və Amerikada (Cənubi Amerika) keçiriləcək. Üstəlik, oyunlar 6 fərqli ölkələrə salınıb. Belə ki, FİFA-nın qərarına əsasən turnirin əsas təşkilatçıları Mərakeş, Portuqaliya və İspaniya olsalar da, yubiley münasibətilə ilk üç oyun Uruqvay, Argentina və Paraqvayda olacaq. Adı çəkilən ölkələrin milliləri mundialda birbaşa iştirak edəcəklər. Qalan 42 komandanın adı isə təsnifat mərhələlərindəki mübarizədən sonra bilinəcək. Yəni mundialda yenə də 48 komanda iştirak edəcək.

Amma bir neçə gün əvvəl mediada Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alexandro Dominqesin turnirdə 64 komandanın iştirakı ilə bağlı rəsmi təklifi barədə məlumat yayıldı. Əslində, ideyanı 2025-ci ildə Uruqvay Futbol Federasiyasının prezidenti İqnasio Alonso səsləndirmiş, daha sonra isə CONMEBOL tərəfindən rəsmi layihəyə çevrilmişdi. Üstəlik, FİFA prezidenti Canni İnfantino da bu fikrə müsbət yanaşdığını gizlətməmiş və bu mundialın uğurla başa çatmasından sonra müvafiq komitələrdə 64 komandalı planın ciddi şəkildə müzakirə olunacağını bildirmişdi. Qeyd edək ki, 4 il sonrakı Dünya Kubokunun mövcud rəsmi formatı FİFA tərəfindən ilkin olaraq 5 oktyabr 2023-cü ildə elan olunub və FİFA-nın Fövqəladə Konqresinin 11 dekabr 2024-cü ildə keçirilmiş iclasında təsdiqlənib. Amma ABŞ millisinin hücumçusu Florian Baloqunun qırmızı kartını ləğv edən FİFA-dan maraqlı qərarları həmişə gözləmək lazımdı.

"Neftçi" yenə uduzdu!"

Yazı mundiala həsr olunsa da, klublarımızın avrokuboklardakı çıxışlarına da toxunmaq pis olmaz. Çərşənbə axşamı "Sabah" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiyanın KuPS komandasını qəbul etdi. Masazırda keçirilən bu oyunda təmsilçimiz 1:0 hesabı ilə qalib gəlsə də, hesab daha böyük olmalı idi. Bir neçə real qol şansını boşa verən "Sabah" iyulun 28-də səfərdən sərfəli nəticə qazanaraq mərhələ adlamağa çox yaxındır. Bu təqdirdə komandamız ən azı Konfrans Liqasının Liqa mərhələsində iştirakını təmin edəcək. Yeri gəlmişkən, əgər "Sabah" KuPS səddini keçsə, növbəti mərhələdə "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Dünən “Qarabağ” Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA komandasını qəbul etdi. Oyunda hesab açılmadı. Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Estoniyanın "Payde" komandasının qonağı olan "Zirə" isə böyük üstünlüyə baxmayaraq, 0:1 hesabı ilə məğlub oldu. Bu iki komandamızın növbəti mərhələyə adlamaq şansları yüksək olaraq qalır. Azından dünən sərgilədikləri oyuna güvənib bu fikri bildirəm. O ki qaldı 3 illik fasilədən sonra Avropa səhnəsinə qayıdan "Neftçi"yə, srağagün komandamız azarkeşlərə əsl şok yaşatdı. Belarusun "Dinamo" (Minsk) komandasına 8-ci dəqiqəyə kimi 2 qol vuran təmsilçimizin əsl gücü bundan sonra üzə bilindi. Matçın qalan dəqiqələrində 4 top buraxan "Neftçi"nin səfər matçında bu oyunla nə edəcəyini düşünmək belə istəmirsən...

Xalq yazıçısı Anarın ssenarisi əsasında 1982-ci ildə çəkilmiş "Evləri köndələn yar" teletamaşasında bir səhnə var: elçilik məclisində Nadir rolunun ifaçısı, unudulmaz sənətkarımız Səyavuş Aslan söhbəti açmaq üçün ortaya "Neftçi" yenə uduzdu" replikasını atır. Sonradan bu ifadə zərb-məsələ çevrilir. "Dinamo"ya məğlubiyyət nədənsə əvvəl bu səhnəni yadıma saldı. Daha sonra isə "Yol əhvalatı" filmində Səyavuş Aslanla mərhum Yaşar Nurinin məşhur dialoqunu:

- Noolub ay loo xəbər? "Neftçi" uduzdu?

- "Neftçi"nin udan günü var ki?

"Neftçi"nin də udan günü olacaq. "Su gələn arxa bir də gələr". Bunu da atalar deyib.

İlqar Tağıyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyul 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri