Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Yaşıl ölkə”də dörd gün İlqar Tağıyev yazır

“Yaşıl ölkə”də dörd gün İlqar Tağıyev yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 Litvaya ikinci səfərim... İlk dəfə bu ölkəyə 17 il əvvəl - 2009-cu ilin iyulunda "Bakı" komandası ilə yolum düşmüşdü. O vaxt "Bakı" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Panavejisin "Ekranas" komandası ilə qarşılaşmış və oyun heç-heçə başa çatmışdı - 2:2. Bakıdakı cavab görüşündə isə komandamız 4:2 hesabı ilə qələbə qazanaraq, növbəti mərhələyə yüksəlmişdi.

Ərazicə bizim Hacıqabul boyda olan Panavejisin sayəsində Litva ilə müəyyən tanışlığım var idi, oranın ab-havasına, adət-ənənələrinə və digər nəsnələrinə, müəyyən qədər, bələd idim. Amma aradan 17 il keçib, dünya da dəyişib, Litva da. "Bakı"nın avrokubok macərasını bir kənara qoyub, Litvaya budəfəki səfərimdən söz açım. Futbol üzrə milli komandamız ilə getdiyim səfərdən.

Millinin oyuna yaxşı hazırlaşması və yerli iqlimə daha tez alışması üçün Litvaya oyundan 3 gün əvvəl çarter reysi ilə yola düşdük. Nəticədə Kaunası, paytaxt Vilnüsü gəzib-dolaşmaq, yaxından tanımaq üçün xeyli vaxtımız oldu. Rəsmi rəqəmlərə əsasən Litvada 1500 civarında azərbaycanlı yaşayır, işləyir və təhsil alır. Yeri gəlmişkən, onlardan ikisi səfər müddətində mənə bələdçilik edən Ramin Hacıyev və Əli Ələsgərov idi. Sağ olsunlar, sayələrində qürbətdə özümü zərrə qədər də yad hiss etmədim.

Yolumuz Kaunasdan Vilnüsədir. Amma yolüstü Trakaya dəyməmək ayıb olar. Trakay Vilnüsdən 28 km məsafədə yerləşən ölkənin ən əsrarəngiz turizm mərkəzidir. Buranı məşhurlaşdıran Trakay ada qalasıdır. Qalve gölünün ortasında, kiçik bir adada hələ 14-cü əsrdə inşa edilmiş bu qala o vaxtın knyazlarının "əməlidir".

Trakay qalası özü o qədər möhtəşəm olmasa da, mənzərəsi fantastikdir - meşəlik, göl, gölün ortasında tarixi tikili... Amma düzünü desəm, bu tikili məni bir o qədər təəccübləndirmədi. Yəni bizim Mərdəkan, yaxud Nardaran qalası deyildi. Hələ Qız qalasını demirəm. Uzağı 700 yaşı olan eksponatlar, asma körpü, qalalara xas otaqlar, müxtəlif maketlər... Fikrimcə, bunlardan hər yerdə var. Yəni 4 nəfər üçün ödədiyimiz 50 avroya qəti dəymədi. Amma dediyim kimi, mənzərə...

Fikirlərimi sözlə ifadə edə bilmirəm, görmək lazımdır. Ərazini qayıqla gəzmək ürəyimizdən keçsə də, yağış imkan vermədi. Ümumiyyətlə, Litvada hava tez-tez dəyişir. Burada ilin yarısı yağıntılı keçir ki, durum ölkənin dənizlə kontinental iqlim arasında yerləşməsindən qaynaqlanır. Ümumən isə Litvanı yaşıl məmləkət də adlandırmaq olar. Elə bayrağındakı yaşıl rəng də zəngin təbiətin, meşələrin və çəmənliklərin ifadəsidir. Ölkənin düz 1/3-i meşəlikdir, addımbaşı göllərə rast gəlmək mümkündür. Bu yerdə bir müqayisə aparım. Deməli, 65,3 kv.km ərazisi olan Litvada 2,21 milyon hektar meşə sahəsi var. 86,6 kv.km olan Azərbaycanda isə bu rəqəm cəmi 213,7 min hektardır. Yəni 10 dəfədən az. Münbit torpaqlar, bol su Litvanı əkinçilik üçün ən yararlı yerlərdən biri edib. Üstəlik, təbii ehtiyatlar sarıdan kasıb olan ölkənin ərazisinin, təxminən, yarısı əkin-biçin sahəsidir. Necə deyərlər, çörəkləri torpağın üstündən çıxır.

Vilnüsə kimi baş çəkdiyimiz yerlərdən biri də Trakay yaxınlığında yerləşən Buda kəndindəki "Mələklər dağı" oldu. Turistlər arasında da populyar olan bu dağda, daha dəqiq desəm, təpədə taxtadan hazırlanmış insan formasında 52 mələk heykəli var. Heykəllər 2009-cu ildə Litvanın yazılı mənbələrdə adının çəkilməsinin 1000 illiyi münasibəti ilə ərsəyə gətirilib. Burada Sevgi, Ümid, Sülh, Sağlamlıq, Xeyirxahlıq, hətta kitabxanaçılar üçün ucaldılmış mələk heykəlləri də var. Bilmirəm nədəndir, amma ən çox Xoşbəxtlik mələyi xoşuma gəldi. Bəlkə adına görə idi. Amma taxta fiqurdan heç nə diləmədim. Cümə günü idi, cümə namazına az qalırdı...

Litvanın ən böyük şəhəri, Avropanın günümüzə qədər qorunub saxlanılmış ən iri orta əsr tarixi mərkəzlərindən biri olan Vilnüsdəyik. Buranı Avropanın ən böyük yaşıl paytaxtlarından biri də adlandırırlar. Zarafat deyil, şəhərin ərazisinin demək olar ki, yarısı yaşıllıqdır. Üstəlik, Neris və Vilnia çayları ona əlavə gözəllik qatır. Suyu o qədər duru və təmizdir ki, ovucla, iç, qəti qorxusu yoxdur. Yeri gəlmişkən, Litvada otellərdə otaqlara su qoyulmur. Səbəbi krantdan axan suyun 100 faiz içməli olmasıdır. Bu məlumatı isə mənə yol yoldaşım Gündüz Abbaszadə verdi.

Əlbəttə, Vilnüsdə məni təəccübləndirən təkcə yaşıllıq olmadı. Şəhərin təmizliyi, səliqə-sahmanı öz yerində, burada demək olar ki, hündürmərtəbəli binalara rast gəlmədim. Bir neçə 16 mərtəbəli yaşayış binası və yeganə göydələn. 2004-cü ildə inşa olunmuş 33 mərtəbəli, 153 metr hündürlüyü olan "Europa Tower" bizim gözlə "leninqradka"ya bənzəyirdi.

Əksər qədim şəhərlərdə olduğu kimi, Vilnüsdə də onlarla tarixi tikili şəhərin mərkəz hissəsindədir. Gediminas qülləsi, Kafedral Meydan, Baş Kilsə, Müqəddəs Anna Kilsəsi paytaxtın göbəyindədir. Müqəddəs Anna Kilsəsi haqqında belə bir rəvayət var ki, Napoleon Bonapart Vilnüsdən keçərkən, bu tikiliyə heyran qalıb. O qədər heyran qalıb ki, "ovcumun içinə qoyub Parisə aparmaq istərdim" deyib. Hər halda, ömrünü Avropanın at belində dolaşmaqla keçirmiş sərkərdənin "göz qoyduğu" abidələr az olmazdı.

Vilnüsün mərkəzindəki təpədə ucalan Gediminas qülləsi də maraqlıdır və şəhərin simvolu sayılır. Buradan paytaxta möhtəşəm panoramik mənzərə açılır. Düzü, dik yamaca dırmaşmaq həvəsim yox idi və bu üzdən qülləyə qalxmadım. Mənzərəni isə yol yoldaşım, bloger Orxan Sübhanın çəkdiyi videolardan izlədim. Əvəzində restoranların birində çay tapa bildim. Əgər ona çay demək mümkün idisə...

Mənə Litva mətbəxi o qədər də zəngin görünmədi - 1-2 milli təamları var, vəssalam. Çaya münasibətləri də ürəyimcə olmadı. Burada daha çox pivəyə və adi suya üstünlük verirlər. 1 fincan qaynar su və "atma çay" 5 avro. Çay xoşlayan biri üçün bundan böyük məşəqqət olmaz. Bakıda bu pula mürəbbəli çay içmək olur, yanında da domino. Dominonu zarafatla yazdım, amma yemək və çay sarıdan həqiqətən əziyyət çəkirdim. Yaxşı ki, Vilnüsdə "Şəki xan" var idi.

"Şəki xan" həmyerlilərimizin restoranıdır. Bir azərbaycanlı üçün qürbətdə bundan gözəl nə olar bilər? Xaş, dolma, kabab... Masaya düzülən hazır təamların, içkilərin demək olar ki, hamısı Azərbaycan istehsalı idi. Restoranın sahibi Zaur əslən Şəkidəndir və bir neçə ildir Vilnüsdə çalışır. Deyir ki, litvalılar bizim mətbəxdən ötrü sinov gedirlər. Elə "Şəki xan"ın müştərilərinin əksəriyyəti də yerlilərdir. Hərçənd, həmyerlilərimiz də tez-tez bu məkana baş çəkirlər. Həm də ona görə ki, qiymətlər digər restoranlarla müqayisədə münasibdir. Biz "Şəki xan"da olanda isə orada banketə hazırlıq gedirdi. Zaur axşam 3 fərqli ad günü məclisinin olacağını bildirdi. Yeri gəlmişkən, Vilnüsdə gürcülərin, ermənilərin də restoranları var. Amma ən çox tələbat bizim mətbəxədir. Nə deyirik, işiniz irəli!

Bir az da Litvadakı qiymətlər barədə. Bəri başdan deyim ki, bahalıqdır. Bizimlə müqayisədə qiymətlər azı iki dəfə yüksəkdir. Məsələn, 1 litr Aİ-95 yanacağının qiyməti 2 avro civarındadır. Başqa sözlə, 3 dəfədən çox baha. Çox sevdiyim "kola"nın 2 litri 2,5 avrodur. Ümumən, ərzaq, içkilər, tikinti, gündəlik tələbat malları da ölkəmizlə müqayisədə azı 2 dəfə bahadır. Amma ucuz məhsullar da var. Məsələn, dəniz məhsulları. Tələbat az olduğundan, ət məhsulları da bizimlə, demək olar, eynidir. Bələdçimiz Əli deyir ki, 3-4 il əvvələ kimi Litvada "qoyunun hörməti" yox imiş. Sən demə, 1 kq qoyun ətinin qiyməti cəmi 3-4 avroymuş. Müsəlman ölkələrindən gələnlərin sayı artdıqdan sonra vəziyyət dəyişib - tələbat da artıb, "hörmət" də.

Gələnlərdən söz düşmüşkən, Litva demoqrafik fəlakət yaşayan ölkələrdəndir. 1991-ci ildə müstəqillik qazandıqda ölkə əhalisinin sayı 3,7 milyon idi. İndi isə 2,8 milyona çatmır. Bunun əsas səbəbi Avropa İttifaqı ölkələrinə mühacirət və doğum səviyyəsinin aşağı düşməsidir. Ona görə ölkənin əksər sektorlarını ayaqda tutmaq üçün əcnəbilərə üstünlük verilir. Yəni onlara işləmək şəraiti yaradılır. Ölkəyə, əsasən, Şərqi və Orta Asiya ölkələrindən, həmçinin, Qafqazdan axın daha çoxdur.

Bir günlük Vilnüs səfərindən sonra Kaunasa qayıtdıq. Kaunas Gəncə boydadır. Əhalisi də aşağı-yuxarı eynidir. Şəhərə Vilnüsün maketi də demək olar. Burada hər yanda yaşıllıq, səliqəli, təmiz küçələr, 1-2 mərtəbəli çəpərsiz həyət evləri göz oxşayır. Bir də tarixi əhəmiyyətli 9-cu Fort. Bura 1-ci Dünya müharibəsi dövründə istehkam, 2-ci Dünya müharibəsində "konslager", SSRİ dönəmində isə həbsxana olub, indi isə muzey kimi fəaliyyətdədir.

Kaunasın çıxışındakı 9-cu Fort həm də minlərlə insanın qətlə yetirildiyi yerdir. Qalanın nə qədər qanlı olmasını ifadə etmək üçün bir qədər ətraflı məlumat yerinə düşər. İstehkamın xımı 1902-ci ildə Rusiya İmperiyasının vaxtında qoyulub, 11 il sonra istifadəyə verilib. Qala imperiyanın qərb sərhədlərini qorumaq üçün inşa edilən Kaunas qalası kompleksinin tərkib hissəsi olub. Divarları beton və kərpicdən hörülmüş, yeraltı tunellər və havalandırma sistemləri ilə təchiz olunmuş o dövrün ən müasir hərbi obyektlərindən biri hesab olunurdu. 1915-ci ildə Almaniya ordusunun hücumu zamanı qala cəmi 11 gün müqavimət göstərə bilib və ələ keçirilib. Litvanın müstəqillik illərində həbsxana kimi istifadə edilib. 1940-cı ildə Litva SSRİ-nin tərkibinə qatıldıqdan sonra Fort NKVD-nin nəzarətinə keçib. Sovet rejiminə qarşı çıxan litvalılar burada sorğu-sualdan sonra Sibirə göndərilib.

Tikilinin ən dəşhətli dövrü nasist Almaniyası vaxtına təsadüf edir. 1941-1944-ci illərdə burada 50 minə yaxın insan edam edilib. Onlardan 30 mini yəhudi olub. 9-cu Fort muzey kimi fəaliyyətə başlaması isə 1958-ci ilə təsadüf edir. Burada azacıq aralıda, insanların kütləvi dəfn edildiyi yerdə 1984-cü ildə inşa olunmuş Memorial Kompleks yerləşir. Fortda yüzlərlə eksponat, tarixi sənədlər, qətlə yetirilənlər haqqında məlumat lövhələri var. Məhbusların saxlandığı "baraklar"ı, onların əşyalarını, divarlardakı yazıları gördükdə adamın əti ürpəşir. Lap ürəyim sıxıldı...

Kaunasda gəzməli-görməli yerlər çoxdur - Kaunas qalası, Şeytan muzeyi, zoopark, Pazaislis monastırı... Hamısı ilə tanış olmağa vaxt çatmadı. Amma şəhərin mərkəzini gəzə, buradakı yeganə məscidə "salam" verə bildim. Kaunas və ya Böyük Vitovt məscidi nəinki Litvada, bütövlükdə Baltikyanı ölkələrdə kərpicdən və daşdan tikilmiş yeganə müsəlman ibadət ocağıdır. Şəhərin mərkəzində, Tatar küçəsində yerləşən məscidin tarixi 15-ci əsrə gedib çıxır. O vaxt məşhur Knyaz Vitovt Vitautas tərəfindən hərbi xidmət müqabilində məskunlaşan tatarlar burada ibadət edirmişlər.

1930-cı ildə, Litvanın müvəqqəti paytaxtı Kaunas olduğu dövrdə, dövlətin dəstəyi ilə yeni daş məscidin inşasına başlanılıb. Məscidə tatarları ölkəyə dəvət edən Böyük Knyaz Vitovtun vəfatının 500 illiyi münasibətilə, hörmət və təşəkkür əlaməti olaraq onun adı verilib. SSRİ dövründə əvvəlcə sirk, daha sonra kitabxana və muzey anbarı kimi istifadə olunub. 2023-cü ildə Kaunas məscidi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

Məscidə gedəndə oranın qapısı bağlı idi. Sonradan öyrəndim ki, şənbə günləri ümumiyyətlə, qapalı olur. Digər günlərdə isə namazdan kənar vaxtlarda təhlükəsizlik naminə qapıları bağlı saxlanılır. Yeri gəlmişkən, sentyabrın 11-də burada baş verənlər böyük rezonansa səbəb olmuşdu. 100-ə yaxın bayker cümə namazı vaxtı məscidə donuz başı atmışdılar. Məlum olduğu kimi, Avropada hərdən belə yaramazlıqlar yaşanır...

Litvada məni təəccübləndirən bir məqam da oldu. 4 gün ərzində nə Vilnüsdə, nə Trakayda, nə də Kaunasda bir dənə də olsun pişiyə, itə rast gəlmədim. Bakıda hər marketin qarşısında rastlaşdığımız şirin "mühafizəçilər"ə bu qədər nifrət? Demə, Litvada küçə pişikləri və itləri tutularaq, xüsusi volyerlərə yerləşdirilir. Ölkə qanunlarına görə, onlara xüsusi çip taxılır və dövlət tərəfindən qeydiyyata alınır. Bu, həm küçə heyvanlarının nəzarətsiz artımının qarşısını alır, həm də sərt qış aylarında onları məhv olmaqdan qoruyur. Onu da öyrəndim ki, Litvada əksər evlərdə it və ya pişik bəslənilir. Sayları da məlumdur - təxmini 850 min it, 630 min pişik.

Mağaza demişkən, bahalıqdan artıq bəhs etdim. Məsələ ondadır ki, Litvada adi dükanlara da rast gəlmək mümkün deyil. İnsanlar ancaq iri marketlərdən alış-veriş edirlər. "Maxima", "Lidl", "İKİ"... Ürəyin nə istəyir tapa bilirsən. Amma müəyyən vaxta kimi. Düzü, Bakının səs-küylü həyatına öyrəşmiş biri olaraq, litvalıların yaşayış tərzi ürəyimi sıxdı. Axşam 10-dan sonra mağazalar, iaşə müəssisələri yavaş-yavaş bağlanır, şəhərdə tək-tük adama rast gəlmək olur, başqa sözlə, hərə öz komasına çəkilir. Yalnız ara-sıra hərəkət edən avtomobillər, avtobuslar və Bakıda illərdir tamarzı qaldığımız trolleybuslar gecənin sakitliyini pozur.

Az qala yaddan çıxmışdı, səfərə 17 nəfər həmkarımla AFFA-nın təşkilatçılığı və "Misli"nin sponsorluğu ilə getmişdik. Bunu da yazım ki, yaxşı deyil, xeyli əziyyət və xərc çəkiblər. Məqsəd isə Litva millisi ilə oyunun daha yaxşı işıqlandırılması idi. Kaş ki, millimizin qazandığı xallar da hazırladığımız xəbərlər qədər bol olardı. Amma deyəsən, komandamız meydana sırf qələbə üçün deyil, məğlub olmamaq üçün çıxmışdı. Bunu oyunun gedişindən, taxtiki düzülüşdən və əvəzetmələrdən rahatca hiss etmək olurdu. Əsas odur ki, Vətənə dilxor qayıtmadıq. Hər şeyi bazar günkü oyuna saxladıq.

Litva-Azərbaycan matçı haqqında geniş yazmağı lazım bilmirəm. Hamı izləyib, geridə qalan günlərdə mətbuatda da, sosial mediada da geniş müzakirə aparılıb. Qalib gələ bilərdik, amma və lakin... Matçın keçirildiyi stadion barədə də 1-2 kəlmə yazıb keçim epiloqa. Daryus və Qirenas Stadionu o qədər də əzəmətli deyil. Amma bizim üçün xudmani gələn bu arena nəinki Litvanın, Baltikyanı dövlətlərin ən böyük idman qurğusudur və 15500 civarında tamaşaçı tutumuna malikdir. Stadion Litvanın milli qəhrəmanları olan Steponas Daryus və Stasis Qirenasın şərəfinə adlandırılıb. Onlar 1933-cü ildə ABŞ-dən Litvaya birbaşa uçan zaman "Litvanka" təyyarəsində qəzaya düşərək həlak olublar. Belə...

Proqrama əsasən matç bitəndən dərhal sonra Bakıya qayıtmalıydıq. Ki, komandamız vaxt itirməsin, dünənki Lixtenşteyn, bazar günkü Litva oyunlarına daha yaxşı hazırlaşsın. Amma dünən millimiz dünyanın ən zəiflərindən olan Lixtenşteyn millisi ilə bacarmadı - 0:0. Deməyə söz tapmıram...

Bakıya qayıdırıq. Hiss edirəm ki, doğma şəhərim üçün darıxmışam. Özümdən asılı deyil, nəinki dünyanın, Azərbaycanın o başına gedəndə belə növbəti gün Bakıdan ötrü qəribsəyirəm. Tıxaclı, səs-küylü Bakıdan ötrü. Allah səni qorusun, gözəl şəhərim!

Aciu ir tau, Lietuva!

İlqar Tağıyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Oktyabr 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see429

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see260

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see206

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see204

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see203

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see193

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see193

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see192

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see190

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri