Icma.az
close
up
RU
Milli dağ mədən sənayesinin yeni yüksəlişi

Milli dağ mədən sənayesinin yeni yüksəlişi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir. Respublikamızda filiz çıxarılması və metallurgiyanın inkişafı Gədəbəy, Daşkəsən və digər bölgələrdə qədim zamanlardan başlayıb. 1636-cı ildə alman alimi Adam Oleari Gədəbəy və Daşkəsən yataqlarından mis və dəmir filizinin çıxarılması haqqında məlumat verib. 1867-1914-cü illər ərzində Almaniyanın “Siemens” şirkəti Gədəbəydəki yataqlardan mis, qızıl, gümüş, “Bittibulaq” yatağından isə mis çıxarıb. 

XX əsrin əvvəllərində digər alman şirkəti “Vagau” Balakən rayonunun ərazisində əlvan metal yataqlarının axtarışı və istismarı ilə məşğul olub. Ötən əsrin ortalarında mədən texnikasının inkişafı və bərk faydalı qazıntıların zənginləşdirilməsi ilə bir sıra faydalı filiz yataqları istifadəyə verilib. Bunlara Daşkəsən dəmir filizi, Zəylik alunit, Daşkəsən, Paraqaçay molibden, Gümüşlük polimetal mədənləri və digərləri daxildir. 

Ölkəmizin dağ-mədən sənayesinin sürətli inkişafı isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin hələ keçmiş SSRİ dövründə bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində respublikamızda çoxsaylı dağ-mədən filiz yataqları aşkar edilib. Göründüyü kimi, Azərbaycanda faydalı qazıntı yataqlarının kütləvi istismarına SSRİ dövründə başlansa da, müstəqilliyin ilk illərindən etibarən həmin yataqların bəzilərinin istismarı dayandırılıb.

Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın dağ-mədən sənayesinin inkişaf konsepsiyası son 23 ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Ötən müddətdə sənayenin bu sahəsində əldə olunmuş nailiyyətlər ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafına öz töhfələrini verib. Dövlətin iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı  müəyyənləşdirdiyi strateji hədəflərə uyğun olaraq Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı, Gəncə alüminium zavodu və digər sənaye müəssisələri istifadəyə verilib. Bu da Azərbaycanda dağ-mədən sənayesinin inkişafına təkan verməklə ölkənin iqtisadi potensialının gücləndirilməsində mühüm rol oynayıb. 

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə dövlətimizin başçısı dağ-mədən sənayesinin ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq deyib: “Bu çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə, bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”. 

Azərbaycanın dağ-mədən sənayesinin potensialı yüksək olsa da, ötən müddətdə bu imkanlardan heç də tam istifadə olunmayıb. Təsadüfi deyil ki, bu perspektivli sahənin inkişafını sürətləndirmək məqsədilə işlənib hazırlanmış yeni Dövlət Proqramının təqdimatına həsr olunmuş müşavirədə ölkə rəhbəri deyib: “Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi... O cümlədən bizim təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi”. 

Hazırda bir çox perspektivli yataqlarımızın hələ də öz geoloji kəşfiyyat dövrünü gözlədiyini vurğulayan Prezident İlham Əliyev bu məsələlərin həlli üçün Dövlət Proqramı əsasında çox konkret mexanizmlərin tətbiq ediləcəyini, ilk növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınacağını diqqətə çatdırıb. Bu baxımdan Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarında yaxın gələcəkdə istismara başlanılacağına əminliyini ifadə edib.

Dövlətimizin başçısı ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının cəmi 4 il ərzində – ­2027-2030-cu illərdə tam icra edilməsini qarşıya mühüm vəzifə kimi qoyub. Prezident İlham Əliyevin təbirincə, yeni proqram, eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərə tam uyğundur. 

Ölkə rəhbəri müşavirədə müasir geoloji üsullarla mövcud yataqların potensial ehtiyatlarının tam dəqiqləşdirilməsi ilə bağlı konkret tapşırıqlar da verib. Qeyd olunub ki, sovet dövründə müəyyən rəqəmlər olsa da, o dövrdən təxminən 40 il keçdiyindən həm məlumatlar köhnəlib, həm də bu gün yeni texnologiyalar mövcuddur. Eyni zamanda, istər sovet dövründə, istərsə də son illərdə Naxçıvan Muxtar Respublikasının ərazisində geoloji kəşfiyyat işlərinin lazımi səviyyədə aparılmadığını diqqətə çatdıran Prezident İlham Əliyev burada ehtimal olunan yataqların lazımınca öyrənilmədiyini bildirib. Bu məqsədlə gələn ildən muxtar respublikada geoloji kəşfiyyat işlərinə başlanacağı diqqətə çatdırılıb. 

Dövlət dəstəyinin ölkəmizin dağ-mədən sənayesinin yüksək potensialdan səmərəli istifadə edilməsinə verdiyi töhfələrdən bəhs edən Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətininin bu sahədəki fəaliyyətinə toxunub. Qeyd olunub ki, qurum hazırda Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağının istismara hazırlanması ilə bağlı işlər görür.

Ölkə Prezidenti bu yaxınlarda yaradılmış Qərb Sənaye Parkının əsas məqsədinin məhz dağ-mədən sənayesinin inkişafı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, “Daşkəsən” filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Dövlət başçısının sözlərinə görə, burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır. 

Azərbaycanda dağ-mədən sənayesinin son məhsula qədər tam zəncirinin yaradılmasının vacibliyini önə çəkən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Daşkəsəndə filiz hasilatı, zənginləşdirmə, pelet və breketlənmiş dəmir zavodları yaradılmalıdır. Bununla yanaşı, iqtisadi səmərəliliyə nail olunması üçün filizin daşınması ilə bağlı tariflərdə güzəştlərin edilməsinin zəruriliyi vurğulanıb. 

Prezident İlham Əliyev müşavirədə ölkədə metallurgiya sənayesinin, o cümlədən alüminium istehsalının inkişaf etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib. Dövlət başçısı ölkə iqtisadiyyatına səmərə verə biləcək mexanizmlər tətbiq edilməklə bu önəmli sənaye istiqamətinin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, yeni proqram əsasında 2030-cu ilin sonuna qədər ölkəmizdə alüminium istehsalı 100 min tona çatdırılmalıdır. 

“Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın maliyyə təminatının bütün müvafiq qurumlarla razılaşdırıldığını bildirən Prezident İlham Əliyev onun icrasında yerli və xarici investorların da iştirakı üçün lazımi şəraitin yaradılacağını vurğulayıb. 

Müşavirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov yeni proqramın əsas məqsədinin daha çox xammal hasil etmək deyil, bu, xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdan ibarət olduğun bildirib. Qeyd olunub ki, sənəd bu məqsədə çatmaq üçün əsas istiqamətləri müəyyən edir. Bunlar mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və yeni layihələrin həyata keçirilməsidir.

Nazirin sözlərinə görə, proqramda əsas istiqamətlər kimi dəmir filizi, alüminium, mis və qızıl müəyyənləşdirilsə də, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi də nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, burada dövlətin tənzimləyici və dəstəkləyici rolu ilə yanaşı, dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarından da istifadə olunacaq.

Dəyər zəncirinin inkişafından bəhs edən nazir bildirib ki, proqramın əsas prinsiplərindən biri filizdən son məhsuladək dəyər zəncirinin ölkə daxilində qurulmasıdır. Nazir kəşfiyyat və hasilatdan başlayaraq zənginləşdirmə, emal, yarımfabrikat və hazır məhsul istehsalına keçməyin vacibliyini bildirib. 

Onun sözlərinə görə, ilk mərhələdə yerli xammal potensialını reallaşdırmaq və mövcud yataqlar üzrə hasilatı artırmaq nəzərdə tutulur. “Dəmirli”, “Söyüdlü”, “Filizçay”, Naxçıvandakı yataqlar və digər perspektivli sahələr hesabına xammal bazasının genişləndirilməsi nəzərdə tutulur. M.Cabbarov qeyd edib ki, növbəti mərhələdə qarşıya qoyulan məqsəd daha yüksək əlavə dəyərli polad və alüminium məhsulları istehsal etməkdir ki, həmin məhsullar həm daxili sənayedə istifadə olunacaq, həm də ixrac ediləcək. 

Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert

Azərbaycan üçün dağ-mədən sənayesinin əhəmiyyəti yalnız qızılın, misin və ya dəmir filizinin çıxarılmasında deyil. Əsas məqsəd bu təbii sərvətləri ölkə daxilində daha yüksək əlavə dəyərə, sənaye məhsuluna və ixrac gəlirinə çevirməkdir. Yeni Dövlət Proqramı da məhz bu çərçivədə önəmlidir.

İşğal dövründə biz təkcə təbii sərvətlərimizi deyil, həmin sərvətlərin iqtisadi dövriyyəyə cəlb olunmasından əldə edilə biləcək ixrac gəlirlərini, vergiləri, investisiyaları, sənaye istehsalını və minlərlə iş yerini də itirmişik. İndi isə Qarabağ və Şərqi Zəngəzurdakı mineral yataqların iqtisadi dövriyyəyə qaytarılması qeyri-neft ixracının genişləndirilməsi, regionlarda yeni sənaye mərkəzlərinin formalaşdırılması, məşğulluğun artırılması və yerli iqtisadi fəallığın gücləndirilməsi baxımından mühüm imkanlar yaradır. 

Məhz bu baxımdan “2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” mühüm mərhələ kimi çıxış edir. Proqramın mineral xammal bazasının genişləndirilməsini, mövcud istehsal güclərinin artırılmasını və yeni layihələrin həyata keçirilməsini nəzərdə tutması sektorun qarşıdakı illərdə daha sistemli şəkildə inkişaf etdiriləcəyini göstərir. 

2030-cu ilədək qarşıya qoyulan hədəflərə əsasən, sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması planlaşdırılır. Bu məqsədlərin reallaşdırılması üçün 2027–2030-cu illərdə sektora ümumilikdə 5,3 milyard manat investisiya yatırılması nəzərdə tutulur. Bu rəqəmlər göstərir ki, söhbət ayrı-ayrı mədən layihələrinin inkişafından yox, dağ-mədən və metallurgiyanın iqtisadiyyatın daha böyük sənaye seqmentinə çevrilməsindən gedir. Burada həm dövlət investisiyalarının, həm də özəl kapitalın cəlb edilməsi, yeni istehsal müəssisələrinin yaradılması, emal imkanlarının genişləndirilməsi və ixrac bazarlarının şaxələndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Nəticədə, Azərbaycan üçün əsas iqtisadi qazanc həmin resursun ölkə daxilində neçə mərhələdən keçərək nə qədər əlavə dəyər yaratması, neçə yeni müəssisənin fəaliyyətə başlaması, nə qədər məşğulluq formalaşdırması və qeyri-neft ixracına hansı həcmdə töhfə verməsi ilə müəyyənləşəcək. Dağ-mədən sənayesinin inkişafının uzunmüddətli iqtisadi səmərəsi də məhz bu dəyər zəncirinin Azərbaycanda mümkün qədər geniş qurulmasından asılı olacaq.

Mirbağır YAQUBZADƏ 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri