Dağ mədən sənayesinin regional inkişafa töhfəsi artacaq
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın regionlarında son iki onillik ərzində dövlət proqramları çərçivəsində infrastrukturun yenilənməsi, yol və enerji şəbəkələrinin genişləndirilməsi, sosial obyektlərin yaradılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı mühüm layihələr həyata keçirilib. Dövlət başçısının 2026-cı il 23 sentyabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”nda isə sənayenin metallurgiya sahəsinin gücləndirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.
Dağ-mədən və metallurgiya müəssisələrinin yerləşdiyi ərazilərdə istehsalın genişləndirilməsi məşğulluq imkanlarını artırmaqla yanaşı, yerli sahibkarlıq üçün də yeni bazar formalaşdırır. Məsələn, mədən müəssisələrinin texniki təminatı, nəqliyyat xidmətləri, avadanlıqların təmiri, tikinti, təhlükəsizlik, logistika və müxtəlif podrat xidmətləri üzrə yerli şirkətlərin fəaliyyət imkanları genişlənir.
Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunan müşavirədə adıçəkilən proqramın təqdimatı zamanı bu təsirin sektorlararası xarakter daşıyacağı qeyd edilərək bildirilib ki, istehsal artdıqca yükdaşımalara, eləcə də logistika xidmətlərinə tələbat yüksələcək, yerli podratçı və təchizatçı şirkətlər üçün yeni fəaliyyət imkanları yaranacaq, ixtisaslı kadrlara ehtiyac artacaq. Dövlət Proqramının real iqtisadi səmərəsi isə onun təkcə mədən sənayesində yaratdığı əlavə dəyərlə ölçülməyəcək. Burada multiplikativ təsir amili də mühüm rol oynayacaq.
Dünya bazarına çıxış artacaq
Hazırda ölkə iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri ixracın şaxələndirilməsidir. Son illər qeyri-neft ixracının artırılması istiqamətində müxtəlif mexanizmlərin tətbiq olunması da bunun bariz ifadəsidir. Metallurgiya sənayesinin inkişafı isə bu proses üçün yeni məhsul qrupları formalaşdırmaq imkanına malikdir. Dövlət Proqramında illik ixrac potensialının 2030-cu ilədək 3,4 milyard manata çatdırılması hədəfi də məhz bu baxımdan diqqətəlayiqdir.
Yaxın gələcəkdə ixracın həcmi ilə bərabər onun strukturunda da dəyişiklik baş verməsi gözlənilir. Başqa sözlə, əgər mineral resurslar daha çox emal edilərək metal və metallurgiya məhsullarına çevrilirsə, ixrac olunan məhsul vahidinin iqtisadi dəyəri də yüksəlir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi də bu baxımdan əlavə üstünlük yaradır. Ölkənin Şərq – Qərb və Şimal – Cənub istiqamətlərində nəqliyyat əlaqələrinin üzərində yerləşməsi istehsal olunan sənaye məhsullarının müxtəlif bazarlara çıxarılması üçün logistika imkanlarını genişləndirir. Bu mənada dağ-mədən və metallurgiya sənayesinin inkişafı nəqliyyat-logistika siyasəti ilə də qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Dövlət Proqramının digər mühüm xüsusiyyəti investisiya yükünün əhəmiyyətli hissəsinin qeyri-büdcə mənbələri hesabına formalaşdırılması, bununla da dövlət və özəl sektorun əməkdaşlığının gücləndirilməsidir. Nəzərdə tutulan 5,3 milyard manatlıq ümumi investisiya ehtiyacının, təxminən, 80 faizinin dövlət büdcəsindən kənar mənbələrdən cəlb olunmasının planlaşdırılması isə özəl kapitalın və dövlət müəssisələri resurslarının səfərbər edilməsini tələb edir.
Bu, eyni zamanda, dövlətin rolunun müsbətə doğru dəyişən mahiyyətini göstərir. Yəni dövlət bu sektorda investor olmaqla bərabər, həm də tənzimləyici, koordinasiyaedici və infrastruktur təminatçısı rolunu oynayaraq metallurgiya sənayesinin inkişafını şərtləndirən strateji hədəfləri ifadə edir.
Dövlət başçısının aprelin 1-də sözügedən proqramın təsdiqi ilə bağlı imzaladığı sərəncamda da dövlət – özəl tərəfdaşlığının genişləndirilməsi, hasilat və emal mərhələləri arasında istehsal əlaqələrinin gücləndirilməsi, infrastruktur və logistika qərarlarının uzlaşdırılması vacib vəzifələr sırasında yer alır. Bu yanaşma ilə investisiyalar daha səmərəli istiqamətlərə yönəldilir və layihələrin daha sürətli həyata keçirilməsi üçün mühüm şərtlər reallaşır.
Yeni ehtiyat mənbələri
Dağ-mədən sənayesinin uzunmüddətli inkişafı təkcə bu gün məlum olan yataqların istismarı ilə məhdudlaşmır. Sənayenin xammal bazasının davamlı genişləndirilməsi üçün geoloji kəşfiyyat işlərinin aparılması mühüm önəm daşıyır. Dövlət Proqramında da yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi, mövcud ehtiyatların daha dəqiq qiymətləndirilməsi və xüsusilə Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi metallurgiyanın inkişafında önəmli rol oynayır. Bu istiqamətdə əldə ediləcək nəticələr isə 2030-cu ildən sonrakı mərhələnin sənaye siyasəti üçün mühüm baza yaratmasını şərtləndirir.
Məsələn, “Filizçay” yatağında mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi imkanlarının qiymətləndirilməsi, “Dəmirli”də əlavə mis ehtiyatlarından istifadə imkanlarının araşdırılması və “Zəylik” yataqlarının alüminium zəncirində xammal bazası kimi rolunun müəyyənləşdirilməsi gələcək sənaye xəritəsinin konturlarını genişləndirir.
Dövlət Proqramının təqdimatında Azərbaycanın Mərkəzi Asiya və Cənubi Qafqazın xammal potensialına çıxış imkanlarının gələcəkdə ölkənin regional emal imkanlarını genişləndirə biləcəyi də qeyd olunub. Bu yanaşma respublikamızın öz mineral ehtiyatlarının emalçısı olmaqla bərabər, həm də daha geniş regional sənaye əməkdaşlığı platforması kimi mövqeyinin gücləndirilməsi imkanını ortaya qoyur.
Belə bir modelin reallaşması üçün isə bir sıra amillərin, məsələn, investisiya mühiti, enerji təminatı, logistika, texnologiya, kadr potensialı və uzunmüddətli maliyyələşmənin paralel şəkildə inkişaf etdirilməsi zəruridir. Azərbaycanın enerji imkanları, nəqliyyat infrastrukturu və sənaye parkları bu istiqamətdə mühüm baza formalaşdırır. Yeni Dövlət Proqramının üstünlüyü isə bu amillərin konkret sənaye layihələri ətrafında daha sıx əlaqələndirilməsini nəzərdə tutur.
İqtisadçı-ekspert Samir Heydərovun sözlərinə görə, metallurgiyanın inkişafı təkcə maliyyə və xammal probleminin həlli ilə yekunlaşmır. Müasir mədən və metallurgiya müəssisələri yüksək texnologiyalar, avtomatlaşdırma, rəqəmsal idarəetmə və peşəkar kadrlar tələb edir. Buna görə də yeni layihələrin reallaşması nəticəsində mühəndis, geoloq, metallurq, texnoloq, energetik, mexanik, logistika mütəxəssisi və digər texniki peşələrə tələbatın artması qarşıda mühüm vəzifə kimi durur.
Bu baxımdan Dövlət Proqramı peşə təhsili, ali təhsil və elmi-tədqiqat müəssisələri ilə sənaye qurumları arasında əlaqələrin gücləndirilməsi üçün də yeni imkanlar yaradacaq. İxtisaslı kadrların hazırlanması, istehsalat təcrübəsinin genişləndirilməsi, müasir texnologiyaların mənimsənilməsi və elmi araşdırmaların sənaye ehtiyacları ilə əlaqələndirilməsi uzunmüddətli perspektivdə sektorun rəqabət qabiliyyətini müəyyənləşdirən əsas amillər olacaq.
4 il – konkret nəticələr dövrü
Prezident İlham Əliyev müşavirədə Dövlət Proqramının 2027–2030-cu illərdə, yəni cəmi 4 il ərzində icra edilməsinin zəruriliyini diqqətə çatdırıb. Xatırladaq ki, elə bu məqam da proqramın xarakterini müəyyənləşdirib.
Deməli, Dövlət Proqramında qarşıya uzunmüddətli strateji məqsədlər qoyulsa da, onların bir hissəsi konkret 4 illik dövrdə ölçülə bilən nəticələrə çevrilməlidir. Bu baxımdan 1,8 milyard manatlıq ÜDM töhfəsi, 3,4 milyard manatlıq ixrac potensialı və 5,3 milyard manatlıq investisiya hədəfi artıq sadəcə ümumi niyyət deyil, həm də icrası qiymətləndirilə bilən göstəricilərdir. Bu səbəbdən proqramın həyata keçirilməsində layihələrin vaxtında icrası, maliyyələşmənin təmin edilməsi, investorların cəlb olunması, infrastruktur məsələlərinin operativ həlli və kadr təminatı prioritet istiqamətlər kimi xüsusi diqqət çəkir.
Bütün bunlar göstərir ki, 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı Azərbaycanın sənaye siyasətində yeni mərhələnin əsas sənədlərindən biri kimi çıxış edir. Proqramın mahiyyəti isə yeraltı sərvətlərin daha çox hasil edilməsindən ibarət deyil. Burada əsas məqsəd həmin sərvətlərin ölkə daxilində daha dərindən emal edilməsi, yeni istehsal zəncirlərinin yaradılması və daha yüksək əlavə dəyərin respublikada formalaşmasıdır.
Bu yanaşma iqtisadiyyatın şaxələndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Çünki yeni metallurgiya müəssisələri təkcə bir sahənin deyil, nəqliyyat, logistika, energetika, tikinti, maşınqayırma, xidmət və digər istiqamətlərin də inkişafına müsbət təsir göstərir. Digər tərəfdən, yeni sənaye layihələrinin regionlarda həyata keçirilməsi iqtisadi fəallığın Bakı və Abşeronla məhdudlaşmamasına, bölgələrdə yeni məşğulluq və sahibkarlıq imkanlarının yaranmasına əlverişli şərait yaradır.
Ən başlıcası isə respublika öz mineral sərvətlərindən istifadə modelini keyfiyyətcə yeni mərhələyə çıxarmaq niyyətini – xammal hasilatından onun emalına, emaldan yüksək əlavə dəyərə, buradan isə rəqabətqabiliyyətli ixraca doğru prinsipini ortaya qoyur. Məhz bu baxımdan yeni Dövlət Proqramı Azərbaycanın qeyri-neft sənayesinin inkişaf strategiyasının mühüm həlqəsi kimi qiymətləndirilir.
Beləliklə, qarşıdakı 4 il ərzində həyata keçirilən genişmiqyaslı layihələrin ardıcıl və səmərəli icrası ilə proqnozlaşdırılan göstəricilər real iqtisadi nəticələrə çevriləcək. Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin yeni hədəfləri isə təkcə ayrı-ayrı yataqların və müəssisələrin gələcəyini deyil, eyni zamanda, ölkənin sənaye xəritəsinin növbəti mərhələdə necə formalaşacağını müəyyənləşdirəcək.
Vaqif BAYRAMOV
XQ
Ekspert rəyi
İlkin QASIMOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş məsləhətçisi
Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 22-də keçirilən və “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunan müşavirədə sənayenin yeni inkişaf mərhələsinin əsas istiqamətləri təqdim edilib. Dövlət Proqramı mineral xammalın yalnız hasilatını deyil, onun ölkə daxilində daha dərindən emalını və yüksək əlavə dəyər yaradan məhsulların istehsalını nəzərdə tutur.
Müşavirədə təqdim olunan hədəflər təhsil sistemi üçün də yeni çağırışlar formalaşdırır. Proqramın həyata keçirilməsinin ixtisaslı kadrlara tələbatı artıracağınının vurğulanması, eyni zamanda, elmi potensialın artırılması, tədqiqat və inkişafın dəstəklənməsi, təhsil-sənaye əməkdaşlığının gücləndirilməsinin ayrıca istiqamətlər olaraq müəyyənləşdirilməsi bu faktı təsdiqləyir.
Bu proses təhsil sisteminə olan tələbin yalnız kəmiyyət deyil, həm də keyfiyyət və struktur baxımından dəyişəcəyini göstərir. Dağ-mədən və metallurgiya sənayesinin genişlənməsi təkcə mədən mühəndislərinə tələbatın artması kimi başa düşülməməlidir. Geologiya, metallurgiya və materialşünaslıqla yanaşı, proseslərin avtomatlaşdırılması, mexanika, elektroenergetika, kimya mühəndisliyi, sənaye təhlükəsizliyi, ekoloji idarəetmə, laboratoriya texnologiyaları, eləcə də logistika kimi sahələrdə də yeni kadr ehtiyacının yaranması proqnozlaşdırıla bilər.
Əsas məsələlərdən biri sənayenin inkişaf tempi ilə kadr hazırlığı arasında uyğunluğun təmin edilməsidir. İri sənaye layihələrinin investisiya mərhələsindən istehsala keçməsi müəyyən vaxt tələb etdiyi kimi, ali və peşə təhsilində yeni mütəxəssisin hazırlanması da uzunmüddətli prosesdir. Bu səbəbdən perspektiv kadr tələbinin istehsal gücləri fəaliyyətə başladıqdan sonra deyil, əvvəlcədən müəyyənləşdirilməsi əhəmiyyətlidir. Başqa sözlə, sənaye investisiyası ilə insan kapitalına investisiyanın paralel olaraq həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın peşə təhsili sistemində son illərdə müşahidə olunan genişlənmə bu istiqamətdə mühüm baza yaradır. Xüsusilə ikili təhsil modelinin genişləndirilməsi dağ-mədən və metallurgiya sənayesi üçün mühüm önəm daşıyır. Bu sahələrdə təkcə nəzəri hazırlıq kifayət etmir, tələbələrin təhsil müddətində real istehsal proseslərinə qoşulması, müasir avadanlıq və texnologiyalarla işləməsi onların əmək bazarına keçidini asanlaşdırır. Yeni və modernləşdirilən peşə təhsili müəssisələrinin ixtisas profilinin regionlarda formalaşacaq sənaye tələbi ilə əlaqələndirilməsi də mühüm imkan yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 25 Sentyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















