Icma.az
close
up
RU
Milli fizika elminin qərargahı

Milli fizika elminin qərargahı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fizika İnstitutu – 80

Azərbaycan elminin, o cümlədən milli fizika məktəbinin tarixi qədimdir. Hələ IX əsrdən başlayaraq Bəhmənyar əl-Azərbaycani, Qətran Təbrizi, Əbdülhəsən Marağayi, Nizaməddin Naxçıvani, Əbdülkərim Şirvani, Osman Dərbəndli, Nizami Gəncəvi kimi alimlər şərqin qabaqcıl elm və təhsil müəssisələrində çalışır və tanınırdılar. Onların arasında əsərləri bu günə qədər aktuallığını saxlamış, fizika, astronomiya, riyaziyyat və s. sahələrdə yeni elmi istiqamətlər yaratmış görkəmli alimlər yer alıb.

İbn Sinanın tələbəsi olmuş Bəhmənyar əl Azərbaycani (993-1066) elmi- fəlsəfi fikrin inkişafında böyük rol oynamışdır. Onun 3 fəsildən ibarət “Əl təhsil” əsərində (bir bölmə “Fizika” adlanır) materiya, cisim, hərəkət, istilik, zəlzələ, səs, işıq və s. haqqında müasir fikirlərə uyğun qiymətli nəticələri vardır. XII əsrdə Şirvanda yaşamış Fazil Fəridəddin Şirvani (1057-1146) uzun illər astronomiya elmi ilə məşğul olmuş, bir çox ulduz xəritələri tərtib etmişdir. Dünya elm aləmində tanınan Nizami Gəncəvi, böyük astronom, riyaziyyatçı, fizik və filosof Xacə Nəsirəddin Tusi kimi məşhurlar Azərbaycan xalqının XII-XIII əsrlərdə dünyaya bəxş etdiyi görkəmli simalardır.

Orta əsr elminin universiteti hesab edilən Marağa rəsədxanasının yaradılması, Tusinin “Zis Elxani” əsərində planetlərin orbitinin əsas elementləri, Yerin fırlanma oxunun illik presessiyası, planetlərin sutkalıq hərəkəti və s. haqqında verilmiş məlumatlar XVII əsrdə aparılan astronomiya müşahidələrindən belə dəqiqdir. Tusinin əsərlərində həndəsə, triqonometriya, riyaziyyat, astronomiyaya aid nəzəriyyə və məlumatlar bu sahədə müasir təsəvvurlərə uyğun gəlir və çox vaxt Avropa alimlərinin fikirlərini xeyli qabaqlayır.

Bəhmənyarın “Təhsil kitabı”na ayrıca daxil edilmiş “Fizika” əsərində və Nizami Gəncəvinin “Xəmsə”sində təbiət hadisələrinin elmi izahı o dövrün ideyalarını öyrənmək baxımından çox əhəmiyyətlidir. Nizami Gəncəvinin “İskəndərnamə” əsərində istilik və hərəkətin vəhdəti haqqında fikri olduqca orijinaldır. Sonrakı əsrlərdə də Azərbaycanın görkəmli alimləri yaşamış və elmin müxtəlif sahələrinin yaranması və inkişafı sahəsində xeyli işlər görmüşlər.

XIX əsrdə Azərbaycanda tanınmış mütəfəkkirlər – Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Kazımbəy, Mustafa Topçubaşov, Mir-Mösün Nəvvab elmin müxtəlif sahələrində tanınmış alimlərdir. A.A.Bakıxanovun 1832-ci ildə ərəb dilində yazdığı və 1848-ci ildə İstanbulda “Əfkarül-Cəbarut fi əsrarül-məlakut” adı ilə nəşr olunan əsərində heliosentrik nəzəriyyə, astronomiya, fizika, riyaziyyat, coğrafiya və s. elmlərə aid bir sıra qanunların şərhi verilmişdir.

Müsəlman Şərqində ilk Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, həyata keçirdiyi tədbirlər də elm və təhsilin inkişafına böyük yardım göstərmişdi. Ölkədə ilk ali məktəb – 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Dövlət Universiteti yaradıldı. 1920-ci ildə hakimiyyəti ələ alan bolşevik Azərbaycan İnqilab Komitəsi 16 noyabr 1920-ci il tarixdə “Bakıda Politexnik İnstitutun yaradılması haqqında” dekret elan etmişdi. Respublikada müxtəlif sahələr üzrə elmi tədqiqatlar əsasən həmin ali məktəblərdə cəmləşmişdi. O illərdə əsas tədqiqatlar neft və neft məhsullarının öyrənilməsinə həsr olunmuşdu. Eyni zamanda fizika elminin aktual problemlərinə, o cümlədən bərk cisim fizikasının bəzi məsələlərinin tədqiqinə dair araşdırmalar da aparılmışdı.

1923-cü ildə Azərbaycan Tədqiq və Fətəbbə Cəmiyyəti, 1929-cu ildə həmin cəmiyyətin bazasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu yaradıldı. Həmin institutun fəaliyyəti nəticəsində artıq 1934-cü ildə respublikada əksəri azərbaycanlı olan 1200-dək elmi işçi çalışırdı. 1927-1932-ci illərdə “Neft təsərrüfatı” jurnalında fizika sahəsində çalışan tədqiqatçıların 37 məqaləsi dərc olundu. Bu məqalələrin əksəriyyəti neftin və neft məhsullarının fiziki xassələrinin tədqiqinə həsr olunmuşdu.

Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun əsasında 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsi yaradıldı və 1935-ci ildə SSRİ EA Azərbaycan filialına çevrildi. Filialda Kimya, Botanika, Zoologiya, Tarix, Etnoqrafiya və Arxeologiya, Dil və Ədəbiyyat institutları, Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları fəaliyyət göstərirdi.

İlk illərdə Fizika Sektorunda əsasən neftlə bağlı tədqiqatlar aparılırdı. Bu işlərə dağ-mədən süxurlarının fiziki sabitlərinin təyini, neft və neft məhsullarının fiziki xassələrinin tədqiqi, Xəzər dənizi suyunun fiziki xassələrinin öyrənilməsi, habelə cismin mexaniki deformasiyasının elektrik və maqnit xassələrinə təsirinin tədqiqi kimi məsələlər daxil idi.

II Dünya müharibəsindən əvvəl və müharibə dövründə tədqiqatların mövzusu genişlənərək molekulyar fizika, nəzəri fizika, bərk cisim fizikası, o cümlədən yarımkeçiricilər fizikası sahələrini də əhatə etdi.

Qeyd edək ki, 1941-ci ildə respublikada 60 elmi müəssisə var idi. SSRİ EA Azərbaycan Filialında 21 elmlər doktoru, 161 elmlər namizədi çalışırdı. Müharibə illərinin ağırlığına baxmayaraq, artıq 1945-ci ildə 66 elmi-tədqiqat müəssisə və ali təhsil ocaqlarında 150-yədək elmlər doktoru və professor daxil olmaqla 3 minə yaxın elmi işçi, elmi və pedaqoji fəaliyyət göstərirdi.

XX əsrin 40-50-ci illərində fizikaya dair tədqiqatlar A.Abaszadə, Y.Q.Dorfman, Z.Əlizadə, H.İ.Əmirxanov, Z.Kazımzadə, H.A.Muxtarov, A.Z.Vəzirzadə, Y.B.Lopuxin, R.Məlikov, M.Ramazanzadə və s. adları ilə bağlıdır. A.Abaszadə SSRİ Pedaqoji Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü olmuşdur. Həmin illərdə tədris laboratoriyalarının və kabinetlərinin yaradılmasına, elmi-metodik məsələlərin işlənib hazırlanmasına, fizika terminologiyasının və Azərbaycan dilində dərs vəsaitlərinin tərtibinə xüsusi diqqət verilirdi.

Fizika sahəsində fundamental tədqiqatların aparılmasının vacibliyi nəzərə alınaraq II Dünya müharibəsinin çətinlikləri dövründə - SSRİ EA Azərbaycan filialının Rəyasət Heyətinin 5 aprel 1944-cü il tarixli iclasında, filialın Fizika Sektorunun Fizika İnstitutuna çevrilməsi haqda qərar qəbul edildi.

Bunun ardınca mövcud elmi bazaya söykənərək SSRİ Xalq Komissarları Sovetinin 23 yanvar 1945-ci il tarixli qərarı ilə keçmiş Azərbaycan SSR-nin müstəqil Elmlər Akademiyasının yaradılması ilə respublikada elmi tədqiqatların sürətli inkişafı başladı. 27 mart 1945-ci il tarixli qərar ilə Akademiyanın tərkibində Fizika Sektoru əsasında Fizika İnstitutu və Riyaziyyat sektoru təsis edildi. Bununla da Azərbaycan elminin prioritet tədqiqat istiqamətlərindən biri olan fizika elminin daha sürətli inkişafının əsası qoyuldu.

Fizika Institutuna direktor vəzifəsinə fizika-riyaziyyat elmləri doltoru H.İ.Əmirxanov, elmi işlər üzrə direktor müavini fizika-riyaziyyat elmləri namizədi Z.İ.Əlizadə təyin edildi. Yarandığı ildən institutda əsasən neft sənayesinin inkişafı ilə bağlı işlərin yerinə yetirilməsi planlaşdırılırdı. Həmin vaxt institutda 3 şöbə və 6 laboratoriya fəaliyyət göstərirdi. Buraya neft fizikası, istilik fizikası, rentgenoqrafiya laboratoriyaları daxil idi.

Bu dövrdə Bakıya Rusiyanın görkəmli fizik alimləri dəvət olunurdu. İ.V.Kurçatov, K.D.Sinelnikov, V.P.Juze, Y.B.Lopuxin və b. Leninqrad (hazırki Sankt-Peterburq) Fizika-Texnika İnstitutunun direktoru A.F.İoffe o vaxtlar Azərbaycanda, xüsusilə Bakıda aparılan tədqiqatlarla xüsusi maraqlanırdı.

Yeni yaradılmış Fizika İnstitutunun 1945-1950-ci illər üçün elmi-tədqiqat planı 10 mövzunu əhatə edirdi. Həmin mövzulardan 2-si yarımkeçiricilərin, 2 mövzu neftin tədqiqinə və s. yönəldi.

1947-ci ildə Fizika İnstitutu və Riyaziyyat sektoru birləşdirilərək Fizika-Riyaziyyat İnstitutu yaradıldı. 1949-cu ilin axırlarında professor Z.İ.Xəlilov Fizika-Riyaziyyat İnstitutunun direktoru, 1950-ci ilin yanvar ayında gənc elmlər namizədi H.M.Abdullayev elmi işlər üzrə direktor müavini təyin edildi.

İnstitutun 1951-1955-ci illəri əhatə edən elmi yaradıcılıq dövründə metal və yarımkeçiricilər fizikası (rəhbər H.M.Abdullayev), elektromaqnit rəqsləri (rəhbər H.A.Muxtarov), optik tədqiqatlar (rəhbər F.M.Əfəndiyev), yanmanın fizikası (rəhbər müvəqqəti olaraq H.M.Abdullayev), geofizika laboratoriyaları, rentgen quruluş analizi (rəhbər K.P.Məmmədov), istilik fizikası (rəhbər L.M.İmanov), molekulyar spektroskopiya (rəhbər Ə.X.Xəlilov) qrupları üzrə uyğun elmi istiqamətlərdə tədqiqat işləri planlaşdırıldı və icra edildi.

Həsən Abdullayev 1950-53-cü illərdə Fizika-Texnika İnstitutunda Lenin və SSRİ Dövlət mükafatları laureatı D.N.Nasledovun laboratoriyasında doktorant olarkən həmin institutun tanınmış alimləri ilə təmasda olmuş, bu qabaqcıl elm mərkəzinin geniş imkanlarından istifadə edərək Azərbaycanda fizika elminin inkişafına nail olmuş, tanınmış məktəb yaratmış və bu məktəbin yetişdirmələri sonradan bu elm sahəsində aparıcı qüvvə olaraq akademik adlara layiq görülmüşlər.

Azərbaycanın müasir tarixində fizika elminin inkişafı ölkənin dövlətçilik tarixi, iqtisadiyyat, təhsil və mədəniyyətin inkişafı ilə bağlı olmuşdur. Fizika elminin inkişafı bir neçə tarixi mərhələdən keçmişdir. XX yüzilliyin ikinci onilliyinə qədər Azərbaycanda fizika sahəsində, demək olar ki, tədqiqat işləri aparan elmi müəssisə olmamışdır. Yarandığı 1945-ci ildən indiyədək AMEA və onun hər bir institutu böyük inkişaf yolu keçmişdir. Akademiyanın qabaqcıl institutlarından olan Fizika İnstitutunun fəaliyyəti də məhz elmi-texniki problemlərin həllinə, fundamental tədqiqatların nəticələrinin xalq təsərrüfatının ayrı-ayrı sahələrinə tətbiqinə yönəldilmişdir.

Bu istiqamətlər sənayenin elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma kimi perspektivli sahələrinin intensiv inkişafında həlledici rol oynadı. İnstitutda selen, tellur və onların mürəkkəb birləşmələrinin alınması, fiziki xassələrinin kompleks öyrənilməsi, yeni yarımkeçirici çeviricilərin yaradılması və tətbiqi sahəsində mühüm tədqiqatlar aparılmağa başladı. Optik, maqnit, istilik, rentgenoqrafik, radiospektroskopik, rezonans və s. tədqiqat üsulları daha da inkişaf etdirildi. Ötən əsrin 50-ci illərinin ortalarında institutun bəzi şöbələri müstəqil tədqiqat mərkəzlərinə çevrildi. 60-cı illərin əvvəlində Fizika İnstitutunda yaradılan Kriogen stansiyası respublikanın fiziki eksperimentlə məşğul olan müəssisələrini maye azot və heliumla təmin etdi və fiziki tədqiqatların aşağı temperaturlarda aparılmasına imkan yaratdı.

İnstitutun nəzdində bir sıra elmi istehsalat müəssisələri, o cümlədən “Selen” təcrübə zavodu, “Tellur” və “Reğistr” Xüsusi Konstruktor Büroları (XKB), Radiasiya Tədqiqatları Bölməsi, Bioloji Cihazqayırma XKB, Kosmik Tədqiqat Elm-İstehsalat Birliyinin bölmələri, İnstitutun nailiyyətləri əsasında Bakıda keçmiş SSRİ Müdafiə Sənayesi nazirliyinin təcrübə zavodlu Fotoelektronika İnstitutu yaradıldı. Şəki və Naxçıvanda Azərbaycan SSR EA-nın elmi bazaları və s. təsis edildi. Bir sıra ali məktəblərin müvafiq kafedra və laboratoriyalarında da fizikaya dair qiymətli araşdırmalar aparılırdı.

Azərbaycan fizikləri elmin bütün istiqamətlərində bir çox qabaqcıl elm mərkəzləri [yarımkeçiricilər fizikası sahəsində SSRİ EA-nın A.F.İoffe adına Fizika-Texnika İnstitutu, P.N.Lebedev adına Fizika İnstitutu, Sibir Şöbəsinin Yarımkeçiricilər Fizikası İnstitutu, SSRİ Elektron Sənayesi Nazirliyinin Moskvadakı Molekulyar Elektronika və Materialşünaslıq ET institutları, maqnit hadisələri fizikası sahəsində Ural Elmi Mərkəzinin institutları, elementar zərrəciklər fizikası sahəsində Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Yüksək Enerjilər Fizikası İnstitutu və M.V.Lomonosov ad. MDU, aşağı temperaturlar fizikası sahəsində Fiziki Problemlər İnstitutu və Xarkov Fizika-Texnika İnstitutu, FNAL (ABŞ), CERN (İsveçrə) elmi mərkəzləri və s.] ilə əməkdaşlıq etmiş, bir sıra elm mərkəzləri ilə əlaqələr indi də davam edir.

1959-cu ildən Fizika İnstitutunda respublikanın fizika sahəsində çalışan alimlərinin iştirakı ilə fizika seminarı fəaliyyət göstərir. 60 ilə yaxın bir müddətdə yüzlərlə tanınmış fizik (bir sıra xarici ölkələrdən dəvət olunan alimlər də daxil olmaqla) Fizika İnstitutunda olmuş, elmi müzakirələr keçirmiş və institutun seminarında məruzə ilə çıxış etmişdir. Bu alimlər sırasında Nobel mükafatı laureatları, fizikanın müxtəlif sahələrində elmi məktəblərə rəhbərlik edən görkəmli akademiklər və b. aparıcı alimlər olmuşlar.

Fizika elmi sahəsindəki nailiyyətlərinə və yüksəkixtisaslı kadrların hazırlanmasına görə Fizika İnstitutu 1969-cu ildə o dövrdə SSRİ-nin yüksək təltifi olan Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. Bu nailiyyətlərin qazanılmasında respublikada yarımkeçiricilərin fizikası sahəsində elmi məktəbin banisi, Fizika İnstitutuna yarandığı gündən ömrünün sonunadək rəhbərlik etmiş SSRİ EA-nın müxbir üzvü, akad. Həsən Abdullayevin əvəzsiz xidmətləri olmuşdur.

Bakıya qayıtdıqdan sonra H.Abdullayev Fizika-Texnika İnstitutu ilə əlaqələrini davam etdirərək özünün kadr hazırlığı siyasətini davam etdirdi. Bu barədə akademik F.Həşimzadə xatırlayır: “Mən 1957-ci ildə ADU-nun nəzəri fizika bölməsini əla qiymətlərlə bitirmişdim, lakin hansı işi görməyi, kimlə necə işləməyi, nədən başlamağı bilmirdim. Həmin il Leninqrad Fizika-Texnika İnstitutundan məşhur alim A.İ.Qubanov Həsən müəllimin dəvəti ilə İnstituta gəlmişdi. O günün səhəri Həsən müəllim məni kabinetinə dəvət etdi və istedadlı, çalışqan bir işçi kimi yanında oturan alimə təqdim etdi və dedi ki, Aleksandr İvanoviç, mən Firudin Həşimzadəni Fizika İnstitutunda yarımkeçiricilər fizikasının nəzəriyyəsi ilə məşğul olan ən yaxşı alim kimi görmək istəyirəm və bu ümidlə də onu Leninqrada sənin yanına göndərirəm.

Uzaqgörən, elmdə yenilik axtaran bu gənc institut direktoru kimi, haraya kiminlə işləməyə yollamağı çox yaxşı bilirdi, heç vaxt da yanılmırdı. Mən həyatım boyu onun mənə təmənnasız köməyini unutmaram. Təxminən, mənimlə eyni vaxtda Leninqradda aspiranturada təhsil alan, sonradan Azərbaycan fizika məktəbinin dünyada tanınmış nümayəndələrinin də yetişməsində Həsən müəllimin əvəzsiz xidmətləri olmuşdur. O, keçmiş ittifaqın görkəmli alimlərindən istifadə edib, Azərbaycanda fizika sahəsində böyük alimlər nəsli yetişdirmiş və 40 ilə yaxın Azərbaycan fiziklərinə başçılıq etmişdir”.

1959-cu ildə Fizika və Riyaziyyat İnstitutu əsasında müstəqil Fizika İnstitutu təşkil edildi, həmin ildən ömrünün axırı - 1993-cü ilədək Fizika İnstitutuna SSRİ EA-nın müxbir üzvü, akademik H.M.Abdullayev rəhbərlik etdi.

Akademik H.M.Abdullayevin vəfatından (1 sentyabr 1993-cü il) sonra 1993-2002-ci illərdə İnstituta akademik F.M.Həşimzadə rəhbərlik etmişdir. 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə AMEA H.M.Abdullayev adına Fizika İnstitutunun və akademik E.Y.Salayevin direktor olduğu AMEA Fotoelektronika İnstitutunun bazasında Fizika İnstitutu yaradılmış və AMEA-nın qərarı ilə 2009-cu ilədək akademik A.M.Həşimov İnstitutun direktoru olmuşdur Bundan sonrakı dövrdə akademik Ç.O.Qacar (2009-2012), akademik N.T.Məmmədov (2013-2021) direktor vəzifəsində çalışmışlar. 2021-ci ilin fevral ayından Fizika İnstitutuna yenidən akademik A.M.Həşimov rəhbərlik edir.

Azərbaycanda yarımkeçiricilər fizikası istiqamətindəki tədqiqatların əsas məqsədi yeni mürəkkəb yarımkeçiricilərin alınması, onların fiziki xassələrinin kompleks tədqiqi və nəticədə xüsusi təyinatlı cihazların hazırlanması olmuşdur.

1945-ci ildən Fizika İnstitutunda yarımkeçiricilər fizikası istiqamətində tədqiqat işləri aparılmağa başlanmış, o vaxtkı aspirant Həsən Abdullayevin sonradan Leninqradda SSRİ EA Fizika-Texnika institutunda doktorantura keçərək, orada selen düzləndiricilərində baş verən fiziki proseslərə aid doktorluq dissertasiyası müdafiə edib Bakıya qayıtması ilə onun rəhbərliyi altında Azərbaycanda yarımkeçiricilər fizikası əsas elmi istiqamətə çevrildi və bu istiqamətdə dünya əhəmiyyətli fundamental elmi-tədqiqat işləri aparılmağa başladı.

Akademik H.Abdullayev respublikada fizik kadrları hazırlamaq məqsədilə gənc fizikləri o vaxtlar SSRİ-də fəaliyyət göstərən aparıcı elmi mərkəzlərə göndərirdi. 1960-70-ci illərdə alimin təşəbbüsü ilə 70-dən çox gənc fizik aspirantura və doktorantura təhsili almaq üçün tanınmış elmi mərkəzlərə göndərilmişdi Elmi əlaqələrin yaradılmasında Həsən müəllim Leninqrad Fizika-Texnika İnstitutuna üstünlük verirdi.

Bu işdə Fizika İnstitutunun aparıcı alimlərinin də böyük rolu var idi. Bu sıradan AMEA-nın müxbir üzvü, nəzəri fizika məktəbinin yaradıcısı Y.Seyidovun da adını qeyd etmək lazımdır. Fizika üzrə yüksəkixtisaslı kadrların hazırlanması sahəsində (həm respublikada, həm də ölkəmizdən kənarda) onun böyük xidmətləri olmuşdur.

Akademik Həsən Abdullayevin yorulmaz fəaliyyəti sayəsində yaranmış Azərbaycan yarımkeçiricilər fizikası məktəbi öz uğurları ilə dünyada tanındı və qəbul edildi.

Bu sahədə alınmış fundamental elmi nəticələr respublikamızda bir sıra elmi istiqamətlərin, elektron sənayesi sahələrinin, elmi-tədqiqat institutlarının, kafedraların və s. yaranmasına səbəb oldu. Yeri gəlmişkən qeyd edək ki, selen, tellur və onlar əsasında cihazların tədqiqinə dair işlərin yüksək səviyyəsi nəzərə alınaraq 1957-ci ildən Azərbaycan SSR EA-nın Fizika İnstitutu SSRİ-də “Selen, tellur və onların əsasında cihazların fizikası və texnikası” üzrə baş müəssisə və “Selen əsasında cihazların fizikası və texnikası” istiqaməti üzrə aparıcı təşkilat təsdiq edilmişdir.

H.Abdullayevin bilavasitə rəhbərliyi və iştirakı ilə selendə köçürmə hadisələrinin, müxtəlif qeyri-taraz elektron proseslərinin, həmçinin amorf, kristal, şüşəvari və maye selenin elektrik, fotoelektrik, optik, istilik, mexaniki xassələrinə termik emalın, aşqarların, elektrik sahəsinin, elektromaqnit dalğalarının və ionlaşdırıcı şüaların təsir müxanizmləri tədqiq edilmişdir. Selendə oksigenin halı və konsentrasiyası, onların selenin fiziki xassələrindəki rolu müəyyənləşdirilmişdir. Bu nəticələr selenin xassələrini məqsədyönlü dəyişmə yollarının tapılması və selen cihazlarının parametrlərinin yaxşılaşdırılması istiqamətində təkliflər verməyə imkan yaratmışdır. Selen diodlarında p-n heterokeçidin olduğu müəyyən edilmişdir.

İlk dəfə olaraq selen cihazları üçün həcmi yüklər oblastında ionlaşmış donor və akseptor mərkəzlərinin konsentrasiyasının temperatur artdıqca azalması, elastik deformasiya oblastında tenzorezistiv effektin zəifləməsi, reaktivliyin işarəsinin dəyişməsi, baryer tutumunun tezlik asılılığının mövcudluğu, nəmlik elektrik hərəkət qüvvəsinin yaranması, ~0,7÷1 mkm intervalında elektrolüminessensiya və s. hadisələr müşahidə olunaraq onların mexanizmləri aydınlaşdırılmış, nəticədə yeni, müxtəlif təyinatlı cihazlar hazırlanmışdır. Bu işlərin nəticəsi olaraq keçmiş ittifaqda yüksək effektivliyə malik selen düzləndiricilərinin hazırlanması üzrə xüsusi istehsal sahəsi yaradılmışdır (Yoşka-Ola şəhəri).

Müasir fiziki üsullarla gözün görmə analizatorunun işığa həssaslığının artırılmasında selenin müsbət rolu müəyyənləşdirilmişdir. 1972 ildə “Fotoreseptorların funksional aktivliyinə selenin təsiri” üzrə aparılan tədqiqatlara görə Həsən Abdullayev, Nina Hacıyeva, Hüseyn Həsənov, Haqverdi Cəfərov, Vladimir Perelıgin Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. 1994-cü ildə Fizika İnstitutuna Azərbaycan Respublikası NK-nin qərarı ilə onun əsas yaradıcısı və nailiyyətlərinin müəllifi olmuş akademik Həsən Abdullayevin adı verilmişdir.

Yarımkeçiricilərdə köçürmə hadisələrinin tədqiqinə həsr olunmuş işlər akademik Maqsud Əliyevin rəhbərliyi ilə yaranmış elmi məktəbin nümayəndələri tərəfindən onun bilavasitə iştirakı ilə germanium, silisium, A3B5 tipli birləşmələr, onlar əsasında bərk məhlullar, evtektikalar, darzolaqlı və mürəkkəb yarımkeçiricilərdə köçürmə hadisələrinə aid kompleks tədqiqatlar aparılmış, onlarda istilikkeçirmə, elektronların enerji spektri, elektron və fononların səpilmə mexanizmləri öyrənilmişdir.

İndium və qallium antimonidləri əsasında süni anizotrop yarımkeçiricilər – evtektikalar alınaraq, onlarda kinetik effektlərin qanunauyğunluqları və xüsusiyyətləri müəyyənləşdirilmiş, həmin evtektikalar əsasında yarımkeçirici-ifratkeçirici-yarımkeçirici quruluşda Cozefson effekti müşahidə olunmuşdur. M.Əliyev elmi nailiyyətlərinə və yüksəkixtisaslı kadrlar hazırlanmasında xidmətlərinə görə akad. Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür.

60-cı illərdə Azərbaycanda fizikaya dair tədqiqatların bərk cisimlər fizikası, əsasən, bərk cisimlər nəzəriyyəsi və yarımkeçiricilər fizikası, molekulyar fizika və spektroskopiya, elementar zərrəciklər və atom nüvəsi fizikası kimi əsas istiqamətləri müəyyənləşdi. AMEA-nın müxbir üzvü Yühənnəs Seyidovun rəhbərliyi altında bəzi ferritlərin əsas halları geniş təhlil edilmiş, maqnit-səth hadisələrinin nəzəriyyəsi, spin-plazmon əlaqəli sistemin spin-plazmon tezlikli elementar oyanmalarında elektromaqnit sahəsini xarakterizə edən kəmiyyətlərin fluktuasiyaları, neytronların və işığın bu fluktuasiyalardan səpilməsi, kənar yüklü zərrəciklər dəstəsinin və maddə daxilindəki elektronların yaratdığı cərəyanlar vasitəsilə spin dalğalarının oyanması kimi hadisələr nəzəri olaraq öyrənilmişdir.

(ardı var)

Arif HƏŞİMOV,
AMEA-nın həqiqi üzvü,

Səlimə MEHDİYEVA,
AMEA-nın müxbir üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyul 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see664

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see149

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see146

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see144

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see141

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see135

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see133

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see133

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see127

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see124

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see124

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see123

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see122

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see122

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see121

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see121

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see120

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see120

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see119

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri