Icma.az
close
up
RU
Milli kimlik, mənəvi irs və unikal dövlətçilik modeli

Milli kimlik, mənəvi irs və unikal dövlətçilik modeli

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Konstitusiyanın 18-ci maddəsində isə dinin dövlətdən ayrı olduğu, dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı təsbit edilir.

Konstitusiya dövlətimizin ali hüquqi qüvvəyə malik əsas qanunudur və onun müddəaları hər bir vətəndaş üçün, dini, etnik və siyasi baxışlarından asılı olmayaraq, eyni dərəcədə əhəmiyyət daşıyır. Azərbaycanda vicdan və dini etiqad azadlığı təmin edilir. Hər kəs öz dini inancını sərbəst müəyyənləşdirmək və qanunla müəyyən edilmiş çərçivədə dini etiqadını həyata keçirmək hüququna malikdir. Bununla belə, dini etiqad azadlığı ilə dövlət təhsil sisteminin dünyəvi xarakteri arasındakı hüquqi tarazlığın qorunması xüsusi əhəmiyyət kəsb edir.
Məktəb yalnız bilik və bacarıqların aşılandığı təhsil müəssisəsi deyil, eyni zamanda uşaqların şəxsiyyət kimi formalaşdığı, dünyagörüşünün inkişaf etdiyi və ictimai davranış qaydalarını mənimsədiyi tərbiyə mühitidir. Buna görə də məktəblərdə dünyəvi təhsil prinsiplərinin qorunması, bütün şagirdlərə bərabər münasibətin təmin edilməsi və hər hansı dini, siyasi və ya digər ideoloji təsirin təhsil prosesinə təzyiq vasitəsi kimi daxil edilməsinin qarşısının alınması vacibdir.
Bu baxımdan vahid məktəbli formasının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Vahid forma şagirdlər arasında sosial statusa, ailələrin maddi imkanlarına, xarici görünüşə və digər fərqlərə görə yaranan ayrı-seçkiliyin azaldılmasına, məktəb mühitində nizam-intizamın möhkəmləndirilməsinə və bərabərlik prinsipinin təşviqinə xidmət edir. Məktəbli forması təhsilalanların vahid kollektivin üzvü olduqlarını nümayiş etdirən, məktəb mühitində ümumi qaydalara riayət edilməsini təşviq edən vasitələrdən biridir.
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasında millilik və dünyəvilik də yer alır. Bu prinsiplərin qorunması məktəblərin fəaliyyətində, tədris prosesinin təşkilində və məktəb mühitində müəyyən edilmiş qaydalara əməl olunmasında öz əksini tapmalıdır. Şagirdlərin kiçik yaşlarından sağlam dünyagörüşü, müstəqil düşüncə və qarşılıqlı hörmət ruhunda yetişdirilməsi dövlətimizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Burada bir məqamı xüsusi vurğulamaq istəyirəm: məktəb məscid deyil, məscid də məktəb deyil. Hər bir məkanın öz təyinatı, funksiyası və davranış qaydaları var. İnsanlar dini ibadət məkanlarında həmin məkanın qaydalarına, təhsil müəssisələrində isə qanunvericiliyə və müəyyən edilmiş məktəb qaydalarına uyğun davranmalıdırlar. Məktəblərdə vahid geyim qaydalarına riayət olunması dini etiqad azadlığının inkar edilməsi kimi təqdim edilməməlidir. Eyni zamanda, vahid forma tələbləri tətbiq edilərkən şagirdlərin hüquqları və qanunvericiliyin tələbləri nəzərə alınmalıdır.
Bu gün vahid məktəbli formasının tətbiqini ciddi problem kimi təqdim etməyə çalışanlar məsələyə, ilk növbədə, təhsil müəssisəsinin mahiyyəti və ictimai funksiyası baxımından yanaşmalıdırlar. Məktəbin əsas vəzifəsi uşaqlara keyfiyyətli təhsil vermək, onların şəxsiyyət kimi formalaşmasına kömək etmək və bərabər imkanlara malik olduqları sağlam təhsil mühiti yaratmaqdır. Vahid məktəbli forması da məhz bu məqsədlərə xidmət edən vasitələrdən biri kimi qiymətləndirilməlidir.
Digər tərəfdən, Azərbaycanda dini etiqad azadlığının təmin olunması dövlətimizin siyasətinin mühüm istiqamətlərindəndir. Ölkəmizdə məscidlərin fəaliyyəti üçün şərait yaradılır, dini ibadətlərin həyata keçirilməsi təmin olunur, tarixi və dini abidələrin bərpasına dövlət dəstəyi göstərilir. İşğaldan azad edilmiş ərazilərdə erməni işğalı dövründə dağıdılmış və zərər görmüş dini abidələrin, o cümlədən məscidlərin bərpası istiqamətində görülən işlər milli-mədəni və dini irsimizin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, dini təhsil sahəsində mütəxəssislərin hazırlanması və dini maarifləndirmənin inkişafı üçün də müvafiq imkanlar yaradılıb.
Bütün bunlar onu göstərir ki, Azərbaycanda dünyəvi dövlət prinsiplərinin qorunması dini dəyərlərə qarşı münasibət kimi təqdim edilə bilməz. Əksinə, dünyəvilik müxtəlif dini inanclara malik insanların hüquqlarının qorunmasına, dövlət idarəçiliyinin dini təsirlərdən müstəqilliyinə və cəmiyyətdə bərabərliyin təmin olunmasına xidmət edir.
Bununla yanaşı, dini dəyərlərin radikalizm və xurafatın yayılması üçün vasitəyə çevrilməsinə yol verilməməlidir. Xarici radikal ideoloji təsirlərin cəmiyyətə nüfuz etməsi, xüsusilə də azyaşlıların və yeniyetmələrin bu təsirlərə məruz qalması ciddi narahatlıq doğuran məsələdir. Uşaqların tənqidi düşüncə qabiliyyətinin inkişaf etdirilməsi, onların dini mövhumatdan, xurafatdan və radikal çağırışlardan qorunması ailənin, məktəbin və bütövlükdə cəmiyyətin ortaq vəzifəsidir.
Ətrafımızda baş verən müharibələr, münaqişələr və geosiyasi gərginliklər sabitliyin və təhlükəsizliyin nə qədər mühüm dəyər olduğunu bir daha göstərir. Azərbaycan suverenliyini və ərazi bütövlüyünü təmin etmiş, sabitliyin və təhlükəsizliyin qorunmasına xüsusi önəm verən dövlətdir. Bu nailiyyətlərin qorunması üçün cəmiyyətimizdə milli birlik, qanunun aliliyi, dünyəvilik və qarşılıqlı hörmət prinsipləri möhkəmləndirilməlidir. Bu baxımdan uşaqlarımızın hansı mühitdə təhsil alması, hansı dəyərlər əsasında yetişməsi və məktəblərdə hansı qaydaların tətbiq olunması strateji əhəmiyyət daşıyır. Təhsil müəssisələri hər bir şagirdin özünü bərabərhüquqlu hiss etdiyi, bilik və bacarıqlarını inkişaf etdirdiyi, fərqli baxışlara hörmətlə yanaşmağı öyrəndiyi məkan olmalıdır.
Vahid məktəbli forması sadəcə geyim məsələsi deyil. Bu, məktəb mühitində bərabərliyin, nizam-intizamın, ümumi qaydalara hörmətin və təhsil müəssisəsinin vahidliyinin təşviqinə xidmət edən yanaşmadır. Bu qaydaların bütün şagirdlərə ədalətli, ardıcıl və qanunvericiliyə uyğun şəkildə tətbiqi isə xüsusi əhəmiyyət daşıyır.
Dünyəvi və demokratik prinsiplər əsasında inkişaf edən Azərbaycan dövlətinin qorunması və möhkəmləndirilməsi hər birimizin məsuliyyətidir. Məktəblərimiz də bu prinsiplərin yaşadıldığı, gələcək nəsillərə ötürüldüyü əsas ictimai institutlardan biri olmalıdır. Buna görə də vahid məktəbli formasının tətbiqinə münasibətdə emosional yanaşmalardan uzaq durmalı, məsələyə uşaqların mənafeyi, təhsilin keyfiyyəti, bərabərlik və qanunun aliliyi baxımından yanaşmalıyıq.

Azər Badamov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Oktyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri