Milli Məclis üzvlərindən qanun tələbi: vətəndaşların haqları bərpa edilsin
Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Onminlərlə ailə adından parlamentə ünvanlanan müraciət dəstəklənir - deputatlardan hökumətə tarixi sosial ədalət çağırışı
“Facebook”da 42 min ailəni təmsil edən Özəlləşdirmə Çekləri Qrupu adından Milli Məclisin spikeri Sahibə Qafarovaya və Milli Məclisin bütün üzvlərinə ünvanlanan açıq müraciət ətrafında müzakirələr və deputatların reaksiyaları davam edir. Müraciətdə deputatlardan haqqı pozulan vətəndaşlara kömək edilməsi, xalqa qarşı düşmənçiliyə və korrupsiyaya son qoyulması istənilib. Müraciət edən şəxslər qeyd ediblər ki, uzun illərdir Ulu Öndər Heydər Əliyev tərəfindən qanunla verilmiş Özəlləşdirmə Paylarını (çeklərini) – yəni əmlak paylarını satmayıb, haqlarının bərpa olunması ümidi ilə gözləyən yüzminlərlə ailə var.
“Hörmətli spiker və deputatlar, onların adından sizdən xahiş edirik, bu problemi Milli Məclisdə müzakirə edəsiniz, öz fikirlərinizi ictimayətlə bölüşəsiniz və cənab Prezident İlham Əliyevə düzgün məlumat verilməsinə yardım edəsiniz. Sizə müraciət edərək, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasətinə kölgə salmağa, onun nüfuzuna xələl gətirməyə çalışan bəzi məmurlara qarşı təcili cinayət işi açılmasına, korrupsiyaya və xalqa qarşı düşmənçiliyə son qoyulmasına yardımçı olmağınızı xahiş edirik”, - deyə müraciətdə vurğulanıb.
Bildirilib ki, son illərdə 30-dan çox deputat, onlarla hüquqşünas alim, iqtisadçı ekspert, YAP ağsaqqalı, yüzlərlə müxtəlif sahələr üzrə tanınmış şəxs xalqa qarşı olan bu haqsızlıqlar barədə mətbuat və “YouTube” kanalları vasitəsilə müraciətlər ediblər: “Ancaq nə Milli Məclisdə açıq müzakirələr aparılır, nə də ali rəhbərliyə birbaşa çıxışı olan Milli Məclis üzvləri cənab Prezidentə tam və aydın məlumat verirlər. Özəlləşdirmə payı və çeklər kapitalizmə dinc keçid üçün dövlətin Tarixi Sosial Ədalət siyasətinin əsas prinsipinə əsaslanaraq Ulu Öndər Heydər Əliyev tərəfindən xalqa Qanunla verilib. Özəlləşdirmə başlayan andan Ulu Öndərimiz Heydər Əliyev müddətə tabe olmadan, yəni 10-15-20 il keçməsindən aslı olmayaraq, bütün ölkə vətəndaşlarının ata-babalarının qanı-canı bahasına qurulmuş dövlət əmlakına sahib çıxmalarının, öz MİRAS əmlak paylarını mütləq şəkildə almalarının və ondan istədikləri kimi istifadə etmələrinin vacibliyini bəyan edib, bunun təmin olunmasının bir dövlət öhdəliyi olduğunu dəfələrlə yüksək tribunalardan səsləndirib”.
Haqq sahibləri millət vəkillərini dərhal hərəkətə keçməyə çağırırlar: “Hörmətli deputatlar! Bu, sadəcə Konstitusiya və qanunların pozulması deyil – korrupsiya və dövlət cinayətidir! Xalqa və Prezidentə qarşı düşmənçilikdir. Sizlərdən həm qanunverici orqanda xalqı təmsil edən millət vəkili, həm də bir vətəndaş kimi xalqa kömək etməyinizi xahiş edirik. Sizlərdən bu müraciətdə olan rəsmi dövlət orqanlarının sənədlərini və bəzi məmurlar tərəfindən böhtan-cinayət xarakterli hüquq pozuntularını diqqətlə oxumağınız, cənab Prezidentə və xalqa qarşı düşmənçiliyə son qoyulması üçün, hüquqi səhvlərin aradan qaldırılmasının təmin edilməsi üçün Xalqa yardımçı olmağınız xahiş olunur. Oliqarx məmurların bu hərəkətləri Prezidentə qarşı sadə böhtan deyil”.
“Konstitusiya və qanunlara əsasən, mülkiyyət hüququna, cənab Prezidentin də öz fərmanında yazdığı kimi, qanunvericiliklə qoyulmuş qaydalar – yəni ancaq Qanunda göstərilən qaydalar əsasında xitam vermək olar. Lakin oliqarx məmurlar 01.01.2011-ci ildən sonra cənab Prezidentin Fərmanını – Konstitusiya və qanunların qoyduğu qaydada icra etmədilər. İndi isə “cənab Prezident öz Fərmanı ilə Dövlət Özəlləşdirmə Paylarını dövriyyədən çıxarıb”, - deyərək, qəsdən cənab Prezidentə böhtan atırlar. Bu isə qanunla korrupsiya cinayətidir. Bu yolla həmin məmurlar bəzi hakimlərin vasitəsilə, öz qanunsuz əməllərini dövlət başçısının üzərinə atmaq istəyirlər. Hətta eşitdiyimiz məlumatlara görə, Prezident Adminstrasiyasında çalışan bəzi məmurlar bu məsələ ilə bağlı məhkəmələrə, işə baxan hakimlərə təzyiq də göstəriblər. Hesab edirik ki, bu durum onların cənab Prezidentə və dövlətə olan riyakar münasibətlərindən xəbər verir”, - deyə müraciət müəllifləri vurğulayıblar.
Qeyd etmək yerinə düşər ki, bugünlərdə barəsində həbs qərarı çıxarılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin böyük cinayətlərinin ortaya çıxması, onun dövlətə xəyanət və qanunsuz sərvət toplamaq kimi əməllərinin ifşa olunması özəlləşdirmə çekləri probleminin nə qədər aktual olduğunu, çek sahiblərinin tələblərinin nə dərəcədə haqlı olduğunu bir daha sübut edir. Belə ki, haqları əllərindən alınmış çek sahibləri illərdir bu problem piramidasının başında birbaşa Ramiz Mehdiyevin dayandığını, məhz onun cənab Prezidentin etibarından sui-istifadə edərək qanunsuz fərman imzalatdığını bəyan və isbat edirlər. Bu gün keçmiş PA rəhbəri dövlətə xəyanətdə və əldə etdiyi qanunsuz sərvəti leqallaşdırmaqda ittiham olunur. Onun əlaltısı olmuş məmurlarla əlaqəli müdhiş cinayət hallarına dair məlumatlar var.
Çek sahibləri illərdir bəyan edirlər ki, özəlləşdirmə çekləri ilə bağlı qəbul edilmiş qərar böyük qanun pozuntusu, bununla əlaqədar oliqarx-məmurların atdığı addımlar dövləti cinayətdir. Vətəndaşlar mandat verdikləri Milli Məclis üzvlərindən haqlarının bərpası üçün məsələni aidiyyəti orqanlar qarşısında qaldırmalarını, ədalətin bərpa edilməsi üçün yüzminlərin səsinin eşidilməsini istəyirlər. AYNA.AZ sözügedən müraciətə növbəti dəfə millət vəkillərinin münasibətini öyrənib.
(MÜRACİƏT, BİRİNCİ YAZI, İKİNCİ YAZI, ÜÇÜNCÜ YAZI)
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev:
“Artıq bir neçə ildir insanların əllərində qalmış özəlləşdirmə çeklərinin taleyi ilə bağlı çoxsaylı çağırışlar var. Həmin vətəndaşlarımızın şikayət və tələbləri barədə məlumatlıyam. Hesab edirəm ki, aidiyyəti qurumlar məsələyə münasibət bildirməli və məsələyə birdəfəlik nöqtə qoyulmalıdır. Təbii ki, əlalət pozulubsa, bu, hüquqi yolla bərpa edilməlidir. Yəqin ki, vətəndaşların müraciətinə reaksiya veriləcək və məsələ bu və ya digər formada həllini tapacaq. İnanıram ki, hər zaman olduğu kimi, vətəndaşdan yana qərar veriləcək”.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının rəhbəri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev:
“Əllərində çekləri qalmış və ondan istifadə edə bilməyən vətəndaşların şikayətləri ilə tanışam. Özəlləşdirmə çekləri ilə bağlı problemin həlli üçün dəfələrlə məsələ qaldırılıb. Milli Məclisdə deputat həmkarlarım da, mən də özəlləşdirmə məsələsinə bundan əvvəl toxunmuşuq. Hesab edirəm ki, bu məsələ həllini tapmalıdır. Məsələn, özəlləşdirmədə vaxtilə vətəndaşlara verilmiş qiymətli kağızlardan da istifadə edilə bilər, yaxud da, vətəndaşlara kompensasiya ödənilə bilər. Məncə, ən yaxşısı özəlləşdirmə prosesində bu çeklərdən istifadəyə şərait yaradılması olardı.
Çek sahibləri qanunla haqlıdırlar. Çünki həmin çeklərin üzərində istifadə müddəti göstərilməyib. Belə bir halda, vauçerləri tədavüldən çıxarmaq doğru deyildi. Həmin insanlar da qanunun aliliyinə güvənərək çeklərini saxlayıblar, amma 2011-ci ildən bu yana istifadə edə bilmirlər. Bu mənada, çeklərlə bağlı dövlət yekun qərar verməlidir.
Yenə də deyirəm, yüzminlərlə vətəndaş əllərində qiymətsiz hala düşmüş çekləri ilə ədalətin bərpasını gözləyirlər. Bu çeklər zamanında onlara qarşılıqsız və müddətsiz verilib. Bütün hallarda məsələyə yenidən baxılmalıdır və dediyim kimi, vətəndaşlara dəyən zərər qarşılanmalıdır. Bir daha aidiyyəti orqanlara, hökumətə müraciət edirəm ki, məsələni hərtərəfli araşdırsınlar, müvafiq qərar verilsin və problemə nöqtə qoyulsun”.
Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat, professor Anar İsgəndərov:
“Azərbaycan dövləti vətəndaşlarının problemlərinə, şikayətlərinə həmişə həssaslıq nümayiş etdirib. Hesab edirəm ki, hökumət çek sahiblərinin də şikayətini dinləməli, lazımi addımı atmalıdır. Çünki zamanında Ulu Öndər Heydər Əliyev tərəfindən əhalinin özəlləşdirmə prosesində iştirakının təmin olunması üçün çeklər verildi və bu qərar çox mütərəqqi qərar idi. Bu, Ulu Öndərin rəhbərliyində olduğu dövlətin öz vətəndaşına verdiyi dəyərin göstəricisi idi ki, vətəndaşlar da özəlləşdirmədə iştirak etsin, pay sahibinə çevrilsinlər.
Amma çeklərin istifadəsi ilə bağlı müəyyən problemlər oldu, proses tam şəffaf getmədi. İndi bu gün qiymətli kağızlarından istifadə edə bilməyən vətəndaşlar haqlarını tələb edirlər. Şikayət edənlər haqlıdırlarsa, onların haqları qanunla tanınmalıdır. Hesab edirəm ki, Ulu Önədrin onlara verdiyi qiymətli kağızlarının yenidən dövriyyəyə qaytarılması və yaxud problemin hansısa formada həllini tapması vacibdir. Ədalətin bərpası üçün hökumətin ədalətli qərar verməsi bütün tərəflər baxımından məqsədəuyğun olardı.
Çek sahiblərinin şikayətləri ilə tanışam. Hüquqşünaslar onların haqlı olduqlarını detallı izah ediblər. Deputat həmkarlarımız bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldırıblar. Yəqin ki, yenə də bu problemin üzərinə gəlinəcək. Dövlətin vətəndaşın hüququnun bərpası istiqamətində qərar verəcəyinə inanıram”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, YAP funksioneri Aydın Mirzəzadə:
“Özəlləşdirmə çekləri problemi həllini tapmalıdır. Uzun illərdir vauçerlərindən istifadə edə bilməyən insanların şikayətləri ilə zaman-zaman qarşılaşırıq. Hesab edirəm ki, Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə təsdiqlənən və qanunla vətəndaşa verilmiş çeklərdən səmərəli istifadə edə bilməyən insanlarımızın ondan istifadə edə bilmələrinə şərait yaradılmalıdır.
Düzdür, çeklərin tədavül müddəti bir neçə dəfə artırılıb və vətəndaşlardan ondan istifadə edə bilərdilər. Lakin ya buna cəhd göstərməyiblər, ya da üzərində etibarlılıq müddəti olmadığı üçün yenidən tədavül müddətinin artırılacağını gözləyiblər. Belə görünür ki, qanun vətəndaşların tərəfindədir. O zaman qanunda nəzərdə tutulan addım atılması lazımdır. Hesab edirəm ki, əllərində çekləri qalan vətəndaşların bundan səmərəli istifadə etmələrinə şərait yaratmaq olar. Necə deyərlər, dövlətimiz onların qiymətli kağızlarından istifadə etmələri üçün şans yaratsa, yaxşı olar”.
Millət vəkili Müşfiq Cəfərov:
“Düşünürəm ki, özəlləşdirmə çekləri ilə bağlı problem birdəfəlik həllini tapmalıdır. Xatırlayıram ki, dövlət çeklərdən özəlləşdirmədə lazımi şəkildə istifadənin tərəfdarı idi və bunun üçün qiymətli kağızların tədavül müddətini bir neçə dəfə uzatmaq haqqında qərar verildi. 2011-ci ildən sonra isə çeklərin tədavül müddəti artırılmadı. Qeyri-rəsmi məlumatlara görə, 2011-ci ilədək özəlləşdirmə paylarının 80 faizi istifadə edilib. Demək ki, 20 faiz çeklər qiymətsiz kağıza çevrilib. Əlində çeki qalan vətəndaşlar da bundan istifadə edə bilməyənlərdir.
Düşünürəm ki, həmin insanlara çeklərindən istifadə üçün şərait yaradılması ədalətli olardı. Müvafiq instansiyalar araşdırma apara bilər, əllərdə nə qədər çek qaldığı aydınlaşar və lazımi qərar verilər. Ya bu çeklərdən özəlləşdirmədə iştiraka şərait yaradıla bilər, ya da qiymətli kağızların dəyəri qiymətləndirilə, kompensasiya formasında ödəniş edilə bilər. Məsələn, komissiya yaradıla, komissiyada araşdırma aparıla, təkliflər verilə və ədalətin bərpasına yönəlik addımlar atıla bilər.
Bir deputat olaraq vətəndaşın şikayətini anlayıram və məsələnin həllinə dəstək göstərilməsində əlimdən gələni etməyə hazıram. Bundan əvvəl də mətbuat vasitəsilə aidiyyəti qurumlara müraciətlər etmişik. Həmkarlarım da məsələni dəfələrlə gündəmə gətiriblər. Yenə deyirəm, problemin hüquqi yolla həllinin tərəfdarıyam. Azərbaycan hüquqi dövlətdir və qanunlar vətəndaşların hüquqlarını qoruyur. İnanıram ki, bu problemlə bağlı da ədalətli qərar veriləcək”.
QEYD
Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.
Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
Əlavə qeyd
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
Baxış sayı:58
Bu xəbər 15 Noyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















