Milli Məclisin plenar iclasında 2026 cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb YENİLƏNİB
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Noyabrın 19-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2025-ci ilin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Newscenter.az xəbər verir ki, clası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bugünkü iclasın gündəliyinə 8 məsələ daxildir. Onlardan 6-sı "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi və Büdcə zərfinə daxil olan sənədlərdir.
Spiker diqqətə çatdırıb ki, bu il bizim büdcə müzakirələrimiz “Konstitusiya və Suverenlik İli”nə təsadüf edir. Noyabrın 12-də xalqımız Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Konstitusiyamızın 30 illiyini qeyd etdi.
Eyni zamanda, bu ay Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin 5-ci ildönümü də qürurla qeyd olundu. Dövlət suverenliyimizin tam bərpasını təcəssüm etdirən bu tarixi hadisələr gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə xüsusi bir məna verir.
Spiker qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkəmizin makroiqtisadi sabitliyini qorumağa imkan verib.
Mürəkkəb beynəlxalq konyunkturaya baxmayaraq, iqtisadiyyatımızın dayanıqlığı və ardıcıl inkişafı təmin edilib. Cənubi Qafqaz bölgəsinin lider dövləti kimi Azərbaycanın iqtisadi müstəqilliyi də möhkəmlənib.
Qeyri-neft sektorunun artımı, ixrac potensialının genişlənməsi, energetika sisteminin fəal surətdə modernləşdirilməsi və “yaşıl enerji” layihələrinə yeni sərmayələrin qoyulması təsdiq edir ki, iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla davam etdirilir.
Spiker vurğulayıb ki, azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri xüsusi olaraq qeyd edilməlidir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda innovasiyalar və enerji səmərəliliyi üzərində qurulan yeni iqtisadi model formalaşır.
Sosial sahəyə böyük diqqət yetirilir. İnsanların rifah halının daha da yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür.
Qlobal çağırışların gücləndiyi şəraitdə Azərbaycan nəinki maliyyə intizamını qoruyub saxlayıb, həm də büdcə gəlirlərinin artımını, büdcə xərclərinin sosial yönümünü və maliyyə ehtiyatlarının möhkəmlənməsini təmin edib.

Milli Məclisin sədri qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsi ölkəmizin sosial-iqtisadi inkişaf dinamikasını əks etdirir və iqtisadi sabitliyin daha da mökəmləndirilməsinə, insanların sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat və xərcləri 41,7 milyard manat məbləğində proqnozlaşdırılıb. Nəzərdə tutulan dövlət büdcəsi gəlirlərinin 57,4 faizi qeyri-neft-qaz sektorunun payına düşəcək.
Spiker onu da qeyd edib ki, 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə qeyri- neft-qaz sektorunun gəlirləri təqribən 11 faiz çox olacaq. Həmişə olduğu kimi, dövlət büdcəsinin prioritetləri ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması, sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq. Və əminliklə söyləmək olar ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasına imkan yaradacaq.
Spiker diqqətə çatdırıb ki, 2026-cı ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib. Son illərdə yaranmış ənənəyə uyğun olaraq, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri və nümayəndələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına dəvət edilib və iclasda onların hər birinə öz fikirlərini ifadə etməsi üçün şərait yaradılıb.
Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirib.
Spiker aparılacaq müzakirələrin səmərəli olacağına inamını ifadə edib və millət vəkillərini müzakirələrdə fəal iştiraka dəvət edib.

Sonra iclasda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxış edib. O, bu gün öz dövlət suverenliyini, iqtisadi müstəqilliyini əldə etmiş Azərbaycanın qətiyyətli, ləyaqətli və nüfuzlu dövlətə çevrildiyini vurğulayıb. Ölkəmizdə siyasi və iqtisadi müstəqilliyin uzlaşdırılmasının dövlət siyasətinin əsas prinsiplərindən biri kimi müəyyən edildiyini deyərək, Prezident İlham Əliyevin bu siyasətin mahiyyəti ilə bağlı səsləndirdiyi “İqtisadiyyatımız nə qədər güclü olsa, bizim siyasi addımlarımız da o qədər cəsarətli və uğurlu olacaqdır... İqtisadi müstəqillik siyasi müstəqilliyimiz üçün əsas şərtdir...” kimi fikirlərinin önəmli olduğunu qeyd edib. Azərbaycanın indiyə kimi reallaşdırdığı strateji təşəbbüslərin, yürüdülən müstəqil siyasətin əsasən daxili resurslar hesabına həyata keçirildiyini, ölkəmizin heç bir xarici dövlətdən, donor təşkilatlardan asılılığına yol verilmədiyini söyləyib.
Komitə sədri 2026-cı ilin büdcə layihəsinin dövlət başçısının iradəsini, irəli sürdüyü təşəbbüsləri, müəyyən etdiyi strateji vəzifələri özündə əks etdirdiyini və onların reallaşdırılması üçün maliyyə təminatını yaratdığını bildirib. O, büdcənin gəlir və xərcləri barədə söhbət açaraq, büdcə zərfinin makroiqtisadi sabitliyi səciyyələndirən proqnozlara əsaslandığını, növbəti ildə iqtisadi artımın 2,9 faiz, orta illik inflyasiya səviyyəsinin 4,8 faiz nəzərdə tutulduğunu, qlobal iqtisadi təsirlərə baxmayaraq, iqtisadiyyatımızı konyunktur risklərdən sığortalamaq üçün ölkəmizin 82.5 milyard dollarlıq strateji valyuta ehtiyatlarına malik olduğunu deyib. Qeyd edib ki, Böyük Qayıdış Proqramının icrasına növbəti il üçün planlaşdırılan 3,5 milyard manat da nəzərə alınmaqla, 2020-2026-cı illərdə 25,3 milyard manat büdcə vəsaiti ayrılıb. Təsdiq edilmiş iqtisadi inkişaf strategiyasının və digər dövlət proqramlarının da icrası üçün milyardlarla manat vəsaitə ehtiyac var. Belə bir şəraitdə, büdcə prosesinə rasional və realistik yanaşma zərurəti yaranır.
Diqqətə çatdırılıb ki, büdcə zərfinin əsas xüsusiyyətlərindən biri, ənənəvi olaraq, onun sosial xarakteri ilə bağlıdır. Sosial yönümlü xərclərin 17,1 milyard manat olmaqla dövlət büdcəsi xərclərinin 41%-ni təşkil etməsi sosial siyasətin növbəti ildə də prioritetliyini ifadə edir. Eyni zamanda təhsil, sosial müdafiə və təminat xərcləri üzrə artımlar nəzərdə tutulur. Bu artımlar icmal səhiyyə xərclərini də əhatə edir. Qeyd edilib ki, növbəti ilin büdcə zərfi həm də təhlükəsizlik büdcəsidir. Layihədə müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8,7 milyard manat nəzərdə tutulur. Müdafiə qabiliyyətimizin gücləndirilməsi, müasir ordu quruculuğu prosesinin hələ davam etməsi büdcə vasitəsilə hərbi gücün artırılmasını tələb edir. Habelə, keyfiyyət parametrlərinin və meyarlarının əsas götürülməsi, büdcənin dayanıqlığı və fiskal risklərdən sığortalanma qabiliyyəti də başlıca xüsusiyyətlərdən birini təşkil edir.
Azər Əmiraslanov söyləyib ki, son illər milli iqtisadiyyatımızda nəzərə çarpan ciddi struktur dəyişikliklərinin büdcə zərfini müşayiət etməsi onun vacib xüsusiyyətlərindən biridir. Belə ki, növbəti ildə neft-qaz ÜDM-nin 2,4 faiz azalması fonunda qeyri-neft qaz ÜDM 5 faizlik artımla proqnozlaşdırılır. Bununla da, ölkə iqtisadiyyatının strukturunda qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki 72 faizdən 2026-cı ildə 76 faizə, 2029-cu ildə isə 80 faizə çatacağı gözlənilir. Neft sektorunda azalmanın qeyri-neft iqtisadiyyatında artımla müşayiət edilməsi, ÜDM-də özəl bölmənin payının 81 faizə, təkcə xidmət sektorunun payının isə 43 faizə çatması, hərbi sənayenin inkişafı, nəqliyyat-tranzit potensialının reallaşması ölkəmizdə iqtisadi artımın keyfiyyətini yüksəltməkdədir. O, vurğulayıb ki, ölkə Prezidentinin innovativ və texnoloji inkişaf, insan kapitalı, rəqəmsallaşma, süni intellektlə bağlı sahələri prioritet elan etməsi, əlavə dəyər yarada bilən fəaliyyət istiqamətlərini dəstəkləməsi uzunmüddətli dövr üçün yüksək məhsuldarlığa əsaslanan iqtisadi artıma xidmət edəcək.
O, qeyd edib ki, neft sektorunun iqtisadiyyatda payının azalması və bunun fonunda iqtisadi artımın cari ilin 10 ayında 1,3 faiz təşkil etməsi, cari ilin sonuna 3 faiz gözlənilməsi və növbəti il üçün 2,9 faiz proqnozlaşdırılması durğunluq kimi dəyərləndirilməməlidir. Azərbaycanın son dövrdə neft sənayesi üzrə hasilat dinamikası ilə bağlı rəqəmləri nəzərə çatdıran komitə sədri, bunun dövlətimizin iqtisadi strategiyasında, xüsusilə də büdcə planlaşdırılmasında, neft gəlirlərinin idarə edilməsi modelində nəzərə alındığını söyləyib. Nəzərdə tutulan makro-fiskal çərçivədə büdcə siyasəti ilə pul siyasətinin uzlaşdırılmasının inflyasiyanı cilovlamağa imkan verəcəyini deyib.

Habelə, bildirilib ki, 2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 43 faizi və ya 16,4 milyard manatı neft, 57 faizi və ya 22,2 milyard manatı qeyri-neft iqtisadiyyatının payına düşür. 2025-ci ilin proqnozu ilə müqayisədə neft-qaz gəlirləri 1,9 milyard manat və ya 10,2 faiz azaldığı halda, qeyri-neft-qaz iqtisadiyyatının gəlirləri 2,1 milyard manat və ya 10,6 faiz çox nəzərdə tutulur. Cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına örtülməsi 2025-ci il üçün 81 faiz proqnozlaşdırıldığı halda, 2026-cı ildə onun 88 faizə, 2029-cu ildə 100 faizə çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, qeyd olunub ki, Dövlət Neft Fondunun, hətta transfertləri nəzərə alınmasa belə, büdcə gəlirlərimiz artım dinamikasına malikdir. Belə ki, transfertsiz büdcə gəlirləri 2023-cü ildə 23,5 milyard manat təşkil etdiyi halda, cari ilin sonuna 24,7 milyard manat, 2026-cı ildə isə 25,8 milyard manat gözlənilir.
Azər Əmiraslanov deyib ki, dövlətin gəlir və xərclərinin konservativ artımı növbəti ildə nəzərdə tutulan büdcə siyasətinin mahiyyətindən və fəlsəfəsindən irəli gəlir. 2026-cı ildə gəlirlərin 253 milyon manat, xərclərin isə 296 milyon manat olmaqla 0,7 faizlik mühafizəkar artımı dövlət büdcəsinin zəif deyil, güclü tərəfidir. Bəzi göstəricilər qısamüddətli dövrdə zəif bənd təəssüratı yaratsa da, perspektiv dövrdə o güclü bənd kimi çıxış edir. O, qeyd edib ki, büdcənin qiymətləndirmə meyarı onun artım dinamikası deyil, dayanıqlı olması, maliyyə resurslarının ünvanlı bölgüsü və səmərəli istifadəsidir. Büdcənin dinamikası iqtisadi artımla, inflyasiya səviyyəsi ilə uzlaşdırılmalıdır. Xərclərin daha az artımı maliyyə-büdcə problemini deyil, hökumət tərəfindən xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi təşəbbüslərini göstərir. Eyni zamanda, nəzərə çatdırılıb ki, yeni büdcə zərfi vergi yükünün artırılmasını deyil, gəlir mənbələrini şaxələndirərək vergi bazasının genişləndirilməsini, kölgə iqtisadiyyatının daralmasını, vergi-gömrük təşviqləri vasitəsilə qeyri-neft sektorunun inkişafına təkan verilməsini nəzərdə tutur.
Komitə sədri öz çıxışında bəzi təkliflərini səsləndirərək bildirib ki, vergi daxilolmaları hesabına büdcə gəlirlərimizin formalaşdırılması üçün milli iqtisadiyyatımızın gəlir yaratmaq qabiliyyəti gücləndirilməli, iqtisadi imkanlarımız səfərbər olunmalı, sahibkarlıq potensialı tam hərəkətə gətirilməlidir. Habelə, büdcə konsolidasiyasının iqtisadi artım tempini qısamüddətli dövrdə zəiflədə biləcəyini nəzərə alaraq, stimullaşdırıcı tədbirlərin dairəsi genişləndirilməlidir. Bununla yanaşı, fiskal, monetar, sənaye-investisiya siyasətlərinin bir-biri ilə uzlaşdırılaraq vahid iqtisadi siyasətdə optimal şəkildə birləşdirilməsinin vacibliyi qeyd edilib. Dövrün reallıqları və çağırışları nəzərə alınmaqla sosial, iqtisadi, maliyyə, enerji, ərzaq, su təhlükəsizliyi sahəsində tədbirləri əhatə edən Vahid İqtisadi Təhlükəsizlik Konsepsiyasının hazırlanması təklif olunub.
Azər Əmiraslanov “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin büdcə qanunvericiliyinin tələblərinə və ölkəmizin strateji inkişaf hədəflərinə cavab verdiyini bildirib.
Sonra iclasda maliyyə naziri Sahil Babayev çıxış edib. O, müstəqillik tariximizin ən böyük büdcə zərfi olan 2026-cı ilin büdcə layihəsinin müzakirəsinin Şanlı Zəfərimizin beşinci ildönümünə təsadüf etdiyini söyləyib. Böyük qürurla qeyd etdiyimiz bu qələbənin məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, dövlət və ordu quruculuğunda həyata keçirilən ardıcıl islahatlar, eləcə də iqtisadi və maliyyə imkanlarımızın səmərəli səfərbər olunması nəticəsində əldə edildiyini vurğulayıb. Qeyd edib ki, cari ilin avqust ayında ölkə başçısının Vaşinqtona tarixi səfəri də Azərbaycanın gücünün, beynəlxalq nüfuzunun və qlobal siyasətdə aparıcı mövqeyinin göstəricisi olmaqla regionumuz üçün yeni strateji imkanlar yaratdı.
Diqqətə çatdırılıb ki, bu gün təqdim edilən dövlət büdcəsinin xərc prioriteti kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramı durur. Bu, Prezident tərəfindən qarşıya qoyulmuş ali vəzifədir və büdcə imkanları artdıqca, ilk növbədə azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirməli və insanların öz doğma yurdlarına qayıdışını daha tez təmin etməliyik. Bununla yanaşı, Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin, Azərbaycanın haqlı mövqeyinin və maraqlarının müdafiəsi, ərazi bütövlüyümüzün və sərhədlərimizin toxunulmazlığı, müdafiə qabiliyyətimizin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi sahəsində maliyyə təminatı növbəti il üçün prioritet olaraq qəbul edilib.
Nazir bildirib ki, növbəti ildə “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına büdcə xərclərinin 8,4 faizinə bərabər, yaxud 3,5 milyard manat məbləğində vəsait ayrılacaq. Müdafiə və milli təhlükəsizlik məqsədilə dövlət büdcəsi xərclərinin 21 faizi həcmində və ya 8,7 milyard manat məbləğində vəsait nəzərdə tutulur və bu, cari illə müqayisədə 319 milyon manat çoxdur. 2026-cı ildə dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Cari illə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlərə, təqaüdlərə və digər sosial ödənişlərə 2,8 milyard manat vəsait sərf ediləcək. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır.
Bununla yanaşı, qeyd olunub ki, 2026-cı ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait ayrılacaq ki, bu da 2024-cü ilin icra göstəricisinə nisbətən 11 faiz çoxdur. Bütövlükdə, gələn il üçün icmal büdcədən səhiyyə xərclərinə cəmi 3,7 milyard manat vəsait ayrılacaq. Təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur. Növbəti ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsil alanların sayı 150 min nəfərə, təqaüd alanların sayı isə 121 min nəfərə çatacaq. Gələn il əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, şəhid ailələri və müharibə veteranı statusu almış güzəştli kateqoriyaya aid olan 18,5 min tələbənin təhsil və təqaüd xərcləri üçün 42 milyon manat vəsait proqnozlaşdırılır.
Növbəti ildə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin maliyyə təminatı üçün dövlət büdcəsindən 1,2 milyard manat vəsait ayrılacaq. Kənd təsərrüfatına ayrılacaq vəsaitin 42 faizi və yaxud 513 milyon manatı ərzaq təhlükəsizliyi tədbirlərinə yönəldiləcək. Bu xərclərin 40 faizi və ya 490 milyon manatı torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, 18 faizi və ya 219 milyon manatı isə baytarlıq və digər kənd təsərrüfatı tədbirləri üçün nəzərdə tutulur.
2026-cı ildə qeyri-neft sektorunda investisiyaların və iqtisadi artımın dəstəklənməsi, o cümlədən enerji, qaz, su təchizatı, nəqliyyat, kənd təsərrüfatı, meliorasiya təyinatlı infrastrukturun, sosial-mədəni və digər layihələrin maliyyələşdirilməsi üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 2,7 milyard manat nəzərdə tutulur.
Növbəti ildə, habelə dövlətimizin beynəlxalq aləmdə mövqeyinin qorunması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün də müvafiq təxsisatlar ayrılıb. Belə ki, ölkəmizin 85 diplomatik nümayəndəliyinin xərcləri 215 milyon manata çatdırılıb. Habelə, beynəlxalq təşkilatlara üzvlük haqları, səhm kapitalında iştirak etdiyimiz beynəlxalq maliyyə institutları qarşısında öhdəliklərin qarşılanması üçün 62 milyon manat, beynəlxalq tədbirlərin ölkə daxilində və xaricində keçirilməsi üçün 246 milyon manat vəsait proqnozlaşdırılır.
Gələn il üçün dövlət büdcəsinin yerli xərcləri 759 milyon manat həcmində proqnozlaşdırılır. Görülən tədbirlər nəticəsində regionların dövlət büdcəsindən asılılığının aradan qaldırılması tendensiyası öz tempini qoruyur. Növbəti ildə cəmi 1 rayon üçün dotasiyanın ayrılmasına ehtiyac olacaq. 2026-cı il üçün bələdiyyə büdcələrinə 13,5 milyon manat vəsait nəzərdə tutulur.

Maliyyə naziri nəzərə çatdırıb ki, 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin 22,2 milyard manatı və ya 57,4 faizi qeyri-neft sektoru üzrə daxilolmalar hesabına reallaşacaq və bu cari illə müqayisədə 2,1 milyard manat və ya 10,6 faiz çoxdur. Qeyri-neft sektorundan gəlirlərin 13,3 milyard manatını vergi orqanlarının, 6,9 milyard manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 1 milyard manatını büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmalar, 531 milyon manatını sair daxilolmalar, 450 milyon manatını isə dividendlər təşkil edəcək. Neft-qaz sektorundan gəlirlər isə 16,4 milyard manat və ya büdcə gəlirlərinin 42,6 faizi məbləğində proqnozlaşdırılır. Cari illə müqayisədə cəmi vergi orqanlarının xətti ilə daxilolmalar 9,1 faiz, gömrük rüsumları və idxala vergi daxilolmaları 4 faiz, ödənişli xidmətlər üzrə daxilolmalar 16 faiz, digər daxilolmalar isə 9,6 faiz çox olacaq.
2026-cı ildə büdcə kəsiri 3,1 milyard manat məbləğində proqnozlaşdırılır. Büdcə kəsiri özəlləşdirmədən daxilolmalar, dövlət borclanması və vahid xəzinə hesabının qalığı ilə maliyyələşdiriləcək.
Nazir, habelə 2026-cı il üçün icmal büdcənin əsas göstəriciləri ilə bağlı məlumatı da təqdim edib. O, bildirib ki, növbəti il üçün icmal büdcənin gəlirləri 45 milyard manat, xərcləri 48,8 milyard manat, kəsiri isə 3,9 milyard manat məbləğində proqnozlaşdırılır. 2026-cı il üçün Dövlət Neft Fondunun büdcəsinin gəlirləri və xərcləri eyni səviyyədə, 13 milyard manat məbləğində nəzərdə tutulur. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 8,3 milyard manat, xərcləri 8,5 milyard manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 2 milyard manat, xərcləri 2,6 milyard manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 238 milyon manat, xərcləri 266 milyon manat təşkil edəcək. Növbəti il üçün Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 483 milyon manat məbləğində olacaq.
Sahil Babayev 2026-cı il üçün dövlət və icmal büdcələrin layihələrinin ölkəmizin sosial-iqtisadi prioritetləri və qarşıda duran çağırışlar nəzərə alınmaqla tərtib olunduğunu deyib. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən çoxşaxəli və müdrik inkişaf strategiyasının həyata keçirilməsi, müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın yüksək səviyyədə davam etməsi, iqtisadi inkişafın stimullaşdırılması, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, habelə dövlətin əsas vəzifə və funksiyalarının həyata keçirilməsi üçün 2026-cı il üzrə maliyyə təminatının tam formalaşdırıldığını vurğulayıb.
Sonra iclasda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bu günlərdə xalqımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin 5 illiyini təntənə ilə qeyd etdiyini bildirib. Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndiyini, şanlı Zəfərin ölkəmizin davamlı iqtisadi inkişafı və rifahı üçün geniş imkanlar açdığını qeyd edib.
O, ölkə iqtisadiyyatının son illər ərzində keçdiyi inkişaf yoluna nəzər salaraq, 2018-ci ildən başlayaraq vergi-gömrük və əmək bazarı sahəsində islahatlara start verildiyini, 2019-2025-ci illərdə ölkə iqtisadiyyatının inkişafında çox mühüm keyfiyyət və struktur dəyişiklikləri baş verdiyini söyləyib. Bildirib ki, bu dövr ərzində qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki 58%-dən cari ilin son tarixinə 70%-ə yüksəlib. 2019-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in nominal həcmi 2 dəfə, real həcmi isə 1,4 dəfə böyüyüb. 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3% artması gözlənilir. ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in orta illik artımının 6,1% olacağı gözlənilir. 2019-2024-cü illərdə qeyri-neft-qaz ixracı 2 dəfə böyüyərək 3,4 milyard ABŞ dolları olub. 2022-ci ildən etibarən ölkənin xarici ticarət dövriyyəsi təqribən 50 milyard ABŞ dolları səviyyəsində sabitləşib.
Nazir diqqətə çatdırıb ki, 2018-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2025-ci ilin təsdiq edilmiş dövlət büdcəsinin gəlirləri 1,7 dəfə, o cümlədən qeyri-neft-qaz gəlirləri 2,2 dəfə artıb. Qeyri-neft-qaz vergi daxilolmaları isə dövr ərzində 2,3 dəfə artıb. Qeyri-neft-qaz gəlirlərinin büdcədə payı 2018-ci ildəki 40,5%-dən 2025-ci ilin təsdiq edilmiş büdcəsində 52%-ə yüksəlib, 2026-cı ilin büdcə layihəsində isə bu göstərici 57% nəzərdə tutulub. 1 yanvar 2019-cu il ilə müqayisədə 1 noyabr 2025-ci il tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 845 mini ötüb. 2019-2024-cü illərdə ölkədə qeyri-neft-qaz sənaye istehsalı 1,9 dəfə artıb.
O, vurğulayıb ki, Prezidentin diplomatiya sahəsində əldə etdiyi qələbələr son illərdə ölkənin xarici iqtisadi əlaqələrinə də yeni təkan verib. Belə ki, cari il avqustun 8-də ABŞ-da sülh müqaviləsinin paraflanması, o cümlədən Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutunun yaradılması ilə regional əlaqələrin daha da möhkəmlənməsi, bu il noyabrın 16-da Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət görüşündə Azərbaycanın Mərkəzi Asiya ölkələrinin 6-lıq formatına daxil olması bunun bariz nümunələridir.
Qeyd olunub ki, qeyri-neft-qaz sektoruna, o cümlədən alternativ energetika sahəsinə böyük həcmli xarici investisiyalar daxil olmaqdadır. Bir sıra ölkələrlə birgə investisiya fondları yaradılıb. Azərbaycan Avropanın 14 ölkəsinin etibarlı qaz təminatçısına çevrilib. Bütün bunlar regionda iqtisadi və sosial əlaqələrin inkişafına mühüm töhfələr verəcək.
Mikayıl Cabbarov qeyd olunan inkişaf mərhələsində iqtisadi artım templərinin sürətləndirilməsi, sosial-iqtisadi inkişafa yönələn dövlət sərmayələrinin, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasına yönələn investisiyaların əhəmiyyətli dərəcə artması, əhalinin rifah göstəricilərinin yaxşılaşdırılması, ölkənin qızıl valyuta ehtiyatlarının böyüməsi, ölkə iqtisadiyyatında və maliyyə dayanıqlığında əldə edilən nəticələrə əsaslanaraq, Azərbaycanın beynəlxalq reytinq agentlikləri tərəfindən tanınması kimi məqsədlərə nail olunduğunu bildirib.
O, təqdim edilən dövlət büdcəsi layihəsinin fiskal dayanıqlığın gücləndirilməsini hədəfləməklə, büdcə konsolidasiyası siyasətini, o cümlədən fiskal nəzarət mexanizminin gücləndirilməsini özündə ehtiva etdiyini deyib. Bildirib ki, Prezidentin təşəbbüsü ilə əmək bazarında leqallaşma prosesinin davam etməsi üçün yaradılmış münbit şəraitin qorunması məqsədilə daha aşağı gəlirlərə aşağı vergi yükünün müəyyən edilməsi və bunun mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğun hesab edilir. Bu çərçivədə qeyri-neft-qaz özəl sektorunda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib. O, qeyd edib ki, iqtisadi artıma və biznesə vergi siyasətinin dəstəyi kifayət qədər yüksəkdir. Ələt İqtisadi Zonası, işğaldan azad olunmuş ərazilər, sənaye və texnologiya parkları, dövlət-özəl tərəfdaşlığı layihələri, kənd təsərrüfatı sektoru və digər bu kimi istiqamətlərdə çoxsaylı vergi güzəştləri mövcuddur.
Habelə, bildirilib ki, son illərdə dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin, o cümlədən vergi daxilolmalarının artması vergi dərəcələrinin artırılması hesabına deyil, şəffaflaşma və keyfiyyətli inzibatçılıq sayəsində vergitutma bazasının genişlənməsi yolu ilə təmin edilib. Nəticədə iqtisadiyyatda, xüsusilə də qeyri-neft-qaz sektorunda vergitutma bazası genişlənib, büdcənin gəlir və xərclərinin artımı ilə yanaşı, əhalinin gəlirləri və müəssisələrin sərmayələri əhəmiyyətli dərəcədə artıb.
Nazir iqtisadi artım proqnozlarına dair nəzərə çatdırıb ki, ÜDM-in növbəti ildə 2,9 faiz, 2026-2029-cu illərdə orta illik hesabla 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in növbəti və ortamüddətli dövrdə isə orta illik hesabla 5 faiz ətrafında artacağı proqnozlaşdırılır. Bununla yanaşı, qeyd edilib ki, icrası tamamlanmış və ya 2027-ci ilədək reallaşması nəzərdə tutulan 2 QVt civarında sənaye miqyaslı 8 günəş və külək elektrik stansiyası üzrə təxminən 2,8 milyard ABŞ dolları həcmində xarici və yerli investisiyanın cəlb edilməsi iqtisadi artıma töhfə verməklə yanaşı, yaşıl iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır. “Xəzər – Qara dəniz – Avropa” və “Mərkəzi Asiya – Azərbaycan” yaşıl enerji dəhlizlərinin yaradılması üzrə sazişlərin imzalanması və bu istiqamətdə işlərə başlanması, strateji enerji qovşağı olan ölkəmizin etibarlı enerji ixracatçısı və yaşıl investisiyalar məkanı kimi rolunu daha da gücləndirəcək. Nəqliyyat dəhlizləri üzrə ölkənin mövcud infrastrukturunun son illərdə yaxşılaşdırılması, Ələt Dəniz Ticarət Limanının yükaşırma potensialının artırılması hesabına tranzit yükdaşımalarının həcmi 2019-cu illə müqayisədə 2024-cü ildə 2.5 dəfə dəfə artaraq, 14.5 milyon ton təşkil edib. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrasına başlanılmış Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə bağlı 407 milyon ABŞ dolları dəyərində layihə ölkənin su təhlükəsizliyi, texnologiya transferi və xarici investisiyalar baxımından mühüm addımdır. 2018-2025-ci illərdə icra olunan sosial islahat paketi, o cümlədən orta aylıq pensiyanın 2,6 dəfə, sosial müavinətlər üzrə ayrılan illik vəsaitin 5 dəfə artması, habelə əmək bazarının leqallaşdırılması istiqamətində görülmüş birgə tədbirlər nəticəsində sosial rifahın yüksəlməsi ilə yanaşı, iqtisadi iştirakçılıq artıb.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının icrası ilə bağlı qeyd edilib ki, bu ərazilərdə geniş miqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi məqsədi ilə 2021-2025-ci illərdə 22 milyard manatdan çox vəsait ayrılıb. 2026-2029-cu illərdə isə bu məqsədlə 13,5 milyard manat ayrılması nəzərdə tutulub. Təqdirəlayiq hal kimi işğaldan azad olunmuş ərazilərin maliyyələşməsinin tam olaraq Azərbaycanın öz vəsaiti hesabına təmin edildiyi vurğulanıb.
Mikayıl Cabbarov bildirib ki, bütün bunlar onu göstərir ki, Azərbaycan öz inkişaf miqyasına, resurslarına, iqtisadiyyatın dayanıqlığına görə Cənubi Qafqazın lider dövləti, Mərkəzi Asiyada isə aparıcı dövlətlərdən biridir.
Sonra iclasda Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov çıxış edərək, vurğulayıb ki, 2025-ci ildə dəyişkən qlobal iqtisadi şəraitə baxmayaraq, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət sayəsində Azərbaycan iqtisadiyyatı dayanıqlı və inklüziv inkişaf xəttini qoruyub. Cari ilin ötən dövrü üzrə qlobal iqtisadiyyatda və ölkədə daxili iqtisadi mühitdə baş verənlər barədə danışan Taleh Kazımov bildirib ki, Beynəlxalq Valyuta Fondunun oktyabr proqnozlarına əsasən, 2025-ci ildə qlobal iqtisadi artımın 3,2%, inflyasiyanın 4,2% olacağı gözlənilir. 2026-cı il üçün qlobal iqtisadi artım 3,1%, inflyasiya isə 3,7% səviyyəsində proqnozlaşdırılır.
2025-ci ilin 10 ayında ölkə iqtisadiyyatının müsbət dinamikasından danışan Taleh Kazımov deyib ki, bu dövrdə ÜDM real ifadədə 1,3%, o cümlədən qeyri-neft-qaz sektorunda 3,1% artıb. Həmçinin ölkənin strateji valyuta ehtiyatları 16,2% artaraq dövrün sonuna 82,5 mlrd. ABŞ dolları təşkil edib. Vurğulanıb ki, bu göstərici tarixi maksimum olmaqla, ölkəmizin iqtisadi gücünü və onun maliyyə dayanıqlığını əks etdirir. Mərkəzi Bankın valyuta ehtiyatları oktyabr ayının sonuna 11,4 mlrd. ABŞ dollarına bərabər olub ki, bu da son 3 il üzrə 45,7% artım deməkdir.
Taleh Kazımovun sözlərinə görə, 2025-ci ildə pul siyasəti monetar şərait vasitəsilə inflyasiyanın hədəf daxilində saxlanılmasına yönəldilib. O, inflyasiyaya təsir edən amilləri diqqətə çatdıraraq, qeyd edib ki, 2025-ci ilin sonuna illik inflyasiya 6% səviyyəsində olacaq. 2025-ci ilin ötən dövründə nağd və nağdsız seqmentlər üzrə, ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib və bu da qiymət sabitliyinə zəruri dəstək verib. Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli qalması və iqtisadi gözləntilərin effektiv idarə olunması valyuta bazarında tarazlığı dəstəkləyib. Bundan başqa, keçirilən islahatlar iqtisadiyyatda dedollarlaşma meyllərini gücləndirib. Belə ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi ilin əvvəlindən 2,1 faiz bəndi azalaraq 2025-ci ilin oktyabrında 28,5%-ə enib. Bu isə tarixi minimumdur. Həmçinin, Avropa Yenidənqurma və İnkişaf Bankı AZIR indeksinə bağlı üzən faizli istiqrazların yerləşdirilməsinə start verib ki, bu da Azərbaycanın maliyyə bazarı üçün mühüm nailiyyət kimi qiymətləndirilir.
Mərkəzi Bankın sədri 2025-ci ilin ötən dövründə bank sektorunun fəaliyyəti ilə bağlı göstəriciləri də diqqətə çatdırıb. Qeyd olunub ki, cari ilin 10 ayında kredit portfeli 7% artaraq 29,4 mlrd. manata çatıb. Dövr ərzində əhalinin əmanətləri 8,7%, sığorta haqları 12,9%, sığorta ödənişləri isə 24,2% artıb. Qiymətli kağızlar bazarında ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 55 mlrd. manat təşkil edib. Bildirilib ki, ödəniş sistemlərinin sabit və etibarlı fəaliyyəti təmin edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların həcmi isə 32,7% artıb.
Taleh Kazımov gələn ilin büdcə layihəsi ilə bağlı bildirilib ki, ümumilikdə, Mərkəzi Bank 2026-cı il və ortamüddətli dövr üçün təqdim edilən makro-fiskal çərçivəni makroiqtisadi sabitlik və fiskal dayanıqlılıq baxımından optimal və effektiv hesab edir. Qeyd olunub ki, 2026-cı ildə büdcə kəsiri inflyasiya yaratmır və ümumilikdə, 2026-cı ilin icmal və dövlət büdcələri Mərkəzi Bank tərəfindən müsbət qiymətləndirilir.
2026-cı il üzrə Mərkəzi Bankın pul siyasətinin prioritetləri barədə danışan Taleh Kazımov deyib ki, əsas məqsəd inflyasiyanın hədəf daxilində saxlanılması olacaq. O, Mərkəzi Bankın 2026-cı il üzrə maliyyə sisteminin əsas sektorları üzrə proqnozları və qarşıya qoyduğu hədəfləri barədə məlumat verib.
Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə dair Palata tərəfindən hazırlanmış rəyi təqdim edib.
Bildirilib ki, büdcə layihəsi və ona əlavə olunan sənədlər “Büdcə sistemi haqqında” Qanuna uyğun tərtib olunub və proqnoz göstəriciləri düzgün müəyyən edilib. Palatanın əvvəlki rəylərində göstərilən bir çox məqamlar Büdcə Zərfində tam və ya qismən nəzərə alınıb. Gələn ilin büdcəsi ölkənin ortamüddətli strateji məqsədlərini, sosial-iqtisadi inkişaf strategiyasının və Böyük Qayıdış Proqramının sonuncu il tədbirlərinin maliyyələşdirilməsini əhatə edir, həmçinin rəqəmsal iqtisadiyyat və süni intellekt kimi prioritetlərin maliyyə təminatını nəzərdə tutur.
Fiskal intizam normaları ilə bağlı qeyd olunub ki, hesablamalar icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin cari ildə büdcə qaydasının fəlsəfəsində aparılan dəyişikliklərdə nəzərdə tutulan hədləri üstələdiyini göstərir. Qaydanın digər göstəricisi olan dövlət borcunun ÜDM-ə nisbəti isə müəyyən edilmiş hədəf diapazonunda qalmaqdadır.
Büdcə sənədləşməsinin keyfiyyəti ilə bağlı qeyd olunub ki, 2026-cı il dövlət büdcəsi layihəsinə əlavə olunan materiallarda bir sıra yeniliklər tətbiq edilib və məlumatlılığın artırılması istiqamətində irəliləyiş əldə olunub. Palata sədri qanun layihəsinə dair izahatda fiskal risk kimi qiymətləndirilən amillərin tərkibinin genişləndirilməsini təqdir edib, eyni zamanda, iqtisadiyyatın qeyri-neft-qaz sektoru, eləcə də inflyasiya üzrə risklər və ssenarilər barədə açıqlamalar verilməsini də təklif edib.
Gələn ilin dövlət büdcəsinin gəlir və xərc parametrləri ilə bağlı danışan Palata sədri bildirib ki, növbəti il üçün dövlət büdcəsinin gəlirləri cari ilin göstəriciləri ilə müqayisədə ümumi həcmdə ciddi dəyişiklik nümayiş etdirməsə də, gəlirlərin tərkibində struktur dəyişikliklərinin baş verməsi proqnozlaşdırılır. Belə ki, layihəyə əsasən, gəlir mənbələrindən 12-si üzrə artım, 7-si üzrə azalma nəzərdə tutulub, 1 mənbənin həcmi dəyişməz qalıb, 1 mənbə üzrə isə proqnoz nəzərdə tutulmayıb.
Növbəti ildə Dövlət Neft Fondundan transfert 11,4% azalma ilə planlaşdırılır ki, bu da neft asılılığının azalması və Fondun vəsaitlərinin qorunması baxımından müsbət qiymətləndirilib. Əsas fiskal qurumlar üzrə gəlir artımı proqnozlaşdırılır və palata növbəti ildə gəlir inzibatçıları üzrə proqnozların icrasında ciddi risklərin olmayacağı qənaətindədir.
Növbəti ildə büdcə xərclərinin strukturunda da dəyişikliklərin nəzərdə tutulduğunu deyən Vüqar Gülməmmədov, bunun əsasən uçot siyasətində edilən dəyişikliklərlə bağlı olduğunu bildirib. Növbəti ildə borca xidmət xərcləri gəlirlərin 6,4 faizi, xərclərin isə 5,9 faizi həcmində proqnozlaşdırılır ki, bu da məqbul səviyyədir.
Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri hesabına növbəti ildə maliyyəşdirilməsi nəzərdə tutulan 194 layihənin ümumi dəyəri 17,7 mlrd. manatdır. Vəsaitin 0,9%-i 5 yeni, 99,1%-i isə 189 keçid layihə üzrə nəzərdə tutulub.
Palata sədri çıxışında xərclərin səmərəli planlaşdırılması, büdcə və maliyyə hesabatlılığı ilə bağlı palatanın bəzi tövsiyələrini də diqqətə çatdırıb.
Vüqar Gülməmmədov sonda təhlillərin nəticələrini ümumiləşdirərək, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsinin qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlandığını bildirib.
Fasilədən sonra iclasda "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə Milli Məclisin komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, Əhliman Əmiraslanov, Anar İsgəndərov, Tahir Rzayev, komissiya sədri Eldar Quliyev, deputatlar Azər Badamov, Vüqar Bayramov, Asif Əsgərov, Heydər Əsədov, İlham Məmmədov, Fariz İsmayılzadə, Mircəlil Qasımlı, Bəxtiyar Əliyev, Azər Allahverənov, Soltan Məmmədov, Aydın Mirzəzadə, Rəşad Mahmudov, Rövşən Muradov, Qüdrət Həsənquliyev, Naqif Həmzəyev, Ceyhun Məmmədov, Hikmət Məmmədov, Tahir Mirkişili, Əli Məsimli, Nəsib Məhəməliyev çıxış ediblər.
Millət vəkilləri gələn ilin dövlət büdcəsi layihəsinin əsas məqsədinin sosial-iqtisadi prioritetlərə uyğun xərclərin həyata keçirilməsi, qeyri-neft sektorunda davamlı artımın təmin edilməsi, büdcənin neft gəlirlərindən asılılığının azaldılması və fiskal dayanıqlılığın gücləndirilməsi olduğunu bildiriblər, bir sıra məsələlərlə bağlı rəy və təkliflərini səsləndiriblər.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.
2026-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri noyabrın 20-də davam etdiriləcək.
Süleyman
Bu mövzuda digər xəbərlər:Milli Məclisin plenar iclasında 2025ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanılıb YENİLƏNİB AZƏRTAC
25 Noyabr 2024 19:54
Milli Məclisin plenar iclasında 2025ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanılıb
26 Noyabr 2024 09:54
Milli Məclisin plenar iclasında 2025ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıbYENİLƏNİB
25 Noyabr 2024 22:45
2026 cı il dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib YENİLƏNİB
04 Noyabr 2025 14:51
Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB
22 Aprel 2025 19:10
Baxış sayı:103
Bu xəbər 19 Noyabr 2025 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















