Icma.az
close
up
RU
Milli Məclisin plenar iclasında 2026 ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda qəbul olunub

Milli Məclisin plenar iclasında 2026 ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda qəbul olunub

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Dekabrın 2-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda hökumət üzvləri iştirak ediblər.
Newscenter.az xəbər verir ki, əvvəlcə, iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə deputatlar Rövşən Muradov, Nigar Arpadarai, Tahir Mirkişili, Soltan Məmmədov, Könül Nurullayeva, Şahin Seyidzadə, Jalə Əliyeva, Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov çıxış ediblər.
Deputatlar vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər ərzində ölkə başçısının səyləri nəticəsində ölkəmiz dünyanın lider dövlətləri sırasına yüksəlib, ordu quruculuğunda böyük uğurlar əldə edib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində xalq öz Prezidenti ətrafında birləşdi, torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Qeyd edilib ki, əldə edilmiş uğurlardan biri də 2020-ci il noyabrın 10-da imzalanmış birgə Bəyanata uyğun olaraq dekabrın 1-də Laçın rayonunun döyüşsüz işğaldan azad edilməsidir.
Bildirilib ki, regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərində yaranmış reallıq sülh gündəliyini inkişaf etdirmək üçün yeni imkanlara yol açıb. Sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiya prosesinin başa çatdırılması, kommunikasiyaların açılması və regional iqtisadi əməkdaşlıq üçün münbit şərait yaradılıb. Bununla yanaşı, post-müharibə dövründə ölkəmiz beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, azad edilmiş ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı kimi məsələlərdə qətiyyətli mövqe nümayiş etdirir.
Çıxışlarda BMT-nin iqlim dəyişmələri ilə bağlı konfransının qlobal əhəmiyyəti, ötən il Azərbaycanın COP29 konfransına uğurlu evsahibliyindən danışılıb. Bu tədbirin beynəlxalq ictimaiyyətin Azərbaycana və ölkəmizin ətraf mühitin qorunması, yaşıl enerji sahəsindəki fəaliyyətinə diqqətinin cəlb edilməsi, konfransda önəmli qərarların qəbul olunması baxımından vacibliyi qeyd olunub. COP30 çərçivəsində Azərbaycan nümayəndə heyətinin fəaliyyəti barədə söz açılıb.
Müzakirələr zamanı bugünlərdə Bakıda keçirilmiş Türk Dövlətləri Təşkilatının Media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının əhəmiyyətindən söhbət açılıb. Qeyd olunub ki, türk dövlətləri arasında bu sahədə əməkdaşlığın inkişafı informasiya təhlükəsizliyinin təmin edilməsinə və ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir.
Habelə, Səudiyyə Ərəbistanında keçirilmiş VI İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş Azərbaycan idmançılarının müxtəlif yarışlarda əldə etdiyi nailiyyətlər diqqətə çatdırılıb, tədbir çərçivəsində təşkil olunmuş görüşlər və aparılan müzakirələrdən bəhs edilib.
Millət vəkilləri, həmçinin Azərbaycan dilinin inkişafı, bəzi təhrif olunmuş toponimlərin bərpası, bu baxımdan coğrafi adların mənşəyinin araşdırılması istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyi ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda bir sıra digər aktual məsələlərə də toxunulub.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 6 məsələnin – 2026-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda daxil edildiyini bildirib. O, birinci məsələnin “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi olduğunu nəzərə çatdırıb.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə məlumat verib.
O, bildirib ki, “Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi həm komitələrdə, həm də Milli Məclisin plenar iclasında birinci oxunuşda geniş və konstruktiv şəkildə müzakirə olunub. Qeyd edib ki, müzakirələr zamanı millət vəkilləri çıxış edərək bəzi təkliflər irəli sürüblər. Komitə sədri səsləndirilən fikirlərin sahəvi, regional və ictimai xarakter daşıdığını və bunun dövlət büdcəsi üçün əlavə maliyyə öhdəliyi yaratdığını, eyni zamanda, ölkəmizin sosial-iqtisadi inkişafına, dövlət siyasətinin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsinə, o cümlədən regionlarda mövcud problemlərin həllinə xidmət etdiyini söyləyib. O, deputatlar tərəfindən qaldırılan bəzi məsələlərin aidiyyəti dövlət qurumları tərəfindən nəzərdən keçirildiyini deyib.
Azər Əmiraslanov diqqətə çatdırıb ki, 2026-cı ilin dövlət büdcəsi layihəsi milli maraqların qorunmasına, iqtisadi inkişafa, sosial rifaha xidmət edən strateji maliyyə sənədidir. Növbəti ilin büdcə layihəsi yeni dövrün çağırışlarını və mövcud reallıqları nəzərə alaraq, ölkə Prezidenti tərəfindən müəyyən edilmiş strateji vəzifələri və təşəbbüsləri özündə əks etdirir və bunların icrası üçün zəruri maliyyə təminatı yaradır.
Sonra iclasda məsələ ətrafında müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Qüdrət Həsənquliyev, Ziyad Səmədzadə, Elçin Mirzəbəyli, Zaur Şükürov, Günay Ağamalı, Mahir Süleymanlı, Kamal Cəfərov, Tamam Cəfərova, Azər Kərimli, Vüqar Rəhimzadə, Tənzilə Rüstəmxanlı, Aydın Hüseynov, Samir Vəliyev, Səbinə Salmanova, Mehriban Vəliyeva çıxış ediblər.
Fasilədən sonra davam edən müzakirələrdə deputatlar Əminə Ağazadə, Cavanşir Paşazadə və Nurlan Həsənov çıxış ediblər.
Deputatlar 2026-cı il üçün nəzərdə tutulan dövlət büdcəsinin Azərbaycanın gələcək inkişafının, iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, milli maraqların qorunmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət edəcəyini bildiriblər. Qeyd olunub ki, layihədə dövlət büdcəsinin parametrlərinin, makro-iqtisadi göstəricilərin yaxşılaşması, büdcənin sosialyönümlüyü, habelə büdcə xərclərinin Ümumi Daxili Məhsulda payının artdığı müşahidə edilir. Əhalinin sosial müdafiəsinin ildən-ilə güclənməsinin strateji vəzifələrdən olduğu və bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb.
Bununla yanaşı, dövlət büdcəsi gəlirlərinin qeyri-neft-qaz sektorunun hesabına formalaşması müsbət hal kimi dəyərləndirilib. Bunun gələcəkdə neft-qaz sektorundan asılılığın azalmasına, iqtisadiyyatın şaxələndirilməsinə, dayanıqlı, sabit, daha dəqiq proqnozlaşdırıla bilən büdcə siyasətinin həyata keçirilməsinə imkan yaradacağı bildirilib.
Ölkə Prezidentinin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf və milli təhlükəsizlik strategiyası çərçivəsində hərbi potensialımızın gücləndirilməsi, milli təhlükəsizliyin təmin edilməsi kimi istiqamətlərin diqqət mərkəzində saxlandığı qeyd edilib. Büdcə layihəsində təhlükəsizlik və müdafiə məsələlərinə ayrılan maliyyə vəsaitinin artımla proqnozlaşdırılmasının strateji əhəmiyyətindən bəhs edilib. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə müvafiq vəsaitin nəzərdə tutulması vacib məqamlardan hesab olunub.
Çıxışlarda iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, uğurlu sənaye siyasətinin həyata keçirilməsi, regionların inkişafı sahələrində müvafiq addımların atıldığı söylənilib. Bildirilib ki, bütün bunlar gələcəkdə iqtisadi artımın yeni mənbələri kimi dövlət büdcəsinin inkişafına öz layiqli töhfəsini verəcək.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun davamlı olaraq artdığı vurğulanıb və bu baxımdan dövlət başçısının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi məqsədi ilə ölkəmizin beynəlxalq sahədə fəaliyyətinin etibarlı maliyyə təminatının mühüm əhəmiyyət kəsb etdiyi söylənilib.
Deputatlar növbəti ilin büdcə layihəsinin kifayət qədər zəngin və əhatəli olduğunu, həyatın bütün sahələrinin inkişaf etdirilməsi baxımından maliyyə imkanlarını özündə ehtiva etdiyini bildiriblər, bəzi qeyd və təkliflərini səsləndiriblər.
Müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra iclasda çıxış edən maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclaslarında 2026-cı ilin dövlət büdcəsi layihəsinin birinci və ikinci oxunuşlarda müzakirəsi zamanı qaldırılmış məsələlərə münasibət bildirib.
Nazir ölkə iqtisadiyyatının və dövlət büdcəsinin neftdən asılılığının minimuma endirilməsi, qeyri-neft sektorunun inkişafında dəstək verilməsi üçün görülmüş işlər, bu sahələrdə əldə olunmuş nailiyyətlər və proqnozlar barədə məlumat verib. Sahil Babayev Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azaldılmasının bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb, dövlət büdcəsinin cari xərclərinin qeyri-neft gəlirləri hesabına ödənilməsi, neftin və qazın qiymətlərinin proqnozlaşdırılması, qeyri-neft sektorunun inkişafı üçün vergi yükünün optimallaşdırılması, muzdla işləyən əhalinin gəlir vergisi sahəsində tətbiq edilən güzəştlər və digər məsələlər barədə deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib.
Nazir, həmçinin dövlət büdcəsinin investisiya yönümlülüyünün qorunmasının, “Böyük qayıdış” proqramının icrasının, dövlət büdcəsinin sosial yönümlülüyünün, büdcədə təhsil, sosial müdafiə, sosial təminat, səhiyyə xərclərinin artırılmasının vətəndaşların rifahının daha da yüksəldilməsinə xidmət etdiyini qeyd edib, əhalinin tibbi sığorta ilə əhatə olunması ilə bağlı görülmüş işləri diqqətə çatdırıb.
Sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəliyin növbəti iki məsələsini – “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihələrini ikinci oxunuşda təqdim edib.
Komitə sədri bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat təşkil etməklə, cari ilin proqnoz göstəricisi ilə müqayisədə 705,7 milyon manat (9,3%) çoxdur. DSMF-nin 2026-cı il üçün nəzərdə tutulan xərcləri isə 8 milyard 483 milyon manat proqnozlaşdırılır ki, bu göstərici cari ilə nisbətən 807 milyon manat və ya 10,5% artıqdır. Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-ni əhaliyə ödənişlər təşkil edəcək.
Diqqətə çatdırılıb ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 540 manat, 2026-cı ildə isə 590 manat olacağı gözlənilir. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 629 manata yüksəlməsi proqnozlaşdırılır.
Əvvəlki illərdə olduğu kimi, cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 49% və 50,4% olmaqla, Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verir.
Sonra Musa Quliyev İşsizlikdən Sığorta Fondunun (İSF) 2026-cı il büdcə layihəsinin parametrlərini diqqətə çatdırıb. O, deyib ki, gələn ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 266,4 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci ilin göstəricilərinə nisbətən 5,7 milyon manat çoxdur.
Fondun xərclərinin 13 istiqaməti əhatə edəcəyini söyləyən komitə sədri gələn ildə işsizliyə görə sığorta ödənişlərinin həcminin 28 milyon manat olmaqla, cari ildəkindən 11 milyon manat, yaxud 65% çox proqnozlaşdırıldığını diqqətə çatdırıb. İSF-in xərclərinin 77 milyon manatı, yaxud 28,9%-i özünüməşğulluq tədbirlərinin maliyyələşməsinə yönəldiləcək. Növbəti ildə fondun hesabına 8 min nəfərin (Dünya Bankı ilə nəzərdə tutulan müqaviləyə görə isə əlavə olaraq, 7 min nəfərin) özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur. Bununla da 2017-ci ildən 2026-cı il daxil olmaqla, özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 110 min nəfərdən çox olacaq.
İSF-in 2026-cı il büdcə xərclərindən 26 milyon manatı peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək. Bu vəsait 17500 nəfər işsiz və iş axtaran şəxsin peşə hazırlığına cəlb olunmasına imkan verəcək.
Çıxışının sonunda komitə sədri qanun layihələrinin birinci oxunuşu barədə məlumat verib. O, bildirib ki, deputatlar layihələri dəstəkləmiş, həmçinin sosial müdafiə və təminatla bağlı bir sıra təkliflər səsləndirmişlər. Milli Məclis sədrinin tapşırığına uyğun olaraq, həmin deputatlar komitə iclasına dəvət olunmuş, bütün suallar aidiyyəti qurumların səlahiyyətli nümayəndələri tərəfindən ətraflı cavablandırılmışdır.
İclasda çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov hər iki fondun büdcələrinin icmal büdcənin və büdcə zərfinin mühüm tərkib hissəsi olduğunu deyib, hər iki layihə ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqlayıb.
Sonra “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxış edərək, Prezident İlham Əliyevin siyasətində insan amilinin prioritet təşkil etdiyini vurğulayıb. O, ölkəmizdə sosial müdafiə, məşğulluq, əmək münasibətləri sahəsində davamlı işlərin görüldüyünü, ötən müddət ərzində 4 milyon vətəndaşımızı əhatə edən 4 sosial islahat paketinin həyata keçirildiyini söyləyib. Qeyd edib ki, bu islahatlar əhalinin sosial müdafiəsinin təmin olunmasına, gəlirlərinin artırılmasına, sosial rifahın yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib.
Nazir bildirib ki, bu islahatların davamı olaraq 2025-ci ilin əvvəlindən başlayaraq sosial sahədə 5-ci sosial islahat zərfinin icrasına başlanılıb. Bu çərçivədə 1,9 milyon şəxsi əhatə edən və 885 milyon manat vəsaiti özündə ehtiva edən, həmçinin pensiyaların indeksləşdirilməsi də nəzərə alınaraq, 1,4 milyard manatlıq sosial islahat zərfi həyata keçirilib. O, cari ildə minimum əmək haqqının, minimum pensiyaların, sosial müavinət və təqaüd ödənişlərinin, tələbə təqaüdlərinin, ünvanlı dövlət sosial yardımının, ölkə üzrə yaşayış minimumunun, ehtiyac meyarının artımı ilə bağlı rəqəmləri də səsləndirib.
Anar Əliyev, habelə əmək müqavilələri və əmək haqqı sahəsində islahatların aparıldığını, qeyri-formal məşğulluğa qarşı mübarizə ilə bağlı ardıcıl işlərin görüldüyünü, bununla əlaqədar dövlət proqramının qəbul olunduğunu və bu sahədə uğurların əldə edildiyini söyləyib. O, əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı məsələlərin daim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin diqqət mərkəzində olduğunu, aktiv məşğulluq tədbirlərinin həyata keçirildiyini, ölkədə yeni iş yerlərinin açılması istiqamətdə lazımı addımların atıldığını bildirib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Komitə sədi bildirib ki, layihəyə əsasən, yaşayış minimumunun məbləği ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilir. Komitə sədri qeyd edib ki, yaşayış minimumunun artım məbləğləri gələn il üçün proqnozlaşdırılan inflyasiyanın səviyyəsini üstələyir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. O, gələn il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə müəyyən olunan ehtiyac meyarının həddinin 5,3% artırılaraq 300 manata çatdırıldığını bildirib. Komitə sədri qeyd edib ki, ünvanlı sosial yardımın təyin olunması üçün ehtiyac meyarının artırılması gələn il aztəminatlı ailələrin daha etibarlı sosial müdafiəsi üçün əsaslar yaradacaq.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə bu komitənin rəyini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra komitə sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Komitə sədri layihənin birinci oxunuşda plenar iclasda geniş müzakirə edildiyini, qaldırılan məsələlərlə bağlı həm komitə, həm də aidiyyəti qurumlar tərəfindən ətraflı şərhlərin verildiyini bildirib. O, vergi sisteminin təkmilləşdirilməsinin davamlı və uzunmüddətli xarakter daşıdığını deyib. Bu baxımdan irəli sürülən bir sıra təkliflərə perspektiv dövrdə müvafiq qaydada baxılmasının məqsədəmüvafiq hesab olunduğunu söyləyib.
Diqqətə çatdırılıb ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər qeyri-neft özəl sektorunda əməkhaqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsini, Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsini, kənd təsərrüfatına dəstəyin artırılmasını, balıqçılığın inkişaf etdirilməsini, yerli avtomobil istehsalının dəstəklənməsini, media fəaliyyətinə dəstəyin davam etdirilməsini, aksizli malların siyahısının genişləndirilməsini nəzərdə tutur.
Bununla yanaşı, layihədə nağdsız əməliyyatların stimullaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi, qanunsuz sahibkarlıqla mübarizə, könüllü açıqlama sisteminin əhatəsinin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı layihələrinin stimullaşdırılması və digər institusional xarakterli müddəalar da öz əksini tapıb.
Komitə sədri Vergi Məcəlləsinə və digər qanunlara dəyişikliklərin 2026-cı ilin büdcə zərfinin əsas tərkib hissəsi olaraq büdcənin parametrləri ilə bilavasitə bağlı olduğunu, əsasən tənzimləyici və təşviqedici xarakter daşıdığını, vergi inzibatçılığının yaxşılaşdırılmasına xidmət etdiyini bildirib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu məsələ ilə bağlı həmin komitələrin müsbət rəylərini diqqətə çatdırıblar.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Dekabr 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri