Milli mənəvi dəyərlərin qorunmasına yönəlmiş qanun dəyişikliyi nəyi hədəfləyir?
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Son dövrlərdə sosial şəbəkələrdə və onlayn platformalarda yayılan məzmunların cəmiyyətə təsiri geniş müzakirə olunur. Məhz bu fonda Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərin əsas məqsədi rəqəmsal məkanda məsuliyyətsiz davranışların qarşısını almaq, xüsusilə uşaqlar və gənclər üçün təhlükəsiz və sağlam informasiya mühitini təmin etməkdir.
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Millət vəkili Zahid Oruc bildirib ki, internet informasiya ehtiyatlarında yayılması qadağan edilən məlumatların əhatə dairəsini genişləndirən qanun layihəsi Milli Məclisdə üç oxunuşdan keçərək qəbul olunub və dövlət başçısı tərəfindən təsdiqlənərək qüvvəyə minib.
Deputatın sözlərinə görə, müzakirələr zamanı cəmiyyətin sağlam mövqeyə malik hissəsinin bu dəyişikliklərin mahiyyətini düzgün qiymətləndirməsi və təşəbbüsü açıq şəkildə dəstəkləməsi diqqət çəkib:
“Xüsusilə İnsan hüquqları komitəsinin iclaslarında qanun dəyişikliyinin məqsədi geniş şəkildə izah olunub. Dəyişikliklər ictimai müstəvidə yayıldığı halda milli-mənəvi dəyərləri və əxlaq normalarını təhqir edən davranışların qarşısının alınmasına yönəlib. Buraya açıq-aşkar əxlaqsız ifadələr, bu məzmunu tamamlayan jestlər, eləcə də insan bədəninin milli dəyərlərə zidd formada nümayiş etdirilməsi daxildir.
Parlament üzvləri bu cür halları sadəcə fərdi davranış kimi deyil, cəmiyyətin mənəvi dayaqlarını zəiflədən təhlükəli tendensiyalar kimi qiymətləndiriblər. Məhz bu səbəbdən həmin sahədə hüquqi məsuliyyət yaradan mexanizmlərin gücləndirilməsi zəruri hesab olunub.
Yeni hüquqi mexanizmlər yalnız məzmunu yaradan şəxslərə deyil, eyni zamanda informasiya ehtiyatının sahibinə, domen adının mülkiyyətçisinə və informasiya-telekommunikasiya şəbəkələrinin istifadəçilərinə də şamil olunur.
Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanı qanunazidd məzmunun silinməsini tələb etmək, internet resurslarını bloklamaq və inzibati məsuliyyət tədbirləri tətbiq etmək səlahiyyətinə malikdir. Bu tədbirlərin hüquqi nəticələri qanunvericilikdə konkret şəkildə müəyyən edilib”.
Zahid Oruc qeyd edib ki, müzakirələr zamanı Avropa İnsan Hüquqları Konvensiyası və digər beynəlxalq hüquqi sənədlər kontekstində də bu cür məhdudiyyətlərin hüquqi əsasları nəzərə alınıb:
"Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsi söz və ifadə azadlığını təmin etsə də, milli-mənəvi dəyərlər hər bir xalqın tarixi yaddaşında formalaşmış fundamental prinsiplərdir və bu dəyərlərin pozulması halları konkret olaraq məhkəmələr tərəfindən qiymətləndirilir.
Sosial şəbəkələrdə ailə institutuna, milli dəyərlərə və ictimai əxlaqa zidd tendensiyaların artması da diqqət mərkəzindədir. Sosial deqradasiyanı təşviq edən, yad həyat tərzini norma kimi təqdim etməyə çalışan bu proseslər hibrid təsir mexanizmlərinin və informasiya müharibələrinin tərkib hissəsi kimi çıxış edir”.
Millət vəkili vurğulayıb ki, tarixi təcrübə müharibələrin təkcə fiziki ərazilərin işğalı ilə məhdudlaşmadığını aydın şəkildə göstərir:
“Silahlı qarşıdurmalar zamanı əsas hədəflərdən biri də xalqın mənəvi dəyərləri, milli kimliyi və cəmiyyətin daxili birliyidir. Bu baxımdan mənəvi dayaqların qorunması ən az ərazi bütövlüyü qədər strateji əhəmiyyət daşıyır.
İşğal dövründə erməni vandalizminin milli dəyərlərimizə, eləcə də qardaş və bacılarımızın ləyaqətinə qarşı yönəlmiş davranışları buna bariz nümunədir. Bu baxımdan informasiya mühitində hüquqi mexanizmlərin möhkəmləndirilməsi dövlətin özünüqoruma instinktinin təzahürüdür”.
Deputat qeyd edib ki, müasir dövrdə təhlükələr daha mürəkkəb xarakter alıb:
"Klassik saxta məlumatlar artıq süni intellektə əsaslanan “deepfake” texnologiyaları ilə əvəzlənir və bu cür məzmunlar dövlət institutlarına, ali rəhbərliyə və cəmiyyətin əldə etdiyi tarixi nailiyyətlərə qarşı istifadə olunur. Bu istiqamətdə hüquq-mühafizə orqanları tərəfindən görülən tədbirlər və mövcud məhkəmə qərarları da təhlükənin real xarakter daşıdığını təsdiqləyir.
Qanunvericilikdə əvvəllər də yayılması qadağan edilən məzmun növləri mövcud olub və yeni dəyişikliklər bu mexanizmləri daha da dəqiqləşdirir. Qanuna əsasən, inzibati xətalara görə 500 manatdan 1000 manata qədər cərimə, 15 sutkaya qədər inzibati həbs, bəzi hallarda isə cinayət məsuliyyəti nəzərdə tutulur.
Almaniya və Fransa kimi ölkələrdə isə ictimai mənəviyyata və şəxsi ləyaqətə qarşı yönəlmiş hallara görə daha sərt hüquqi mexanizmlər tətbiq edilir.
Cəmiyyətin sağlam inkişafı əxlaq və mənəviyyat üzərində qurulur:
“Azərbaycan dünyəvi və sivil inkişaf yolunu seçmiş dövlətdir və bu yolun əsas sütunlarını milli dəyərlər, ailə institutu və dövlətçilik ənənələri təşkil edir. Xalqı öz keçmişindən və kimliyindən uzaqlaşdırmağa yönələn cəhdlər informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilir.
Böyük tarixi və mədəni irsi olan Azərbaycan cəmiyyəti bundan sonra da öz milli kimliyini və mənəvi dəyərlərini hüquqi mexanizmlər və ictimai iradə vasitəsilə qorumaqda davam edəcək”.
Pərvin Şakirqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 16 Yanvar 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















