Milli mətbuatın Lənkərаn nəşrləri
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Ötən əsrin 70-ci illərində Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində sevimli müəllimimiz Cahangir Məmmədli mühazirələrindən birində demişdi: “Qələminə etibar edib həyat həqiqətlərini oxucuya çatdıranlar xalq tərəfindən sevilir, hörmət sahibi olurlar. Odur ki, gərək elə yaşayasan, elə fəaliyyət göstərəsən ki, özündən sonra yaxşı izlər qoyasan. Tarixi isə saxtalaşdırmaq olmaz!” Milli mətbuatımızın 150 illiyi ərəfəsində bu sətirləri yazarkən demək istəyirəm ki, həqiqətən də, haqqı, ədaləti müdafiə edən jurnalistlərimiz, söz ustadlarımız, fəxr ediləsi qələm sahiblərimiz var! Başqa cür də ola bilməzdi. Axı biz Şirməmməd Hüseynov, Nurəddin Babayev, Tofiq Rüstəmov, Famil Mehdi, Nəriman Zeynalov, Əliş Nəbili, Ceyran Əbdürrəhmanova, Qulu Xəlilov kimi ustad sənətkarlardan dərs almışıq. “Əkinçi” ənənələrinə sadiq qalan milli mətbuatımız bütün dövrlərdə həqiqət carçısı olub, xalqın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində, həmrəyliyin və tolerantlığın, mədəni sahələrinin inkişafında mühüm rol oynayıb.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində ölkə mətbuatı bu gün özünün yeni inkişaf mərhələsinə daxil olub, mətbuat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılıb. Bu da bir faktdır ki, milli medianın vacib qolu olan yerli mətbuatın tarixi və fəaliyyəti hələ lazımınca öyrənilməyib, ya da mətbuat tariximizdə öz geniş əksini tapmayıb. Yubiley ərəfəsində diqqəti bu məsələyə yönəltməklə Lənkəranın mətbuat tarixinə, yenidən nəzər salmaq istəyirik.
Sovet hakimiyyətinədək ana dilində xüsusi mətbuat orqanının yaradılması Lənkəranın maarifpərvər ziyalılarının da diqqət mərkəzində olub. Araşdırmalar göstərir ki, lənkəranlı ziyalılar hələ bolşevik inqilabınadək Azərbaycanda, Yaxın Şərqdə və digər yerlərdə çap olunan qəzet və jurnallarla əlaqə yaradıb, ictimai həyatın müxtəlif sahələrini əks etdirən yazıları oxuculara çatdırıblar. Maraqlıdır ki, maarifpərvər ziyalı Mirzə Ağəli Əliyev Hindistanın Kəlküttə şəhərində çıxan “Həblül-mətin” (Qırılmaz kəndir), Misirdə nəşr olunan “Cehrənüma”, İranda buraxılan “Nasiri”, Tiflisdə çap edilən “Şərqi-rus”, Bağçasarayda çıxan “Tərcüman” qəzetləri, eləcə də “Molla Nəsrəddin” jurnalı ilə müntəzəm əlaqə saxlayıb.
Azərbaycan nəsrinin istedadlı nümayəndələrindən və rus mətbuatının ilk azərbaycanlı müxbirlərindən olan Məmmədəli Səfiyev Lənkəranın mədəni, sosial həyatı ilə bağlı çoxlu məqalələrin, publisistik yazıların müəllifidir. Xüsusilə, onun “Zaqafqazski vestnik” və “Kafkaz” qəzetlərində Lənkərandan bəhs edən müxtəlif janrda yazıları dərc olunub. Qori Müəllimlər Seminariyasının məzunu Teymurbəy Bayraməlibəyovun etnoqrafik, tarixi və iqtisadi mövzularda 50-dən çox məqaləsi, topladığı əfsanə, nağıl və lətifələri “Kaspi” qəzetində, “Qafqaz tədris dairəsi” məcmuəsində çap edilib.
Nazim Axundovun məlumatına görə, Lənkəranın ilk mətbu orqanı A.Talalayev və İ.Yampolskinin redaktorluğu ilə 1912-ci ildə rus dilində çıxan həftəlik “Rıbnoye delo” qəzetidir. Kiçik formatda olan 4 səhifəli qəzet 1 ildən sonra fəaliyyətini dayandırıb. Neçə nömrəsi çıxması haqqında məlumat yoxdur.
Tədqiqatçı-alim Hacı Mirhaşım Talışlı ilə birgə yazdığımız “Lənkəran. Ensiklopedik məlumat” kitabında qeyd etdiyimiz kimi, Lənkəranda inqilaba qədər “Rəhbər”, “Rıbnoye delo”, “İzvestiya Muqanskoqo İspolnitelnoqo Komiteta”, “Hürriyyət” qəzetləri çap olunub və bunlar Lənkəran qəzasında ictimai-siyasi şüurun inkişafında əhəmiyyətli rol oynayıblar. Hamısının da ömrü az olub, 1 və ya 2 il fəaliyyət göstəribdir.
Lənkəranda Azərbaycan dilində ilk çap edilən qəzet “Lətaif” olub. 1917-ci ildə nəşrə başlayan bu qəzet həftəlik vərəqə idi, “Məharət” qiraətxanasında buraxılırdı. Naşiri Mirzeynalabdin Təbrizi, redaktoru Mirmurtuza Talışinski olub. “Lətaif” 200 tirajla nəşr olunub, cəmi 6 nömrəsi çıxıb.
İnqilabi yüksəliş zamanı – 1919-cu ilin iyun–iyul aylarında Lənkəranda “İzvestiya Muqanskoqo İspolnitelnoqo Komiteta” həftəlik qəzet fəaliyyət göstərib. Neçə nömrəsinin çıxdığı bəlli deyil. Təkcə 3-cü sayı Lənkəran tarix-diyarşünaslıq muzeyində saxlanır.
Ötən əsrin 20-ci illərində mətbuatımız kommunist ideologiyasının təsiri altında fəaliyyət göstərib, beləliklə, Azərbaycan jurnalistikasının yeni dövrü başlanıb. 30-cu illərdə rayonlarda yerli qəzetlərin fəaliyyətə başlaması haqqında qərar qəbul edilib. “Lənkəran” qəzeti 1931-ci il yanvarın 21-də “Qızıl Talış” adı ilə nəşrə başlayıb. 5 dekabr 1931-ci ildən – 64-cü nömrədən “Sıə Toloş” adı ilə Azərbaycan və talış dillərində çap olunub. İqbal Əbilovun məlumatına görə, “Sıə Toloş” qəzeti ilə yanaşı, Lənkəranda “Şura Ozorboyconi” (Sovet Azərbaycanı) və Lənkəran Maşın-Traktor Stansiyası siyasi şöbəsinin orqanı kimi “Tolışi kolxozçi” qəzetləri də buraxılıb və bu qəzetlər sonra “Sıə Toloş”ə birləşdirilib. 22 sentyabr 1938-ci ildən Azərbaycan dilində nəşr edilb. Sonralar “Sosialist subtropikası” (1939–1957), “Leninçi” (1957–1990), “Lənkəran” (1990-cı ildən) adı ilə buraxılıb.
Lənkəran Rayon XDS İcraiyyə Komitəsinin sədri Böyükağa Mirsalayev 1931-ci ildə 4 ay qəzetin ilk redaktoru olub. Çox keçməmiş repressiyaya uğrayıb, onu Əli Razi Şəmsizadə qısa müddətə əvəz edib. Sonrakı illərdə Rəzzaq Kazımov, Əmrəli Mirzəyev, Əbil Fərəcov, Rəcəbəli İsmayılov, Qulam Məmmədov, İman Əliyev, Şükufə Qasımova, Kərim Rzayev, Əliş Nəbili, Əyyub Rzayev, Tofiq Həsənov, Nəcəf Şıxəliyev, Şəkər Aslan, Etibar Əhədov, Həzi Əliyev, İltifat Əhmədov və Əlimərdan Əliyev qəzetin redaktoru işləyiblər.
İndiki “Lənkəran” qəzeti 1962-ci ildə rayonlararası mətbuat orqanına çevrilib, 1965-ci ildə yenidən Lənkəran Rayon Partiya Komitəsi və rayon XDS İcraiyyə Komitəsinin orqanı kimi fəaliyyət göstərib. Azərbaycan KP MK-nın 6 aprel 1965-ci il tarixli büro qərarına əsasən rayonlarda yerli qəzetlərin yenidən nəşrə başlaması haqqında qərar qəbul edilib.
İnqilabdan əvvəl Lənkəranda çapxanalar yaradılmışdı. Belə çapxanalar məhdud imkana malik olsa da, hər halda təməl qoyulmuşdu. 1918-ci ildə rayonun Veravul kəndində qvardiya polkovniki Miri bəy Talışxanovun çapxanasını Şıvkunovun ermənipərəst quldur dəstəsi dağıdıb, şəxsi kitabları yandırılıb, onun özü isə vəhşicəsinə qətlə yetirilib. 1931-ci ildə rayon qəzetinin fəaliyyətə başlaması ilə əlaqədar Lənkəranda mətbəə açılıb və 1995-ci ilədək fəaliyyət göstərib.
“Lənkəran” qəzeti çapının ilk illərində yerli mətbəədə həftədə 1 dəfə iki, 40-cı illərdən sonra həftədə 3 dəfə dörd səhifəlik buraxılıb. Məsul katib işlədiyim 1978–1990-cı illərdə qəzetin tirajı 22 mindən çox olub. 1995-ci ildən isə Bakı mətbəələrində ayda 2 dəfə səkkiz səhifə həcmində nəşr olunur, tirajı 1000 nüsxəyə yaxındır və 2010-cu ildən rəngli buraxılıb.
...1932-ci ildə qonşu Masallı rayonunda baş vermiş bir hadisə bütün respublikaya səs saldı. Həmin il rayonda “Yeni həyat” qəzeti fəaliyyətə başlayanda “Lənkəran”ın əməkdaşı Bəşir Hüseynovu oraya məsul katib vəzifəsinə göndərmişdilər. Oğlu, vaxtilə “Lənkəran” qəzetində redaktor müavini işləmiş Ramiz Hüseynovun məlumatına görə, qəzetin növbəti nömrəsi çıxanda məsul katibi qəflətən DTK rayon şöbəsinə çağırırlar. Sən demə, qəzetin rubrikasını kimsə dəyişdirib, şüar “Yaşasın sosializm!” əvəzinə “Yaşamasın sosializm!” kimi gedibmiş. Yaxşı ki, məsul katib əvvəlcədən ehtiyatlı tərpənərək qəzetin redaktoru və məsul növbətçi ilə birgə imzalamış olduğu nüsxəni saxlayıbmış. Həmin nüsxə DTK-ya təqdim edildikdən sonra Bəşir Hüseynov bəraət alır. Amma sonra onu və qəzetin redaktoru Məmmədağa Sultanovu işdən kənarlaşdırırlar.
Yadımdadır, Lənkəran Xalq cəbhəsinin fəalları Qarabağ hadisələrinə etiraz əlaməti olaraq, 1990-cı il yanvarın 11-də yerli hakimiyyət orqanlarının, bir gün sonra isə Lənkəranda çıxan “Leninçi” qəzetinin fəaliyyətini dayandırdılar. Əvəzində cəbhəçilər Xalq Cəbhəsi Milli Müdafiə Komitəsinin orqanı kimi “Elin səsi” bülletenini buraxdılar. “Elin səsi”nin ilk sayı 12 yanvar 1990-cı ildə Lənkəran mətbəəsində, 99 nüsxə ilə bir səhifəlik həcmdə buraxıldı. Bülletenin ilk sayında DQMV-də baş verən hadisələrlə əlaqədar respublika əhalisinə və Lənkəran kommunistlərinə müraciətlər, həmçinin Lənkəran olayları əksini tapmışdı. Bundan sonra qəzetin 4 səhifəlik daha 4 nömrəsi buraxıldı, burada baş verən 26 yanvar hadisələrindən sonra isə nəşri bir müddət dayandı. 1994-cü ildən sonra qəzetin daha bir neçə nömrəsi çıxdı.
Müstəqillik illərinin ilk dövründən yadigar qalmış və müxtəlif adlarla çap olunmuş qəzetlər, jurnallar, bülletenlər bu gün Lənkəran mətbuat tarixində yer tutur. “Şəm” bülleteni 1990–1991-ci illərdə çap olunub. Bülletendə yerli şairlərin yaradıcılığı öz əksini tapıb. “Çeşmə” satirik qəzeti 1990-cı il aprelin 1-dən, 4 səhifə həcmində Bakıda çıxırdı. Dövrün ictimai-siyasi hadisələrini əks etdirən qəzet oxucuların diqqətini çəkirdi.
“Lənkəranın səsi” qəzeti bu sətirlərin müəllifliyinin təsisçiliyi və redaktorluğu ilə çap olunurdu. Qəzet demokratik xarakter daşıyır, səhifələrində sosial-iqtisadi, mədəni-quruculuq, əhalinin həyat tərzi haqqında materiallar verilirdi. Cəmi 7 sayı çıxıb.
O dövrün yerli qəzetlərindən “Ailə”, “Prizma”, “Veteran yolu”, “Bizim təbib” “İstisu” nun adlarını çəkmək olar. Lənkəran Dövlət Universitetinin (LDU) qəzeti də əvvəl “Tələbə”, sonra “LDU-press” adı ilə fəaliyyət göstərib. Qəzet 2007-ci il sentyabrın 15-də “Lənkəran Dövlət Universiteti” adı ilə orada mətbuat xidmətinin rəhbəri olduğum dövrdə mənim redaktorluğumla yeni formatda nəşr edilib. 2008-ci ildə fəaliyyəti dayandırılıb. 2000-ci ildən “Lənkəran Dövlət Universitetinin Elmi xəbərləri” jurnalı humanitar, riyaziyyat və təbiyyat elmləri üzrə seriyalarla nəşr olunur.
Lənkəranda qəzetlərlə yanaşı, ədəbi-bədii jurnallar da fəaliyyət göstərib.
“Şəfəq” Yazıçılar Birliyi Lənkəran bölməsinin təşəbbüsü ilə çıxıb. İlk redaktoru yazıçı, Əməkdar mədəniyyət işçisi Məmmədhüseyn Əliyev, sonra redaktoru İltifat Saleh və Qafar Cəfərli olub. 1993-cü ildən “Söz”, 1998-ci ildən “Məşəl”, 2012-ci ildən “Yaşıl çay” jurnalları da nəşr olunub.
Baş redaktoru olduğum “Aşkarlıq” qəzetinin ilk sayının işıq üzü görməsindən 30 il keçir. “Aşkarlıq” respublikamızın cənub bölgəsində ilk müstəqil qəzetlərdən biri olmaqla, 1995-ci il avqustun 23-dən fəaliyyət göstərir. Dövlətçilik, milli ideologiya zəminində buraxılır. Fəaliyyəti bu gün də davam edir.
Qəzetimizin ictimai-siyasi mövqeyi aydındır: oxucuya düzgün yol göstərmək, baş verənləri, ölkəmizdə qazanılan uğurları olduğu kimi, heç bir təhrifə yol vermədən ictimaiyyətə çatdırmaq. Deyə bilərəm ki, banisi görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi olan “Əkinçi”nin, naşiri dahi söz ustası Cəlil Məmmədquluzadə olan “Molla Nəsrəddin”in ənənələrinə sadiq qalan “Aşkarlıq” 30 illik fəaliyyəti dövründə Lənkəranın yazılı salnaməsini yaradıb.
Böyük demokrat ədib Cəlil Məmmədquluzadə deyirdi: “Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur-gedir, amma söz qalır”. Lənkəranda fəaliyyət göstərən və haqqında söhbət açdığımız mətbu orqanlar da millətin görən gözü, döyünən qəlbidir – yaddaşlarda, xatirələrdə dərin izlər buraxıb.
Hacı Etibar ƏHƏDOV,
Lənkəranda çıxan “Aşkarlıq” qəzetinin baş redaktoru


