Milli qürur, müstəqillik və Zəfərin rəmzi
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan xalqının milli qürurunu, dövlətçilik iradəsini, azadlıq və müstəqillik əzmini özündə təcəssüm etdirən müqəddəs rəmzlərdən biri olan üçrəngli Dövlət Bayrağımız xalqımızın tarixi yaddaşını, milli kimliyini, mənəvi dəyərlərini və müstəqil dövlət qurmaq amalını ifadə edir. Bu bayraq təkcə bir dövlətin atributu deyil, həm də milyonlarla azərbaycanlının qəlbində yaşayan Vətən sevgisinin, milli birliyin və azadlıq idealının təcəssümüdür.
Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Bu müdrik fikir üçrəngli bayrağımızın xalqımız üçün hansı mənəvi və tarixi əhəmiyyət daşıdığını aydın şəkildə ifadə edir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün 9 noyabr tarixində qeyd edilməsi təsadüfi deyil. Bu tarix Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixində mühüm hadisə ilə əlamətdardır. Belə ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında üçrəngli Dövlət Bayrağı qəbul edilmiş və həmin gün hökumət binası üzərində dalğalandırılmışdır. Beləliklə, xalqımızın milli istiqlal məfkurəsini özündə əks etdirən üçrəngli bayraq ilk dəfə müstəqil Azərbaycan dövlətinin rəsmi atributu kimi tarixə düşmüşdür.
1920-ci ilin aprelində mövcudluğu cəmi 23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə bayrağımızın dövlət atributu kimi istifadəsinə son qoyulsa da, onun ifadə etdiyi azadlıq ideyası xalqımızın yaddaşından silinmədi. Üçrəngli bayraq müstəqillik arzularımızın, milli kimliyimizin və dövlətçilik düşüncəmizin rəmzi olaraq yaşamaqda davam etdi.
XX əsrin sonlarında Azərbaycanda milli azadlıq hərəkatının yüksəlişi, müstəqillik ideyalarının güclənməsi üçrəngli bayrağımızın yenidən dövlətçilik həyatımıza qayıtması üçün tarixi zəmin yaratdı. Bu prosesdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi müstəsna əhəmiyyətə malikdir. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi. Həmin sessiyada muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması barədə də qərar qəbul olundu. Bu addımlar sovet hakimiyyətinin hələ mövcud olduğu bir dövrdə milli dövlətçilik ənənələrinin bərpası istiqamətində çox cəsarətli siyasi qərarlar idi.
Naxçıvanda qəbul edilən tarixi qərar bütün Azərbaycan üçün mühüm siyasi və mənəvi əhəmiyyət daşıdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə vəsatəti əsasında 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağımızı yenidən Dövlət Bayrağı elan etdi.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi və onun dövlət rəmzlərini, o cümlədən üçrəngli bayrağını bərpa etdi. Beləliklə, xalqımızın azadlıq arzusu dövlət müstəqilliyinin bərpası ilə gerçəkləşdi, üçrəngli bayrağımız yenidən müstəqil Azərbaycanın başı üzərində dalğalanmağa başladı.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur. Həmin günün qeyri-iş günü olan bayramlar sırasına daxil edilməsi də bayrağımıza göstərilən dövlət ehtiramının və onun milli həyatımızdakı xüsusi yerinin göstəricisidir.
Üçrəngli bayrağımızın dövlətçilik tariximizdəki mövqeyini daha da möhkəmləndirən mühüm hadisələrdən biri də Bakıda Dövlət Bayrağı Meydanının yaradılmasıdır. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı Sərəncam əsasında paytaxtda Dövlət Bayrağı Meydanının inşasına başlanılmış, 2010-cu il sentyabrın 1-də onun təntənəli açılışı keçirilmişdir.
Bu ekspozisiya xalqımızın qəhrəmanlıq tarixini, ərazi bütövlüyümüzün bərpası uğrunda aparılan mübarizəni və qazandığımız möhtəşəm Qələbəni əks etdirir. İşğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılmasını, Xankəndidə keçirilən hərbi paradı əks etdirən fotolar müasir tariximizin qürurverici səhifələrini yaşadır.
2020-ci ildə Vətən müharibəsində qazandığımız tarixi Qələbə üçrəngli bayrağımızın daşıdığı mənəvi məzmunu daha da zənginləşdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Uzun illər həsrətində olduğumuz doğma yurdlarımızda Azərbaycan bayrağı yenidən ucaldıldı.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı Dövlət Bayrağımızın qaldırılması xalqımızın yaddaşına əbədi həkk olunan tarixi anlara çevrildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və digər azad edilmiş şəhər və rayonlarımızda üçrəngli bayrağımızın dalğalanması Azərbaycanın suverenliyinin, milli iradəsinin və tarixi ədalətin bərpasının təntənəsi oldu.
Xankəndidə Azərbaycan bayrağının ucaldılması və 2023-cü il noyabrın 8-də burada Zəfərimizin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi dövlətçilik tariximizin yeni mərhələsini simvolizə etdi. Artıq üçrəngli bayrağımız yalnız müstəqilliyimizin deyil, həm də xalqımızın birliyinin, ordumuzun gücünün və qələbə əzminin rəmzidir.
Prezident İlham Əliyevin “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir” ifadəsi bayrağımızın xalqımız üçün sadəcə dövlət atributu deyil, Vətənə, torpağa, milli kimliyə və müstəqilliyə bağlılığın ən ali ifadəsi olduğunu bir daha təsdiqləyir.
Əli Hüseynli
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 05 Noyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















