Icma.az
close
up
RU
Milli ruhlu, yenilikçi bəstəkar

Milli ruhlu, yenilikçi bəstəkar

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dillər əzbəri “Əsgər marşı”nın müəllifi

Əməkdar incəsənət xadimi, professor, bəstəkar Cavanşir Quliyev  Azərbaycan bəstəkarlıq məktəbinin, eləcə də milli musiqi sənətinin zəngin ənənələrini  orijinal üslubda birləşdirərək musiqinin müxtəlif janrlarda yazdığı maraqlı və fərqli əsərləri ilə tanınır. Bəstəkarın əsərləri Avropa, ABŞ, Asiya, postsovet məkanı və digər regionlarda səslənir, beynəlxalq müsabiqələrdə və festivallarda nüfuzlu musiqiçilər tərəfindən yüksək dəyərləndirilir.

Sənət yoluna XX əsrin 70-ci illərində qədəm qoymuş və bugünədək zəngin, mənalı yaradıcılıq yolu keçmiş Cavanşir Quliyev  hər bir əsərində  xalq musiqisi xəzinəsinə yenilik və müasirlik mövqeyindən yanaşır. O, klassik janr və formaların əsas göstəricilərini qoruyub saxlamağa da üstünlük verir. Bəstəkarın müxtəlif janrlı əsərlərində – simfoniya, sonata, kvartet, oratoriya və s. –  klassik musiqidə formalaşmış əlamətlər özünü aydın göstərir.

Cavanşir Quliyevin sənət yolu Üzeyir Hacıbəylinin təməlini qoyduğu ənənələrin dünya musiqi klassikası ilə qarşılıqlı əlaqəsinin fərdi mənimsənilməsi əsasında formalaşmış və inkişaf etmişdir. Muğamlarımızı və aşıq sənətini mükəmməl bilən bəstəkar bunlardan bacarıqla istifadə edərək özünün təkrarolunmaz musiqisini yaratmışdır.

Milli ənənələrin müasir yazı texnikası ilə sintezi bəstəkarın özünəməxsus fərdi üslubunun göstəricisi kimi diqqəti cəlb edir. Xalq musiqisinin dərin qatları ilə əlaqə özünü onların musiqi dilində, xarakterində və ruhunda parlaq şəkildə göstərir. Burada bəstəkarın neofolklorçu kimi bədii axtarışlarının nəticəsi də öz təsdiqini tapır.

Cavanşir Quliyevin  milli mənbələrə bağlılığı təkcə folklorla məhdudlaşmır, o,  müasir musiqi əsərinin yaranmasında milliliyi önəmli amil sayır. Novator sənətkar Üzeyir Hacıbəylinin, Qara Qarayevin, müəllimi Cövdət Hacıyevin yolunu davam etdirir.

Cavanşir Quliyevin əsərlərində yeni ideyaların təcəssümü kifayət qədərdir. O, istənilən janrda yaratdığı əsərlərdə yeni söz deməyə, yenilik nümayiş etdirməyə qadir  bəstəkardır. Skripka və saz üçün sonatada (1980) bəstəkar Azərbaycan musiqisində ilk dəfə olaraq milli musiqi aləti olan sazı Avropa tərkibli alətlərlə bir səviyyəyə qaldırmış və müasir ifadə metodlarına yaxınlaşdırmışdır. Bəstəkarın “İpək yolu” layihəsi üçün hazırladığı fleyta, saz və violonçel üçün “Karvan” (2000) kamera-instrumental kompozisiyası da bu baxımdan maraq doğurur. 

“Muğam ladlarında yeddi pyes” adlı kamera-instrumental əsərində də Cavanşir Quliyevin orijinal ideyalarının reallaşması aydın görünür. Burada bəstəkar muğam dəstgahının strukturunu xatırladan təzadlı hissələrdən – prelüd və interlüdiaların ardıcıllaşmasından istifadə edir. Yeddi əsas Azərbaycan muğamının – rast, şur, segah, çahargah, şüştər, humayun, bayatı-şiraz məqamlarının obrazlar aləmi pyesdə sərbəst quruluşlu, improvizasiyalı prelüdlər vasitəsilə təqdim olunur.

Cavanşir Quliyevin yenilik axtarışları kamera-instrumental janrlardan əlavə, simfonik yaradıcılığında da öz əksini tapır. Dörd simfoniyanın müəllifi olan bəstəkarın yeni ideya tapıntısı onun vətənpərvərlik ruhunda yazdığı “Zurna və simfonik orkestr üçün uvertüra”sında (1980) yer alıb. Burada Cavanşir Quliyev ilk dəfə olaraq xalq çalğı aləti olan zurnanı aparıcı solo alət kimi simfonik orkestrin tərkibinə daxil edir. Bununla da o, Üzeyir Hacıbəyli ənənələrinin davamçısı, onun musiqili obrazlarının yeni müasir yozumda təcəssüm edən varisi kimi özünü göstərir.

Simfonik musiqi sahəsində axtarışların davamı “Dastan” adlı IV simfoniyada (2006) əksini tapıb. Üzeyir Hacıbəyliyə həsr edilən birhissəli simfoniyada bəstəkar yenə də dahi sənətkarın ənənələrini özünəməxsus tərzdə simfonik musiqidə reallaşdırmağa çalışıb. 

Cavanşir Quliyev çox sayda, müxtəlif janrlarda  30-dan çox bədii filmə (“Aşıq Qərib”, “Qocalar”, “Qəm pəncərəsi”, “Süd dişinin ağrısı”, “Lətifə”, “Buta”, “Canavar balası”, “Cavid ömrü”, “Fəryad”, “Girişmə, öldürərəm”), televiziya filmlərinə (“Sonuncu məhəbbət”, “Şirbalanın məhəbbəti”, “Dirsə xan oğlu Buğac boyu”, “Salur Qazanın evi talandığı boy”, “Fatehlərin divanı”, “Ağ dünya”, “İtkin gəlin” və s.), sənədli filmlərə (“Anarla üz-üzə”, “Azərbaycan milli qəhrəmanları”, “Bəxtiyar Vahabzadə”, “Daş yaddaş”, “Dünya bir pəncərədir”, “Haray”, “Kəndlilərin harayı”, “Qayıdış”, “Mirzə Kazım bəy” və s.), hətta cizgi filmlərinə (“Xeyir və Şər”, “Çətin məsələ”, “Çalalar”) musiqi bəstələmişdir.

Akademik Milli Dram Teatrında musiqi hissə müdiri kimi çalışmış bəstəkar Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Gəncə, Şəki, Xankəndi, Mingəçevir, Ağdam, Naxçıvan, Lənkəran, İrəvan Dövlət Dram teatrları, “İlham” miniatür teatrı, Yuğ Dövlət Teatrı, Moskva Qoqol adına Dram Teatrı üçün 200-dən artıq tamaşaya musiqi bəstələmişdir.

Onun bəstəkar kimi tanınmasında və populyarlaşmasında müxtəlif məzmunlu mahnıların da böyük rolu olmuşdur. Cavanşir Quliyevin mahnılarının sayı 1000-dən çoxdur və mövzu dairəsi olduqca genişdir.

Cavanşir Quliyev  mahnılarında söz və musiqinin bir-birinə uyğunlaşdırılmasına nail olmuşdur. Musiqi dili sadə və minimalist, təravətli, milli təbiətli, bənzərsiz olan “Bura Vətəndir”, “Aya baxdım”, “Yarım gilə”, “Məhəbbət olmayanda”, “Hər şey gözəldir” kimi saysız-hesabsız mahnıları asanlıqla yadda qalır, ruha hopur, ürəklərə yol tapır və qəlbləri duyğulandırır. Dillər əzbəri olmuş “Əsgər marşı” ilə o, müasir Azərbaycan musiqisində ilk hərbi marşın müəllifi kimi tarixə düşmüş və xalqı vahid ideya ətrafında möhkəm birləşdirə bilmişdir.

Cavanşir Quliyevin vokal yaradıcılığı təkcə ayrı-ayrı mahnılarla tükənmir. Onun vahid ideya ilə əhatə olunmuş mahnı silsilələri də mövcuddur. Bu baxımdan Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında “Leyli demə” tamaşası (1995, Dövlət Gənclər Teatrı) üçün bəstələdiyi mahnı silsiləsində bəstəkar şairin 8 qəzəli əsasında xor üçün nəzərdə tutulan musiqi nümunələrini təqdim edir. 

Bəstəkarın mahnı silsilələri arasında yenə də tamaşa üçün bəstələnən “Novruz” nəğmələri də maraq doğurur. “İlham” minia­tür teatrı üçün Rafiq Səməndərin sözlərinə yazılan bu mahnı silsiləsi (1997) uşaqlar üçün nəzərdə tutulmuşdur. 

Şimali Kipr Türk Respublikasında yaşayıb fəaliyyət göstərməsi onu yeni yaradıcılıq axtarışlarına sövq etmişdir. Kiprdəki pedaqoji fəaliyyəti onun  bəstəkar kimi yaradıcılığına güclü stimul vermişdir. Belə ki, bu dövr ərzində o, türk mədəni həyatından və tarixindən təsirlənərək bir sıra maraqlı əsərlər bəstələmişdir. Bunlar əsasən irihəcmli səhnə əsərləridir: eyniadlı türk dastanı əsasında yazılmış üçpərdəli “Oğuznamə” (2006), “Nuhun Tufanı” (2010), eyniadlı türk xalq nağılı əsasında bəstələnmiş “Kızılırmak” (2015) baletləri, həmçinin böyük türk şairi və yazıçısı Nəcib Fazıla həsr olunmuş üç bölmə və on üç hissəli  oratoriya (2016), görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqə ithaf edilən – Proloq, altı ağı, beş qaragüruh və epiloqdan ibarət “Müşfiq ağıları” (2020) oratoriyası, bir neçə süita, həmçinin Kipr dövrünün son əsərlərindən olan və türk tarixinin faciəvi səhifələrindən bəhs edən “Anzak Koyu Ağıtı” oratoriyasıdır.

 Uzun müddət vətəndən uzaqda yaşamasına baxmayaraq, Cavanşir Quliyev hər zaman Qarabağ problemini diqqət mərkəzində saxlamış, bu mövzuya istər kinomusiqisində, mahnılarında, istərsə də simfonik və kamera-instrumental yaradıcılığında müxtəlif aspektlərdən yanaşmışdır. 

Musiqişünas Zümrüd Dadaşzadənin  qeyd etdiyi kimi, Cavanşir Quliyev “öz üslubunu sənət yolunun başlanğıcında tapdığına görə seçdiyi yolla inamlı addımlarla addımlamaqda davam edir”. Bu yubiley ilində biz də Cavanşir Quliyevə çətin və məsuliyyətli sənət yolunda hər zaman mətin və yorulmaz, öz əqidəsində möhkəm və dönməz olmasını, zirvələrə  yüksəlməsini arzulayırıq.

Akif QULİYEV, 
Əməkdar incəsənət xadimi, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see221

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see207

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see195

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see187

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see187

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see186

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see183

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see181

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see180

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see180

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see177

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see177

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see176

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see176

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see175

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see174

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see171

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see156

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see155

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri