Icma.az
close
up
RU
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”

Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Keçmiş təhsil naziri, AMEA-nın müxbir üzvü Misir Mərdanov sabiq xarici işlər naziri Həsən Həsənovla bağlı geniş məqalə yazıb.

Hurriyyet.az məqaləni təqdim edir.

“Oktyabrın 20-si Azərbaycanın siyasi və dövlət xadimi, diplomat, görkəmli tarixçi-alim, tarix elmləri doktoru, professor Həsən Həsənovun 85 yaşı tamam olur. Bu münasibətlə hörmətli Həsən müəllimi ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, sağlam uzun ömür və fəaliyyətində daha böyük uğurlar arzu edirəm. Onunla bağlı hazırladığım məqaləni diqqətinizə çatdırıram. pizza mizza

Ötən əsrin 90-cı illəri Azərbaycan tarixinin ən mürəkkəb mərhələlərindən olmuşdur. Bugünkü sabitliyi, rahat həyat tərzini, firavanlığı görən insanlar üçün həmin dövrün xaosunu təsəvvür etmək çox çətin olar. Hesab edirəm ki, o günlərin şahidi olmuş, həmin vaxtlarda yaşamış bizim nəslin nümayəndələri gördükləri hadisələri qələmə almalıdırlar ki, ibrət dərsi götürməli olduğumuz tarix unudulmasın.

Beləliklə, 1992-ci ilin mayın 6-sı. Həmin vaxt xalq təhsili nazirinin (indiki elm və təhsil nazirinin) müavini vəzifəsində işləyirdim. Yaxşı xatırlayıram, nazir Rafiq Feyzullayev məni çağırıb tapşırdı ki, təcili Nazirlər Sovetinin (indiki Nazirlər Kabinetinin) qarşısına get, orada Nazirlər Sovetinin sədri (indiki Baş nazir) Həsən Həsənovun əleyhinə piket keçirilir, gör tanıdığın adamlar varsa, onları bu işdən çəkindir.

"Mən hara, piketə müdaxilə etmək hara?", düşünərək, etiraz etmək istədim, ancaq Feyzullayev kimi sərt, bir az da özündən razı nazirin bir sözünü iki eləmək mümkün deyildi, razılaşıb çıxdım. Həqiqətən siyasi proseslərdən kənarda qalmağın tərəfdarı idim, bir ziyalı kimi ölkənin taleyinin çətin durumda olduğundan narahatlıq keçirsəm də, çox qarışıq olan vəziyyətdə qeyri-müəyyən siyasi proseslərə qoşulub bir az da qarışıqlıq yaratmaq istəmirdim, öz işlərimi görüb vəzifə borclarımı yerinə yetirməyi üstün tuturdum.

Həmin vaxtlarda şəhərin müxtəlif yerlərində cürbəcür siyasi aksiyalar keçirilirdi, Bakı qaynar qazana bənzəyirdi. Bir az əvvəl, fevralın 26-da Xocalı soyqırımı baş vermişdi, həmin faciənin dalğasında, martın əvvəllərində Ayaz Mütəllibov və parlamentin spikeri Elmira Qafarova istefaya göndərilmiş, professor Yaqub Məmmədov Milli Məclisin sədri seçilmişdi və dövlət başçısı vəzifəsi də ona həvalə edilmişdi. Xalq Cəbhəsi hakimiyyətə gəlmək uğrunda inadla mübarizə aparırdı, qaragüruhçuların da həvəslə qoşulduğu bu insanların siyasi addımları çox vaxt başıpozuq kampaniyaya çevrilirdi. Bu mübarizəni xaosa çevirən amillərdən biri də bu idi ki, Xalq Cəbhəsinin daxilində parçalanma baş vermişdi, ayrı-ayrı liderlər, yeni partiyalar yaranmışdı və onların hər birinin prezidentliyə öz namizədi, öz tərəfdarları, öz "planları" var idi. Bir tərəfdə də yenicə hakimiyyətin "dadını görmüş" Yaqub Məmmədovun tərəfdarları bu "ləzzəti" heç kəslə bölüşmək istəmir, onu prezident kürsüsünə doğru itələyirdilər. Ayaz Mütəllibov və onun "silahdaşları" hələ də ümidlərini itirməmişdilər, "bəlkə də qaytardılar" arzusu ilə gizli və açıq mübarizə aparırdılar. Düzünü demək lazımdır ki, 1992-ci ilin mayında mövcud olan bu qarışıqlıqda Heydər Əliyevin adı hallanmırdı, var idisə də, çox məhdud çərçivədə idi. Hələ tarix öz sözünü deməmişdi, xalqın və ziyalıların bir qismi Əbülfəz Elçibəyin hakimiyyətə gəlməsi ilə hər şeyin yoluna qoyulacağına ümid edirdi, bir qismi Etibar Məmmədov kimi siyasi xadimlərin vəziyyəti düzəldə biləcəyinə inanırdı, başqa bir hissəsi professor olduğuna görə ziyalı kimi Yaqub Məmmədova güvənirdi.

Belə bir vəziyyətdə xalqın və ölkə ziyalılarının əksəriyyəti Nazirlər Sovetinin sədri Həsən Həsənovu daha real namizəd görürdü. Sağlam düşüncəli bu kateqoriyadan olan insanlar həyat yoluna, siyasi təcrübəsinə, imicinə və yüksək mənəvi keyfiyyətlərinə görə Həsən Həsənovu digərlərindən daha üstün tuturdular. Hələ tələbəlik dövründə qrup, fakültə və institut (indiki Azərbaycan Texniki Universiteti) Komsomol Komitəsinin katibi olmuş bu istedadlı insan 1962-ci ildə, 22 yaşında olarkən Azərbaycan tələbələrinin təmsilçisi kimi Moskvada keçirilən XIV Ümumittifaq Komsomol Qurultayına nümayəndə seçilmişdi. Hamı bilirdi ki, gənc yaşlarından Azərbaycanın və SSRİ-nin bir sıra gənclər təşkilatlarının üzvü olan Həsən Həsənov 1960-cı ildən 1963-cü ilə qədər Bakı şəhər Tələbə Şurasının sədri, Bakı Şəhər Komsomol Komitəsində təlimatçı, Yasamal rayon Komsomol Komitəsinin katibi, Respublika Komsomol Komitəsinin MK-də bölmə müdiri və digər vəzifələrdə, 1967-1969-cu illərdə AKP MK-da (indiki Prezident Administrasiyası) təlimatçı vəzifəsində çalışmışdı. 1969-cu ildə o zamanlar üçün çox böyük etimad olan Moskvada Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsinə təyinat almışdı.

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gələndən sonra gənc və istedadlı kadrlara göstərdiyi etimadın ən parlaq nümayəndələrindən biri olan Həsən Həsənov 1971-ci ildə şəxsən Ulu öndərin təşəbbüsü ilə Vətənə qayıtmış, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində əvvəl təlimatçı, sonra bölmə müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışmışdı.

31 yaşında olarkən, 1971-ci ildə Bakı şəhər Səbail Rayon Partiya Komitəsinin Birinci katibi, 1978-ci ildə Sumqayıt Şəhər Partiya Komitəsinin Birinci katibi, 1979-cu ildən 1981-ci ilə kimi Gəncə Şəhər Partiya Komitəsinin Birinci katibi vəzifələrində çalışmışdı. Yaxşı xatırlayıram, cəmi iki il rəhbərlik etdiyi Gəncədə həm qurucu, həm də vətənpərvər bir ziyalı kimi dərin rəğbət qazanmışdı. Yeni tikintilərlə qədim Gəncənin simasını dəyişdirmiş, onun tarixi abidələrini bərpa etmiş, klassik memarlıq üslubunu özünə qaytarmışdı. Bu günə kimi hamı xatırlayır ki, Həsən müəllimə Gəncədəki memarlıq fəaliyyətinə görə "kərpic Həsən" təxəllüsünü qoymuşdular. Gəncənin qədim memarlıq abidələrini, binaları, hasarları yenidən kərpiclə tikdirmək üçün Ulu öndərin köməyi ilə Ümumittifaq büdcəsindən əlavə vəsait alınmasına nail olmuş, Gəncədə Kərpic zavodu inşa etdirmişdi. Bununla yanaşı, sovet ideologiyasının, necə deyərlər, "qılıncının dalının, qabağının kəsdiyi" illərdə "Kirovabad" (SSRİ-nin keçmiş rəhbərlərindən biri olan Sergey Kirovun şərəfinə 1935-1989-cu illərdə Gəncənin adı) adlanan şəhərin adını dəyişdirməyə gücü çatmasa da, şəhəri iki yerə bölmüş, onları Kəpəz və Gəncə rayonları adlandıraraq "Gəncə" sözünü unutmağa məhkum edilmiş xalqın yaddaşını "qıcıqlandırmışdı".

Bu insanın xalq arasında nüfuzu çox yüksək idi, onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə katibi, Tikinti məsələləri üzrə katibi, sonra isə İqtisadiyyat məsələləri üzrə katibi olduğu 1981-1990-cı illərdə həm ideoloji baxımdan "xalqın adamı" olduğu, həm də tikinti və iqtisadiyyatı mükəmməl bildiyi hamıya gün kimi aydın olmuşdu. Məhz bu keyfiyyətlərinə görə Nazirlər Sovetinin sədri təyin edilən Həsən müəllim vəzifə iddiasında olan rəqiblərindən fərqli olaraq heç bir umacağı olmadığı halda, onların nəzərində "çox təhlükəli namizəd" hesab olunurdu...

Həmin 1992-ci il mayın 6-da bir qrup insan Nazirlər Kabinetinin qarşısına göndərilmiş, "Həsən Həsənova istefa", "Vəzifəni tərk et" şüarları ilə piket təşkil olunmuşdu. Ancaq bu piket çox uğursuz alınmış, ürəklərinin çağırışı ilə gəlməyən insanlar mənim də təklifim daxil olmaqla deyilən bir neçə haqlı iraddan sonra dağılışmışdılar. Vəziyyəti belə görən Yaqub Məmmədov səlahiyyətlərindən başqa cür istifadə etmək qərarına gəldi, həmin tarixdə, 1992-ci il 6 may tarixində Azərbaycan Respublikasının BMT-də Daimi Nümayəndəliyinin rəsmi olaraq yaradılması haqqında Sərəncam imzaladı və o gündən Həsən Həsənov Azərbaycan Respublikasının BMT-də hələ mövcud olmayan Nümayəndəliyin ilk Daimi Nümayəndəsi oldu. O, Nazirlər Sovetinin sədri vəzifəsindən azad edildi, Nümayəndəliyin işini təşkil etmək üçün Nyu-Yorka yola salındı və beləliklə, ən "təhlükəli rəqib" neytrallaşdırıldı.

Yeri gəlmişkən qeyd edirəm ki, 1992-ci ilin mayında yanlış da olsa Nyu-Yorka göndərilən Həsən Həsənovun BMT-də Daimi Nümayəndəmiz olması 1993-cü il aprelin 30-da böyük siyasi əhəmiyyəti olan və Azərbaycan tarixinə düşmüş hadisə kimi yaddaşlarda qalan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair məşhur 822 saylı, iyulun 29-da isə 853 saylı qətnamələrin qəbul edilməsi ilə nəticələndi.

Tarix göstərdi ki, dağ çaylarının coşqun sellərinin qarşısını almaq mümkün olmadığı kimi, qüdrətli şəxsiyyətlərin də, haqqın, ədalətin də qarşısını almaq olmur. Ancaq həmin piketin tezliklə dağılması, həmin gün eşitdiyim bir sıra söhbətlər, işə qayıtdıqdan sonra maraq dairəmə düşən Həsən Həsənov haqqında soruşub öyrəndiyim bəzi həqiqətlər, onun tez-tələsik Nyu-Yorka göndərilməsi və digər hadisələr bu şəxsə qarşı ürəyimdə böyük bir rəğbət yaratdı. Xoşbəxtlikdən, həyatımın sonrakı mərhələlərində dəfələrlə onunla görüşmək, ünsiyyətdə olmaq şansım yaransa da, həmişə mənə elə gəlir ki, 1992-ci il mayın 6-da Həsən Həsənovla ilk təmasım baş tutmuşdur.

Əslində, onu ilk dəfə yaxından görməyim isə tam təsadüf nəticəsində bu hadisədən 11 il əvvəl, 1981-ci il sentyabrın 1-də olmuşdu. O vaxtlar dərslər həmin gün başlayırdı və mən də Mexanika-riyaziyyat fakültəsinin dekan müavini kimi az qala hamıdan qabaq gəlib universitetdə yeni tədris ilinin başlanmasıyla bağlı yaranan problemlərin həlli ilə məşğul idim. İşin çoxluğundan iştirak edə bilmədiyim təntənəli tədbir, çıxışlar, təbriklər gedən dəqiqələrdə dördüncü mərtəbəyə, dərslər keçirilən auditoriyaların yerləşdiyi yerə qalxmışdım. Dedilər ki, Mərkəzi Komitənin Katibi də bu tədbirdə iştirak edir və sonra dərslərə baxmağa yuxarı qalxacaq. Açığını deyim ki, o zamanlar 40 yaşı olsa da, xalq arasında Səbail (o vaxtlar 26 Bakı Komissarı) rayonunun, Sumqayıtın, xüsusən də Gəncənin birinci katibi (indiki İcra başçısı) kimi məşhur sima olan Həsən Həsənovu çox görmək istəyirdim.

Bir məsələni də qeyd etmək istəyirəm ki, həmin 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində 60-cı illərdən başlanan milli təəssübkeşlik, vətənpərvərlik kimi hisslər gizli də olsa, çox qabarıq formada hər kəsin daxilində mövcud idi. Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması, Şıxəli Qurbanovun Novruz bayramı ilə əlaqədar fəaliyyəti, milli duyğularına görə fərqlənən Nazim Hacıyev adlı Mərkəzi Komitə katibinin 38 yaşında müəmmalı ölümü və digər bu kimi hadisələr ölkədə vətən və xalq sevgisini xeyli alovlandırmışdı. Deyim ki, Həsən Həsənov da həmin o "xalq siyahısında" var idi və zaman göstərdi ki, xalqın proqnozları heç vaxt yalan çıxmır. O, ideologiya məsələləri üzrə katib olduğu dövrdə Azərbaycanın milli vətənpərvər ziyalılarını - Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü, Məmməd Arazı və digərlərini "qanadının altına" almışdı, onlarla şəxsi dostluq münasibətləri saxlayır, şeirlərinin, kitablarının çapına, efirdəki çıxışlarına qoyulan qadağaları ləğv etdirir, yeri gəldikcə onları yüksək mükafatlara təqdim edirdi. Belə münasibət, heç şübhəsiz, ölkə başçısının razılığı ilə baş tuturdu, ancaq Heydər Əliyevin açıq edə bilmədiklərini də Həsən Həsənov gizli-gizli həyata keçirir, dövrün və beləliklə, siyasi quruluşun amansız qadağalarına qalib gəlirdi.

Xatırlayıram ki, keçmiş SSRİ dağılanda ən izdihamlı mitinqlər, ən kəskin etiraz dalğaları Azərbaycanda olurdu, o vaxtın sosioloji tədqiqat mərkəzləri qeyd edirdi ki, bizim ölkəmizin insanları arasında vətənpərvərlik hissləri digər respublikalarda olandan xeyli yüksəkdir. Bütün məhrumiyyətlərə, siyasi qarışıqlıqlara, yaradılan Qarabağ probleminə, Qərbi Azərbaycandan gələn qaçqınlara, iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan öz müstəqilliyini ilk elan edən respublika oldu. Hərdən düşünürəm ki, bizim xalqın milli məsələlərdə bu qədər həssas olmasının səbəbkarlarından biri də Həsən Həsənov, onun gördüyü işlər, atdığı cəsarətli addımlar, fədakarlıq olmuşdur.

Hələ sadalanan hadisələrin baş verməsinə 7-8 il qalırdı, 1981-ci il idi, ancaq Həsən Həsənovların xidmətləri ilə Azərbaycan yeni bir dövrə hazırlaşırdı. Hamı da bunu bilirdi, bilirdilər ki, Şıxəli Qurbanovların, Nazim Hacıyevlərin, Heydər Hüseynovların faciəli talelərinə baxmayaraq, heç nədən çəkinməyən Həsən Həsənov indi hökumətdə həmin missiyanı yerinə yetirməkdədir. Ona görə də xalq ona daha çox "kərpic Həsən" yox, "türkçü Həsən" deyirdi. Bu "türkçü", "vətənçi", "millətçi" Həsəni yaxından görmək istəyim bütün digər duyğularımı üstələmişdi və dördüncü mərtəbənin foyesində dayanıb onu gözləyirdim. Nəhayət, rektor Faiq Bağırzadə, "partkom" Qurban Bayramov, prorektor Teymur Vəliyev, daha bir neçə nəfər pilləkənləri qalxanda onların arasında qara saçları arxaya daranmış, qalın eynəkli, üzügülər Həsən Həsənovu o dəqiqə seçdim və gəlib yanımdan keçib gedənə kimi baxışlarımı ondan çəkmədim. Bəlkə də rektor, ya başqa kimsə mənim belə heyranlıqla ona tamaşa etməyimi düzgün anlamadı, ancaq bu böyük, 40 yaşında ürəklərdə abidəsini yaratmağı bacarmış şəxsiyyətə heyranlığımı gizlədə bilməzdim, heç gizlətmədim də... Çünki yaxından tanıdıqca rəğbətimin bir az da artdığı, Texniki Universiteti bitirmiş olsa da, tarixdən, özü də xalqın tarixindən namizədlik və doktorluq dissertasiyaları müdafiə edən, Türk xalqlarının tarixinə, mədəniyyətinə, adət-ənənlərinə aid neçə-neçə kitab yazan, sözün əsl mənasında vətəni canından çox sevən bu insanı sevməmək mümkün deyil.

Həsən müəllimin zəngin həyat yolu haqqında düşünərkən yadıma bir xatirə də düşür. 1988-ci ilin qarlı-şaxtalı noyabr-dekabr aylarında erməni daşnaqları rus-sovet ordusunun köməyi və dəstəyi ilə Qərbi Azərbaycanda, o cümlədən bizim Qaraqoyunlu dərəsində, həmçinin doğma Salah kəndində yaşayan bütün soydaşlarımızı ata-baba yurdundan qovurlar. Bununla bağlı, həmin dövrdə Salahda Kolxoz sədri vəzifəsində işləyən Safaya Məmməd qızı Həsənova danışırdı ki, 1988-ci ilin noyabrında İcevan rayon İcraiyyə Komitəsinin sədri Ordinyan məni rayon mərkəzinə dəvət edib dedi ki, Safaya xanım, vəziyyət çox gərgindir, biz istəmirik ki, Salah kəndinin camaatı arasında ölən və yaralanan olsun, ona görə də Siz 3 gün müddətində camaatı kənddən çıxarmalısınız. Safaya xanım soruşur ki, bəs camaatın mal-qarası, ev əşyaları necə olacaq. Ordinyan cavab verir ki, camaatı xüsusi ayrılmış avtobuslarla çıxaracağıq, ev əşyalarına gəldikdə isə, o barədə düşünmək lazımdır. Az sonra gecə ikən rayon Daxili işlər idarəsinin təşkilatçılığı ilə kəndə avtobuslar göndərilir və əhali evindən heç bir əşya götürə bilməyərək, zorla avtobuslara doldurulub Qazax şəhərinə aparılır.

İlk günlər kəndin əksər əhalisi Qazaxda qohum-əqrabasının, dost-tanışının evlərində gecələməli olurlar. Safaya xanım danışır ki, həmin dövrdə Qazax rayon partiya komitəsinin birinci katibi vəzifəsində işləyən Murad Aşurovla görüşdüm. Onu vəziyyətlə tanış etdim və dedim ki, camaat buradan birbaşa Qarabağa getmək istəyir, xahiş edirəm bizə kömək edin. Murad Aşurov dedi ki, bu məsələni Azərbaycan rəhbərliyinin razılığı ilə həll etmək olar. O, böyük çətinliklə olsa da, mənimlə həmin dövrdə Azərbaycan Respublikasının Baş naziri vəzifəsində işləyən Həsən Həsənov arasında telefon əlaqəsi yaratdı. Mən camaatın istəyini ona çatdırdım. Müdrik şəxsiyyət və böyük vətənpərvər insan olan Həsən Həsənov məni diqqətlə dinlədi və köçkünlərin arzusunu nəzərə alıb Qarabağa getməyimizə razılıq verdi. Murad Aşurov bizə kömək etdi və Azərbaycanın qonşu rayon rəhbərləri ilə əlaqə saxlayıb, bizim Qarabağa köçməyimizi təşkil etdi. Maşınlar ayrıldı və yalnız bizim kəndimiz yox, o zaman Qazaxa qaçmağa məcbur olmuş bütün Qərbi azərbaycanlılar Qarabağ istiqamətində yola çıxdı. Gəncəyə yaxınlaşanda bizi saxladılar və dedilər ki, respublika rəhbərliyi bizim Qarabağa köçməyimizə razı deyil. Biz Gəncə yaxınlığında, indiki Göy-göl rayonunda məskunlaşmalı olduq. Belə düşünmək olar ki, əgər o zaman Həsən Həsənovun dediyi olsaydı, sonradan dəqiq bildiyimizə görə, Moskvadan icazə almaq istəyən Ayaz Mütəllibovun etirazı ilə rastlaşmasaydıq, köçürülmüş insanlar Qarabağda yerləşdirilsəydi, bəlkə də sonralar başımıza bəlalar gətirən Dağlıq Qarabağ problemi də olmazdı...

Həsən Həsənovun zəngin həyat yolunda Azərbaycan Respublikasının tarixinin ən çətin vaxtlarında, xaricdən təcrid olunduğu, Qarabağ müharibəsinin gərgin fazasının yaşandığı dövrdə xarici işlər naziri olması xüsusi mərhələdir. Ona görə də, bu barədə ayrıca danışmaq istəyirəm. 1993-cü ildə Ulu öndər tərəfindən Həsən Həsənovun xarici işlər naziri təyin olunması, təcrübəli və intellektual bir şəxsiyyətin diplomatiyaya rəhbərlik etməsi baxımından strateji əhəmiyyət kəsb edirdi. Həmin ağır illərdə o, bir sıra ölkələrlə diplomatik münasibətlərin qurulmasına və Azərbaycanın xarici siyasət xəttini müəyyən edən ilkin protokolların hazırlanmasına şəxsən rəhbərlik etdi, Azərbaycanın beynəlxalq aləmdə tanınması prosesi, BMT və ATƏT kimi qurumlarla daha aktiv əməkdaşlığın qurulması, xarici ölkələrdə ilk diplomatik nümayəndəliklərin açılması, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq müstəviyə çıxarılması kimi çətin və məsuliyyətli vəzifələrin öhdəsindən bacarıqla gəldi. Həsən Həsənovun çıxışlarında və danışıqlarında təmkin, rasionallıq, diplomatik etika, ritorik məharət, tarixə dərindən bələdlik, intellektual zənginlik diplomatik münasibətlərin qurulmasında həlledici rol oynayırdı. Xarici işlər naziri olduğu dövrdə böyük təcrübəyə malik bir siyasətçi kimi ünsiyyətdə peşəkarlıq nümayiş etdirərək Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində çox səmərəli fəaliyyət göstərə bilmişdi.

Həsən müəllim 2004-cü ildən 2010-cu ilədək Azərbaycanın Macarıstanda Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur. Həmin illəri Azərbaycan-Macarıstan dostluğunun intibah dövrü də adlandırmaq olar. Həsən Həsənov səfirliyi zamanı təkcə diplomatik əlaqələri gücləndirtməklə kifayətlənməmiş, elmi-mədəni layihələr, kitab nəşrləri, media və ictimai təşəbbüsləri birləşdirərək Azərbaycan-Macarıstan münasibətlərində əhəmiyyətli dönüş yaratmışdı. 60-dan çox Azərbaycan kitabı, o cümlədən "Dədə Qorqud", "Koroğlu" dastanları, Füzuli, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə və Heydər Əliyev haqqında çoxcildli nəşrlər macar dilində çap olunaraq böyük kitabxanalara təqdim edilmişdi. "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" mövzusunda beynəlxalq konfransların təşkili Həsən Həsənovun təşəbbüsü ilə sistemli şəkildə həyata keçirilmiş, böyük ali məktəblərdən biri olan Danube Universitetinin Elmi kitabxanasında Azərbaycan kitab guşəsi açılmışdı. Budapeştin böyük konsert salonlarında, Mərkəzi Avropa Universiteti kimi nüfuzlu məkanlarda mütəmadi klassik və xalq musiqisi konsertləri, o cümlədən muğam və simfonik musiqi gecələri, Azərbaycan rəssamlarının əsərlərindən ibarət, Azərbaycan musiqi alətləri, milli geyimləri, mətbəxi, digər mədəniyyət nümunələri ilə bağlı çoxsaylı sərgilər təşkil etmişdi.

2010-cu il martın 10-dan 13-dək Boloniya prosesinə üzv dövlətlərin təhsil nazirlərinin Konfransında iştirak etmək üçün getdiyim bu səfərdə ən çox yadımda qalan və məni heyrətləndirən səfirliyimizin tərtibatı idi. Artıq on iki il idi ki, nazir idim və müxtəlif ölkələrdə ezamiyyətdə olarkən mütləq səfirliklərdə olur, həm səfirlə, həm də respublikamızı bu yad ölkədə təmsil edən bina ilə, oradakı şəraitlə yaxından tanış olurdum. Açığını desəm, yəqin heç kəs inciməz, Budapeştdəki səfirlikdə gördüyüm cah-calal, təmtəraq, ölkənin və xalqın təqdimatı üçün yaradılan şəraiti heç yerdə görməmişəm. Elə bil Azərbaycanın ən dilbər guşəsində, ən gözəl şəhərində, ən füsunkar mənzərəsinin önündəsən. O zaman Şuşanın azad olunmasına hələ 10 il qalırdı, ancaq elə bil Şuşa qalasının yanında dayanıb Cıdır düzünü seyr edirsən, ya da Həkəri çayının sahilindəsən... Həsən müəllim nə mümkündürsə etmişdi, tablolar, fotolar, albomlar, xəritələr, əyani vəsaitlər, bayraqlar... Elə zənn etdim ki, Azərbaycan tarixi muzeyindəyəm, ya da Qobustanda, Yanardağda, Atəşgahda... İnsanda nə qədər vətən sevgisi olarmış!!!

Həsən Həsənov yalnız məsələnin görünən tərəfi ilə məşğul olan, necə deyərlər, "gözə kül üfürmək üçün" işləyən şəxslərdən deyil. Macarıstanda səfir işləyəndə də Gəncədə rəhbər olduğu kimi vəzifəsinə bütün varlığı ilə bağlanan, bütün enerjisini bu istiqamətə yönəldən, mümkün ola bilən hər şeyi edən bu insan Azərbaycan alimlərini Budapeştə dəvət edərək onları Macar-Azərbaycan xalqları arasında qohumluq əlaqələrinin araşdırılması istiqamətində tədqiqatlara yönləndirmişdi. Türk dünyasının, Macarıstanın tanınmış türkoloqlarının iştirakı ilə bu mövzuda bir neçə elmi konfrans, simpozium və digər tədbirlər keçirən Həsən müəllim etimologiyaları haqda müxtəlif mülahizələr mövcud olan Macarıstan cəmiyyətində onların almanlardan, slavyanlardan, romalılardan, keltlərdən daha çox türklərə bağlı olması barədə fikir formalaşdıra bilmişdi. Bu, çox gərgin bir işin, həm də milli dəyərlərə səmimiyyətlə bağlılığın ən bariz nümunəsi hesab oluna bilər. Bu gün Macarıstanın dövlət başçısının Türk dövlətləri toplantılarında müşahidəçi kimi iştirak etməsini heç bir mübaliğəyə yol vermədən Həsən Həsənovun o illərdəki xidmətləri ilə bilavasitə bağlı hesab etmək olar.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, 2013-cü il yanvarın 30-dan fevralın 3-dək Avropa Şurasının Parlament Assambleyasının tədbirində iştirak etmək üçün Polşada olduğum günlərdə də analoji hadisələrin şahidi olmuşam. Həm səfirlik kiçik bir Azərbaycan idi, həm də sanki Polşanın qonşusu, müttəfiqi, dostu yox idi, onun ürəyi yalnız Azərbaycanla döyünürdü. Hər yerdə Azərbaycan rəmzləri, konsertləri, sərgiləri, gecələri, konfransları gedirdi, Azərbaycan alimləri Polşa-Azərbaycan elmi münasibətlərini, xalqların tarixi bağlılığını, dostluğunu, Azərbaycan Cümhuriyyəti nümayəndələrinin mühacirət dövrünü yaşadığı Polşa mühitini, ədəbi əlaqələri və digər məsələləri öyrənməyə cəlb edilmişdi, Azərbaycan ədəbiyyatı nümunələri polyak dilinə tərcümə edilərək kitabxanalara bağışlanılırdı, kitab mağazalarında satılırdı, 2017-ci ildə Varşavada "Polşanın və Azərbaycanın müstəqilliyi uğrunda döyüşən qəhrəmanlar" abidəsi açılmışdı və s. Bütün bunların isə bircə səbəbi var idi - Həsən Həsənov həmin dövrdə Polşada səfir idi!

Yeri gəlmişkən qeyd edim ki, Polşada səfir olarkən, 2011-ci ilin əvvəllərində mənə zəng etmişdi: "Misir müəllim, Polşa universitetlərində Azərbaycan dilini öyrənmək istəyirlər (!!!), tələbələr üçün "Azərbaycan dili" kitabının hazırlanmasında mənə köməyiniz lazımdır".

Ona belə nəcib işin müqabilinə nə cavab vermək olardı? Axı dünyanın onlarla ölkəsində səfirliyimiz var, onların heç birində Azərbaycan dilini öyrənmək istəmirlər, necə olub ki, bircə Polşada qəfildən dilimizə maraq əmələ gəlib. O da başqaları kimi ildə üç-dörd tədbir keçirməklə günlərini keçirə bilərdi, istirahət edərdi, Polşanın gəzməli, görməli yerlərinə səfər edərdi, ancaq oranın təhsil naziri ilə, universitetlərin rektorları ilə görüşüb, onları inandırıb ki, Azərbaycan dilinin tədrisi olduqca vacibdir, indi də mənə zəng edib, bu qədər vaxt itirib, əsəb sərf edib, müxtəlif cavablara hazır olaraq dediyini həyata keçirmək əzmindədir. Axı nəyə görə? Beləsinə başqa nə demək olardı:

- Baş üstə, Həsən müəllim!

Nəşriyyat şöbəsinin müdirini və digər əlaqədar şəxsləri dəvət etdim, oturub xeyli müzakirə etdik. Kitabın polyak dilində yazılması, əlifbadan müasir dilimizə, ədəbiyyatımıza qədər bütün sahələri əhatə etməsi, aydın, anlaşıqlı, həm də maraqlı, cəlbedici olması üçün təklifləri dinlədim, ümumi qərara gəldik. Polyak dili üzrə Dillər Universitetindən Fəridə Səfiyeva adlı bir mütəxəssis tapdıq, onun Azərbaycan dilini və dilçiliyini də mükəmməl bilməsi haqda dəqiqləşdirmə apardıq. Sonra həmin xanımı dəvət edib mütəxəssislərlə birlikdə kitabla bağlı geniş müzakirə keçirdik, nəhayət bir müddətdən sonra dərslik hazır oldu. Həmin xanımı kitablarla birgə Varşavaya yola saldıq, beləliklə, Həsən müəllimin fədakarlığı nəticəsində Polşa universitetlərində dilimiz tədris edilməyə başladı.

Polşada səfir işlədiyi 2018-ci ildə (o vaxt Riyaziyyat və Mexanika İnstitutunun direktoru idim) Həsən müəllim mənə zəng etdi ki, Nəsirəddin Tusi ilə bağlı yeni tədqiqatlar aparmağa başlamışam və çox maraqlı faktlar üzə çıxarmışam. Bakıdan bu işə dəstək verilməsi barədə araşdıranda gördüm ki, onunla bağlı az-çox rəhbərlik etdiyiniz İnstitutda işlər görülüb, konfranslar keçirmisiniz, ona görə də Sizə zəng etmişəm.

Yenə də bu insanın əməksevərliyinə, patriotluğuna heyrət edib düşündüm ki, ay Həsən müəllim, axı Sizin nəyinizə lazımdır Nəsirəddin Tusi? İxtisasınız mühəndislik, vəzifəniz səfirlik, doktorluq işiniz isə tarixin fəlsəfəsindən. Astronom, riyaziyyatçı Nəsirəddin Tusi hara, tarixin fəlsəfəsi, yaxud səfirlik hara?! Ay qardaş, sakitcə otur səfirliklə məşğul ol, qoy biz də günümüzü keçirək də... Ancaq Həsən Həsənov bir çərçivədə qalıb hadisələri seyr etməklə məşğul olan insanlardan deyil. Vətənin hər kiçik uğuru onun nəhəng sevinc mənbəyi, hər şəxsiyyəti onun ürəyini dağa döndərən ümid çırağıdır! O ki qalsın Nəsirəddin Tusi kimi görkəmli tarixi simalar ola! Söhbət edəndə yana-yana deyir ki, mən etməsəm, sən etməsən, kölgədə qalmışların, unudulmuşların üstündən tozu kim silib bu xalqa tanıdacaq? Axı xalq bizə savad verib, səlahiyyət verib, şərait yaradıb ki, onun ümidlərini doğruldaq, ona xidmət edək, onun dünya boyda şöhrətə layiq olsa da, tanınmayan şəxsiyyətlərini özünə qovuşduraq!

Onun yanğı ilə danışdığı məsələlərdən biri də belədir: "Dünyanın çox yerində olub görmüşəm ki, bizim dahilərin əlinə su tökməyə layiq olmayan birisini o qədər tərifləyib dağ başına qoyublar, adlarına küçələr, aeroportlar, muzeylər, heykəllər düzəldiblər, adlarını dərsliklərə salıblar və dünyaya reklam ediblər ki, bunun tayı bərabəri yoxdur və cəmiyyət də onu olduğu kimi yox, elə təqdim edildiyi kimi tanıyır. Bizim şəxsiyyətləri nə özümüz tanıyırıq, nə də dünyaya tanıdırıq..."

...Razılaşdıq ki, Bakıya gələndə bu məsələni ətraflı müzakirə edərik. Bir müddət keçmişdi ki, gəldi və birlikdə Akademiyanın o vaxtkı prezidenti Akif Əlizadənin qəbuluna getdik. Nəsirəddin Tusi ilə bağlı Həsən müəllimin elmi əsaslarla ətraflı məlumatlarından, dəmir məntiqli fikirlərindən sonra qərara gəldik ki, Akademiyada onun adına Mərkəz yaradılsın və Həsən müəllim də həmin Mərkəzin rəhbəri olsun. Doğrusu, belə böyük, dünyanın bərkini-boşunu, dürlü-dürlü vəzifələrini, çətinliklərini və xoşbəxliklərini görmüş bir insanın Nəsirəddin Tusi Mərkəzinin açılması barədə ilkin razılaşmadan bu qədər sevinəcəyini gözləmirdim. Elə bil dünyanı ona bağışlamışdılar, ayrılana kimi Nəsirəddin Tusinin xidmətlərindən, onu dünyaya tanıtmaq üçün bu Mərkəz vasitəsilə görməyi planlaşdırdığı işlərdən ürək dolusu danışdı. Ancaq sən saydığını say, gör fələk nə sayır, deyiblər... Akif Əlizadə bizim planlarımız barədə Prezident Administrasiyasında məlumat verəndən sonra (ştatların açılması, bina ayrılması və digər texniki problemlər üçün razılaşdırılmaq zəruri idi), Ramiz Mehdiyev ömrü boyu məhz milli təəssübkeşliyinə görə kölgəsini qılıncladığı Həsən Həsənovun adını eşidən kimi etirazını bildirib, "bir Nəsirəddin Tusi qalmışdı mərkəzini açaq?!" deyərək qəti imtina edib. Bununla da, necə deyərlər, "qurduğumuz xəyallar", əksər hallarda olduğu kimi, bir məmurun subyektiv münasibətinə görə ürəyimizdə qaldı.

Doğrusunu deyim ki, bir müddət sonra həmin hadisəni tamam unutdum, işdə, ailədə, həyatın digər sahələrində baş verən müxtəlif əhvalatlar xalqımızın böyük bir nümayəndəsi ilə bağlı yaratmaq istədiyimiz o Mərkəzin planlarının üzərini yavaş-yavaş bağladı və bir də 6 il sonra bərk təəssüfləndim ki, kaş o Mərkəz açılmış olaydı. 2024-cü il iyulun 3-də Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Nəsirəddin Tusiyə həsr olunmuş "Riyaziyyat və mexanikanın müasir problemləri" adlı XI beynəlxalq konfrans keçirməyi planlaşdırmışdıq. Elanları, bildirişləri mətbuatda yerləşdirəndən sonra Həsən müəllimdən zəng gəldi:

- Misir müəllim, Nəsirəddin Tusi ilə bağlı tədbir keçirirsiniz, bəs mənə niyə demirsiniz?

- Ay Həsən müəllim, bu, riyaziyyatçıların toplantısıdır, Sizi narahat etmək istəmədim.

Əslində, onun Nəsirəddin Tusi ilə əlaqədar olan söhbətləri unutmuşdum deyə, Həsən müəllimə demək heç yadıma düşməmişdi. Digər tərəfdən fikirləşmişdim ki, riyaziyyatla bağlı belə tədbirə görə, artıq heç yerdə işləməyən, Bakıda sakit bir həyat yaşayan bu görkəmli şəxsiyyəti narahat etmək düzgün olmaz. Demə, o, heç də sakit həyat yaşamır, bütün günü oxumaqla, yazmaqla, xalqı üçün faydalı nə isə etməklə məşğul olaraq kifayət qədər gərgin bir ömür sürür.

- Misir müəllim, heç bir narahatlığı yoxdur, icazə versəniz, mən də iştirak edərəm, imkan olsa, çıxışım da ola bilər.

- Böyük məmnuniyyətlə, Həsən müəllim, təki Siz gəlin!

İyulun 3-də keçirilən tədbirdə məndən savayı, Akademiyanın prezidenti İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Əminağa Sadıxov, Türkiyədən və Özbəkistandan gələn tanınmış alimlər və başqaları çıxış etdilər, Həsən Həsənov da danışdı. Bir həqiqəti etiraf etmək istəyirəm ki, uzun müddət bu çıxışlara hazırlaşmış, ixtisas yönümü yaxın olan biz alimlərin çıxışı bir tərəfə oldu, diplomat, siyasətçi, tarixçi alim, inşaatçı Həsən Həsənovun çıxışı bir tərəfə. Bu insan həmin çıxışla nə qədər zəngin bir şəxsiyyət, dərin analitik təfəkkür sahibi, mükəmməl biliyə malik alim, xalqı, vətəni ürəkdən sevən patriot, yüksək natiqlik məharətinə malik istedad olduğunu bir daha sübut etdi. Biz hamımız Nəsirəddin Tusini xalqın fəxri olan bir riyaziyyatçı alim kimi səciyyələndirdik (bir az da bir-birimizi təkrar edib şablon cümlələr işlətdik), o isə Azərbaycanda astronomiya ənənəsindən, Tusinin dünya elmində və xəritəçilik elmində rolundan, eləcə də böyük mütəfəkkirin milli-mənşəyindən, Tusinin yüksək nailiyyətləri və uzaqgörənliyi ilə dünya elmini bir neçə əsr qabaqlayan yüksək zəkaya malik elm xəzinəsi olmasından, onun elmi irsinin, zəngin yaradıcılığının daha dərindən öyrənilməsinin zəruriliyindən elmi əsaslandırmalarla elə maraqlı danışdı ki, hamımız heyrət etdik.

Elə bil ömrü boyu nə xarici işlər naziri olub, nə Gəncənin rəhbəri, nə diplomatik fəaliyyət göstərib, nə də Baş nazir vəzifəsində işləyib, bütün həyatını Nəsirəddin Tusiyə həsr edib, onu araşdırıb, öyrənib, indi də uzun onilliklər boyu öyrəndiklərini bizə danışır. Bəs görəsən, hər biri 300-500 səhifə olan və Əlimərdan bəy Topçubaşova həsr edilən "Top gurultusu altında diplomatiya", Azərbaycan və bütün müsəlman dünyası tarixində ilk demokratik respublikanın müstəqilliyinə gedən yolunu və yaranması prosesini əks etdirən "Birinci Respublikaya aparan yolda", Bakı bütpərəstlik kompleksini, Bakı Qız qalasını, Qobustanın nadir qayaüstü təsvirlərini hərtərəfli tədqiq edən "Bakı tanrıçılıq kompleksi", Antik dövr Azərbaycanının görkəmli dövlət xadimi Atropat və onun Makedoniyalı İsgəndərlə əməkdaşlığına dair "Makedoniyalı İsgəndər və Atropat", Bakının, Qız qalasının, həmçinin çoxsaylı toponim və antroponimlərin şifrini açan "Bakı Qız qalası", Ümummilli lider Heydər Əliyevə həsr edilmiş "Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr" kitablarını və digər çoxsaylı və çox sanballı elmi əsərləri kim yazıb?! Nə vaxt yazıb?! Necə çatdıra bilib?!

Vətənpərvərliyi dilə gətirmək asandır, onu əməllərdə yaşatmaq isə çox çətindir. Həsən Həsənov bu çətin yolu seçənlərdən olub - ömrü boyu səhnədə yox, səhnəarxasında vətən üçün çalışıb. Doğru deyilmişdir ki, "vətənpərvərlik içki məclislərində boğazdan yuxarı xalqın şərəfinə tost demək, "Qarabağ" havası ilə rəqs eləmək deyil", Vətən üçün nə isə etməkdir. Onun həyat yoluna baxanda milyonlardan fərqli bir tale görmək olur. İnsanların əksəriyyəti kimi sabit və hamar, necə deyərlər, "düzxətli, bərabərsürətli" yol keçməmişdir, bir ömürdə gah inşaatçı, gah mühəndis, gah səfir, gah iqtisadçı, gah Baş nazir, gah xarici işlər naziri, gah BMT-də Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, gah İcra başçısı, gah Mərkəzi Komitənin katibi, gah da unudulmuş bir ziyalı... Bütün bu müxtəlifliyi birləşdirən isə Vətən sevgisi və fədakarlıq hesab edilə bilər...

Bu gün 85 yaşında da yorulmadan, gənclik həvəsi ilə çalışan Həsən Həsənov Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının Azərbaycandan olan nümayəndəsidir. 60-70 il bundan əvvəl olduğu kimi, bu gün də nəcib duyğularla, böyük arzularla yaşayır-Türk xalqlarının vahid amallar və məqsədlər yolunda birləşməsi ən müqəddəs istəklərindən biridir, yaxın onilliklərdə bu arzusunun həyata keçəcəyinə inanır. Biz də 15 il sonra qeyd ediləcək yubileyində özünün bu xəbəri xalqımıza çatdırmasını arzulayırıq!

Həsən müəllim haqqında kitab-kitab məqalə yazmaq olar, saatlarla danışmaq olar, nə yorularsan, nə bezərsən, nə də mövzu bitər! Ancaq mən bu yazını yekunlaşdırmaq istəyirəm və sonda tariximizin Qızıl fonduna daxil olan bu insanla bağlı Xalq şairi Cabir Novruzun bir misrasını qeyd edirəm: "Sağlığında qiymət verin insanlara..."

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see271

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

Bu məktəbdə pul yığımı, qohumbazlıq və intizamsızlıq iddiaları KONKRET

18 Oktyabr 2025 19:48see122

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see121

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri